Məhkəmə qərarları › İş №1(008)-53/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-53/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-53/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs psixotrop maddəyə və narkotik vasitəyə olan tələbatını təmin etmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,470 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarında 0,020 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış və özünü şübhəli aparmasına görə Sabunçu RPİnin X6 Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 04:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində saxlanılaraq Sabunçu RPl-nin 13-cü Polis Bölməsinə gətirilərək onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd bükümdə 0,356 qram, digər bükümdə 0,114 qram olmaqla 02 ədəd bükümdə ümümi təmiz çəkisi 0,470 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 0,020 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən bir neçə müddətdir ki, istifadə edir və narkotik vasitələri Bak şəhəri ərazisində tanımadığı şəxslərdən alır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında, internet vasitəsilə özünü ona Şükür kimi təqdim edən şəxslə hazırda xatırlamadığı mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs ona “Xətai” metrostansiyası yaxınlığına bir büküm narkotik vasitə heroin, iki büküm psixotrop maddə metamfetamin qoyacağını, bunun müqabilində ona göndərəcəyi bank kartı hesabına 50 manat ödəməsini bildirmişdir. O, göndərilən bank hesabı kartına 50 manat ödəniş etmiş, daha sonra “Xətai” metrostansiyası yaxınlığına gedərək həmin şəxsin ona dediyi yerdən 3 ədəd sellofan bükümü götürərək əynində olan şalvarının sol arxa cibinə qoyaraq üzərində daşımışdır. 04 mart 2022-ci il tarixdə, saat 04:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanaraq onlardan yayınmağa çalışmışdır. Onun davranışları polis əməkdaşlarında şübhə yaratdığı üçün onu Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Polis Bölməsinə getmişdir. O, narkotik vasitənin əldə edilməsində, daşınmasında şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Polis əməkdaşları ona xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə şəxsi keçiriləcəyini bildirmiş, o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra, o, əynində olan qara rəngli şalvarının arxa sağ cibindən bükümləri çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlərdə olan maddənin nə olduğu soruşulduqda o, həmin bükümlərdən birində narkotik vasitə heroin, digər ikisində isə psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə “online” ödəmə vasitəsi ilə internet şəbəkə vasitəsi ilə əlaqə saxladığı “Şükür” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunan bükümlər ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Onun üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilmiş, protokolla tanış olduqdan sonra protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin PPXB-də polis nəfəri vəzifəsində xidmət edir. 04 mart 2022-ci il tarixdə, saat 04:20 radələrində Bakı şəhəri, Sabunçu RPİ-nin PPXB- nün polis nəfərləri Şahid1 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində xidmət apararkən bir nəfər şəxsin onları görərək özünü şübhəli apararaq oradan iti addımlarla uzaqlaşdığını görüb həmin şəxsə yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən özünü təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin şəxs sənədlərinin üzərində olmadığını bildirərək, suallarına dağınıq cavablar verməklə onlardan yayınmağa çalışmış, həmin şəxsin üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onlu Sabunçu RPİ-nin 13-cü PB-yə dəvət etmiş və həmin şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra müvafiq olaraq həmin şəxs barəsində tutma haqqında protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunaraq üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 13-cü PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli şalvarının arxa sağ cibindən bükümkləri çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlərdə olan maddənin nə olduğu soruşulduqda o, həmin bükümlərdən birində narkotik vasitə heroin, digər ikisində isə psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə “online” ödəmə vasitəsi ilə internet şəbəkə vasitəsi ilə əlaqə saxladığı “Şükür” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlər zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmiş, bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol baxış iştirakçılarına ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin PPXB- nün polis nəfərləri Şahid1 və Şahid3 ifadəsindən görünür ki, onlar, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 5-ci vərəqəsində olan 04 mart 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqəsində olan 04 mart 2022-ci il tarixli şəxsi axtarış və götürülmə aparılması barədə protokoldan görünür ki, Şahid1, Şahid3 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının arxa sağ cibindən 01 ədəd kiçik sellofanın içərisində qəhvəyi rəngli, toz şəkilli spesifik qoxuya malik, 02 ədəd sellofan bükümdə ağ rəngli, kristal şəkilli maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 38-39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2022-ci il tarixli 6/1329 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, vət. Təqsirləndirilən şəxs üzərindən....» və s. yazılar, imzalar olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,356 qram və 0,114 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamindir.1 ədəd bükümdə təmiz çəkisi 0,020 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0.10 qram, metamfetaminin qalıq çəkisi 0.390 qramdır. Cinayət işinin 69-cu vərəqəsində olan 05 mart 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.10 qram olan narkotik vasitə heroin və 0.390 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc kamerasına təhvil verilmişdir. Cinayət işinin 73-75-ci vərəqələrində olan 05 mart 2022-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 76-77-ci vərəqələrində olan 05 mart 2022-ci il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan 12 mart 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 92-93-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 14 aprel 2022-ci il tarixli, 1791 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 152-155-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-761/2022 saylı, 10 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanılmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 601/2023 saylı, 28 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidin məhkəmə iclasında verdiyi ifadə ilə, digər iş materialları ilə onun satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib saxlama və daşıma əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-601/2023 saylı, 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-601/2023 saylı, 28 mart 2023-cü il tarixli hökmündən əvvəl törətmişdir və bu səbəbdən ona cinayətlərin məcmusu ilə cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-601/2023 saylı, 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablandığından məhkəmə hesab edir ki, sonuncunun hazırkı hökm üzrə cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq vaxtı tutulduğu 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla onun cəzasından çıxılmalıdır. Мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-601/2023 saylı, 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə iş üzrə aparılmış ambulator X1 nəticəsində verilən rəyə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, tədqiqata sərf olunmuş hissəsi nəzərə alınmaqla qalıq çəkisi 0.10 qram olan narkotik vasitə heroin və 0.390 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-601/2023 saylı, 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-601/2023 saylı, 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.10 qram olan narkotik vasitə heroin və 0.390 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar