Məhkəmə qərarları › İş №1(008)-512/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-512/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-512/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 07 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,756 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 sentyabr 2022-ci il tarixdə saat 11:30 radələrində ünvan 1 ünvanında barəsində daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,756 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 3 ünvanında əmisi oğlu Zərərçəkmiş şəxs1 Səlahəddin oğluna məxsus 160 manat dəyərində Franko 800 W markalı mikrodalğalı sobanı , 190 manat dəyərində NO BAH HEROİC 2400W markalı tozsoranı , 150 manat dəyərində TURBO FORCE 3000 markalı ətçəkən aparatı , 120 manat dəyərində BOSH 380W markalı şirəçəkən aparatını, 160 manat dəyərində AYGAS 20 L markalı su qızdırıcısını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 780 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 3 ünvanında qardaşı Zərərçəkmiş şəxs2 məxsus 150 manat dəyərində Toster aparatını , 150 manat dəyərində şirə çəkən aparatını, 100 manat dəyərində elektrik sobasını , bir cüt 150 manat dəyərində ağ rəngli 42 sm ölçülü idman ayaqqablarını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,172 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 14:29 radələrində Sabunçu RPİnin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və onun üzərinə şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sol yan cibindən həmin 2 bükümdə birində 0,088 qram, digərində isə 0,084 qram ümumi təmiz çəkisi 0,172 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclasında dövlət ittihmaçısı yazılı vəsatət təqdim edərək cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən 09 yanvar 2023-cü il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilməsinə baxmayaraq, iş üzrə icraat təzələnmədən bir sıra istintaq hərəkətləri aparılmaqla ibtidai istintaq yekunlaşdırılmışdır. Bundan başqa, ibtidai istintaq zamanı tərtib edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi ekspertiza təyin edilməsi haqqında qərarla tanış etmə protokolu”ndan görünür ki, təqsirləndirilən şəxsin adı və soyadı qeyd olunmuş qrafada onun imzası yoxdur. Göründüyü kimi, müstəntiq tərəfindən hüquqlarına və qanuni mənafeyinə toxunan qərar qəbul edərək təqsirləndirilən şəxsi bu barədə məlumatlandırmamaqla qərardan şikayət etmək kimi hüquqlarını təmin, həmçinin ekspertizanın təyin olunması haqqında qərarla tanış etməmiş, iş üzrə icraat təzələnməyərək qanunsuz olaraq istintaq hərəkətləri aparılmışdır ki, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bundan əlavə, müstəntiq tərəfindən ittiham aktına əlavə olunmuş məhkəməyə çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri olan işin vərəqələri qeyd edilməmişdir. Eləcə də cinayət işinin “Təqsirləndirilən şəxsi tanış protokolu”ndan görünür ki, iş materialları təqsirləndirilən şəxsə 1-ci cild 255 vərəqdə təqdim edilmiş, halbuki 1-ci cildin iş vərəqəsinin sayı 250 vərəqdən ibarət olmuşdur. Göründüyü kimi, müstəntiq tərəfindən təqsirləndirilən şəxs formal olaraq tanış edilmişdir ki, bununla da təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış edilməsi ilə əlaqədar qanunun tələbləri pozulmuşdur. Həmçinin müstəntiq tərəfindən cinayət işi üzrə tərtib edilmiş bütün protokol və qərarların heç biri qanunun tələbinə müvafiq olaraq qeydiyyat keçirilməmişdir. Belə ki, bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Göründüyü kimi, müstəntiq tərəfindən qanunun tələbinə əməl edilməyərək prosessual pozuntuya yol verilmişdir. Qeyd olunanlardan başqa, iş üzrə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılan zamanı 2 bükümdə birində 0,088 qram, digərində isə 0,084 qram ümumi təmiz çəkisi 0,172 qram narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilməsinə baxmayaraq, həmin epizodla bağlı şahid ifadələrində elektron tərəzi ilə hər hansı xüsusat qeyd edilməmişdir. Eləcə də, 03 noyabr 2022-ci il tarixli “Şübhəli şəxsi dindirmə” protokolunda dindirmənin başlanma və bitmə vaxtı qeyd edilməmişdir. Həmçinin müstəntiq tərəfindən 15 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərarda şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş elektron tərəzi göstərilməmişdir. Beləliklə, müstəntiq tərəfindən ibtidai istintaq dövründə qanunun tələbinə zidd olaraq formal prosessual hərəkətlər yerinə yetirilmişdir ki, (protokollar tərtib edilmiş və qərarlar qəbul olunmuş) nəticədə məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular olduğundan aradan qaldırılması mümkün deyildir. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatəti nəzərə alaraq, verilmiş vəsatətin təmin edilməsinə etiraz etməyən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi qənaəti əsaslandırarkən cinayət işinin materiallarında olan pozuntuların hər birini ardıcıllıqla vurğulamağı zəruri hesab edir. İlk növbədə cinayət işinin materiallarında olan (cild 01, i.v.2) 14 fevral 2023-cü il tarixli raportdan görünür ki, raport Sabunçu RPİ-nin baş təhqiqatçısı, polis mayoru Rauf Əfəndiyev tərəfindən imzalansa da, raportun sonunda “Tanış oldum” “Sabunçu RPİ-nin TŞ-nin rəisi, polis polkovnik leytenantı Babək Rüstəmov” qeyd olunsa da, imza və tarix qrafası boş qalmışdır. İş materiallarında olan (cild 01, i.v.30-32) 13 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs sol yan cibindən 01 ədəd tərəzini könüllü təqdim etməsi göstərilmiş, tərəzi də aşkar olunmuş narkotik vasitə ilə birgə ekspertizaya göndərilmiş, məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 6/882 saylı rəyində (cild 01, i.v.40-44) tərəzinin üzərində narkotik vasitənin izlərinin olması müəyyən edilmiş, lakin 15 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda (cild 01, i.v.59) Təqsirləndirilən şəxs üzərində yalnız iki büküm narkotik vasitə saxlayaraq daşıdığı göstərilmiş, tərəzinin onun üzərindən aşkar edilməsi həmin qərarda ümumiyyətlə göstərilməmişdir. İş materiallarında olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 15 fevral 2023-cü il tarixli (cild 01, i.v.86) qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən müdafiəçisinin iştirakı təmin edilməmiş, həmin qərar yalnız müstəntiq Orxan Qnyazov və adı, soyadı, cinayət işində olan statusu belə göstərilməyən təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 03 noyabr 2022-ci il tarixli (cild 01, i.v.120) qərardan görünür ki, həmin qərarda müdafiəçi X1 adı qeyd olunsa da, qərar müdafiəçi tərəfindən imzalanmamışdır ki, bu da həmin qərar qəbul edilərkən müdafiəçinin iştirakının təmin edilməməsinə dair əsaslı şübhələrin yaranmasına əsas verir. İş materiallarında olan “Şübhəli şəxsin dindirilməsi” (cild 01, i.v.137) 03 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, müstəntiq Ramil Vəliyev “Dindirmə başladı”, “Bitdi” göstərsə də, dindirmənin başladığı və bitdiyi vaxtı göstərməmiş və həmin qrafalar boş qalmış, cinayətin 2022-ci il tarixdə törədilməsinə baxmayaraq həmin protokolun 2021-ci ildə tərtib olunması göstərilmişdir. İş materiallarında olan Sabunçu rayon prokuroru tərəfindən Sabunçu RPİ-nin İstintaq şöbəsinə ünvanlanmış 05 noyabr 2022-ci il tarixli (cild 01, i.v.150) məktubdan və Sabunçu rayon prokuroru tərəfindən qəbul edilmiş “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli (cild 01, i.v.151-153) qərardan görünür ki, həmin sənədlər prokuror tərəfindən imzalanmamışdır. İş materiallarında olan “məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərarla təqsirləndirilən şəxsi tanış etmək haqqında” 05 noyabr 2022-ci il tarixli (cild 01, i.v.158) protokoldan görünür ki, həmin protokol Təqsirləndirilən şəxs adının qarşısı boş qalmaqla onun tərəfindən imzalanmamışdır ki, bu da təqsirləndirilən şəxsin ekspert tərəfindən verilmiş rəylə tanış olmamasına dəlalət edir. Halbuki, AR CPM-nin 90.7.19-cu maddəsinə əsasən şübhəli şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq hüququ var. Həmin Məcəllənin 91.5.20-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq hüququ var. Həmin Məcəllənin 268.17-ci maddəsinə əsasən müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxsin ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək hüququ var. Göründüyü kimi, müvafiq rəylə təqsirləndirilən şəxsin tanış edilməməsi onun müdafiə hüququnun pozulması və AR CPM-nin ona verdiyi imkanlardan məhrum edilməsi ilə nəticələnmişdir. İş materiallarında olan 09 yanvar 2023-cü il tarixli (cild 02, i.v 36-37) qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmış, həmin tarixdən sonra cinayət işi üzrə dayandırılmış icraat təzələnmədən müstəntiq Orxan Qnyazov tərəfindən ekspert rəyi təqsirləndirilən şəxsə elan edilmiş, Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili X1 müdafiəçi qismində iştirakına xitam verimiş, şahidlər dindirilmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, “şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən diskə baxış keçirilmiş, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmış, dindirilmiş, “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında” qərar qəbul edilmiş, sübutlar qiymətləndirilmiş, ittiham aktı təsdiq olunaraq məhkəməyə göndərilmişdir. Halbuki, AR CPM-nin 53.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Həmin Məcəllənin 279.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılması üçün bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdıqda cinayət işi üzrə dayandırılmış icraat müstəntiqin qərarı ilə təzələnir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat, həmçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarına əsasən, müstəntiqin iş üzrə icraatın dayandırılması haqqında qərarı ləğv edilməklə təzələnə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası CPM-in 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 91.5.29-cu və 91.5.30-cu maddələrinə əsasən təqsirləndirilən şəxs hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların, o cümlədən istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması haqqında qərarların surətlərini almaq; təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək kimi hüquqları vardır. Göründüyü kimi, iş üzrə cinayət işi üzrə icraatın dayandırılması barədə ləğv edilməmiş qərar olduğu halda müstəntiq cinayət işi üzrə icraatı təzələmədən iş üzrə istintaq hərəkətləri keçirərək dayandırılmış icraat üzrə ittiham aktı tərtib edərək məhkəməyə göndərmişdir ki, bu da müstəntiqin dayandırılmış icraat üzrə həyata keçirdiyi hərəkətlərin etibarsız olmasına, həmçinin, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına dəlalət edir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 24 fevral 2023cü il tarixli qərarda müstəntiq Orxan Qnyazov zərərçəkmiş qismində tanıdığı şəxsi “Zərərçəkmiş şəxs2” kimi göstərməklə kifayətlənmiş, həmin şəxsin ad, soyad, ata adını göstərməmişdir ki, bu da həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olmadan tərtib edilməsinin göstəricisidir. İş materiallarında olan (cild 01, i.v.30-32) 13 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə sol yan cibindən 01 ədəd tərəzini könüllü təqdim etməsinin göstərilməsinə, tərəzinin də aşkar olunmuş narkotik vasitə ilə birgə ekspertizaya göndərilməsinə, məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 6/882 saylı rəyində (cild 01, i.v.40-44) tərəzinin üzərində narkotik vasitənin izlərinin olmasının müəyyən edilməsinə baxmayaraq həmin epizod üzrə şahid qismində Şahid2 və X3 nə iş materiallarında olan (cild 02, i.v.55-58) ifadələrində, nə də “Sübutların qiymətləndirilməsi haqqında” 02 aprel 2023-cü il tarixli (cild 02, i.v.99) qərarda, nə də 12 aprel 2023-cü il tarixdə təsdiq edilmiş (cild 02, i.v.118-128) 08 aprel 2023-cü il tarixli ittiham aktında olan ifadələrində 13 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman tərəzinin aşkar olunması öz əksini tapmamış, əksinə həmin şahidlər ifadələrində Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa hər hansı digər qanunsuz əşya və ya predmetin aşkar edilmədiyini göstərmişlər. Bununla yanaşı, 13 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə sol yan cibindən 02 bükümdə olan narkotik vasitəni təqdim etməsinin göstərilməsinə, 02 ədəd bükümün ekspertizaya göndərilməsinə, məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2023-cü il tarixli, 6/882 saylı rəyində (cild 01, i.v.40-44) 02 ədəd bükümdə olan narkotik vasitənin çəkisinin və növünün müəyyən edilməsinə baxmayaraq həmin epizod üzrə dindirilmiş şahidlər Şahid2 və X3 həm iş materiallarında olan (cild 02, i.v.55-58), həm “Sübutların qiymətləndirilməsi haqqında” 02 aprel 2023-cü il tarixli (cild 02, i.v.99) qərarda, həm də 12 aprel 2023-cü il tarixdə təsdiq edilmiş (cild 02, i.v.118-128) 08 aprel 2023-cü il tarixli ittiham aktında olan ifadələrində Təqsirləndirilən şəxs üzərindən 13 fevral 2023-cü il tarixdə cəmi bir büküm narkotik vasitənin aşkar olunduğu göstərilmişdir. Bundan savayı, müstəntiq tərəfindən ittiham aktına əlavə olunmuş siyahıda məhkəməyə çağırılmalı olan şəxslərin olduqları yer və onların ifadələri olan işin vərəqələri qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. Bununla yanaşı, cinayət işinin “Təqsirləndirilən şəxsi tanış protokolu”ndan görünür ki, iş materialları təqsirləndirilən şəxsə 1-ci cild 255 vərəqdə təqdim edilmiş, halbuki 1-ci cildin iş vərəqəsinin sayı 250 vərəqdən ibarət olmuşdur. Halbuki, Azərbaycan Respublikası CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. Göründüyü kimi, müstəntiq tərəfindən təqsirləndirilən şəxs formal olaraq tanış edilmişdir ki, bununla da təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış edilməsi ilə əlaqədar qanunun tələbləri pozulmuşdur. Həmçinin müstəntiq tərəfindən cinayət işi üzrə tərtib edilmiş bütün protokol və qərarların heç biri qanunun tələbinə müvafiq olaraq qeydiyyat keçirilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Göstərilən bu hallar ittiham aktında göstərilən sübutların iş materialları ilə uyğunsuzluq təşkil etməsinə, həmin sübutların birinin digərinə uyğun olmamasına, ittiham aktının qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiqlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X5 və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X4 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar