Məhkəmə qərarları › İş №1(008)-522/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-522/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-522/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə ödəniş etmədən icarəyə götürdüyü X4 məxsus «BMW 323» markalı, «az ** BJ ***» dövlət qeydiyyat nişanlı avtomobili üzərində sərəncam vermə hüququ olmadığı halda özününkü kimi təqdim edib 3.000 manat ilkin ödəniş müqabilində və 12 ay müddətinə 560 manat aylıq ödəniş edilməklə kredit şərtləri ilə Zərərçəkmiş şəxs2 aldadaraq satıb, ilkin ödəniş adı ilə E.S. Eyyubovdan 21 sentyabr 2021-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanın yaxınlığında 2.500 manat, həmin günün axşamı 20:15 radələrində ünvan 3 ünvanda yerləşən «Bravo» hipermarketin yaxınlığında avtomobilə dair müqavilə üçün əlavə 150 manat, 17 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında 560 manat, 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında 560 manat və 28 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində ünvan 3 ünvanda yerləşən «Bravo» hipermarketin yaxınlığında 1.120 manat pulunu 2 aylıq kreditin ödənişi adı ilə alıb, vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 4.890 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə ödəniş etmədən icarəyə götürdüyü X4 məxsus «Mercedes Benz C 320» markalı, «az ** SG ***» dövlət qeydiyyat nişanlı avtomobili üzərində sərəncam vermə hüququ olmadığı halda özünün ki, kimi təqdim edib 3.000 manat ilkin ödəniş müqabilində və 21 ay müddətinə 475 manat aylıq ödəniş edilməklə kredit şərtləri ilə Zərərçəkmiş şəxs1 aldadaraq satıb, ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 17 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanın yaxınlığında 1.000 manat, 05 dekabr 2021-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında ilkin ödənişə aid olan əlavə 2.000 manat və birinci ayın kredit ödənişi kimi 470 manat pulunu alıb, vahid niyyətlə əhaitə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 3.470 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, qazanc əldə etmək məqsədi ilə «Turbo.az» internet səhifəsinə «113 Cars» adlı avtomobil salonuna məxsus, oradan icarə müqaviləsi əasında, kredit yolu ilə əldə edib etibarnamə əsasında idarə etdiyi «az ** BJ ***» dövlət qeydiyyat nişanlı «BMW» markalı avtomobili satışa çıxarmışdır. Sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxs 15 sentyabr 2021-ci il tarixdə onunla əlaqə saxlayıb «az ** BJ ***» dövlət qeydiyyat nişanlı, «BMW» markalı avtomobili almaq istədiyini bildirmişdir. Onlar danışmış və Sabunçu rayonu, Sabunçu dairəsi adlanan ərazinin yaxınlığında görüşmüşlər. O, Elməddinə avtomobili ilkin ödəniş 3.000 manat, aylıq 12 ay 560 manat kredit ödəməklə satdığını bildirmişdir. Elməddin razılaşmış və avtomobili Zabrat qəsəbəsində yerləşən «Bolmart» marketlə üz-üzə olan avtoservisə aparıb ustaya göstərmişlər. Həmin usta avtomobilin 500 manat xərcinin olduğunu bildirmişdir. Elməddin ona ya həmin xərci qarşılamağını və ya həmin 500 manatı avtomobilin ilkin ödəniş məbləğindən çıxmağını bildirmişdir. O isə Elməddinə «sən özün avtomobilin 500 manat xərcini ödəyərsən və elə bil ki, həmin 500 manatı mənə vermisən» demişdir. Yəni Elməddin razılaşmalarına əsasən avtomobili 500 manata düzəltdirməklə faktiki avtomobilin ilkin ödənişinin, yəni 3.000 manat pulu ona vermiş olacaqdı. Elməddin həmin xərci öz üzərinə götürmüşdür. İlkin ödəniş adı ilə Zərərçəkmiş şəxs2 21 sentyabr 2021-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanın yaxınlığında 2.500 manat, həmin günün axşamı 20:15 radələrində ünvan 3 ünvanda yerləşən «Bravo» hipermarketin yaxınlığında avtomobilə dair müqavilə üçün əlavə 150 manat, 17 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında 560 manat, 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında 560 manat və 28 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində ünvan 3 ünvanda yerləşən «Bravo» hipermarketin yaxınlığında 1.120 manat pulu 2 aylıq kreditin ödənişi adı ilə pul almışdır. Elməddin qardaşı Fəxrəddinlə birlikdə təxminən 2021-ci ilin noyabr ayında Sabunçu keçidi deyilən yerdə görüşmüş və qardaşı ilə avtomobilə baxmışlar. Yoxlatdırmış və bundan sonra həmin avtomobili almaq üçün kredit şərtlərini danışmağa başlamışlar. Ödəniş etmədən icarəyə götürdüyü X4 məxsus «Mercedes Benz C 320» markalı, «az ** SG ***» dövlət qeydiyyat nişanlı avtomobili üzərində sərəncam vermə hüququ olmadığı halda özününkü kimi təqdim edib 3.000 manat ilkin ödəniş müqabilində və 21 ay müddətinə 475 manat aylıq ödəniş edilməklə kredit şərtləri ilə Zərərçəkmiş şəxs1 aldadaraq satmışdır. Zərərçəkmiş şəxs1 17 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanın yaxınlığında 1.000 manat, 05 dekabr 2021-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında ilkin ödənişə aid olan əlavə 2.000 manat və birinci ayın kredit ödənişi kimi 470 manat pulunu almışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayının ortalarında sosial şəbəkədə «Turbo.Az» saytında qara rəngli «BMW 323» markalı, «az ** BJ ***» dövlət qeydiyyat nömrəli avtobilin satılması barədə elan oxumuşdur. Həmin elanda özünü avtomobilin sahibi kimi təqdim edən «Elnur» adlı şəxsin elanda olan «***-***-**-**» nömrəli mobil telefonuna zəng etmişdir. Elnur telefon danışığı zamanı həmin avtomobili ilkin ödənişi 3.000 manat nəğd və 12 ay 560 manat kredit ödəməklə satacağını bildirmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində avtomobilə baxmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dairəsi adlanan ərazinin yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Həmin avtomobili idarə etmiş və Təqsirləndirilən şəxs avtomobili alacağını bildirmişdir. Bu səbəbdən onlar birlikdə avtomobili Zabrat qəsəbəsində yerləşən «Bolmart» marketlə üzüzə olan Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 5 saylı ünvanın yaxınlığındakı avtoservisə aparıb tanımadığı ustaya göstərmişlər. Həmin usta avtomobilin 500 manat xərcinin olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ya həmin xərci qarşılamağı, ya da həmin 500 manatı avtomobilin ilkin ödəniş məbləğindən çıxmağını bildirmişdir. Təqsirləndirilən şəxs isə ona demişdir ki, «sən özün avtomobilin 500 manat xərcini ödəyərsən və elə bil ki, həmin 500 manatı mənə vermisən». Yəni o, Elnurla olan razılaşmaya əsasən avtomobili düzəltdirməklə faktiki avtomobilin ilkin ödənişinin, yəni 3.000 manat pulu ona vermiş olacaqdı.Həmin xərci öz üzərinə götürmüşdür. Bundan sonra həmin tarixdə, yəni 21 sentyabr 2021-ci il tarixdə, saat 14:30 radələrində ünvan 2 ünvanın yaxınlığında 2.500 manat, həmin günün axşamı 20:15 radələrində ünvan 3 ünvanında yerləşən «Bravo» hipermarketin yaxınlığında avtomobilə dair müqavilə üçün əlavə 150 manat, 17 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında 560 manat, 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında 560 manat və 28 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində ünvan 3 ünvanda yerləşən «Bravo» hipermarketin yaxınlığında 1.120 manat pulunu 2 aylıq kreditin ödənişi adı ilə Təqsirləndirilən şəxs pul vermişdir. Elnur ona «113 Cars» adlı avtoservis kağızı göstərmiş və orada avtomobilin markası, modeli, avtomobilin kimə məxsus olması, yəni «113 Cars» adlı avtoservisə məxsus olması və digər rəsmi yazılar olmuşdur. Kreditlə kimə veriləcəyi olan hissədə isə boşluqlar olmuş və Elnur orada həmin boş yerlərdə onun anket məlumatlarını yazmaqla, guya avtomobilin onun anasına məxsus olması, həmin «113 Cars» adlı avtoservisin isə anasının servisi olmasını bildirmişdir. Qardaşı Fəxrəddinlə birlikdə Elnurla danışmış və təxminən 2021-ci ilin noyabr ayında Sabunçu keçidi deyilən yerdə görüşmüş və qardaşı ilə «Mercedes C 320» markalı avtomobilə baxmışdır. Özü Elnurdan avtomobil alarkən yoxlatdığı yerdə avtomobili yoxlatmışlar. Bundan sonra Elnurla həmin avtomobili almaq üçün kredit şərtlərini danışmağa başlamışlar. Elnur həmin «Mercedes C 320» markalı avtomobil üçün ilkin ödəniş 3.000 manat, 21 ay olmaqla, aylıq isə 475 manat ödəməli olmalarını bildirmişdir. Onlar bu barədə razılaşmış və həmin vaxt 3.000 manat olmadığından elə həmin yerdə Elnura 1.000 manat nağd şəkildə Fəxrəddin ödəniş etmişdir. Lakin o Fəxrəddinə hər hansı müqavilə verməmişdir. Fəxrəddinin sürücülük vəsiqəsinin müddəti bitdiyindən o vəsiqəsini yeniləməyə vaxt lazım olduğu üçün Elnur həmin avtomobil üçün onun sənədlərini alaraq həmin gün ona həmin avtomobil üçün də idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra razılaşmayaa əsasən 10-15 gün sonra Fəxrəddin ilkin ödəniş pulundan qalan 2.000 manat verəcəyi barədə Elnura söz vermişdir. Bundan bir neçə gün sonra Elnurla söhbət zamanı Elnur ona növbəti iki ayın kredit borcunu bir yerdə ödəməyini və əvəzində ödəniş aylarından bir ayının pulunu sonda almayacağını bildirmişdir. O, Elnurun bu xahişi ilə razılaşmışdır. Bu səbəbdən növbəti iki ayın kredit borcunu, yəni 1.120 manat nəğd pulu təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən «Şir heykəli»nin yaxınlığında fəaliyyət göstərən «Bravo» marketin yanında Təqsirləndirilən şəxs vermişdir. Bundan da təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs qardaşına zəng etmiş və ödənişi istədiyi üçün qardaşı həm ilkin ödənişdən qalan 2.000 manat, həm də aylıq ödəniş olan 475 manat pulu ödəməyi razılaşdığını demişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 17 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanın yaxınlığında 1.000 manat, 05 dekabr 2021-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında ilkin ödənişə aid olan əlavə 2.000 manat və birinci ayın kredit ödənişi kimi 470 manat pul almışdır. Bundan təxminən 1 ay sonra tanışı Hüseyn Zülfüqarov ona zəng edib Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-yə şikayət ərizəsi ilə müraciət etdiyini bildirib şahid qisminə ifadə verməyi üçün ondan həmin İdarəyə gəlməyini xahiş etmişdir. Orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tanışı Hüseyn Zülfüqarova başqa bir avtomobilin alqı-satqısı ilə bağlı saxta sənəd verib. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs ilə görüşüb ona satdığı avtomobili adına sənədləşdirməsinə xahiş etməyinə baxmayaraq buna nail ola bilməmişdir. Müqavilədə qeyd edilmiş «***-***-**-**» və «***-***- **-**» nömrəli mobil nömrələrə zəng etmiş Cavanşir adlı şəxslə danışmışdır. O, «BMW 323» markalı, «az ** BJ ***» dövlət qeydiyyat nişanlı avtomobili n onlara məxsus olduğunu, eləcə də avtomobili onlara qaytaracağı halda ona köməklik edəcəklərini bildirmişdir. Bu səbəbdən o, avtomobili idarə edərək Cavanşir adlı şəxsin dediyi Nəsimi rayonu, «Şamaxınka dairəsi» adlanan ərazinin yaxınlığında fəaliyyət göstərən «113 Cars» adlı avtomobil salonuna aparıb təhvil vermişdir. Bundan üç gün sonra isə qardaşı da öz avtomobilini həmin avtoservisə aparıb təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onları aldatmasına, öz adına «113 Cars» adlı avtomobil salonundan avtomobillər götürüb, icarə müqaviləsində öz adını silib, onun adını yazmaqla pullarını ələ keçirməsini bilmişlər. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayının ortalarında qardaşı Zərərçəkmiş şəxs2 sosial şəbəkədə «Turbo.Az» saytında qara rəngli «BMW 323» markalı, «az ** BJ ***» dövlət qeydiyyat nömrəli avtomobilin satılması barədə elanı oxumuş və həmin avtomobili sahibi bildiyi Təqsirləndirilən şəxs adlı şəxsdən aralarındakı şifahi razılaşma əsasında ilkin ödənişini ödəməklə kreditlə avtomobil almışdır. Zərərçəkmiş şəxs2 avtomobilin aylıq ödənişini edərkən o da onun yanında olmuş və Təqsirləndirilən şəxs tanımışdır. Həmin vaxtlar Təqsirləndirilən şəxs qardaşına yaxşı bir «Mercedes» markalı avtomobilin olmasını, onu satmaq istədiyini bildirmişdir. Qardaşı da həmin vaxtlar onun avtomobil axtardığını bildiyi üçün bu barədə ona demiş və o da baxmağa, yaxşı olarsa avtomobili almağa razılaşmışdır. Qardaşı Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxslə danışmış və təxminən 2021-ci ilin noyabr ayının sonlarında Sabunçu keçidi deyilən yerdə görüşmüşdır. Qardaşı ilə avtomobilə baxmış və qardaşı Elnurdan avtomobil alarkən yoxlatdırdığı yerdə, yəni Zabrat qəsəbəsində yerləşən «Bolmart» marketlə üz-üzə olan, Şəhər şossesi döngə 5 ünvanında yerləşən avtoservisə aparıb ustaya göstərmişlər. Bundan sonar Təqsirləndirilən şəxslə həmin avtomobili almaq üçün kredit şərtlərini danışmağa başlamışlar. Təqsirləndirilən şəxslə həmin «Mercedes C 320» markalı avtomobil üçün ilkin ödəniş 3.000 manat, 21 ay olmaqla, aylıq isə 475 manat ödəməli olmalarını bildirmişdir. İlkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 17 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanın yaxınlığında 1.000 manat, 05 dekabr 2021-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində, 15 saylı liseyin yanında ilkin ödənişə aid olan əlavə 2.000 manat və birinci ayın kredit ödənişi kimi 470 manat pulunu almışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında avtomobil alıb, kreditə verməklə fərdi sahibkar kimi işləmək istəmiş və buna görə də üç ədəd avtomobil almışdır. Onlardan biri «BMW 323» markalı, «az ** BJ ***» dövlət nömrə nişanlı avtomobil, digəri «Mercedes Benz C 320» markalı, «az ** SG ***» dövlət qeydiyyat nişanlı avtomobil və 3-cü avtomobil isə «Vaz 2106» markalı avtomobil olmuşdur. Həmin vaxt 20 Yanvar metrostansiyasının yaxınlığında yaşayış binasının alt hissəsində bir boş sahə icarəyə götürmüş və adsız avtomobil kredit satış nöqtəsi kimi fəaliyyətə başlamışdır. Onun Cavanşir adlı bir nəfər köməkçisi də olmuşdur. Ofisi icarəyə götürdükdən bir qədər sonra Cavanşir sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsi ofisə gətirmiş və onun avtomobili kredit şərtləri ilə almaq istədiyini demişdir. O, onunla danışdıqdan sonra öz aralarında yazılı müqavilə bağlamış və müqavilədə Təqsirləndirilən şəxs «BMW 323» markalı, «az ** BJ ***» dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş olmadan, aylıq 450 manat olmaqla 15 ay müddətinə kreditə götürməsini, 15-ci ayın ödənişini etdikdən sonra isə avtomobili ona satacağı barədə yazılar yazmış və hər ikisi kağızı imzalamışdır. Ona avtomobili verərkən etibarnamə verib-verməməyini xatırlamır. Lakin baldızı oğlu C.A.Qulamova həmin avtomobillərlə bağlı etibarnamə vermiş və o özü yaşlı qadın olduğu üçün harasa getmək, gəlmək mümkün olmayanda Cəfər bunu özü edəcəkmiş. Bundan sonra Elnur avtomobili götürmüş və getmişdir. Bundan təxminən 1-2 ay sonra Təqsirləndirilən şəxs yenə ofisə gəlmiş və yenə başqa avtomobil də götürmək istədiyini demişdir. O da Təqsirləndirilən şəxs «BMW 323» markalı, «az ** BJ ***» dövlət qeydiyyat nişanlı avtomobilin aylıq pulunu ödədiyi üçün ona «Mercedes Benz C 320» markalı, «az ** SG ***2 dövlət qeydiyyat nişanlı avtomobili də ilkin ödəniş olmadan, aylıq 350 manat olmaqla 24 ay müddətinə kreditə götürməsini, 24-cü ayın ödənişini etdikdən sonra isə avtomobili ona satacağı barədə yazılar yazmışlar və hər ikisi imzalamışlar. Bundan sonra o, göstərilən avtomobili də götürüb getmişdir. O, bu dəfə də Təqsirləndirilən şəxs avtomobili idarə etməsi üçün etibarnamə verib-vermədiyini xatırlamır. Sonradan C.A.Qulamovun Təqsirləndirilən şəxslə birlikdə həmin avtomobilləri idarə etməsi üçün başqa şəxsə, yəni Zərərçəkmiş şəxs2 adlı şəxsə etibarnamə verməsinin səbəbini isə belə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs2la razılaşmış və onun hər iki avtomobil üçün aylıq ödənişini verməsi şərti ilə Qulamdan hər iki avtomobil üçün idarə etməkdən ötrü Elməddin adlı şəxsə etibarnamə verməsini xahiş etmişdir. Yəni onun üçün avtomobilin kimdə olmasının heç bir fərqi olmamış və o avtomobilləri Təqsirləndirilən şəxs verdiyi üçün ondan da aylıq ödənişini almışdır. Başqa sözlə Təqsirləndirilən şəxs özünün avtomobilləri başqa şəxsə etibarnamə ilə verməsinin onun üçün fərqi olmamışdır və buna görə də Elnurun belə bir fikirlə ona müraciət etməsinə o, müsbət yanaşmış və C.A.Qulamovun da Elnurun göstərdiyi həmin Elməddin adlı şəxsə hər iki avtomobil üçün idarə etmək etibarnaməsi verməsinə razı olmuşdur. Bundan bir müddət sonra Elnurun avtomobillərlə bağlı ödəniş etmədiyini görüb, Cavanşirə maraqlanmasını demiş və o da maraqlanıb, avtomobillərin Elməddin və Fəxrəddin adlı qardaşlarda olmasını demişdir. O isə Elnurun ödəniş etmədiyi üçün həmin avtomobilləri göstərilən şəxslərdən alıb ofisə gətirməsini istəmiş və Cavanşir də dediyini etmişdir. Həmin qardaşlara da avtomobillər üçün ödənişi ona edərlərsə avtomobillərin onlarda qala biləcəyini desələr də, onlar ödəniş etmədikləri üçün avtomobilləri başqa şəxslərə satmışdır. Hadisənin üzərindən 3 il keçmiş və o da hər şeyi dəqiq xatırlamır. Təqsirləndirilən şəxs kimin aldatmasını və nə etməsini bilmir. Avtomobillərini geri almış və kimdənsə tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Salahov X2 Sürəyya Xəlil qızının ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib «12» (on iki) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 may 2014-cü il tarixli qərarı ilə cəza «10» (on) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarı ilə cəza «09» (doqquz) ilə endirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2021-ci il tarixli, 2545 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinmiş, zərərçəkmiş şəxslə barışdığından və vurulmuş ziyanı tam şəkildə ödədiyindən cinayət təqibinə xitam verilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasəndələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar olaraq cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxs, şahid ifadələri, iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı reaksiyadır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Cinayət əməli iki əlamətin-əməlin təqsirli və cəzalandırılması olması kimi əlamətlərini özündə əks etdirir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Cinayətin təkrar törədilməsi kəmiyyət və keyfiyyət meyarlarını müəyyən etmişdir. Cinayətin iki və daha çox törədilməsi təkrarlığın kəmiyyət göstəricisi, törədilmiş cinayətlərin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulması təkrarlığın keyfiyyət göstəricisi kimi müəyyən etmişdir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3.ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Törədilmiş cinayətlə həmin cinayətə görə şəxsin məsuliyyətə cəlb olunması arasında müddət nə qədər uzanarsa, şəxsin mühakimə edilməsi və cəzalandırılması bir o qədər lüzümsuz olar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 15 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Xüsusilə qeyd edilməlidir ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayə təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Törədilmiş əməl 2021-ci ildə törənmiş, ittiham aktı 13 iyun 2024-cü il tarixdə tərtib olunmuş, iş baxılması üçün məhkəməyə 14 iyun 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs törətdiyi əməlin Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən qismən imtina etdiyini bildirərək, əməlin həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsini və Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Əməldə cinayətin obyekti kimi mülkiyyət münasibətləri təşkil edir. Obyektiv cəhətdən bu cinayətin törədilmə üsulu özünə məxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan sui-istifadə etmə nəzərdə tutur. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən-dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, dəymiş ziyanının ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02 aprel 2012-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanın yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədinin özünün və cinayət əməlinin təhlükəliyini azaldan və cinayət t ərkibindən kənara qalan müxtəlif hallardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarından görünür ki, rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun «Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumununu 11 iyun 2015-ci il tarixli 7 saylı qərarından görünür ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Cinayət işinin materiallarında olan 21 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh.,168). Cinayət işinin materiallarında olan 21 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir (səh., 180). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Həmin Məcəllənin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut olan iki ədəd notarius sənədlərindən çıxarış cinayət işinin materialları arasında saxlanmalıdır. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata, Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut olan iki ədəd notarius sənədlərindən çıxarış cinayət işinin materialları arasında saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 40 saata görə 240 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ01350100 **********4, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********). Qərardan, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar