Məhkəmə qərarları › İş №1(008)-523/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-523/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-523/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1,031 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 sentyabr 2022-ci il tarixdə, saat 15:05-də Abşeron rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsi yaxınlığında saxlanılıb 15-ci PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,031 qram qəhvəyi rəngli tozşəkilli maddə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 il olar ki, narkotik vasitə heroindən istifadə edir. 08 sentyabr 2022-ci il tarixdə, saat 15:05-də Abşeron rayonu Məmmədli qəsəbəsi Məmmədli dairəsinin yaxınlığında olarkən ona iki nəfər polis əməkdaşı yaxınlaşıb, özlərini təqdim edib xidməti vəsiqələrini göstərib, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb daşıması barədə məlumatları olduğunu, bu səbəbdən də onlarla birlikdə 15-ci PB-yə getməyi təklif etmişdirlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, orada xidməti otaqların birində ona polis bölməsinə gətirilməsinin səbəbi izah edilmiş, dövlət hesabına vəkil dəvət ediləcəyi izah edilmiş, öz istəyi ilə vəkil seçməkdən ötrü vəkillərin siyahısı ona təqdim edilmişdir. Siyahını nəzərdən keçirmiş və onun istəyi ilə təhqiqatçı tərəfindən Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Gələcəkdə hüquqlarının müdafiə edəcəyini və etibar, inamı itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verib, bu barədə ərizə yazmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ondan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Bundan sonra o, əynində olmuş qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olmuş narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyim narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olun əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, o və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdirlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPl-nin 15-ci PŞ-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, tərəflərindən əməliyyat yolu ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, üzərində saxlayıb daşıması və alqı-satqısı ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPl-nin 15-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Nəzərova müraciət edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və 15-ci PB-nin əməliyyat müvəkkili, polis kapitnaı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlayıb daşıması, alqı-satqısı ilə məşğul olması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, 15- ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Fərmail İmanova bu barədə məlumat verilmiş, o da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində saxlanılıb ərazi aidiyyəti üzrə Sabunçu RPl-nin 15-ci PB-yə gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 15:05-da Abşeron rayonu Məmmədli qəsəbəsi Məmmədli dairəsi yaxınlığında tərəflərindən saxlanılıb, özlərini və xidməti vəsiqələrini təqdim edib, birlikdə polis bölməsinə getmək təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və o, 15-ci PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs 15-ci PB-yə təhvil verilməsi ilə bağlı tərəflərindən raportla 15-ci PB-nin rəhbərliyinə məruzə edilmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı Fərmail İmanov tərəfindən Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbləri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət olunmuş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxs axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini istəyib bununla bağlı ərizə yazmışdır. Vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs, onun və Şahid1 tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid Sabunçu RPl-nin 15-ci PŞ-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Yusif oğlu məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 15-ci RPİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Yusif oğlunun iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edərək, bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini 08 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata alıb üzərində saxlayıb daşıdığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi narkotik vasitə heroindən başqa qanunla dövriyyəsi qadağan olunan əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş maddə ekspert tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlər Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir ( i.v. 28-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4927 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün Ne161» dairəvi möhür əksi, «Vət. Təqsirləndirilən şəxs üzrindən...» sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,031 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v.41-45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 25 fevral 2023-cü il tarixli, 1102 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 124-125). “Sübutların qiymətləndirilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 1,031 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 0,981 qram heroin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd “DVD” diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.126-131). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 08 sentyabr 2022-ci il tarixdə, saat 15:05-dən tutulmuş hesab edilmişdir (i.v. 17). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.78-80). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.81-82). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.89). “Axtarışda olan şəxsin tutulması haqqında” 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə Sabunçu rayonu, Məmmədli qəsəbəsində saxlanılaraq 15-ci PB-nə gətirilərək Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.105). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.118-120). “Qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında” 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır (i.v.121-122). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində və istintaq zamanı tutularaq saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli (məhkəmə təqsirləndirilən şəxsin sərbəst hərəkət edə biləcəyi ərazi hüdudlarını müəyyən edərkən təqsirləndirilən şəxsin Abşeron rayonu ilə Bakı şəhəri Sabunçu rayonunun kəsişməsində yaşadığını, onun yaşayış yerinin Abşeron rayonu ərazisinə düşməsinə baxmayaraq həmin ərazinin inzibati ərazi vahidi olaraq Bakı Şəhəri Sabunçu rayonu ərazisinə aid olduğunu, onun Sabunçu rayonu ərazisində fəhlə kimi işlədiyini nəzərə alır), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il il tarixdən 10 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, istintaq zamanı tutularaq 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək saxlanıldığı 02 gün müddət, cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan 0,981 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar