Məhkəmə qərarları › İş №1(008)-513/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-513/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-513/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi - 1,455 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 13 fevral 2023-cü il tarixdə, saat 17:00-da Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi yaxınlığında saxlanılaraq ərazi aidiyyəti üzrə 15-ci PB-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi - 1,455 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün ibtidai araşdırma vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Adətən, psixotrop maddəni Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanımadığı şəxsdən 20 manata 01 ədəd sellofan bükümdə metamfetamin almışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə həmin psixotrop maddə olan metamfetamini üzərində daşıyaraq yaşadığı evə gedən zaman, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi, “Rahid” şadlıq evinin yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş, üzərində psixotrop maddə olduğu üçün polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tələsdiyini bildirərək getməyə çalışmışdır. Bu zaman polis əməkdaşları ondan şübhələnmiş, getməsinin qarşısını alaraq Sabunçu RPİ- nin 15-ci PB-nə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının suallarına cavab olaraq təkrarən tələsdiyini, ağrıları ilə bağlı dərman qəbul etməli olduğunu demiş, getməyinə icazə vermələrini xahiş etmişdir. Lakin polis əməkdaşları onun üzərində psixotrop maddə və ya psixotrop maddə olmasından şübhələndiklərini bildirərək şəxsi axtarış keçirilməsi üçün bölməyə getməsinin zəruri olduğunu bildirmişlər. Bundan sonra o, məcbur olub polis əməkdaşları ilə birlikdə Sabunçu RPl-nin 15-ci PB-nə getmişdir. Bölməyə çatdıqdan sonra onu saxlayan polis əməkdaşları raport yazmış, bundan sonra araşdırma aparılması bölmənin təhqiqatçı, polis mayoru Zaur Quliyevə tapşırılmışdır. Təhqiqatçı, polis mayoru Zaur Quliyev tərəfindən onun barəsində şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilərək tutulmağı ilə əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Daha sonra dövlət hesabına vəkillə təmin edilərək ümumi hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş, həmin qərarla tanış edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuş, o, şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilmiş və orada psixotrop maddə olan metamfetamin aşkar edilmiş, polis əməkdaşları bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığımı soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, təqdim etdiyi həmin bükümdəki maddənin “patı" olduğunu, onu 13 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılmış, qablaşmanın üzəri o və polis əməkdaşları tərəfindən imzalanmış, daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPl-nin 15-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 13 fevral 2023-cü il tarixdə, saat 17:00-da bölmənin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivi yaxınlığında psixotrop maddə və psixotrop maddələrin istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlamışlar, özlərini təqdim edərək Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs həyəcanlı şəkildə özünü təqdim edərək adının Cahan olduğunu bildirmişdir. Onlar həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək tələsdiyini deyərək ərazidən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs özünü həyəcanlı aparmasından şübhələnmiş və ona şəxsiyyəti barədə məlumatların dəqiqləşdirilməsi üçün bölməyə getməyi təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs həyəcanlı şəkildə təkrarən tələsdiyini deyərək ərazidən uzaqlaşmaq istəmiş, ancaq onlar onun hərəkətlərindən şübhələnmiş və üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən maddə, əşya və ya predmet olması ehtimalını nəzərə alaraq birlikdə Sabunçu RPl-nin 15-ci PB-nə getməyi tələb etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və Sabunçu RPİ-nin 15-ci PB-nə getmişlər. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları dəqiqləşdirmiş və onun gətirilməsi ilə bağlı raport yazaraq bölmənin Növbətçi hissəsinə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması bölmənin təhqiqatçısı, polis mayoru Zaur Quliyevə həvalə edilmişdir. Zaur Quliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı Zaur Quliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə, eləcə də vəkilinin iştirakı olmadan həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, hər hansı etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanı təqdim etmişdir. Şəffaf sellofana baxış keçirilən zaman ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs sellofan bükümdəki maddələrin nə olduğu soruşulan zaman o, qutuda olan psixotrop maddənin “patı” olduğunu, onu 13 fevral 2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmiş, bundan sonra aşkar edilmiş maddələr təhqiqatçı Zaur Quliyev tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis mayoru Zaur Quliyev saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildiriirr. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub- olmaması soruşulur. Təqsirləndirilən şəxs isə psixotrop maddələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildimiş, bundan sonra Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan, eləcə də videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara şalvarın sağ yan cibindən 01 ədəd şəffaf bükümü təqdim etmiş. Təhqiqatçı, polis mayoru Zaur Quliyev tərəfindən bükümdə olan maddənin nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs isə bükümdəki maddənin “şüşə" olduğunu bildirmişdir. Təhqiqatçı, polis mayoru Zaur Quliyev psixotrop maddə metamfetamini haradan, kimdən və nə vaxt əldə etməsini soruşmuş. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini 13 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı kəndində üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir (i.v. 34-36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 13 fevral 2023-cü il tarixli, 6/875 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 161” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,455 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.44-48). “Maddi sübut kimi tanıma haqqında” 20 fevral 2023-cü il tarixli qərardan görünür ki,230050230 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,455 qram metamfetamin maddi sübut kimi tanımmış, tədqiqatdan sonra qalıq qalmış 1,355 qram metamfetamin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.91). Məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli, 1362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.104-105). “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” diskin maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v.107-112). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmişdir (i.v.24). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 4(008)- 131/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.80-86). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 01 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2012-ci il tarixli qərarına əsasən cəzasının 05 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Qobustan Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 aprel 2020-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 06 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.101-102). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasnı (AR CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini, sonuncu dəfə barəsində AR CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi üzrə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinə baxmayaraq ibtidai istintaqın aparıldığı dövrdə yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də AR CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini, barəsində başqa cinayət işi istintaqın aparıldığı dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), iş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 1,355 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar