Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-530/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərfi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,357 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində 19 mart 2025-ci il tarixdə saat 14:20-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Həsən bəy Zərdabi ünvanında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin ünvanda üstünün yoxlanılması zamanı, əynində olan gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,357 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci il tarixdə saat 14 radələrində Nardaran qəsəbəsi, Həsən bəy Zərdabi küçəsi ünvanında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımasında şübhəli olduğunu deyib vəkil ilə təmin edilmək hüququnun olduğunu izah etmişlər. Lakin o, bundan imtina etmişdir. Daha sonra polis əməkdaşları onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş predmet varsa təqdim etməyini təklif etmiş, o da buna etiraz etməmişdir. Videoçəkiliş ilə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofan bükümdə el arasında “patı” kimi adlanan metamfetamin olan kibrit qutusunu, əynindəki gödəkçənin sol iç cibindən “Samsung” markalı mobil telefonunu, əynində olan şalvarnın sağ yan cibindən 2 (iki) manat pul vəsaitini təqdim etmişdir. Elə oradaca polis əməkdaşı ondan bükülünün içərisindəki kütlənin nə olduğu soruşmuş, bu zaman o bildirmişdir ki, həmin kütlə “patı” kimi tanınan psixotrop maddə metamfetamindir. Həmin maddəni 19 mart 2025-ci il tarixdə səhər saatlarında Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat əlbəəl pul verməklə almışdır. Üzərində axtarış keçirildikdən sonra ondan aşkar edilmiş kütlə qablaşdırılmış və imzalanmışdır. Daha sonra polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirmişlər. 42-ci Polis Bölməsinin inzibati binasında polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkil dəvət edilmiş, dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən təqdim etdiyi qablaşdırılmış 01 ədəd bükümə baxış keçirilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşduqda, o səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin maddəni Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün üzdən tanıdığı, lakin adını, ünvanını və digər anket məlumatlarını bilmədiyi şəxsə 10 (on) manat əlbəəl pul verməklə aldığını demişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış içərisində metamfetamin olan 01 ədəd bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan aşkar edilərək götürülmüş içərisində metamfetamin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə 19 mart 2025-ci il tarixdə əməliyyat qrupu təşkil olunmuş, əməliyyat qrupunun tərkibinə o, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkilləri Şahid2 və X4 daxil edilmişlər. Tərəflərindən aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə saat 14:20 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Həsən bəy Zərdabi küçəsi ünvanında piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə vəkil ilə təmin edilmək hüququ izah edilmiş, həmin şəxs bu hüququndan imtina etmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusunu, gödəkçəsinin sol iç cibindən mobil telefon, şalvarının sağ yan cibindən 02 ədəd 01 (bir) manatlıq əskinası təqdim etmişdir. Onun təqdim etdiyi kibrit qutusu açıldıqda içərisindən şəffaf sellofanda olan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin şüşə, patı olduğunu, həmin kütləni 19 mart 2025-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs onun təqdim etdiyi 02 (iki) ədəd 01 (bir) manatlıq əskinas qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü və mobil telefon ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 42-ci Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar elan edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, qablaşdırılmış zərfə baxış keçirilmiş, baxış zamanı təhqiqatçı zərfi açmış və içərisindən bükümü çıxararaq bükülünü Təqsirləndirilən şəxs göstərib ondan təqdim etdiyi bükülünün həmin bükülü olub-olmadığını, bükümdə dəyişikliyin olubolmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin bükülünün özünün təqdim etdiyi bükülü olduğunu təsdiq edərək bükülüdə hec bir dəyişikliyin olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı digər zərfi açmış və içərisindəki “Samsung” markalı mobil telefona baxış keçirmişdir. Təqsirləndirilən şəxs mobil telefonun özünün təqdim etdiyi telefon olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü soruşduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bükülünün içərisindəki kütlənin “patı” kimi tanıdığı maddə olduğunu, həmin maddəni 10 (on) manata Balaxanı qəsəbəsi ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təhqiqatçı təqdim edilmiş bükümün içərisindəki kütlənin tərkibinin və kütləsinin müəyyən edilməsi və rəy alınmas üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndəriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində kütlə olan bükülü və mobil telefon təhqiqatçı tərəfindən ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərflər möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 11-13-cü vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1, “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 12-ci maddələrinin və Azərbaycan Respublikası CPM-nin 86.8 və 445-ci maddələrinin tələblərinə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və X2, barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs Təqsirləndirilən şəxs iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 42-ci PByə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində oğurluqlar etməsi, həmçinin qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 mart 2025-ci il tarixdə, saat 14:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, H.Zərdabi küçəsi yaxınlığında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü saxladığımız yerdə yoxlamağa başladıq. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddəyə bənzər kütləni təqdim etdi. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd 1 manatlıq əskinazı, həmin gödəkçənin sol yan cibindən isə 01 ədəd “Samsung” markalı sadə mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçədən aşkar olunan kütləyə baxış keçirildikdə, spesifik iyə məxsus ağ rəngli kristal şəkilli maddə müəyyən edildi. Bu səbəbdən həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs, iştirakçılar tərəfindən imzalandı və götürüldü. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və açar sonuncuya geri qaytarıldı. Cinayət işinin 26-cı vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 36-37-ci vərəqələrində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı X8, Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və X2, vəkil Müdafiəçi iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-yə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və daşımasında şübhəli bilindiyi üçün, 19 mart 2025-ci tarixdə, saat 14:20 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, H.Zərdabi küçəsində piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) ədəd şəffaf sellofon bükümdə spesifik iyə məxsus ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar olundu. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 bükümdə şəffaf sellofana bükülmüş psixotrop maddəyə bənzər kütləsinin aşkar olunaraq qablaşdırıldığı, gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd 1 manatlıq pul əskinası öz əksini tapmışdır. Cinayət işinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 mart 2025-ci il tarixli, 6/1167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 241” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” və s. adlar,soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin 88-91-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” 21 mart 2025-ci il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Samir Seyidin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal saxlanıldığı yerdən azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 92-93-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 99-101-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 24 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin maddi sübut hesab olunması, tədqiqata 0,05 qram sərf edilməsi nəzərə alınmaqla 0,307 qram qalığının saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, iş üzrə 2 (iki) ədəd “DVD” diskin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 119-120-ci vərəqələrində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barəsində axtarış elan edilməsi haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutularaq Bakı şəhəri Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 127-ci vərəqində olan “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 20 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Sabunçu RPİ-nə gələrək daimi yaşadığı ünvanda bir müddət yaşamadığından və istifadəsində olan mobil telefon nömrəsini işlətmədiyi üçün istintaq orqanının çağırışlarından məlumatının olmadığını, polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi üçün könüllü olaraq istintaq orqanına gəldiyini, bundan sonra da bütün çağırışlara vaxtında gələcəyini bildirmişdir. Cinayət işinin 130-131-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 20 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair xx.xx.2025-ci il tarixli, 1728 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bənddinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 145-148-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin 149-155-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-147/2023 saylı, 10 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə əsasən 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlanıldığı 03 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixə kimi olan 2 (iki) gün müddətin nəzərə alınması və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həmin müddətin təyin olunmuş cəzadan çıxılması, qəti olaraq Təqsirləndirilən şəxs üzərində 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi isə 0,357 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və yaşını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun hökmlə təyin olunmuş və çəkilməmiş qalan cəzasının çəkilməmiş hissəsini Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarına əsasən çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunduğu, yəni xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 19 mart 2025-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşı 60dan yuxarı (63 yaş) olduğundan, ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşının 60-dan yuxarı (63 yaş) olması nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,307 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(008)-530/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-530/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver