Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-531/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2002-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Gədəbəy rayonu, Gərdar kəndində qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 12 fevral 2025-ci il tarixdə, saat 01 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub avtomobili idarə etmək hüququndan məhrum olduğu halda, idarə etdiyi “Toyota Prius” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ilə üzü Şuşa-Ramana adlanan ərazi istiqamətdə maksimum surət həddi 60 km saatadək məhdudlaşdırılmış yaşayış məntəqələri daxilində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamamlıdır olduğu halda bu tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib idarəetməni itirərək yolun kənarında olan hasara çırpılmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağ mil sümüyünün qapalı yerdəyişmiş sınığı, sol diz oynağının dərialtı hematoması və sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, özünə məxsus BD 094074 nömrəsi sürücülük vəsiqəsi əsasında taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin nəqliyyat vasitəsi idarə etdiyi zaman illik cərimə balı 20 olduğu üçün sürücülük hüququndan 6 ay müddətinə məhrum edilmişdir. Son zamanlar “Toyota Prius” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verilmiş etibarnamə ilə idarə etmişdir. Hadisədən əvvəl dövlət yol polis əməkdaşı onun sürücülük hüququnun məhdudlaşdırılması barədə ona məlumat vermişdir. 12 fevral 2025-ci il tarixdə təxminən saat 01:30 radələrində idarə etdiyi həmin avtomobil ilə Sabunçu rayonu, Ramana qəsəbəsindən Şuşa-Ramana qəsəbəsi istiqamətinə doğru hərəkətdə olan zaman yolun kənarından bir nəfər başında papaq olan şəxs avtomobilinə əl etmiş və onun müştəri olduğunu düşünüb avtomobili saxlamışdır. Həmin şəxs gəlib avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Bu zaman həmin şəxsin azyaşlı uşaq olduğunu görmüşdür. Ondan hara getmək istədiyini soruşmuş, o da yaşadığı evə südçülük sovxozuna getmək istədiyini bildirmişdir. O da razılaşmış və hərəkətə başlamışdır. Lakin biraz getmişdir ki, DYPX-nin xidməti avtomobilinin ona tərəf gəldiyini və sayrışan işıqları yandırdığını görmüşdür. Bu zaman sürücülük hüququ olmadan avtomobil idarə etməyinə görə narahat olmuş və sürətini artıraraq oradan uzaqlaşmaq istəmişdir. Bu niyyətlə də, qarşısına çıxan ilk döngədən sağa tərəf dönmək istəmişdir. Lakin bu zaman avtomobilin idarəetməsini itirmiş və avtomobil yoldan çıxaraq yolun kənarında olan hasara çırpılmışdır. Hadisə nəticəsində o da xəsarət almışdır. Lakin həmin hadisə nəticəsində avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin qolundan xəsarət almış və hadisə yerinə çağırılmış TTY vasitəsilə xəstəxanaya aparılmışdır. O isə hadisə yerində dayanıb polis əməkdaşlarının gəlməsini gözləmiş və polis əməkdaşları gəldikdə isə hadisə barədə onlara məlumat vermişdir. Hadisə 12 fevral 2025-ci il tarixdə təxminən saat 01:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsindən Şuşa-Ramana istiqamətində hərəkətdə olan zaman baş vermişdir. Hadisə zamanı avtomobildə özü və ön sərnişin oturacağında isə sərnişin qismində sonradan tanıdığı Zərərçəkmiş şəxs olmuşdur. İkisindən başqa avtomobildə başqa şəxs olmamışdır. O, hadisə zamanı avtomobili saatda 70 km sürətlə hərəkət etdirmişdir. Heç bir hadisə baş verməyəcəyinə əmin olduğu üçün sürücülük hüququndan məhrum edildiyi halda avtomobil idarə etmişdir. Hadisə zamanı sərxoş olmamış və ya hər hansı narkotik vasitə və ya digər güclü təsir edən maddələrin təsiri altında olmamışdır. Hadisə zamanı onun idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə heç bir nasazlıq olmamışdır.Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasına telefon vasitəsilə qoşularaq istintaq zamanı vermiş olduğu barışıq ərizəsini müdafiə etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, məhkəmənin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin iştirakı olmadan məhkəmə istintaqının keçirilməsini mümkün hesab edərək onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 12 fevral 2025-ci il tarixdə axşam evdə sıxıldığı üçün yaşadığı evdən çıxmış və biraz piyada hərəkət edərək gəzib hava almışdır. Təxminən saat 01:30 radələrində yolun kənarında gəzən zaman yorulduğu üçün evə qayıtmaq istəmiş və bu niyyətlə də, həmin vaxt yoldan keçən bir avtomobilin üzərində taski işarəsi görüb ona əl edərək saxlatmışdır. Avtomobilə yaxınlaşdıqda göy rəngli “Toyota Prius” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. O, avtomobilin ön sərnişin qapısını açıb oturmuşdur. Sürücü avtomobili hərəkətə gətirmiş və ona südçülük sovxozu ərazisində yaşadığını bildirərək ou evə aparmasını istəmişdir. Sürücü yaşadığı evə tərəf, yəni Ramana qəsəbəsində Şuşa Ramana deyilən istiqamətdə hərəkət etmişlər. Həmin vaxt sürücü avtomobili 70 km/saat sürətlə hərəkət etdirmişdir. Biraz getmişlər ki, sürücü yolda DYPX-nin xidməti avtomobilini görmüş və özünü itirib sürəti artırmışdır. Bu zaman yolun döngəli olan hissəsində sürücü idarəetməni itirmiş və yolun qırağında çəkilmiş hasara dəyib dayanmışdır. Həmin vaxt o, sağ qolundan və sol dizindən xəsarət almışdır. Hadisə yerinə gəlmiş TTY avtomobili ilə onu xəstəxanaya aparmışlar. Orada müayinə olunduqdan sonra valideynləri onu evə gətirmişdir. Hadisə 12 fevral 2025-ci il tarixdə təxminən saat 01:30 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsindən üzü Şuşa Ramana istiqamətində gedən yolda baş vermişdir. Hadisə vaxtı avtomobildə o və sürücü olmuş, başqa heç kim olmamışdır. Hadisə zamanı sürücü özünü şübhəli və ya sərxoş aparmamışdır. Hadisə zamanı sürücü avtomobili təxminən 70 km/saat sürətlə hərəkət etdirmişdir. Hadisə zamanı yorğun olduğu üçün yola dəqiq olaraq baxmamışdır. Sürücü yolda DYPX-nin xidməti avtomobilini görüb qorxaraq sürəti biraz qaldırmış və yolun döngəli hissəsində yolu dönmək istəyən zaman idarəetməni ititrərək yolun qırağındakı hasara çırpılıb dayanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 12 fevral 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana-Şuşa şəhərciyi istiqamətində olan hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur(i.v.05-11); xx.xx.2023-cü il tarixli, 1/1432 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ayıq olmuş, alkoqol, narkotik vasitə və psixotrop maddə qəbulu əlamətləri olmamışdır(i.v.16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 15 fevral 2025-ci il tarixli 289 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ mil sümüyünün qapalı yerdəyişmiş sınığı, sol diz oynağının dərialtı hematoması və sıyrığı müəyyən edildi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir(i.v.21-22); Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir və onlar barışmışdır. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir nəzərə alınsın(i.v.47); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 02 may 2025-ci il tarixli 8/792 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, Toyota Prius markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Toyota Prius markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Toyota Prius markalı avtomobili yaşayış məntəqəsinə 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur(i.v.53-54); Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu RPİ-nin 15 may 2025-ci il tarixli 3-13-49/2-1812 saylı məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəz\i informasiya sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs adına olan BD 094074 nömrəli sürücülük vəsiqəsi aktivdir və xx.xx.2025-ci il tarixində 6 ay müddətinə sürücülük hüququndan məhrum olunmuşdur(i.v.55); Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq MSY-nə təhvil verilməsi üçün PŞ-nə gətirilmişdir(i.v.57); Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur(i.v.95-97); Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir(i.v.98); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəs, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alır və göstərilənləri Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, 20 may 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmalı(CM-69.3), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı(CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 20 may 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-531/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-531/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver