Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-537/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yol vərəqəsi əsasında idarə etdiyi Toyota Prius markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətindən Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin, 3-cü bəndinin yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı kimi tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib yolun hərəkət hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs vurmaqla ehtiyatsızlıqdan sonuncuya sol gözyuvasıaltı-almacıq nahiyyəsinin qançırı ilə müşayiət olunan sol almacıq sümüyünün qapalı, basılmış sınığı, alın nahiyyəsinin və hər iki diz oynağının sıyrıqlarından ibarət olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, həmçinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmaqla, yəni, nəqliyyat vasitəsinin sürücüsü yolnəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanı qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardm” maşını çağırmalı zərərçəkənlərə həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yemə qayıtmalı, başqa nəqliyyat vasitəslərinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalı, yolun hərəkət hissəsini boşaltmaq və ya zərərçəkənləri öz nəqliyyatında müalicəxanada aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir kimi tələbləri pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi almış, yol-nəqliyyat hadisəsi törətməzdən əvvəl ailəsini dolandırmaq məqsədi ilə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olduğu **-CY-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobili yolvərəqəsi əsasında idarə etmiş, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu **-CY-*** dövlət qeydiyyat nişanlı, Toyota Prius markalı avtomobillə Sabunçu rayonu Bakıxanov qəsəbəsi istiqamətindən A.Əsədullayev küçəsi ilə Sabunçu qəsəbəsi istiqamətində hərəkət etmişdir. O, avtomobilini qeyd etdiyi istiqamətdə yolun hərəkət hissəsinin sol zolağı ilə saatda 30 km. surətlə hərəkət etdirərkən yolun hərəkət hissəsində bir nəfər şəxsin dayanmasını görüb həmin şəxsi vurmamaq üçün tormoz edib sükanı sağa doğru döndərmiş, nəticədə avtomobilini saxlaya bilməmiş və avtomobilinin ön sol güzgüsü ilə piyadanı vurmuşdur. Sonra piyadanı avtomobilinə əyləşdirmiş, təklif etmişdir ki, piyadanı xəstəxanaya aparsın. Buna görə də piyadanı Sabunçu xəstəxanasının qarşısına aparıb xəstəxanaya yoxlanması üçün müraciət etməsini söyləmişdir. Həmin piyadanın ağzından iy gəldiyi üçün spirtli içki qəbul etdiyini bilmişdir. Yolda avtomobili idarə edərkən vurduğu piyada Natiq Məmmədov maşının qapısını açaraq yerə düşmək istəmiş, o maşını saxlayaraq bir daha Natiq Məmmədovdan xahiş etmişdir ki, Sabunçu xəstəxanasına aparıb onu müayinə etdirsin, onun təkidi ilə piyada yenidən maşına əyləşmiş, o avtomobili Sabunçu xəstəxanasına sürmüş, xəstəxanaya çatdıqda piyada israrla bildirmişdir ki, yaxınlıqda yaşayır, özünü yaxşı hiss edir və xəstəxanaya getmək istəmir. Həmin vaxt Natiq Məmmədova adının Qaraxan olduğunu bildirmiş, mobil nömrəsinin 070 *** ** ** olduğunu bildirərək, özünündə yaxında yaşadığını deyərək əli ilə yaşadığı məhəlləni göstərmişdir. Bundan sonra həmin piyada avtomobildən düşüb getmiş, o da piyadanın özünü yaxşı hiss etdiyini gördüyündən işlərinin arxasınca getmişdir. xx.xx.2022-ci il tarixdə isə polis əməkdaşları tərəfindən Sabunçu RPİ-nə çağırılmış, orada hadisə barədə ondan soruşduqda səmimi olaraq piyadanı vurmasını bildirmişdir. O, hadisə zamanı alkoqol sərxoşluğu və ya narkotik vasitələrin təsiri altında olmamış, heç vaxt spirtli içki və narkotik vasitədən istifadə etməmişdir. Avtomobili ilə vurduğu piyada ona bildirmişdir ki, heç nəyi yoxdur, ona heç nə olmayıb, o da bu səbəbdən polisə heç bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində yerləşən yaşadığı evə getmək üçün həmin küçədə yolun hərəkət hissəsini keçmək istəmişdir. O, yolun hərəkət hissəsində dayanıb hərəkət edən avtomobillərin keçməsini gözləyərkən Bakıxanov qəsəbəsi istiqamətindən Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi, sürücüsünü isə tanımadığı avtomobil onu vurmuş, nəticədə yerə yıxılmışdır. Sürücü onu hadisə yerində qoyaraq çıxıb getmişdir. O, özündə olmamış, su vuraraq onu ayıltmışlar, evə güclə getmiş, yolda onun yeriyə bilmədiyini görən yaxın qonşuları ona kömək edərək evə aparmışlar. Bir gün sonra özü xəstəxanaya müraciət etmişdir. Sədrlik edənin sualına cavab olaraq Zərərçəkmiş şəxs ona kömək edən qonşularının kim olduğunu deməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan zərərçəkmiş şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir.Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi A.Əsədullayev küçəsində yerləşən yaşadığı evə getmək üçün həmin küçədə yolun hərəkət hissəsini keçmək istəmişdir. O, yolun hərəkət hissəsində dayanıb hərəkət edən avtomobillərin keçməsini gözləyərkən Bakıxanov qəsəbəsi istiqamətindən Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişanını bilmədiyi, sürücüsünü isə tanımadığı Toyota Prius markalı avtomobil onu vurmuş, nəticədə yerə yıxılmışdır. Sonra həmin avtomobilin sürücüsü onu avtomobilinə əyləşdirmiş, bir az irəli getdikdən sonra onu avtomobildən endirib çıxıb getmişdir. O, bundan sonra evinə gəlmiş, bədənində ağrılar olduğu üçün 3 saylı ŞKX-na müraciət etmişdir. O, qeyd etmişdir ki, hadisə zamanı tək olduğundan göstərdiklərini özü təsdiqləyə bilər. Hadisədən sonra sürücü özü haqqında ona heç bir məlumat verməmiş, hadisə yerinə tibbi yardım çağırmamış, onu hər hansı xəstəxanaya aparmamış və hadisə yernin yaxınlığında onu avtomobilindən endirərək çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, avtomobilin sürücüsünün onu avtomobilinə əyləşdirdiyini xatırlamır, ümumiyyətlə heç nə yadında deyil. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlunun dostudur, hadisə günü 105 nömrəli avtobusa minərək işə gedərkən tuneli dönən yerdə 3-4 maşının dayandığını görmüş, Qaraxanıda onların arasında görərək tanımış, nəsə hadisə baş verdiyini başa düşmüşdür, avtobus sürücüsünə saxlamasını bildirmiş, sürücü isə bildirmişdir ki, burada saxlamaq olmaz, ona görədə sürüb bir az irəlidə dayanacaqda saxlamış, o dayanacaqda düşərək hadisə yerinə gəlmiş, nə Qaraxanı nə də başqa kimisə görməmişdir. Dayanacaqdan hadisə yerinə gəlməsi təxminən 5-7 dəqiqə çəkmişdir. Evə gələrək oğluna bu barədə demiş, oğlu Qaraxanla əlaqə saxlamış, Qaraxan bildirmişdir ki, piyadanı vurmuş, avtomobilinə əyləşdirərək xəstəxanaya aparsa da müayinə olunmaqdan imtina etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır (i.v. 01); Sabunçu RPİ-nin N/H-nin M/N-si polis kapitanı Mahir Ağayevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:45 radələrində 3 X7 Mərkəzindən məlumat verərək bildirilmişdir ki, Sabunçu keçidinin yaxınlığında baş vermiş YNH-i zamanı Zərərçəkmiş şəxs Məmmədhüseyn oğlu xəsarət almışdır(i.v.4); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və hal şahidləri X2 və X4 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışın aparıldığı hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsidir. Yolun hərəkət hissəsi üfüqi və düzdür. Yolun örtüyü asvaltdır, örtüyün vəziyyəti qurudur. Hərəkət zolaqlarının sayı 3-dür. Hərərkət hissəsinin eni 10.5 metrdir. Avtomobillərin hərəkətini əks istiqamətli hərəkət hissələrinə ağ rəngli xətt bölür, hadisənin baş verdiyi hərəkət hissəsini iki hərəkət zolağına 3.5 metrdən çəkilmiş Yol nizamlanmır, elektrik işıqları ilə işıqlanır(i.v. 6-10); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 912 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözyuvası-almacıq nahiyyəsinin qançırı ilə müşayiət olunan sol almacıq sümüyünün qapalı, basılmış sınığı; alın nahiyyəsinin və hər iki diz oynağının sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bər küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əməmlə gələ bilər, müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilmişdir (i.v.15-16); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 17); ifadənin yerində yoxlanılması haqqnda 03 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu istintaq zamanı vermiş olduğu ifadəsini hadisə yerində təsdiq edərək hadisənin baş vermə şəraitini əyani olaraq hadisə yerində göstərmişdir. Hadisə yerində sonuncunun fotoşəkli çəkilərək bu barədə protokol tərtib edilib cinayət işi materiallarına əlavə edilmişdir(i.v. 34-35); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 08 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur(i.v. 39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2022-ci il tarixli, 8/3446 nömrəli ekspert rəyindən görünür ki, Toyota Prius markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur(i.v. 42-45); cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, əməl CM-nin 263.1-ci maddəsindən CM-nin 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir (i.v.46-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 57-58); qətimkan tədbirinin seçilməsi barədə 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.76-77); sübutların qiymətləndirilməsi haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, məhkəmə-tibbi ekspertizasının və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyləri, digər istintaq hərəkətləri protokolları və cinayət işində olan sənədlər sübut növü olaraq qəbul edilmişdir(i.v. 89-98); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim olunan ərizəsindən görünür ki, o özünü CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 263-cü maddəsinin qeyd hissəsinə əsasən CM-nin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 41-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahidin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-537/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-537/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver