Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-537/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X2 iştirakları ilə, xx xxxxx 2010-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-107/2025 saylı hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz rayonu, Böyük Qışlaq ərazi dairəsi, Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla ünvan 3də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə günorta saatlarında "xxxx" market MMC-nin ünvan 1 ünvanında yerləşən filial mağazasının içərisindəki otağa qanunsuz olaraq daxil olub otaqdakı saxlanc yeri hesab olunan dəmir seyfi siyirtmədən tapdığı açarla açaraq seyfin içərisindən 1200 manat nağd pulu gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-yə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir. 02 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə oğurluq etmək üçün getmişdir. Maştağa qəsəbəsində bir az piyada gəzdikdən sonra Mədəniyyət evinin yaxınlığında yolun kənarında yerləşən "xxxx" marketin içərisində çoxlu insanların olduğunu görmüş və fikirləşmişdir ki, buradan rahat oğurluq edə bilər. Bu məqsədlə də həmin "xxxx" marketin içərisinə daxil olmuşdur. Bir az marketin içərisində gəzdikdən sonra müştərilərin sıx olduğunu və orada işləyən işçilərin başının qarışıq olduğunu gördükdən sonra marketin içərisində olan ağ plastik qapının açıq olduğunu və içərisində heç kimin olmadığını gördükdən sonra içəri daxil olmuş, həmin otaqda videomüşahidə kameralarının, stolun üzərində kompyuterin, printerin, şkafların və dəmir seyfin üzərində videomüşahidə kameralarının görüntülərini əks etdirən manitorun olduğunu görmüşdür. O, üzərində kompyuter olan masanın sağ tərəfindəki 2 gözlü siyirmənin üst gözündəki siyirməni açaraq seyfin açarını götürmüş və həmin dəmir seyfi həmin açarla açaraq əşyalar qoymaq üçün istifadə edilən plastik qabın içərisinə qoyulmuş 1200 manatı götürmüş və həmin oğurladığı pulları da əynində olan gödəkçənin sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan sonra tanımadığı və nömrəsini bilmədiyi taksiyə əyləşərək Nasosnu yolunda yerləşən kluba getmiş və oğurladığı pulları da həmin klubda yeyib içməyə və qızlara xərcləmişdir. Oğurluq cinayətini 02 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "xxxx" marketdə törətmişdir. Əməlindən peşmandır. Mülki iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş və mülki iddiaçı hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında verilmiş mülki iddianın təmin edilməsini, 1232 manat 40 qəpik tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Oba Market MMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda Maştağa qəsəbəsi, Şəfahi küçəsində yerləşən "xxxx" marketdə mağaza müdiri vəzifəsində çalışır. Həmin mağazada təxminən 2023-cü ilin noyabr ayından işləyir. Mağazanın içərisində özü üçün müdir otağı vardır və müəyyən sənədləşmə işlərini həmin otaqda aparır. Otaqda giriş qapısından sağ hissədə yerdə dəmir seyf vardır və həmin seyfdə müəyyən sənədlərini və əldə olunan qazanc pulu saxlayır. Həmin seyfin açarı özündə və digər bir surəti də mağazanın işçisi, satıcı-kassir işləyən X1 olur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində gecə növbəsindən çıxaraq evinə getmişdir. Getməmişdən əvvəl Ülkərə seyfdə 1200 manat pul olduğunu bildirərək Oba marketin nümayəndəliyindən gələn olarsa pulu ona verməsini demişdir. xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində hesabat işləri aparmaq məqsədi ilə yenidən mağazaya qayıtmış və öz otağına daxil olmuşdur. Seyfin qapısını açarla açdıqda əvvəlcədən şəffaf rəngli plastik qutuda qoyduğu 1200 manat pulun yerində olmadığını aşkar etmişdir. Bundan sonra Ülkərdən pulun harda olduğunu soruşduqda Ülkər bu barədə məlumatsız olduğunu demişdir. Buna görə də dərhal mağazada olan müşahidə kameralarına baxmış və görmüşdür ki, başında kepkası olan naməlum şəxs mağazaya daxil olaraq onun otağına gedir. Bundan sonra mağazada oğurluq hadisəsinin baş verməsinə əmin olmuş və DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə baş verən gün Ülkər özündə olan seyfin açarını özündə saxlamamış və otaqdakı stolun altındakı siyirməyə qoymuş, unudub orada saxlamışdır. Əvvəllər də Ülkər bir neçə dəfə açarı həmin siyirmədə qoyub unutmuşdur. Naməlum şəxs otağa daxil olaraq siyirmədəki açarı götürdükdən sonra seyfi açaraq seyfdəki şəffaf rəngli plastik qutunun içərisindəki 1200 manat pulu götürüb getmişdir. İzahatında Ülkərdən şübhələndiyini qeyd etsə də sonra Ülkər barəsində şübhələri təsdiqini tapmamışdır. Onun oğurluq hadisəsində iştirakına dair hər hansı dəlili də yoxdur. Hadisə ilə əlaqədar OBA marketə ümumilikdə 1200 manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə məlumat verən zaman tələskənlikdən fikrini düzgün ifadə edə bilməmiş və seyfin oğurlanmasını bildirmişdir. Lakin, oğurluq hadisəsi zamanı mağazada seyfin içərisindən 1200 manat pul oğurlanmışdır. Ancaq seyf yerindədir və oğurlanmamışdır. O, əvvəl mağazanın işçilərindən şübhələndiyi üçün mağazanın daxilində özü araşdırma aparmış, lakin, mağaza işçilərinin oğurluqla əlaqəsinin olmamasını müəyyən etmiş, sonra kamera görüntülərinə baxdıqda oğurluğun naməlum şəxs tərəfindən, yəni Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. Ona görə DİN-in 102 xidmətinə hadisəni aşkar etdikdən bir gün sonra məlumat vermişdir(i.v.94-96); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi barədə 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi "xxxx" market MMC-nin ünvan 1 ünvanında yerləşən filial mağazasının içərisindəki otağa baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir(i.v.05-06, 11-12); Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlüdür(i.v.17); Tutma haqqında 06 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.49); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, onun dərhal azadlığa buraxılması qərara alınmışdır(i.v.78-80); Qətimkan tədbirinin seçilməsi barədə 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri seçilmişdir(i.v.81-82); DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 08 iyul 2024-cü il tarixdə OBA market MMC-nin ünvan 2 ünvanında yerləşən filialında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD diskinə tərəfimdən baxış keçirilərək nəticəsi protokollaşdırılmışdır. Həmin protokoldan görünür ki, diskdə 03 fayldan ibarət videogörüntü aşkaedilmişdir. Həmin videogörüntülərə baxdıqda başında qara rəngli üzərində Azərbaycan bayrağının şəkli və “AZƏRBAYCAN” sözləri yazılmış, əynində qara rəngli qolu olmayan gödəkcə, qara rəngli şalvar və boz rəngli idman ayaqqabısı olan bir nəfər kişi cinsindən olan şəxsin marketin içərisinə daxil olması, orada gəzdikdən sonra həmin mağazanın içərisində olan otağa daxil olaraq stulda əyləşməsi, stolun siyirtməsini açaraq orada olan açarı götürərək, seyfin qapısını açaraq orada olan ağ rəngli plastik qutunu götürüb həmin qutunun ağızını açdıqdan sonra qutunun içərisində olan metal və kağız pul əskinazlarından kağız pulları götürdükdən sonra plastik qabı seyfə qoyması və seyfi bağlayaraq açarını yenidən götürdüyü siyirtməyə qoyaraq, ayağa durması və həmin götürdüyü pulları bükərək əynində olan qara rəngli qolu olmayan gödəkcənin sağ yan cibinə qoyaraq oradan uzaqlaşması müəyyən edilmişdir. Görüntüyə baxan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, başında qara rəngli üzərində Azərbaycan bayrağının şəkli və “AZƏRBAYCAN” sözləri yazılmış, əynində qara rəngli qolu olmayan gödəkcə, qara rəngli şalvar və boz rəngli idman ayaqqabısı olan şəxs onun özüdür(i.v.86-87); Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən ifadəsində göstərdiyi xüsusatları əyani qaydada göstərərək bir daha təsdiq etmişdir(i.v.91- 92); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə CPM-nin 39.1.4-cü maddəsinə əsasən xitam verilmişdir(i.v.95-96); Sübutların qiymətləndirilməsi haqqında 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, OBA market MMC-nin ünvan 2 ünvanında yerləşən filialında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır(i.v.145-150); Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-107/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 03 gün müddət bir günə 2 gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2025-ci il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-107/2025 saylı hökmü xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-107/2025 saylı hökmü ilə 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qeydiyyatdan keçmədiyi üçün cəzanın müdddəti hesablanmamışdır. Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 1200 manat məbləğində dəymiş ziyanın və ödənilməmiş 32 manat 40 qəpik dövlət rüsumunun, ümumilikdə 1232 manat 40 qəpik məbləğin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-nə ödənilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, videogörüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini(CM-59.1.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərara dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən qərarın 16-cı bəndində qeyd edilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CMin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün icra edilməsi barədə göstərişə əsasən Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-107/2025 saylı hökmünün xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 02 iyul 2024-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır.Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli(CM-66.5), Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən tutulduğu 03(üç) gün müddət və hazırki iş üzrə tutulduğu 06 iyul 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək 02(iki) gün müddət, ümumilikdə 05(beş) gün müddət təyin edilmiş qəti cəzaya hesablanmalı(CM-69.3), barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış OBA market MMC-nin ünvan 2 ünvanında yerləşən filialında baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır(CPM-132.1). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 20:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Abşeron rayonu, Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddialara münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə vermiş olduğu mülki iddia təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. İş materiallarında olan iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs MMC Təqsirləndirilən şəxs 1200 manat və ödənilmiş 32 manat 40 qəpik dövlət rüsumu cəmi 1232,40 manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs MMC -nin hesabına ödənilməsini xahiş etmişdir. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği 1200 manat müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs MMC tərəfindən dövlət rüsumu ilə bağlı 32 manat 40 qəpik ödənilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nə vurduğu zərər məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Odur ki, mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 1232,40 (min iki yüz otuz iki manat qırx qəpik) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzası Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)- 107/2025 sayı hökmünə əsasən təyin edilmiş 01(bir) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən tutulduğu 03(üç) gün müddət və hazırki iş üzrə tutulduğu 06 iyul 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək 02(iki) gün müddət, ümumilikdə 05(beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01(bir) il 11(on bir) ay 20(iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Abşeron rayonu və Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 1232,40 (min iki yüz otuz iki manat qırx qəpik) manat tutularaq Zərərçəkmiş şəxs MMC-nə ödənilsin. Maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu- hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-537/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-537/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver