Məhkəmə qərarları › İş №1(008)-516/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-516/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-516/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatında xadimə işləyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndi, Azadlıq küçəsi, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 07.30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli dairəsinin yaxınlığına gələrək həmin yerdə iş yoldaşı X3 ilə görüşüb sonuncu tərəfindən 01 yanvar 2024-cü il tarixdə döyülməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında baş vermiş mübahisə zamanı Reyhan Xasıyevanı qisas almaq məqsədi ilə əl təpiklə vurub yerə yıxaraq yerdən götürdüyü beton-daş parçası ilə Reyhan Xasıyevanın sağ ayağına atıb zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, döş qəfəsinin əzilməsi, sağ bud sümüyünün aşağı 1/3-nin yerini dəyişməyən qapalı xətti sınığı, sol diz oynağı nahiyəsinin əzilməsi ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan bədən xəsarətlərini yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 2018-ci ildən etibarən Sabunçu rayonu MKT-da xadimə işləyir. Xidmət etdiyi ərazi Məmmədli dairəsinin ətrafındadır. Həmin ərazidə o, ona təhkim olunmuş küçələri süpürüb orada təmizlik işlərini həyata keçirir. Onunla birlikdə həmin müəssədə Şahid və X3 işləyirlər. Firəngizlə Reyhanda onu kimi küçə süpürürlər. Hər birinin öz xidmət etdikləri əraziləri var. İstirahət etdikləri otaq Məmmədli qəsəbəsində yerləşir. Reyhan onun qızlarının barəsində nəlayıq sözləri işlədirdi. 01 yanvar 2024-cü il tarixdə səhər saatlarında o, Reyhanla birlikdə istirahət otaqlarında olan zamanı aralarında söz mübahisəsi düşmüşdür. Otaqda əyləşən zamanı Reyhan ona iradlarını bildirib onun yerində oturduğunu demiş və bunun üstündə onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Reyhan onu əli ilə sifətimdən vurmuş, o da özünü müdafiə etmək məqsədi ilə Reyhanı itələmişdir. Xəsarət aldığına görə Sabunçu RPİ-nin 15—ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. 17 yanvar 2024-cü il tarixdə səhər saat 07.30 radələrində o, Firuzə və Reyhanla birlikdə iş yerlərində olan zamanı Məmmədli dairəsinin yaxınlığında yerləşən istirahət otaqlarının qarşısında durmuşdular. Firuzə otağa daxil olmuş o, isə Reyhanla otağın qarşısında dayanan zamanı o Reyhandan qızının barəsində səsləndirdiyi nəlayiq ifadələrə görə qisas almaq üçün Reyhanı ayağından dartıb yerə yıxmışdır. Sonra isə yerdən götürdüyü beton-daş parçasını Reyhanın ayağına atmış, daha sonra oradan çıxıb getmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. X1 qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-ci ildən etibarən o, Sabunçu rayonu MKT-da xadimə işləyir. Xidmət etdiyi ərazi Məmmədli dairəsinin yaxınlığındadır həmin ərazidə ona təhkim olunmuş küçələri süpürüb orada təmizlik işlərini həyata keçirir. Onunla birlikdə həmin müəssədə Təqsirləndirilən şəxs da işləyir. Səbirədə onu kimi küçə süpürür. Onların idarələri Bakıxanov qəsəbəsində yerləşir. İstirahət etdiyi otaqları isə Məmmədli qəsəbəsində yerləşir. Firuzə adlı qadında onlarla birlikdə süpürgəçi işləyir. 01 yanvar 2024-cü il tarixdə səhər saatlarında o, Səbirə ilə birlikdə istirahət otaqlarında olduqları zaman aralarında mübahisə düşmüş və Səbirə onu döymüşdür. Daha sonra 17 yanvar 2024-cü il tarixdə səhər saat 07.30 radələrində o Firuzə və Səbirə ilə birlikdə iş yerlərində olan zamanı Məmmədli dairəsinin yaxınlığında yerləşən istirahət otaqlarının qarşısında durmuşdular. O otağa daxil olmaq istəyəndə hiss etdi ki kimsə onu arxadan dartıb çəkərək yerə yıxdı. Yerə yıxılanda o, gördü ki onu yerə yıxan Təqsirləndirilən şəxsdır. Səbirə onu yerə yıxanda onu əl təpiklə vurmağa başlamışdır. Səbirə bu hərəkətləri hansı səbəbə görə edirdi o bilmir. Səbirə onu yerə yıxıb əl təpiklə müxtəlif bədən nahiyyələrindən vurmağa başlayanda o qışqırırdı. Firuzə isə həmin vaxtı otağda paltarını dəyişirdi. Firuzə paltarını dəyişdiyinə görə otaqdan çıxmadı və sadəcə olaraq «sözlə» Səbirəni sakitləşdirməyə çalışırdı. Səbirə isə onun xahişlərinə məhəl qoymadan ona dedi ki «bax gör səni indi nə günə salacam» bunu deyəndə yerdən götürdüyü daş-beton parçasını götürüb qaldıraraq onun sağ ayağına atdı və ona xəsarət yetirmişdir. O, ağrıdan və stressdən huşunu itirdi, bir neçə dəqiqədən sonra isə orada ayılanda Səbirə oradan qaçıb getmişdir. Səbirənin yetirdiyi xəsarətlər nəticəsində bu günə qədər işləyə bilmir. Ayağından əməliyyat olunmalıdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən Sabunçu rayonu MKT-da xadimə işləyir. Xidmət etdiyi ərazi Məhəmmədli dairəsindən Zabrat qəsəbəsi istiqamətindədir. Həmin ərazidə ona təhkim olunmuş küçələri süpürüb orada təmizlik işlərini həyata keçirir. Onunla birlikdə həmin müəssisədə Təqsirləndirilən şəxs və X3 işləyirlər. Səbirə və Reyhan da onu kimi küçə süpürürlər. İstirahət etdikləri otaq isə Məmmədli qəsəbəsində yerləşir. 01 yanvar 2024-cü il tarixdə səhər saatlarında onlar birlikdə paltar dəyişmə otaqlarında olduqları zaman Səbirə ilə Reyhanın aralıranda söz mübahisəsi düşmüşdür. Mübahisənin səbəbi isə Səbirənin Reyhanın yerində əyləşməsi olmuşdur. 17 yanvar 2024-cü il tarixdə səhər saat 07.30 radələrində o, iş yerinə gəlib xidməti otaqlarında paltarını dəyişməyə başlamışdır. Həmin vaxtı Səbirə Reyhanla birlikdə çoldə olmuşlar. Otağın ümumi giriş qapısı da açıq olmuşdur. Onlar yenə də öz aralarında sözlə mübahisə etməyə başlamışlar, Reyhan Səbirəyə qızının ünvanına xoşa gəlməz ifadələr işlətmişdir. Paltarını dəyişdiyi vaxtı Reyhan otağa daxil olmaq istəmiş, Səbirə isə Reyhanı bu sözlərinə görə arxadan tutub dartaraq yerə yıxmış və əl təpiklə Reyhanı vurmağa başlamış, bundan sonra Səbirə yerdən beton parçasını götürüb Reyhanın sağ ayağına atmış və oradan çıxıb getmişdir. Hadisə yerinə gələn təcili tibbi stansiyasının briqadası Reyhana tibbi yardım göstərmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ Sabunçu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin əzilməsi, sağ bud sümüyünün aşağı 1/3-nin yerini dəyişməyən qapalı xətti sınığı, sol diz oynağı nahiyəsinin əzilməsi müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müxtəlif şəraitdə eləcə də, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs AR CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə 30 (otuz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar