Məhkəmə qərarları › İş №1(008)-516/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-516/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-516/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Ağdam rayonu Qiyaslı Ərazi Dairəsi Ətyeməzli kəndində qeydiyyatda olan, faktki olaraq Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi ünvan 1də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,711 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1in qarşısında şübhəli olduğuna görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,711 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət olar ki, narkotik vasitə olan heroini qəbul edir. 10 yanvar 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində olarkən üzdən tanıdığı, adını bilmədiyi şəxsə 10 manat pul verib ondan özünün qəbul etməyi üçün bir bükümdə narkotik vasitə olan heroin almış, həmin bükümü sonradan qəbul etmək üçün əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 10 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvan 1in yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini Sabunçu RPİnin 12-ci PŞ-nin əməkdaşları olaraq təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, hərəkətlərindən şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. PŞ-də olarkən ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş və ona vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi barədə izah edildikdə həmin vaxt üzərində narkotik vasitə olduğundan üzərinə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etmişdir, bununla bağlı ərizə vermişdir. Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti otaqların birində polis əməkdaşları ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onlara təqdim etməsini təklif etdikdə artıq üzərində olan narkotik vasitə heroini polis əməkdaşlarından gizlədə bilməyəcəyini başa düşüb üzərində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə heroini təqdim edərək həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni özünün qəbul etməyi məqsədi ilə tanımadığı şəxsdən alaraq üzərində saxlamasını bildirmişdir. Onun üzərindən aşkar olunmuş maddə ekspertiza tədqiqatına təqdim olunması üçün polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla götürülüb qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsinin xidməti otağında onun üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən tərtib olunmuş protokola özü və iştirakçılar imza etmişdir, əməlindən səmimi olaraq peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Sabunçu RPİ 12-ci PŞ-də əməliyyat müvəkkli vəzifəsində xidmət edir, 10 yanvar 2023-cü il tarixdə saat 15 radələrində həmkarı Şahid2 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində xidmətdə olduqları zaman əvvəllər tanımadıqları bir nəfər şəxsin onları görərək olduqları yerdən aralanmaq istəməsi onlarda şübhə yaratdığından həmin şəxsi saxlayıb özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsdən anket məlumatlarını soruşduqda həmin şəxs suallardan yayınaraq suallara qeyri-dəqiq cavab verməklə onun narkotik təsir altında olmasına dair şübhələri yarandığından həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Tərəflərindən saxlanılan şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuş, Təqsirləndirilən şəxs üzərinə onun və iş yoldaşının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl 09 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaşayış massivində tanımadığı şəxsdən 10 manata əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz olaraq gəzdirdiyi əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Bütün bunlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir(i.v.84-86); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.12); şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddələri narkotik vasitə “Kakos” olduğunu, təxminən 1gün bundan öncə Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Əlavə suallara cavab olaraq 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini qeyd etmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 24-25); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/153 nömrəli 11 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 159” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,711 qram olan qəhvəyi rəngli maddə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 29-33); baxış keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin görüntü açıldıqda otaqda xüsusi geyimdə olan şəxslər və mülki geyimdə olan şəxslər görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 12-ci PŞ-nin təhqiqatçısı Əvəz Məmmədov kimi təqdim edir və Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 10 yanvar 2023-cü il tarixdə şəxsi axtarış keçirilməsini bildirir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olur ki, şəxsi axtarışda Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. X2 polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyində tanımadığı şəxsdən 10 manata əldə etməsini və sonradan qəbul etmək üçün üzərində saxlamasını bildirir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər edir, iştirak edənlər zərfi imzalayır və büküm zərfə qoyulur. Zərf möhürlənir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilmir. Baxış keçirilmiş disk zərfə qoyulmaqla qablaşdırılır və möhürlənir. (i.v.54-55); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v. 73-75); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v. 76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.87-88); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, olduğu yerin müəyyən edilməsi və tutulması Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nə həvalə edilmişdir. (i.v.89); xx.xx.2023-cü il tarixli 49-1/2-5183 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.92); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır(i.v. 99-101); təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.102-103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023-cü il tarixli 1419 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 107-108); sübutların qiymətləndirilməsi haqqında 6 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 0,711 qram narkotik vasitə heroin (ekspertiza tədqiqatından sonra qalıq 0,661 qram) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (i.v.110-114); Məhkəmə iclasında bir ədəd “DVD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,711 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək, 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 80 (səksən) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək, 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 0,711 qram olan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,661 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar