Məhkəmə qərarları › İş №1(008)-529/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-529/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-529/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-737/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmü ilə 01 (bir) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)- 28/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərarı ilə 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş), Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 85,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 19 yanvar 2024cü il tarixdə, saat 17:05 radələrində Sabunçu RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində saxlanılıb Sabunçu RPİ-nin 13-cü PŞ-yə gətirilmiş və şöbədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol iç hissəsindən bir ədəd sellofan torbada, ümumi təmiz çəkisi 85,0 qram xeyli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Həmin narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə, 18 yanvar 2024-cü il tarixdə saat 22 radələrində onlayn olaraq narkotik vasitə sifariş vermiş “Whatsapp” vasitəsi ilə narkotik vasitəni götürəcəyi ünvan ona göndərildikdən sonra Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində əvvəlcədən yerləşdirilmiş ağacın dibindən həmin narkotik vasitəni götürərək şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. O, narkotik vasitəni əldə etmək üçün “Murtuza” adlı şəxsə heç bir məbləğ ödəməmişdir. 19 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun hərəkətlərindən şübhələnib onu Sabunçu rayon Polis İdarəsinin 13-cü polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi polis şöbəsinə getmişdir. Şöbədə üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkcənin sol iç hissəsində saxladığı bir ədəd sellofan torbada olan yaşıl rəngli narkotik vasitə qurudulmuş narkotik vasitə marixuananı çıxarıb otaqda olan masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan torbanın içərisində olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmur, özü istifadə edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsində şübhəli şəxs qismində tərəflərindən saxlanılmışdır. Lakin hadisənin üzərindən çox vaxt keçdiyi üçün həmin hadisənin detallarını tam xatırlamır. Bununla əlaqədar Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid1 elan olunmuş ifadədə göstərilənləri xatırlayaraq təsdiq etmişdir. Həmin ifadədə göstərilmişdir ki, 19 yanvar 2024-cü il tarixdə, saat 17:05 radələrində Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində xidmətdə olarkən bir nəfər kişi cinsli şəxsin özünü şübhəli aparmasını görmüş, dərhal ona yaxınlaşıb özlərini təqdim edərək Sabunçu RPİ-nin CAŞ-nin əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxs onlardan yayınmağa çalışaraq suallara dağınıq cavab vermiş və həmin şəxsin davranışları onlarda şübhə yaratdığı üçün həmin şəxs, şəxsiyyətinin müəyyən edilməsi üçün Sabunçu RPİ-nin 13-cü PŞ-yə dəvət edilmişdir. Bölmədə şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, sonra onlar video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Sonuncu buna etiraz etməmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, dövlət tərəfindən müdafiəçinin yardımından istifadə etmək hüququ izah edilmiş, müdafiəçi təqdim edilmişdi, sonra isə xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdi. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü surətdə ilkin olaraq əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus “Samsung Galaxy A10” markalı mobil telefonu, daha sonra üzərində olan qara rəngli gödəkcənin sol iç hissəsində saxladığı bir ədəd sellofan torbada olan yaşıl rəngli narkotik vasitə qurudulmuş narkotik vasitə marixuananı çıxarıb otaqda olan stolun üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin sellofan torbada olan yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuananı onlayn olaraq İran İslam Respublikası vətəndaşı “Murtuza” adlı şəxsdən pulsuz olaraq şəxsi istifadəsi üçün əldə etdiyini, onu “Murtuza” adlı şəxsin ona "Whatsapp” sosisal şəbəkəsi vasitəsi ilə göndərdiyi məkandan, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsindən əvvəlcədən yerləşdirilmiş ağacın dibindən götürərək üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbanın içərisində olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, tərtib olunmuş protokolu imzalamışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 4-cü vərəqəsində olan 19 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması barədə 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefon, əynində olan qara rəngli gödəkcənin sol iç hissəsindən bir ədəd sellofan torbada ot şəklində, spesifik qoxuya malik maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 32-ci vərəqində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 33-34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-7/105 nömrəli, 20 yanvar 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün “№160” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketdə bir ədəd sellofanda təmiz çəkisi 85,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra marixuananın qalıq çəkisi 84.95 qramdır. Cinayət işinin 64-65-ci vərəqələrində olan 20 yanvar 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rahib Cəfərovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 66-67-ci vərəqələrində olan 20 yanvar 2024-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 76-77-ci vərəqəsində olan 22 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 84.95 qram heroin məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 97-98-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 462 nömrəli, 25 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixomulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 89-96-cı vərəqəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-737/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 120-125-ci vərəqəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-28/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-737/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 02 (iki) gün hissəsi azadlıqdan məhrum etmənin 01 (bir) gününə azadlığın məhdudlaşdırılmasının 02 (iki) günü bərabər tutulmaqla 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həbsetmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanılmışdır. Cinayət işinin 87-88-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 yanvar 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlayaraq daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini, İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alır və Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanı təyin etməyi məqsədəmüvafiq hesab edir və onun islah olunması üçün kifayət edə biləcəyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-737/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 02 (iki) gün hissəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-28/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərarı ilə əvəz edilmiş 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 28 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 19 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək tutularaq faktiki olaraq məhdudlaşdırılması təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edr ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, Sabunçu rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış 84.95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-737/2022 saylı, 01 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 02 (iki) gün hissəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-28/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərarı ilə əvəz edilmiş 08 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 28 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 07 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, onun cəzasından 01 (bir) gün çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan - iş üzrə maddi sübut, ekspertiza tədqiqatından sonra qalmış ümumi qalıq çəkisi ümumilikdə 84.95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vəya apellyasiya protesti verilməzsə, hökm qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar