Məhkəmə qərarları › İş №1(008)-530/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-530/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-530/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Ermənistan Respublikasında anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla burun nahiyəsindən vuraraq, ona burun sümüyünün cərrahı müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı ilə nəticələnən Zərərçəkmiş şəxs həyatı uçun təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməmiş, ona xəsarət yetirməmiş, buna görə də elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Hazırda boşanma mərhələsindədirlər. Heç bir zaman Billura qarşı fiziki zor tətbiq etməmiş, ona xəsarət yetirməmişdir. Billurun hansı şəraitdə xəsarət alması barədə məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdirki, Belə bir hadisə olmamış, Billur ondan icazə alıb həkimə getməmişdir. Uşağa görə bir yerdə yaşamışlar, münasibətləri yaxşı olmamışdır. Billurun üzünü gipsli görməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Ailə qurduğu gündən şiddətə məruz qalmışdır. Həyat yoldaşı ilə aralarında heç bir problem olmamış, lakin Seymurun anası Klara hər sadə məsələni böyüdərək problemə çevirmişdir. 2018-ci ildə oğlu Cəsur doğulmuşdur. Uşaq doğulandan sonra problemlər daha da artmışdır. Mübahisələrin səbəbi guya o uşağa baxa bilmir və məsuliyyətsiz anadır. Uşağın anası o olmağına baxmayaraq evdə ona dayə kimi davranılmışdır, uşağın üstündə ana kimi heç bir söz haqqı olmamışdır. Hazırki cinayət işi ilə bağlı mübahisə 25 mart 2023-cü ildə baş vermişdir. Uşağı həyətə düşürmüş, evə gətirdikdə oğluna əllərini yumağını demişdir, Cəsur isə əllərini yumaq istəmədiyini bildirmişdir. Qayınansı həmişə uşağın istədiklərini etmədiyinə görə söz-söhbət saldığından Cəsura ələrini yumağı ilə bağlı təkid etməmişdir. Klara bu hadisəni bəhanə edərək onu söyüşlü ifadələrlə təhqir etmiş, dava çıxarmışdır. Bir müddət sonra o, uşağı yatızdırmağa aparmışdır. Birdən evdə səs-küyün qalxdığını eşitmiş nə baş verdiyini anlamadan Seymur otağa girərək üstünə qışqırmış, uşağın əllərini həyətdən gələndən sonra niyə yumadığını soruşmuşdur. O məsələni izah etməyə çalışmış, lakin Seymur onu dinləməmişdir. Mubahisə zamanı ailə üzvlərinin hamısı evdə olmuşdur. Baldızına məsələni izah etmiş, lakin baldızı onun analığı ilə bağlı xoşagəlməz ifadələr işlətmişdir. Həmin an Seymur yumruq ilə onun üzünə vurmuşdur. Zərbənin təsiri ilə o yatağa yıxılmışdır. Yumruqdan sonra burnundan qan axmağa başlamışdır. Dava zamanı qayınanası demişdir ki, “Vur başından mən lazım gəlsə evi satıb səni bu işdən qurtararam”. Hadisə baş verən zaman evdəki heç kim müdaxilə etməmişdir. O özü duraraq qanı yumuşdur. Bir müddət qanaxma dayanmamış, daha sonra bir təhər qanaxmanı dayandıra bilmişdir. Lakin ağrıları çox olduğundan Seymurdan həkimə getməyinə icazə verməsini və həkim üçün pul istəmişdir. Lakin Seymur polisin hadisədən xəbər tutmasında çəkinmiş və qətiyyən həkimə getməyə imkan verməmişdir. O daha sonra həkimə getmək üçün yalvarmış, polislərə heç nə deməyəcəyini demişdir. Seymur onu əgər polisə müraciət etsə uşağını bir daha göstərməməklə hədələmişdir. Yalnız 28 mart səhər saatlarında 11 saylı poliklinikaya getmiş, orada burun sümüyünün sındığı məlum olmuş və Sabunçu Xəstəxanasına göndərilmişdir. Xəstəxanada burnuna gips qoyulmuşdur. 15 gün gipsdə qalmışdır. Seymur onu hədələdiyi üçün polisə şikayət etməmişdir. Hadisə zamanı Seymurun bacısı, anası, qardaşı, oğlu Cəsur da evdə olmuşdur. Bu hadisədən sonra uşaqla evdən çıxıb getmişdir. Seymur yoldaşının və oğlunun evdə olmaması ilə bağlı polisə axtarış vermişdir. Polis də onu tapıb uşağı atası ilə görüşdürmüşdür. Atası uşağı götürdükdən sonra 70 gün göstərməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir, qanun çərçivəsində məsuliyyətə cəlb edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, valideynlərini narahat etməmək üçün onlara bu hadisələrlə bağlı heç nə deməmişdir. Bacısına da xəstəxanada ona zəng etdiyi üçün ona məlumat vermişdir. Tez-tez telefonunu əlindən aldıqları üçün bacısı və ailəsi ilə də mütəmadi əlaqə saxlaya bilməmişdir. Onu vurarkən Seymurun əlində heç nə olmamışdır. Yumruq ilə vurmuşdur.Bütün hadisələr uşağın gözünün önündə baş vermişdir. 28 mart 2023-cü il tarixdə saat 11 radələrində poliklinikaya yaxınlaşmışdır. Oradan ona burnunda sınıq olduğu üçün Sabunçu Xəstəxanasına getməyini bildirmişlər. Həkimə polisə məlumat verməməyi üçün yalvarmışdır. Lakin onlar məlumat verməyə məcbur olduqlarını bildirmişlər. Poliklinikadan çıxanda polis ona zəng etmişdir və hadisənin nacə baş verməyi ilə bağlı suallar vermişdir. O qorxduğu üçün polisə hadisə ilə bağlı məlumat verməmiş, yıxıldığını bildirmişdir. Həkimə getmək üçün Təqsirləndirilən şəxs həkim üçün pul istəmişdir. Seymur pul vermədiyi üçün qonşuya yaxınlaşmış və ondan 50 manat borc alaraq həkimə getmişdir. Getdiyi poliklinika və xəstəxanada Seymurun hədəsindən qorxub yıxıldığını bildirmişdir. Poliklinikada müraciətinin qeydiyyata alınıb alınmadığını bilmir. Həkimdən gəldikdən sonra foto-şəkilləri bacısına göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs ilə 15 sentyabr 2017-ci il tarixdə rəsmi olaraq nikaha daxil olmuş, ailə qurduqdan sonra Billur onunla və anası Klara ilə bir ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs heç bir zaman Billura qarşı fiziki zor tətbiq etməmiş, ona xəsarət yetirməmişdir. Nə özü, nə bacısı Amalya, nə anası X4 ailə söhbətlərinə müdaxilə etməmişdirlər. Seymura Billura qarşı fiziki zor tətbiq etmək üçün təzyiq və təsir etməmişdirlər Nə özü. nə bacısı Amalya, nə də ki anası Klara Billura fiziki zor tətbiq etməmişdirər. Billurun hansı şəraitdə xəsarət alması barədə məlumatı yoxdur. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Billurun evdə burnunun gipsdə olduğunu görmüşdür, amma nə üçün olduğunu soruşmamışdır, demək olarki onunla danışmamışdır. Həmin tarixin nə vaxt olmasını xatırlamır. Burnunun üstündə sınıq deməzdim, balaca plastr olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, sonuncu dəfə bacısı Zərərçəkmiş şəxs ilə 24 mart 2023-cü il tarixdə danışmışdır. Demək olar ki, bu hadisə olana qədər hər gün danışmışlar. Billurgilin evlərində tez-tez söz-söhbət olduğundan xəbərdar olmuşdur. 28 mart 2023-cü il tarixinə kimi bacısından zəng gəlmədiyinə görə nəsə problem olduğundan şübhələnərək özü hal-əhval tutmaq üçün Billura zəng etmişdir. Telefon danışığı zamanı bacısının səsinin yaxşı gəlmədiyini eşidib bunun səbəbini soruşmuşdur. Bacısı yaxşı olduğunu və evdə olduğunu demişdir. Lakin o, telefondan səsküy gəldiyini eşidib evdə olmadığını anlamış və bacısına harada olduğu, nə baş verdiyi ilə bağlı suallar vermişdir. Suallardan sonra Billur hönkürüb ağlamağa başlamış və evdə yenə sadə səbəblərdən dava düşdüyünü Seymurun onu döyüb burnunun sındırdığını və ona görə xəstəxanada olduğunu demişdir. 3 gündür burnunun qırıq vəziyyətdə olduğunu və ona evdən çölə icazə vemədiklərini demişdir. Seymura yalvardıqdan sonra polisə müraciət etməmək şərti ilə və əgər müraciət edərsə uşağını bir daha görməyəcəyi hədəsi ilə həkimə getməyə icazə verdiyini demişdir. Arxasınca adam göndərəcəyini və polisə müraciət edən kimi xəbərləri olacağını demişdir. Daha sonra telefonu söndürməli olduğunu evə gedib burnunun şəklini çəkib atacağını demiş, ana, atasına da heç nə deməməsini tapşırmışdır. O isə bacısını tənbeh etməyə başlamış, daha nə qədər bu zülümə dözəcəyini soruşmuşdur. O evdə onu istəmədiklərini bildirmişdir. Xəstəxanadan gəldikdən sonra ona burnunun şəkillərini atmışdır. Şəkillərdən görmüşdür ki, üzü şişib və göyərmişdir. Telefonunu dəyişdiyinə görə şəkillərin tarixləri düşməsə də şəkillər hal-hazırda da telefonunda qalır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.15); Şəxsin barəsində axtarış elan edilməsi haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma tətbiq edilməklə axtarış elan olunmuşdur (i.v.34); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v.58-59); Axtarışda olan şəxsin tutulmasına dair 08 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq aidiyyəti üzrə Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir (i.v.62); Məhkəmə-tibbi ekspertizasının 18 mart 2024-cü il tarixli 600 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı (burun sümüyü LOR həkimi tərəfindən repozisiya olunmuşdur) müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti B.H.X2 Mərkəzinə müraciətindən (28 mart 2023-cü il) bir qədər əvvəl olmaqla özünün qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 25 mart 2023-cü il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.105-107); Cinayət işinin tövsif edilməsi haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsindən həmin Məcəllənin 127.1 və 144-ci maddələrinə tövsif edilmişdir (i.v.108); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 144ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 110-111); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.131-133); qətimkan tədbirinin seçilməsi haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.134-135); Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 X5 X6 15 aprel 2024-cü il tarixli 18-1-17/2-1380 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Cərrahi profilli qəbul şöbəsinə 28 mart 2023-cü il tarixdə saat 15:05-də «Burun sümüyünün sınığı, B040 burun qanaması» diaqnozu ilə ambulator müraciət etmişdir. (Məişət hadisəsi) (i.v.144); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın hissəvi ləğv edilməsi barədə 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, qərarın Təqsirləndirilən şəxs övladını oğurlaması xüsusatı üzrə olan hissəsi, yəni CM-nin 144.1-ci hissəsi əsassız olduğundan ləğv edilmiş və istintaq davam etdirilməsi üçün Sabunçu rayon polis idarəsinin İstintaq şöbəsinə qaytarılmışdır (i.v.146-147); Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 144.1-ci maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər və əlavələr edilərək, o Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (i.v.195-196); Şahid3 təqdim etdiyi fotoşəkildən Zərərçəkmiş şəxs burnuna gips qoyularaq sarıqlı olması müəyyən edilir(i.v.184); Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə X3 Zərərçəkmiş şəxs xəsarət alması ilə əlaqədar Sabunçu RPİ-nin 13-cü PŞ-nə məlumat daxil olmamış və bu barədə araşdırma aparılmamışdır. X5 PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Cərrahi təcili tibbi yardım şöbəsinə xx.xx.2023-cü il tarixdə saat 15:05-də “Burun sümüyünün sınığı, burun qanaması” diaqnozu ilə ambulator müraciət etmişdir. №1476.Məişət hadisəsi. Xəstənin dediyinə görə öz bloklarında yıxılıb. Verilmiş sorğuya cavab olaraq X5 PHŞ-dən daxil olmuş qeydiyyat dəftərinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:05-də “Burun sümüyünün sınığı, burun qanaması” diaqnozu ilə müraciəti qeydə alınmışdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra Zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Belə ki, Şahid3 da yuxarıda göstərilən məzmunda ifadə verərək zərərçəkmiş şəxsin ifadəsində göstərilən xüsusatları özünə aid hissədə bir daha təsdiqləmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq Billurun üzünü gipsli görmədiyini göstərsə də, təqsirləndirilən şəxsin şahid qismində dindirilmiş qardaşı Şahid2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, Billurun evdə burnunun gipsdə olduğunu görmüşdür, amma nə üçün olduğunu soruşmamışdır, demək olarki onunla danışmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsinin özünü müdafiə xarakterli olması bir daha təsdiq olunmuşdur. Həmçinin, X5 PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Cərrahi təcili tibbi yardım şöbəsinə xx.xx.2023-cü il tarixdə saat 15:05də “Burun sümüyünün sınığı, burun qanaması” diaqnozu ilə ambulator müraciət etmişdir. №1476.Məişət hadisəsi. Xəstənin dediyinə görə öz bloklarında yıxılıb. Verilmiş sorğuya cavab olaraq X5 PHŞ-dən daxil olmuş qeydiyyat dəftərinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 15:05-də “Burun sümüyünün sınığı, burun qanaması” diaqnozu ilə müraciəti qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildən Zərərçəkmiş şəxs burnuna gips qoyularaq sarıqlı olması müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 18 mart 2024-cü il tarixli 600 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs burun sümüyünün cərrahi müdaxilə tələb edən yerini dəyişən qapalı sınığı (burun sümüyü LOR həkimi tərəfindən repozisiya olunmuşdur) müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti B.H.X2 Mərkəzinə müraciətindən (28 mart 2023-cü il) bir qədər əvvəl olmaqla özünün qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 25 mart 2023-cü il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 08 aprel 2024cü il tarixdən 10 aprel 2024-cü il tarixədək saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar