Məhkəmə qərarları › İş №1(008)-522/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-522/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-522/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Müdafiəçi - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə, gizli olaraq talama məqsədi ilə 27 iyun 2024-cü il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində əmisi Zərərçəkmiş şəxs adının seçki dairəsində dəqiqləşdirəcəyi adı ilə, istifadəsində olan «Honor S8» markalı mobil telefona yüklədiyi «Kapitalbapk»-ın mobil tətbiqində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin FİN nömrəsini qeyd edib, kamera vasitəsi ilə üztanıma əməliyyatını həyata keçirməklə, 27 iyun 2024-cu il tarixdə Zərərçəkmiş şəxs adına onlayn qaydada "xxxx" ASC-də AZ17AİİB410100H**********299 nömrəli hesab açdırıb faiz dərəcəsi 22,9%, aylıq ödəniş 209 manat 90 qəpik olmaqla 6.560 manat məbləğində kredit sifariş verib, ayrılmış kredit məbləğini öz adına «Kapitalbank»-da açılmış 5239 1517 1532 3955 saylı bank kart hesabına köçürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 6.560 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən nömrəsiz ünvanda yaşayan əmisi Zərərçəkmiş şəxs evinə gedərək ondan borc olaraq 1.000 (bir min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs həmin məbləğdə pulu verə bilməyəcəyini bildirmiş və üzərində olan kredit öhdəliyindən bəhs edərək, adına 8.000 (səkkiz min) manat məbləğində kredit olduğunu qeyd etmişdir. Lakin əmisi tərəfindən verilən məlumata inanmayaraq onun mobil telefonunda quraşdırılmış “BirBank” mobil tətbiqi vasitəsilə kredit tarixçəsini yoxlamış və Zərərçəkmiş şəxs adına hər hansı bir kreditin olmadığını, kredit tarixçəsinin təmiz olduğunu müəyyən etmişdir. Bundan sonra, o, öz mobil telefonunda («Honor S8» markalı) quraşdırılmış "xxxx" mobil tətbiqində əmisi Zərərçəkmiş şəxs qeydiyyatdan keçirməklə onun adına kredit rəsmiləşdirmək və həmin vəsaiti şəxsi bank kartına köçürməklə ələ keçirmək qərarına gəlmişdir. Onun niyyətindən əmisi xəbərsiz olmuşdur. Bu məqsədlə Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin FİN kodunu tətbiqə daxil etmiş, sonradan seçki dairəsində qeydiyyatın dəqiqləşdirilməsi bəhanəsi ilə əmisi ilə video çəkiliş apararaq tətbiqdə üz tanıma mərhələsini keçmiş və onun adına bank hesabı açmışdır. Daha sonra, əmisi Zərərçəkmiş şəxs bilmədən onun adına onlayn qaydada kredit üçün müraciət etmiş, banka göndərilən müraciət müsbət qiymətləndirilmiş və Zərərçəkmiş şəxs adına 6.560 (altı min beş yüz altmış) manat məbləğində kredit ayrılmışdır. Ayrılmış kredit məbləği onun "xxxx"da olan 5239 1517 1532 3955 nömrəli bank kartı hesabına köçürülmüş, onun evdən çıxması ilə əmisi baş verənlərdən xəbərsiz qalmışdır. O, əldə etdiyi puldan 1.400 (bir min dörd yüz) manat hissəsini geri qaytarmış, bunun 900 (doqquz yüz) manatını bankın ödəniş terminalı vasitəsilə banka ödəmiş, 500 (beş yüz) manatını isə nağd şəkildə əmisi Zərərçəkmiş şəxs vermişdir. Lakin ödəniş terminalı vasitəsilə həyata keçirdiyi əməliyyat üzrə qəbzi saxlamadığı üçün təqdim edə bilməyəcəyini bildirmişdir. 2024-cü il oktyabr ayının 1-də Hərbi Səfərbərlik Xidmətindən təlimə çağırıldığı və eyni zamanda maddi imkansızlıq səbəbindən kredit üzrə ödənişləri davam etdirə bilməmişdir. Bank isə kredit üzrə ödənişin bir hissəsini Zərərçəkmiş şəxs bank hesabından silmişdir. Bu hadisədən sonra Zərərçəkmiş şəxs baş verənlərdən xəbərdar olmuşdur. Daha əvvəl hər hansı bir cinayət əməli törətməmiş, bu cinayəti təkbaşına planlaşdıraraq həyata keçirmiş, barəsində heç bir kəsə məlumat verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni Yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur və aralarında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. 2024-cü ilin iyun ayının 27-də yaşadığı evdə olarkən, Təqsirləndirilən şəxs evə gələrək, onun adının bir neçə seçki siyahısında olduğunu və seçki dairəsində bu məsələnin aydınlaşdırılması üçün fotoşəklini çəkəcəyini bildirmişdir. Həmin vaxt Məmmədov X1 rayonu üzrə seçki komissiyasının üzvü olduğundan ona etibar edərək fotoşəklini çəkməyə icazə vermişdir. Təqsirləndirilən şəxs mobil telefonda onun fotoşəklini çəkdikdən sonra evdən çıxmışdır. O, məcburi köçkün statusuna malik olub, dövlət tərəfindən aylıq 120 manat müavinət alır. 2024-cü ilin oktyabr ayında müavinətin tutulduğunu görərək məsələni araşdırmaq üçün "xxxx"la əlaqə saxladıqda məlum olmuşdur ki, 2024-cü ilin iyun ayının 27-də onun adına onlayn qaydada 6.560 manat məbləğində kredit götürülmüşdür. Bank əməkdaşlarına müraciət edərək, kreditin onlayn qaydada öz tərəfindən götürülmədiyini bildirmişdir. Lakin bank ona kredit müraciətinin fotoşəkli və digər sənədləri təqdim etmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun fotoşəklindən istifadə edərək, onun xəbəri olmadan adına onlayn qaydada kredit götürmüşdür. Təqsirləndirilən şəxs ilə əlaqə saxlandıqda, o, etiraf etmişdir ki, pulu öz ehtiyacları üçün götürüb və həmin vəsaiti öz kart hesabına köçürüb. Təqsirləndirilən şəxs dəfələrlə kreditin bağlanmasını və ona dəymiş maddi ziyanın ödənilməsini tələb etsə də, Təqsirləndirilən şəxs buna əməl etməmiş, nəticədə bank tərəfindən kart hesabından faizlər tutularaq məbləğ avtomatik silinmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ona 6.560 manat məbləğində maddi ziyan dəyib. Pulu ödəmək üçün Təqsirləndirilən şəxs müəyyən vaxt vermiş, lakin nəticə əldə etmədiyindən 2024-cü ilin noyabr ayında hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İlk izahatında dəymiş ziyanın məbləğini səhvən 6.550 manat olaraq göstərmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir.İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən əldə olunmuş çıxarış və ödəniş qrafikinə baxış keçirilmiş, 27 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs adına AZ17AİİB410100H**********299 nömrəli hesab açıldığı, həmin hesaba faiz dərəcəsi 22,9% olmaqla, aylıq ödənişi 209 manat 90 qəpik təşkil edən 6.560 manat məbləğində kredit ayrıldığı müəyyən edilmişdir. (i.v.33). "Şübhəli şəxsin tutulması haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v.47). “Vəsatətin müdafiə edilməsindən imtina haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, 12 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Məhəmmədəli Cümşüdovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.72-74). “Qətimkan tədbiri seçilməsi haqqında” 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.75-76). "Sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (i.v. 90-93). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v. 83). Cinayət işi materiallarına əlavə edilmiş AZE seriyalı, 12536527 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2- ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslr yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi), himayəsində azyaşlı uşağının olmasını (AR CM-59.1.4), vurulmuş zərərin ödənilməsini (AR CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 aprel 2025-ci il tarixdən 12 aprel 2025-ci il tarixədək il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdən 12 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən əl yazısı ilə yazılmış bir ədəd kağız cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan 20 gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar