Məhkəmə qərarları › İş №1(008)-520/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-520/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-520/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2i evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 0,791 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 04 fevral 2023-cü il tarixdə saat 16.00 radələrində Sabunçu RPİ 15-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsinin yaxınlığında saxlanılıb həmin bölməyə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində saxladığı təmiz çəkisi-0,791 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə etmiş, istifadə etdiyi psixotrop maddəni Bakı şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərdən almış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, təxminən saat 15.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yalnız üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən bir ədəd şəffaf sellofan bükümündə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini 20 manata öz istifadəsi üçün alıb üzərində saxlayaraq gəzdirmişdir, 04 fevral 2023-cü il tarixdə, saat 16.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi adlanan ərazidə piyada gedərkən iki nəfər şəxsin ona yaxınlaşıb Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirərək ondan adını, soyadını soruşmuş, eləcə də şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt üzərində heç bir sənəd olmadığından, cibində isə “patı” olduğuna görə ifşa olunmağından qorxduğu üçün oradan yayınmaq istəmiş, lakin polis əməkdaşlarının buna imkan verməmiş və onu sorğu-sual etmişlər, bundan sonra polis əməkdaşlarının onlarla birlikdə 15-ci Polis bölməsinə getməyini təklif etmişlər, buna etiraz etməmiş və polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə həmin bölməyə getmiş, polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından birinin ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığı və polis bölməsinə gətirildiyi bildirilmiş, bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edərək vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah etmiş, bundan sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olması izah edilmiş, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə yazmış, bundan sonra həmin polis əməkdaşı üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini bildirmiş, o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində “patı” kimi tanıdığı psixitrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı metamfetaminin aşkar edilmiş, həmin polis əməkdaşının təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğu soruşulduqda, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin psixotrop maddəni 04 fevral 2023-cü il tarixdə, günorta saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edillərək ucadan oxunmuş, ondan götrülmüş içərisində psixotrop maddə metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı özü də, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir, əməlindən səmimi olaraq peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə bölməyə Təqsirləndirilən şəxs yaşadığı ərazidə narkotik vasitələri əldə edərək üzərində saxlaması və daşıması, eləcə də qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat tərəfindən rəhbərliyə raportla məruzə olunmaqla yoxlanılması məqsədi ilə “X1” Azərbaycan Respublikasının Qanununun 10, 11 və 12-ci maddələrinin və Cinayət- Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələbləri rəhbər tutularaq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 16.00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat dairəsi” adlanan əraziyə gedərək məlumatda göstərilən Təqsirləndirilən şəxs dairənin yaxınlığında müəyyən edilmiş, ona yaxınlaşıb özlərini təqdim etməklə barəsində məlumat daxil olduğunu bildirərək onu 15-ci Polis Bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə 15-ci PB-yə gəlmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, eləcə də üzərində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmiş, qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, o da video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş, bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təhqiqatçı tərəfindən üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə varsa təqdim etməsi təklif olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinin bir daha yoxlanılmasını xahiş etmiş, əlavə yoxlanış zamanı üzərindən başqa əşya aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu büküm təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli kristalşəkilli maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin psixitrop maddə metamfetamin olduğunu və Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan büküm təhqiqatçı tərəfindən zərfə qablaşdırılaraq möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunaraq imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.16); şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində, şəffaf rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim etmişdir(i.v. 27-28); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/699 nömrəli 04 fevral 2023–cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,791 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin”-in siyahısına daxildir (i.v. 38-41); videogörüntüyə baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində şəffaf rəngli, kristalşəkilli, psixotrop maddəni təqdim edir, təqdim etdiyi bükümün içərisində psixotrop maddə “patı” olduğunu deyərək, həmin gün günorta saatlarında Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirir(i.v.62-63); vəsatətin müdafiə edilməsindən imtina edilməi haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 68-70); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 71-72); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2023cü il tarixli 808 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v. 76-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.80); maddi sübut kimi tanıma haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,791 qram psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,741 qram psixotrop maddə olan metamfetamin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir(i.v.81); Maddi sübut kimi tanıma haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntünün əks olunduğu 01 ədəd DVD-R disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır(i.v. 83); Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,791 qram olan psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını(CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2023-ciü il tarixdən 06 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı(CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (bir yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş təmiz çəkisi 0,791 qram, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,741 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar