Məhkəmə qərarları › İş №1(008)-517/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-517/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-517/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, məhkumluqları ödənilməmiş, hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 3 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 oktyabr 2022-ci il tarixdə saat 06:00 radələrində ünvan 2 ünvanda fəaliyyət göstərən Bakı şəhəri 271 nömrəli tam orta məktəbin birinci mərtəbəsində yerləşən informatika fənni otağına plastik pəncərəni dartıb açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan hər birinin dəyəri 739 manat 68 qəpik təşkil edən 03 ədəd Acer Extensa markalı 215-51K (046- T/20) modelli noutbuk kompyuterini gizli olaraq talamaqla Bakı şəhəri 271 nömrəli tam orta məktəbinə cəmi 2219 manat 04 qəpik məbləğində zərər vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 oktyabr 2022-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanda fəaliyyət göstərən 271 nömrəli tam orta məktəbin 1-ci mərtəbəsində yerləşən informatika fənni otağından 3 ədəd «Acer» markalı noutbuk kompyuteri oğurlanması barədə heç bir məlumatı yoxdur, qeyd olunan cinayət hadisəsini o, törətməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubla razı deyil. Belə ki, 21 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində o, ünvan 1 ünvanında yaşadığı evdə olmuş və heç hara çıxmamış, həmin gün evdə arvadı və iki qızı olmuş, onların anket məlumatlarını isə bildirmir, şahid qismində dindirilməsini istəmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2004-cü ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən 271 nömrəli tam orta məktəbin Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. 22 oktyabr 2022-ci il tarixdə səhər saatlarında naməlum şəxs məktəbin 1-ci mərtəbəsində yerləşən informatika fənni otağına plastik pəncərəni naməlum əşya ilə açaraq daxil olmuş, oradan hər birinin dəyəri 739 manat 68 qəpik təşkil edən 3 ədəd Acer Extensa markalı 215-51K (046-T/20) modelli noutbuk kompyuterini oğurlamışdır. Həmin noutbuk kompyuterləri 271 nömrəli tam orta məktəbin hesabına alınmış və nəticədə məktəbə 2219 manat 04 qəpik maddi ziyan dəymişdir. Həmin otaqda cəmi 15 ədəd noutbuk kompyuteri olmuş, 3 ədədi oğurlanmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən 271 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində işləyir, 22 oktyabr 2022-ci il tarixdə səhər saatlarında məktəbin digər korpusuna baxmaq üçün getmiş, həmin zaman naməlum şəxs tərəfindən informatika otağından 3 ədəd kompyuter oğurlanmışdır, videogörüntülərə baxış zamanı hazırda təqsirləndirilən şəxs kimi arıq bədən quruluşlu şəxs tərəfindən oğurluq edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi barədə 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən 271 saylı orta məktəbə baxış keçirilmiş, ekspert kriminalist tərəfindən hadisə yerindən 5 ədəd ovuc izi və 01 ədəd əl-barmaq izi aşkar edilərək götürülmüş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 4-6); Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Malların Təsərrüfat daxili yerdəyişməsi qaimə-fakturasından görünür ki, bir ədəd noutbukun qiyməti 739.68 manat olmuşdur(i.v.11); zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanıma haqqında 25 noyabr 2022ci il tarixli qərardan görünür ki, Nümayəndə iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır(i.v.27); baxış keçirilməsi haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan VİD-20230330-WA0031 nömrəli fayla baxış zamanı müəyyən edilmişdir ki, 22 oktyabr 2022-ci il tarixdə təxminən saat 06:00 radələrində bir nəfər kişi cinsli şəxs ünvan 2 ünvanda fəaliyyət göstərən Bakı şəhəri 271 nömrəli tam orta məktəbin birinci mərtəbəsində yerləşən informatika fənni otağındakı stolların üzərinə noutbuk kompyuterlərini torbaya yığıb oğurlamaqla oradan uzaqlaşır. 10 saniyə müddət ərzində davam edərək çəkilmiş CD diskdə olan VİD-20230330-WA0031 nömrəli fayla baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxs əlində olan torbanın içərisində noutbuk kompyuterləri ilə birlikdə qeyd olunan məktəbin giriş hissəsinin qarşısından piyada keçərək oradan uzaqlaşır(i.v.33); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 noyabr 2022-ci il tarixli 011-12978-1222 nömrəli məktubundan görünür ki, Sabunçu RPİnin xx.xx.2022-ci il tarixli, 073-48557-1222 nömrəli məktubu vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakıxanov qəsəbəsi, Axundov küçəsi 25 ünvanında yerləşən 271 saylı tam orta məktəbdən 03 ədəd notebookun oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bakına Sabunçu RPİ, Xəzər MSY, Xətai RPİ, İHOMST, BİTİ və Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olan) xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir (i.v.38-39); təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə 11 fevral 2023-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v.56-57); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 03 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzanın qalan 07 ay 12 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2016-cı ildə cəza müddəti bitmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 177.2.3-cü 326.2-ci maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ləğv edilərək cinayət qanununun müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan cinayət məsuliyyətindən azad edilərək Bakı İstintaq Təcridxanasından azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmış, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə CM-nin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinə tövsif edilərək cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2018-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təyin olunmuş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası xx.xx.2017-ci il tarixli qanunla uyğunlaşdırılaraq 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 76.6.2, 67.1-ci maddələri tətbiq edilməklə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəişdirilərək Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Xəzər rayon məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 il 06 aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 ay 16 gün hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 10 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-cü, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü, 66.2, 66.5-ci maddələrinə əsasən cəzası 03 il azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 24 dekabr 2019-cu il tarixdən hesablanması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır(i.v.76-79; 88-93); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22 fevral 2023-cü il tarixli 23/157R nömrəli ekspert rəyindən görünür ki, 1. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi 25 ünvanında fəaliyyət göstərən 271 nömrəli orta məktəbdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd əl-barmaq və 05 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqayisəli tədqiqat üçün yararlıdır. 3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. 4. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əlbarmaq və 03 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir(i.v.96-105); Sübutların qiymətləndirilməsi barədə 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçildiyi və bununla bağlı 3 X1 saxlanması nəzərə alınmış, iş üzrə şahid ifadəsi, hadisə yerinə baxış protokolu, 01 ədəd CD disk, məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2023-cü il tarixli 23/157 B nömrəli rəyi sübut növü kimi qiymətləndirilmiş, ünvan 2 ünvanda fəaliyyət göstərən 271 nömrəli tam orta məktəbin birinci mərtəbəsində yerləşən informatika fənni otağından götürülmüş 02 ədəd ovuc izi maddi sübut növü kimi tanınmış və 01 ədəd möhürlənmiş zərfdə cinayət işinin materiallarına qoşmasına əlavə edilmişdir(i.v.106-109); Məhkəmə istintaqı zamanı bir ədəd CD diskə baxış keçirilmiş, həmin CD diskdə olan videogörüntünün diskə baxış keçirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli protokola uyğun olduğu müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 05 noyabr 2022-ci il tarixli 011-12978-1222 nömrəli məktubundan görünür ki, Sabunçu RPİ-nin xx.xx.2022-ci il tarixli, 073-48557-1222 nömrəli məktubu vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakıxanov qəsəbəsi, Axundov küçəsi 25 ünvanında yerləşən 271 saylı tam orta məktəbdən 03 ədəd notebookun oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bakına Sabunçu RPİ, Xəzər MSY, Xətai RPİ, İHOMST, BİTİ və Suraxanı RPİ-nin 30-cu PB-dən daxil olan) xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22 fevral 2023-cü il tarixli 23/157R nömrəli ekspert rəyindən görünür ki, 1. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi 25 ünvanında fəaliyyət göstərən 271 nömrəli orta məktəbdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərlərində olan əl izlərindən 01 ədəd əl-barmaq və 05 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik xəritəsi müqaisəli tədqiqat üçün yararlıdır. 3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. 4. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əlbarmaq və 03 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əl izlərinin hadisə yerindən aşkar edilməsinin səbəbi barədə hər hansı bir əsas gətirməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı CD diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, 22 oktyabr 2022-ci il tarixdə təxminən saat 06:00 radələrində bir nəfər kişi cinsli şəxs ünvan 2 ünvanda fəaliyyət göstərən Bakı şəhəri 271 nömrəli tam orta məktəbin birinci mərtəbəsində yerləşən informatika fənni otağındakı stolların üzərinə noutbuk kompyuterlərini torbaya yığıb oğurlamaqla oradan uzaqlaşır. 10 saniyə müddət ərzində davam edərək çəkilmiş CD diskdə olan VİD-20230330-WA0031 nömrəli fayla baxış zamanı müəyyən edilmişdir ki, həmin şəxs əlində olan torbanın içərisində noutbuk kompyuterləri ilə birlikdə qeyd olunan məktəbin giriş hissəsinin qarşısından piyada keçərək oradan uzaqlaşır. Məhkəmə qeyd edir ki, baxış zamanı videogörüntüdə olan şəxsin fiziki cəhətdən arıq olmaqla vizual görünüş və yerişi ilə Təqsirləndirilən şəxs oxşar olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Ali Məkəməsinin Plenumunun qərarının 19cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda fəaliyyət göstərən Bakı şəhəri 271 nömrəli tam orta məktəbin birinci mərtəbəsində yerləşən informatika fənni otağınən pəncərəsinə müdaxilə etməklə qanunsuz daxil olaraq oğurluq əməlini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə təyin edilmiş, xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin və xx.xx.2018-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azaldılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edildiyi məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs vaxtından əvvəl şərti azad olunduğu dövrdə cinayət törətdiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə vaxtından əvvəl şərti azad etmə ləğv edilərək CM-nin 67.1-ci maddəsi ilə ona qəti cəza təyin edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs göstərilən hökm üzrə məhkumluğunun az ağır cinayət olduğunu, xx.xx.2022-ci il tarixdə cəzasını çəkmiş hesab edilərək azad olunduğunu, hazırki cinayət əməlinin 22 oktyabr 2022-ci il tarixdə baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 06 ay azaldılaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 24 dekabr 2019-cu il tarixdən hesablanması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilərək məhkəmə iclasından azad edilmişdir. Təqsirləndirilən şəxs göstərilən hökm üzrə məhkumluğunun az ağır cinayət olduğunu, xx.xx.2022-ci il tarixdə cəzasını çəkmiş hesab edilərək azad olunduğunu, hazırki cinayət əməlinin 22 oktyabr 2022-ci il tarixdə baş verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, məhkumluqları ödənilmədən yenidən qəsədən cinayət əməli törətdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun əməlində cinayətin təhlükəli residivi olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmünün xx.xx.2023-cü il tarixdə qüvvəyə minməsini, bu hökm üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən(müəyyən edilməmişdir) və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli(CM-65.2), barəsində həbs qətimkan tədbiri seçilməli, azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.3), iş üzrə maddi sübut-02 ədəd ovuc izi olan 01 ədəd möhürlənmiş zərfin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-180/2023 saylı, 17 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02(iki) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 04(dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- 02 ədəd ovuc izi olan 01 ədəd möhürlənmiş zərfin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar