Məhkəmə qərarları › İş №1(008)-520/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-520/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-520/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib daşımaqla saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd bükümdə təmiz çəkisi 0,691 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, onun narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən 15 yanvar 2024-cü il tarixdə, saat 23:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 siqaret kağızına bükülmüş halda təmiz çəkisi 0,691 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ilə yaxındır ki, narkotik maddələrin aludəçisidir. 17 yanvar 2024-cü il tarixdə Zabrat qəsəbəsindən üzdən tanıdığı, lakin başqa anket məlumatlarını bilmədiyi şəxsi görmüş və ondan iki istifadəlik “patı” istəmişdir. O da ona 20 manata həmin narkotiki satmışdır. Həmin gün işləri ilə məşğul olmuş və əldə etdiyi narkotikin az bir hissəsini qəbul etmişdir. Həmin gün saat 19:00 radələrində Maştağa qəsəbəsində Xalı adlı dostu ilə birgə dostuna məxsus avtomobildə olarkən 2 nəfər şəxsin avtomobilə yaxınlaşmasını görmüşdür. Yaxınlaşan şəxslər özlərini polis əməkdaşı kimi təqdim edərək, onları maşından düşürtmüş, dostunu buraxmışlar, onu özləri ilə birgə 14-cü PŞ-nə gətirmişlər. Burada onun üzərinə baxış keçirilmiş, psixotrop maddə olan metanfetamin üzərindən aşkar edilmişdir. Onda uşaqlıqdan yaranan travmaya görə psixiatriya müəssisəsində mütəmadi müalicə olunur, üçüncü qrup əlildir. Üzərində olan psixotrop maddənin miqdarı ilə razılaşmır, onda az qramda psixotrop maddə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır. 15 yanvar 2024-cü il tarixdə gecə radələrində xidmətdə olarkən Sabunçu rayonu Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində, 14-cü PŞ-nin yaxınlığında sonradan adının Təqsirləndirilən şəxs olmasını bildikləri şəxsi görmüşlər. Həmin şəxs xarici görkəmindən narkotik vasitələr aludəçisinə bənzədiyindən və şübhəli hərəkətlər etdiyindən ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərmiş və ondan anket məlumatlarını soruşduqda, o özünü şübhəli aparıb, qorxub, suallara cavab verməkdən yanınmışdır. Daha sonra ona yaxınlaşarkən Təqsirləndirilən şəxs onlardan uzaqlaşmaq istədikdə onun üzərində qanunsuz əşya olma ehtimalına görə onu saxlayıb ərazi üzrə 14-cü PŞ-nə gətirmişlər. Orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. O, şifahi sorğu zamanı üzərində narkotik maddə olmasını bildirmişdir. Onun üzərində axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan psixotrop maddəni hər hansı üsulla özündən kənaralaşdırmağa imkanı olmamışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli siqaret kağızına bükülmüş halda psixotrop maddəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni özünün istifadəsi üçün Zabrat qəsəbəsindən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus həmin kütlə 01 ədəd zərflə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:50 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.12); şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sarı rəngli siqaret kağızına bükülmüş halda narkotikə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər maddəni öz istifadəsi məqsədi ilə Zabrat qəsəbəsindən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotikə bənzər 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı vətəndaşın üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir (i.v. 22-23); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/263 nömrəli 16 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd “qızılı” rəngli kağız bükümdə təmiz çəkisi 0,691 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. Metanfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir (i.v.29-32); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.59-60); Qətimkan tədbirinin seçilməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.61-62); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı ilə CM-ni 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraata icraata xitam verilərk cinayət məsuliyyətindən azad edilmişdir (i.v.64-65); Video görüntüyə baxış keçirilməsi haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyalar və sənədlər təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli siqaret kağızına bükülmüş halda narkotikə bənzər maddə aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər maddəni özünün istifadəsi üçün Zabrat qəsəbəsindən 20 manata aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılır, möhürlə möhürlənir(i.v. 70); CD diskə baxış keçirilməsi haqqında 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Azerfon MMC-dən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 xx.xx.2024-cü il tarixli 398 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs PSİXOSTİMULYATORLARİN qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 90-91); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspetiza Mərkəzi” X3 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə üzvi şəxsiyyət pozuntusu (kompensasiya vəziyyəti) qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” törətdiyi əməl dövründə kompensasiya vəziyyətində olmuş və onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu (kompensasiya vəziyyəti) qeyd olunur. Təqsirləndirilən şəxs halhazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu anlaqlılığı istisna etmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etməyib və onları tam idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları qavramaq və təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. İnadkarlıq, kobudluq, hövsələsizlik, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq, hirslilik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi(i.v.92-96); Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, barəsində Sabunçu RPİ, CAŞ tərəfindən xx.xx.2024-cü il tarixli, 54010/24 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin, 14-cü PŞ-nin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə keçirdikləri ƏAT-ri nəticəsində yaşadığı ünvanın yaxınlığında saat 19:20 radələrində saxlanılaraq Sabunçu RPİ-nin İŞ-nə təqdim edilməsi üçün 14-cü PŞ-yə gətirilmişdir (i.v. 98); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 8 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v.101-102); Tutulmuş şəxsin X1 azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 8 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal həbs yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 103); Sübutların qiymətləndirilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,691 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk maddi sübut hesab edilmiş, 01 ədəd CD disk cinayət işinə əlavə edilmiş və Təqsirləndirilən şəxsdən götürülmüş psixotrop maddə tədqiqatdan sonrakı qalığı 0,641 qramı Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Məhkəmə iclasında bir ədəd video görüntüyə baxış keçirilmiş, video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması 16 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, onun üzərində az miqdarda psixotrop maddə olmasını qeyd etmişdir. Məhkəmə onu bu ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətlənidirir və hesab edir ki, o, bu məzmunda ifadə verərək cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Belə ki, şəxsi axtarış və götürmə aparılması haqqında 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sarı rəngli siqaret kağızına bükülmüş halda narkotikə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər maddəni öz istifadəsi məqsədi ilə Zabrat qəsəbəsindən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotikə bənzər 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı vətəndaşın üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir Eyni zamanda, məhkəmə iclasında bir ədəd video görüntüyə baxış keçirilmiş, video görüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması 16 yanvar 2024-cü il tarixli protokola uyğun olmuşdur. Eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/263 nömrəli 16 yanvar 2024-cü il tarixli rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi olan, “(imza) Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd “qızılı” rəngli kağız bükümdə təmiz çəkisi 0,691 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamin olduğu müəyyən edilmişdir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,691 qram olan psixotrop maadə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olan əlilliyi olan şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs 3-cü dərəcə əlilliyinin olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək, 7 may 2024-cü il tarixindən 8 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 7 may 2024-cü il tarixdən 8 may 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, ümumilikdə, 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 0,691 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,641 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar