Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-525/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Lerik rayonu Blaband kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Lerik rayonu Blaband kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X1 küçəsi nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, etibardan sui- istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarında sui-istifadə edərək onu aldadıb, əlilliklə bağlı dayandırılmış təqaüdünün 6000 manat məbləğində pul müqabilində bərpası məsələsini həll edəcəyini vəd edərək 25 mart 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu «Aeroport şossesi» ünvanında yerləşən keçidin yaxınlığındakı «Million» ödəmə terminalından kart hesabına ödənilmiş 300 manat, 2021-ci ilin aprel ayında Bakı şəhəri Sabunçu rayonu «Komsomol Dairəsi» adlanan ərazidə nağd şəkildə 1700 manat, 2021-ci il aprel ayında Bakı şəhəri Sabunçu rayonu «Komsomol Dairəsi» adlanan ərazidə nağd şəkildə verilmiş 1500 manat, 26 may 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən «Rahat» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə kart hesabına ödənilmiş 200 manat, 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yerləşən «Rahat» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə kart hesabına ödənilmiş 1000 manat, 2021-ci ilin iyun ayının sonunda Bakı şəhəri Sabunçu rayonu «Komsomol Dairəsi» adlanan ərazidə 1300 manat olmaqla ümumilikdə 6000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs 6000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “KATV” kabel televizor şirkətində mantyor kimi çalışır, Zərərçəkmiş şəxs ilə təxminən 2021-ci ilin mart ayının əvvəllərində tanışı Gülağa adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Dostu Gülağa ona zəng edib Eldar adlı tanışının əvvəllər təqaüd aldığını, sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüdü dayandırıldığını deyib, təqaüdün bərpa edilməsində ona köməklik göstərməsini xahiş etmişdir. O da uzaq qohumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyindən təqaüdün bərpası ilə bağlı ona pul müqabilində müraciət etməyi qərara almışdır. Eldar ilə Sabunçu rayonu Sabunçu qəsəbəsi “Komsomol dairəsi” adlanan ərazidə görüşdükdə, Eldar ona bildirmişdir ki, təxminən 2 il ərazində sonuncu iş yerindən xəstəliyi ilə bağlı təqaüdə çıxmış, 2020-ci ilin iyun ayında isə təqaüdü dayandırılmışdır. Eldara təqaüdünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı vasitəsi ilə pul müqabilində düzəldə biləcəyini demiş, onu aldadaraq 2021-ci ilin mart-aprel ayları ərzində hissə-hissə olmaqla Eldardan cəmi 3500 manat pul almışdır. Pulun bir qismini Eldar onun kart hesabına göndərmiş, digər hissəsini isə nağd şəkildə vermişdir. Hətta Eldar onun adından rəsmi sənədlərə imza etmək və dövlət təşkilatlarında iştirak etməsi üçün notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Eldardan aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2018-ci il tarixdə səhhətində yaranmış xəstəliklə bağlı İİ qrup əlillik dərəcəsi ilə sonuncu iş yerindən təqaüdə çıxmışdır. Təxminən 3 ay müddətində təqaüd alsa da sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüdü dayandırılmışdır. Təqaüdü bərpası etmək istəsə də, tələb olunan bir sıra sənədləri toplamaqda çətinlik çəkmişdir. Bu barədə tanışı Gülağaya dedikdə Gülağa bildirmişdir ki, Ramin adlı tanışı var o, bu işdə köməklik edə bilər. Gülağa ona Raminin istifadəsində olan mobil nömrəsini demiş, o da Ramin ilə telefon vasitəsi ilə əlaqə saxlayıb bu barədə bildirmişdir, daha sonra Sabunçu rayonu Sabunçu qəsəbəsi “Komsomol Dairəsi” adlanan ərazidə Ramin ilə görüşmüşdür. Ramin ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışları işlədiyini, onların vasitəsi ilə ona köməklik göstərə biləcəyini, bunun üçün 3500 manat verməli olacağını demişdir. Raminə inanıb dövlət qurumlarında onun adından çıxış etmək hüququ verən etibarnamə vermiş, 25 mart 2021-ci il tarixdə Aeroport şossesində yerləşən keçidin yanındakı “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Ramin Ələkbərovun ona göndərdiyi kart hesabına 300 manat göndərmişdir. Bir müddətdən sonra Ramin pulun qalan hissəsini də göndərməyini tələb etdiyi üçün 2021-ci ilin aprel ayının əvvəllərində Ramin ilə Sabunçu qəsəbəsi “Komsomol Dairəsi” adlanan ərazidə görüşüb ona nağd şəkildə 1700 manat vermişdir. Təxminən 10 gündən sonra Ramin ilə yenidən həmin ünvanda görüşüb ona nağd şəkildə 1500 manat vermişdir. Ümumilikdə Raminə 3500 manat pul vermişdir. Hazırda dəymiş ziyan ona ödənilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründə Raminə 6000 manat verməsi barədə ifadə verməsinin səbəbi o olmuşdur ki, müstəntiqə 3500 manat verdiyini bildirsə də həmin pulu faizə götürdüyündən ona ümumilikdə 6000 manata başa gəlmiş, ona görə də bu məzmunda ifadə verməsini qərarlaşdırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır(i.v. 1); zərərçəkmiş şəxs qismində tanınma haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 15- 16); cinayət işi üzrə icraatın dayandırılması haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.27); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilərək istintaqı aparılmışdır(i.v.31); şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan olunmuşdur(i.v.35); cinayət işi üzrə icraatın dayandırılması haqqında 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin olduğu yer müəyyən olunmadığından CPM-nin 53.1.2-ci maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil(i.v.48-49); axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin istintaq şöbəsinə təhvil verilmişdir(i.v.52); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(i.v.53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 69-70); qətimkan tədbirinin seçilməsi haqqında 13 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.89-90); təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan edilmişdir(i.v.98-99); cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, CPM-nin 53.1.3-cü maddəsi ilə cinayət işi üzrə icraat dayandırılmışdır(i.v.102- 103); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə yerləşdirilmişdir(i.v.106); cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir(i.v.107-108); üzləşdirmə haqqında 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları birbirinin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər(i.v.123-125); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(008)-226/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş, barəsində 01 ay 05 gün həddində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir(i.v.132-139); zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında 19 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərmişdir(i.v.143-144); qətimkan tədbirinin dəyişdirilməsi haqqında 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilməsini xahiş edirlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs cəmi 3500 manat pul aldığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində həmin xüsusatı təsdiqləyərək Təqsirləndirilən şəxs ümumilikdə 3500 manat pul verdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən: 1.Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 30-cu bəndinə əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən aydın olur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək cəmi 3500 manat pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən CM-nin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 44-cü bəndinə əsasən CPM-nin 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə cinayət hadisəsinin 2021-ci ilin mart-aprel aylarında törədilməsini, cinayətin törədildiyi gündən iki il keçməsini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin - təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi ilə əlaqədar xitam verilmələrinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli, həmçinin, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 318, 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova