Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-515/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1966-cı ildə Bərdə rayonu, Dəymədağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, taksi fəaliyyəti ilə məşğul olmuş, Ağdam rayonu, Əhmədağalı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı F-1 tipli əl qumbarasının gövdəsi, 01 ədəd F-1, RQD-5, RQ-42 qumbaralarının partladıcısı olan “UZRQM” tipli partlayıcı, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə edilən, tamlığı pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı, komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatını əldə edərək yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Ə.Ağayev küçəsində yerləşən evində saxlamış, idarə etdiyi «Opel Corsa» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində gəzdirmiş, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 aprel 2025-ci il tarixdə saat 12:20-də ünvan 1 ünvanının qarşısında saxlanılıb idarə etdiyi «Opel Corsa» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış keçirilərkən, avtomobilin yük hissəsindən qara rəngli idman çantasının içərisində 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, natamam döyüş sursatı F-1 tipli əl qumbarasının gövdəsi, 01 ədəd F-1, RQD-5, RQ-42 qumbaralarının partladıcısı olan “UZRQM” tipli partlayıcı, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə edilən, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlı, komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 01 aprel 2025-ci il tarixdə gecə saat təxminən 04:00-da 04:15 dəqiqədə Sabunçu rayonunda kirayədə qaldığı evə gəlmişdir. Həmin evi təxminən 10-15 gün olar ki, kirayələmişdir. Həyətin işığının keçdiyini görmüşdür. Evin işığını özü söndürmüşdür. Həyətin işığının sönülü olması onda şübhə yaratmışdır ki, demək evə kimsə daxil olub. Qapının yanında pəncərə olmuşdur. Pəncərəni özü açıq qoymuşdur ki, içərinin havası dəyişsin. Qapını açıb içəri daxil olmaq istəyəndə soyuducu imkan vermədiyindən qapı açılmamışdır. Evə pəncərədən daxil olmuşlar, pəncərənin arxasında soyuducu olmuşdur. Pəncərədən evə daxil olmaq üçün soyuducunu itələyiblər, o gəlib qapının arxasına dirənib qalmışdır. Qapını birtəhər itələyib evə girmişdir. Evə daxil olanda hər yerin dağıdılmış vəziyyətdə olduğunu görmüş, evdən oğurluq edildiyini düşünmüşdür. 400 dollar pulunun və evdə qoyub getdiyi telefonunun olmadığını görmüşdür. 1 saat şok vəziyyətində oturandan sonra evin sahibinə bu barədə məlumat vermişdir. Təxminən saat 09:00-da ev sahibi ona zəng edərək nəyəsə əl vurub vurmamasını soruşmuşdur. O da heçnəyə əl vurmadığını bildirmişdir. Ev sahibi polisə məlumat vermək lazım olduğunu deyərək özünün gəldiyini bildirmişdir. O da uzanıb onu gözləmişdir. Saat təxminən 11, 12-nin yarısı qapı möhkəm döyülmüşdür. Qapını açanda görmüşdür ki, 7-8 nəfər adam gəlib. Fikirləşmişdir ki, yəqin ev yiyəsi zəng edib deyib, polisdən gəliblər. Qapını açan kimi ondan yapışmışlar. Onlara həmin evdə yaşayan şəxs olduğunu, onun yaşadığı evdən oğurluq olduğunu bildirmişdir. Onlar isə “bizə elə sən lazımsan” demişlər. Evdən 400 dollar pul və telefon oğurlandığını bildirmişdir. Bölmənin rəisi Anar adlı şəxs telefonunu ona göstərmişdir. Sonra yanında olan narkomana oxşar bir nəfər Ağa adlı şəxsi göstərib onun evinə daxil olub telefonunu oğurlayanın həmin şəxs olduğunu bildirmişdir. Sonra onun öz telefonunu çıxardıb orada bir dənə qumbara şəkli göstərib telefonun onun olub-olmadığını soruşmuşlar, o isə onun olduğunu demişdir. O zaman ona şəkildəki qumbaranın da onun olduğunu demişlər. Daha sonra maşınının harada olduğunu soruşmuşlar. O, isə maşının çöldə olduğunu demişdir. Maşının açarını harasa tulladığından, bir az axtarıb maşının açarını tapmışlar. Onu və maşını götürüb 13cü PŞ-nə gətirmişlər. Bölmədə qabağına qumbara qoyaraq ona məxsus olduğunu bildirmişlər. Onu qardaşı ilə təhdid etməyə başlamışlar. Boynuna götürməsə qardaşını polis şöbəsinə gətirəcəklərini bildirmişlər. O da məcbur olub onların dediyi kimi etmişdir. Onu bölməyə gətirəndə saat 12:00 olmuşdur. 01 aprel axşam saat 11-də onu MSY-nə aparmışlar, ora onu qəbul etməmişdir. Yenidən 13-cü PŞ-nə qaytarmışlar. 01 aprel gecəni orada qalmışdır. 02 aprel 2025-ci il tarixdə axşam onu MSY-nə aparmışlar. Bu dəfə onu qəbul etmişlər. 03 aprel 2025-ci il tarixdə saat təxminən 16:00 və ya 17:00 olardı müstəntiq MSY-nə gələrək 6-7 dəqiqənin içərisində ona sənədlərə qol çəkdirmişdir. Sonra maşını ilk saxladığı yerə onu aparmışlar. Onu evdən aparanda götürdükləri çantasına qumbaranı əvvəldən qoymuşdular. Orada çəkiliş apardılar ki, guya maşınındakı həmin çantadan qumbara çıxmışdır. Daha sonra onu məhkəməyə çıxartmışlar. Onu Almaniyada yaşayan “Azad söz” kanalının təsisçisi qardaşı oğlu Tural Sadıqlının fəaliyyətinə görə həbs etmişlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində İ Qarabağ Müharibəsinin iştirakçısı olduğunu, döyüş ərazisində düşmənlərdən qalmış 01 ədəd səs boğucu, 01 ədəd əl qumbarası alışdırıcısı ilə birlikdə tapıb özündə saxladığını, hərbidən təxris olunduqdan sonra 01 ədəd səs boğucu, 01 ədəd əl qumbarası partladıcı ilə birlikdə Bakı şəhərində Yasamal rayonu ərazisində həmin vaxtı kirayədə yaşadığı evin yaxınlığında insanların gediş-gəlişi olmayan bir ərazidə torpaqlıqda basdırıb gizlətdiyini, bu barədə heç kimə demədiyini, 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra gedib həmin ünvandan torpaqlıqdan qazıb 01 ədəd səs boğucu, 01 ədəd əl qumbarasını partladıcı ilə birlikdə götürüb yaşadığı evdə, sonradan isə özünə məxsus qara rəngli idman çantasının içərisinə qoyub idarə etdiyi avtomobilin yük hissəsində gizlədib daşıyıb saxladığını, 01 aprel 2025-ci il tarixdə saat 12:20-də ünvan 1 ünvanında olan zaman ona polis əməkdaşları yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb gəzdirməsi barədə əməliyyat yolu ilə məlumat əldə etdiklərini bildirib, məlumatın yoxlanıması məqsədi ilə üzərində və idarə etdiyi avtomobildə axtarış keçiriləcəyini dediklərini, artıq polis əməkdaşlarından yayına bilməyəcəyini başa düşüb etiraz etmədiyini, polis əməkdaşları birinci onun üzərinə axtarış keçirdiklərini, üzərindən qanunla gəzdirməsi, saxlanılması qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar edilmədiyini, üzərindən yalnız 01 ədəd özünə məxsus «Samsung» markalı mobil telefon aşkar edildiyini, polis əməkdaşları ondan avtomobilində qanunla saxlanılması, daşınması qadağan edilən hər hansı bir əşya və ya predmetin olub-olmadığını soruşub, müsbət təqdirdə təqdim etməyi təklif etdikləri üçün idarə etdiyi «Opel Corsa» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hisəssindən qara rəngli idman çantasının içərisində saxlayıb daşıdığını, özünə məxsus 01 ədəd əl qumbarasını partladıcı ilə birlikdə çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, əl qumbarası partladıcı ilə birlikdə və 01 ədəd üzərindən aşkar edilmiş mobil telefon polis əməkdaşları tərəfindən götürüldüyünü, bundan sonra polis əməkdaşlarının təklifi ilə birlikdə Sabunçu RPİ-nin 13-cü PŞ-yə getdiyini, polis şöbəsində barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması təhqiqatçı İlqar Əsədova həvalə edildiyini, təhqiqatçı onu xidməti otaqların birində qəbul edib, saxlanılıb şöbəyə gətirilməsinin səbəbini, hüquq və vəzifələrini tam ətraflı izah edib, dövlət hesabına vəkil ilə təmin olunacağını bildirib, vəkil seçmək üçün ona vəkillərin siyahısını təqdim etdiyini, onun vəkillərin siyahısını nəzərdən keçirib vəkil Müdafiəçi2 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini dediyini və bununla bağlı ərizə yazdığını, vəkil dəvət olunub, ona təqdim olunduğunu, vəkilin iştirakı ilə ona təhqiqatçı tərəfindən təkrar hüquq və vəzifələri izah olunduğunu, daha sonra təhqiqatçı tərəfindən idarə etdiyi avtomobilin yük hissəsində olan qara rəngli idman çantasından aşkar edilib götürülmüş 01 ədəd əl qumbarası ilə partladıcıya onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı o, səmimi olaraq etiraf edib həmin qumbara partladıcı ilə birlikdə ona məxsus olduğunu, 1-ci Qarabağ müharibəsində iştirak edən zaman döyüş ərazisindən tapıb üzərində saxlayıb daşıdığını, qeyd olunanlarla bağlı tərtib olunmuş protokollarla tanış olub, protokola əlavə və düzəlişi olmadığı üçün doğruluğunu imzası ilə təsdiq etdiyini, əl qumbarasını partladıcı ilə birlikdə 1-ci Qarabağ müharibəsindən döyüşlərdən yadigar kimi özündə saxladığını, səs boğucunu isə təxminən 1-2 il bundan əvvəl dənizə atdığını, həmin ünvanı dəqiq xatırlamadığını, saxlanılan zaman və 13-cü PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmadığını qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq partlayıcı qurğu (əl qumbarası) saxlaması, daşıması ilə bağlı tərəfimizdən məlumat əldə olunmuşdu. Bununla bağlı raportla rəhbərliyə məruzə olunmuşdur. Rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmiş, bununla bağlı müvafiq əmr və qərarlar təsdiq olunmuşdur. Rəhbərliyin göstərişinə uyğun olaraq əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri o, olmaqla üzvləri isə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞnin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, 13-cü PŞ-nin KM üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sabunçu RPİ-nin KTQ-nin kriminalisti, polis baş leytenantı Şahid4 təyin olunmuşlar. 01 aprel 2025-ci il tarixdə saat 12:20-də ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi «Opel» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında görüb, ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etdikdən sonra ona qanunsuz olaraq partlayıcı qurğu (əl qumbarası) saxlaması, daşıması ilə bağlı məlumat əldə olunduğunu bildirib, ona hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində və ya avtomobilində qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, idarə etdiyi «Opel» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində partlayıcı qurğu (əl qumbarası) var. Tərəflərindən avtomobilə baxış keçirilmiş və avtomobilin yük hissəsində olan qara rəngli idman çantasının içərisindən 01 ədəd partladıcı ilə birlikdə əl qumbarası aşkar edilmişdir. Bundan başqa saxlanılan şəxsin üzərindən 01 ədəd «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Qumbaradan başqa digər qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş, götürülməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobilin yük hissəsindən aşkar edilmiş 01 ədəd əl qumbarası ona məxsusdur, həmin qumbaranı İ Qarabağ müharibəsi zamanı döyüşlərdə olarkən əldə edib hazıradək saxlamışdır. Avtomobilin yük hissəsindən aşkar edilmiş 01 ədəd əl qumbarası partladıcı ilə birlikdə tərəfindən müvafiq qaydada götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs 13-cü PŞ-yə gətirilmiş, bu barədə rəhbərliyə məruzə edilmiş, toplanmış materiallar üzrə araşdırmanın davam etdirilməsi, şöbənin baş təhqiqatçısı, polis kapitanı İlqar Əsədova həvalə edilmişdir. 13-cü PŞ-də inzibati binada yerləşən xidməti otaqların birində onun, polis əməkdaşları Şahid1, Şahid2, hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil Müdafiəçi2 iştirakı ilə təhqiqatçı İlqar Əsədov tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yük hissəsində olan idman çantasından aşkar edilib götürülmüş və zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış 01 ədəd partladıcısı ilə birlikdə əl qumbarası zərfdən çıxarılıb baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin qumbaranın ona məxsus olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs əl qumbarasının partladıcı ilə birlikdə idarə etdiyi avtomobilin yük hissəsindən idman çantasının içərisindən aşkar edilib götürüldüyünü, ona məxsus olduğunu etiraf etmişdir. Təhqiqatçı tərəfindən əl qumbarasına və partladıcısına baxış keçirilmiş, daha sonra müvafiq qaydada qablaşdırılmışdır. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolun doğruluğu, onun, polis əməkdaşları, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 məhkəmə iclasında dindirilmiş digər Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:20 radələrində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şübhəli şəxsin üzərinə və avtomaşınına baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs partlayıcı qurğunun (əl qumbarası) qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı sonuncu 01 aprel 2025-ci il tarixdə saat 12:20 dəqiqədə ünvan 3 ünvanının qarşısında idarə etdiyi Opel markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya idarə etdiyi avtomobildə ehtimal edilən partlayıcı qurğunun (əl qumbarası) qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində partlayıcı qurğu (əl qumbarası) olduğunu bildirdi, baxış zamanı avtomobilin yük hissəsində olan qara rəngli idman çantasının içərisində 01 ədəd əl qumbarasını alışdırıcısı ilə birlikdə təqdim etmişdir. Baxış ünvan 3 ünvanının yaxınlığında keçirilmişdir. Baxış zamanı “Samsung SA23” markalı videokamera vasitəsi ilə 13-cü PŞ-nin KM üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokola 1 ədəd DVD disk əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı diskə köçürülmüş video görüntüyə baxış keçirilmiş və həmin video görüntü xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən 13-cü PŞ-nin əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq əl qumbarası əldə edərək saxlama və daşımaqda şübhəli olduğundan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Abışov küçəsi 8 ünvanında saxlanılaraq ona məxsus “Opel” markalı, **-XT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük hissəsində olan qara rəngli idman çantasının içərisindən aşkar olunmuş 1 ədəd əl qumbarasına alışdırıcısı ilə birlikdə baxış keçirilmiş, sonra paket yenidən qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı “Samsung ” markalı mobil telefon vasitəsi ilə 13-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı diskə köçürülmüş video görüntüyə baxış keçirilmiş və həmin video görüntü “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-partlayış texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 1 ədəd əşya “UZRQM” tipli partladıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partladıcısıdır, Həmin 1 ədəd əl qumbarasının gövdəsi ilə 01 ədəd “UZRQM” tipli alışdırıcı partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş müdafiə təyinatlı döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(008)-146/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Qeyd edilən qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman özünü təqsirli bilərək qumbaranı Qarabağdan 1993-cü ildə tapıb gətirdiyini, torpağın altında gizlətdiyini, son vaxtlar kirayə qaldığı evdə saxladığını, tutulduğu gün isə maşınına qoyduğunu, həmin gün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirərək təqdimatın təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd F-1 tipli əl qumbarası və 01 ədəd “UZRQM” tipli partladıcı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınıb maddi sübut hesb edilmiş və saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 11 aprel 2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında xx.xx.2024-cü il tarixdən “Opel Corsa” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Eyni zamanda Təqsirləndirilən şəxs adında qeydiyyatda olan başqa nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Voloqod Şəhər Xalq Məhkəməsinin xx.xx.1990-cu il tarixli hökmü ilə RSFSR CM-nin 193-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay azadlıqdan şərti məhrum olunmuş; 2) Bakı şəhər Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə CM-nin 143cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il 07 ay 12 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş; xx.xx.1998-ci ildə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuş 3) Bakı şəhər Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1999-ci il tarixli hökmü ilə CM-nin 220-ci maddəsinin 1 hissəsi ilə (qanunsuz silah saxlama) təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu ildə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarının 3-cü maddəsinin 3-cü bəndinə əsasən cəzadan azad olunmuş; 4) Yasamal Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzası təyin olunmuş; 5) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2007-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3, 221.3, 228.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə əməli CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə, 127.2.3, 221.3-cü maddələrindən 127.1-ci maddəsinə tövsif edilərək qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; 6) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 fevral 2009-cu ildə cəzasının sonu ilə azad olunmuş; 7) Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2011-ci il tarixli hökmü ilə AR CM-nin 177.3.2 və 228.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən barəsində 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 8 ilə endirilmişdir. 19 may 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, axtarış və götürmə aparılarkən qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videogörüntüləri əks etdirən 01 ədəd DVD yaddaş daşıyıcısı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təhqiqat zamanı təhdid olunduğundan etirafedici ifadə verdiyini bildirsə də, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə məhkəmədə baxılan zaman nəyə görə etirafedici ifadə verməsinin səbəbini izah edə bilməmişdir. Həmin ifadəsində təqsirləndirilən şəxs özünü təqsirli bilərək qumbaranı Qarabağdan 1993-cü ildə tapıb gətirdiyini, torpağın altında gizlətdiyini, son vaxtlar kirayə qaldığı evdə saxladığını, tutulduğu gün isə maşınına qoyduğunu, həmin gün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4 -cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərilən hökm üzrə məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 01 aprel 2025-ci il tarixdən hesablanmalı, iş üzrə maddi sübutlar Bakı şəhəri Sabunçu RPİ-nin növbətçi hissənin saxlancında saxlanılan 01 ədəd F-1 tipli əl qumbarası və 01 ədəd “UZRQM” tipli partladıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar- Təqsirləndirilən şəxs götürülmüş Bakı şəhəri Sabunçu RPİ-nin Növbətçi Hissənin saxlancında saxlanılan 01 ədəd F-1 tipli əl qumbarası və 01 ədəd “UZRQM” tipli partladıcı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-515/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-515/2025
01.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver