Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-538/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azəbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 05-06 radələri aralığında Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən “Yeddi Gözəl” yaşayış kompleksinin yaxınlığında “Lukoil” YDM-nin arxa tərəfindəki X1 məxsus saxlanc yeri hesab olunan yük avtomobillərinin qarajına hasardan keçməklə qanunsuz olaraq daxil olub orada saxlanılan “özgül” markalı qoşqunun hər biri 750 manat dəyərində, 4 ədədi 3000 manat olan ressorları, 1 ədəd-12 voltluq, 190 amperlik 250 manat dəyərində yük avtomobilinin akumlyatorunu və 1 ədəd, 300 manat dəyərində “Howo” markalı yük avtomobilinin qabaq təkərinin barabanını gizli olaraq talamaqla ümumilikdə zərərçəkmiş şəxs X1 3550 manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,780 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Seyid” marketin yaxınlığına daşımış, Sabunçu RPl-nin 15-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 sentyabr 2022-ci il tarixdə saat 13:20 radələrində həmin yerdə saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 1,780 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 05-06 radələrində Sabunçu qəsəbəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında sözü gedən avtomobilinə bir nəfər əvvəllər tanımadığı, əlaqə vasitəsi və şəxsiyyəti barədə məlumatı olmadığı müştərini əşləymiş və o sifariş əsasında həmin müştərini Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən Məmmədli dairəsinin yanına aparmışdır. Müştərini orada avtomobilindən endikdən sonra o, geri qayıdarkən “7 Gözəl” yaşayış kompleksini keçdikdən sonra, “Lukoil” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində böyük yük avtomobilləri qarajının olduğunu və həmin qarajın hasarının bir hissəsinin açıq olduğunu görmüşdür. Bu səbəbdən oğurluq etmək məqsədilə idarə etdiyi avtomobili həmin yerə doğru idarə etmiş, avtomobilini qarajın hasarı olmayan açıq hissəsinin yaxınlığında saxlamış, sonra ətrafa baxmış, ətrafda heç kimin olmadığını görüb avtomobilindən enmişdir. Orada təmir olunan böyük qoşqunun üzərində sökülmüş vəziyyətdə olan 4 ədəd böyük resorları görüb götürərək idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Sonra bir qədər aralıda, ekskovatorun yanında, yerə qoyulmuş akumlyatoru görmüş, həmin akumlyatoru da götürüb idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra bir qədər də irəliyə gedib orada, təmirə dayanmış yük avtomobilinin yanında, yerdəki mişar daşlarının üzərinə qoyulmuş böyük, təkər barabanını da götürərək idarə etdiyi avtomobilin yük yerinə qoymuş, sonra isə tez avtomobilini idarə edərək oradan uzaqlaşmışdır. Avtomobili idarə edərək oğurladığı ehtiyat hissələrini Sabunçu qəsəbəsinə aparıb 3 saylı Şəhər Klinik Xəstəxanasının aşağı hissəsində, “Araz" marketin yanında yerləşən metal qəbulu məntəqəsinə ümumi olaraq 92 manata satmışdır. O, qeyd etmişdir ki, təxminən bir ildir ki, metamfetamin kimi adlandırdığı psixotrop maddədən çəkmək yolu ilə istifadə edir. 17 sentyabr 2022-ci il tarixdə saat 08-09 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsində olarkən xarici görünüşündən narkotik vasitə istifadəçisinə oxşayan bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 30 manata bir bükümdə metamfetamin almış, bundan sonra Sabunçu rayonu Zabrat qəsəbəsinə gəlmişdir. 17 sentyabr 2022-ci il tarixdə, saat 13:20 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Seyid” marketin yaxınlığında olmuş, aldığı bir bükümdə metamfetamin də həmin vaxt üzərində olmuş və metamfetamini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxt ona iki nəfər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək şəxsiyyəti barədə məlumatlar soruşmuşlar. Üzərində metamfetamin olduğundan o, həyəcanlanmış, bu da polis əməkdaşlarında onun narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsi ilə bağlı şübhələr yaratmışdır. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 15-ci PB-nə dəvət etmişlər. O da buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 15-ci PB-nə getmişdir. OPB-də olarkən şəxsiyyəti müəyyən edilmiş və hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim edilmiş və o hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə olunmasına etirazının olmadığını bildirmişdir. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90- cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 15-ci PB-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş, həcnin protokolları o, imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində metamfetamin olmasını bilirmiş və istəmirmiş ki, həmin metamfetamin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı metamfetamin vəkilin yanında aşkar edilsə vəkil onu gələcəkdə məhkəmədə müdafiə edə biləməyəcəkdir. Məhz bu səbəbdən 15-ci PB-də onun üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən 15-ci PB-nin təhqiqatçısı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan metamfetamini təqdim etmiş və bildirmişdir ki, bükümün içərisindəki maddə metamfetamin kimi tanıdığı psixotrop maddədir, həmin metamfetamini 17 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Ondan aşkar edilmiş bir bükümdə metamfetamin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və möhürlənmişdir. Hazırda törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 il olar ki, Abşeron rayonu, Məmmədli qəsəbəsində “Yeddi Gözəl” yaşayış kompleksinin yaxınlığında, “Lukoil" yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən ərazidə özünə aid yük avtomobilləri üçün qaraj yeri düzəltdirmişdir. Həmin qarajın ətrafının bir hissəsi hasarlansa da, bir tərəfi isə açıqdır, lakin həmin əraziyə kənar şəxslərin giriş-çıxışı məhduddur, hətta həmin ərazi mühafizəçi tərəfindən mühafizə də olunur. Ona aid yük avtomobillərinin və digər texnikanın bir neçəsi həmin qarajda təmirə dayandırılmış, bununla yanaşı həmin qarajda ona məxsus, böyük həcmli ağır texnikaların daşınması üçün nəzərdə tutulmuş “Özgül” markalı qoşqu da 2022-ci ilin sentyabr ayında həmin qarajda təmirdə olmuşdur. xx.xx.2022-ci il tarixində saat-10 radələrində ona məxsus qeyd olunan qaraja gəldiyi zaman “özgül” markalı qoşqunun hər biri 750 manat dəyərində 4 ədədi 3000 manat olan ressorlarının, 1 ədəd markasını dəqiq bilmədiyi 12 voltluq, 190 amperlik 250 manat dəyərində böyük yük avtomobilinin akumlyatorunun və 1 ədəd, 300 manat dəyəində “Howo” markalı yük avtomobilinin qabaq təkərinin barabanının oğurlandığını aşkar etmişdir. Qarajda oğurluq hadisəsindən təxminən 1 il 2 ay əvvəl qeyrirəsmi qaydada gözətçi işləyən əvvəllər tanıdığı Şahid3 baş verpıiş oğurluq hadisəsi barədə soruşduqda sonuncu oğurluq hadisəsindən xəbərsiz olduğunu demiş, o da hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələrək baxış keçirmiş, onun hadisə ilə bağlı ərizə və izahatını alınmışlar. Sonradan 15-ci PB- nin əməkdalarından öyrənmişdir ki, onun qarajından oğurluq etmiş şəxs Təqsirləndirilən şəxs dur. Oğurluq hadisəsi nəticəsində ona 3550 manat ziyan dəymişdir. Hazırda ona vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPl-nin 15-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2009- cu ildən DİO-da, 2018-ci ildən tutduğu vəzifədə xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində daşımaqla istifadə etməsi ilə bağlı məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması ilə bağlı o və Sabunçu RPl-nin 15-ci PB- nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün o və əməliyyat qrupunun üzvü Şahid2 Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün sonuncunun adətən olduğu Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Seyid” marketin yaxınlığına gəlmişlər. 17 sentyabr 2022-ci il tarixdə, saat 13:20 radələrində həmin yerdə xarici görünüşündən Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsi görüb yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, saxladıqları şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar Təqsirləndirilən şəxs 15-ci PB-nə dəvət etmişlər. Sonuncu etiraz etməyib onlarla birlikdə PB-nə getmişdir. Təqsirləndirilən şəxs PB-də hərəkətləri ilə onlarda narkotik vasitələrdən və psixotrop maddələdən istifadə etməsi ilə bağlı şübhə yaratdığından orada xidməti otaqların birinə dəvət edilmiş, təhqiqatçı Hafiz Paşayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncuya təhqiqatçı Hafiz Paşayev tərəfindən şübhəli şəxs qismində Azərbaycan Respublikası CPMnin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan baqa müdafiəçi ilqar Qədijov dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edilmişdir. Sonuncu etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək üzərinə keçirilən şəxsi axtarış zamanı Müdafiəçi iştirak etməməsini xahiş etmişdir. Bundan sonra onun, Şahid1 iştirakları ilə təhqiqatçı Hafiz Paşayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan olunmuş əşya və predmetlərin olduğu təqdirdə təqdim etməsi bildirilmiş, həmin vaxt sonuncu əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə ağ rəngli kristalşəkilli maddəni təqdim edərək bildirmişdir ki, bükümün içərisindəki maddə metamfetamin kimi tanıdığı psixotrop maddədir, həmin metamfetamini 17 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Sabunçu qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə metamfetamin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış və PB-nin 161 nömrəli möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərfi o və şəxsi axtarış zamanı iştirak etmiş şəxslər imzalamışlar. Bundan başqa şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola o və şəxsi axtarış zamanı iştirak etmiş şəxslər imza etmişlər. Şahidlər Şahid3, Şahid4 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Abşeron rayonu, Məmmədli qəsəbəsi, “7 Gözəl” Y/Knin yaxınlığında “Lukoil” YDM-nin arxa tərəfində yerləşən qarajın həyətidir (cild 01, i.v.8- 11). “Baxış və götürmə haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, R.Kəngərli küçəsində yerləşən metal qəbulu məntəqəsinə baxış keçirilmiş, baxış zamanı həmin məntəqədə fəhlə işləyən Şahid4 Təqsirləndirilən şəxs göstərərək 15 sentyabr 2022-ci il tarixdə, saat 08 radələrində ondan 02 ədəd böyük ressorlar, 01 ədəd təkər barabanı, bir neçə ədəd metal hissələri və 01 ədəd akkumlatoru ümumilikdə 92 manata aldığını, sonradan ressorları, təkər barabanı və digər bir neçə metal hissələrini metal ərinti zavoduna satdığını deyərək Təqsirləndirilən şəxs aldığı 01 ədəd qara rəngli köhnə akkumlatoru təqdim etmiş, həmin akkumlator iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 01, i.v.21-23). Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd akkulyatoru təhvil almışdır (cild 01, i.v.24). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində ağımtıl rəngli, kristaltoz şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində olan kütləni səhər saatlarında Sabunçu rayonu, Sabunçu qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını və üzərində saxlayaraq gəzdirdiyini, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını bildirmişdir. Aşkar olunmuş sellofan büküm bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 161 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 01, i.v. 60-61). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 17 sentyabr 2022-ci il tarixli, 6/5269 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Na161 dairəvi möhür əksi olan “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,780 qram ağ rəngli kritallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01, i.v.69-73). Məhkəmə-narkoloji ekspertizasının 20 aprel 2023-cü il tarixli, 2362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v.193-194). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddəsi ilə verilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarı və götürməni özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və metal qəbul məntəqəsinə satılmış bir ədəd 12 voltluq 190 amprelik yük avtomobilinin akkumlatorun maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs Smbala oğlunun üzərindən aşkar edilmiş 1,780 qram metamfetaminin maddi sübut kimi tanınması, oğurluq hadisəsinin Abşeron rayonu, Məmmədli qəsəbəsində törədilməsinə baxmayaraq polis xidmətlərinin Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilməsinin nəzərə alınması qərara alınmışdır (cild 01, i.v.203-212). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin (AR CM-nin 177-ci maddəsinə münasibətdə) və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə, saat 13:20-dən tutulmuş hesab edilmişdir (cild 01, i.v.51). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (cild 01, i.v.108-111). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.112-113). “Axtarışda olan şəxsin tutulması haqqında” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə Sabunçu rayonunda saxlanılaraq 15-ci PB-nə gətirilərək Sabunçu RPİ-nin İŞ-nə təhvil verilmişdir (cild 01, i.v.151). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması barədə” 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə tutulmuşdur (cild 01, i.v.155). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2023-cü il tarixli, 4(008)- 119/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablanmaqla 02 ay 13 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v.182-188). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 128-ci maddəsi ilə 01 il isl işləri cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 iyun 2020-ci il tarixdə həmin Məhkəmənin qərarı ilə 01 ay 13 gün şərti olaraq vaxtından əvvəlm azad edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 dekabr 2021-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır (cild 01. i.v.196-198). Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 7(003)-1325/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının qalan 09 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, i.v.199-202). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2011-ci il təvəllüdlü (X3) və 26 iyun 2013-cü il təvəllüdlü (X4) uşaqları var. Məhkəmə iclasında təqsirləndirilən şəxs boşandığını və uşaqlarının analarının himayəsinə verildiyini bildirdiyindən məhkəmə onun iki azyaşlı uşağının onun öz himayəsində olmamasını nəzərə alaraq həmin halı yüngülləşdirici hal kimi nəzərə almır. 17 sentyabr 2022-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi bağlı şübhəli şəxs qismində dindirilərkən təhqiqatçı tərəfindən ona “Bundan başqa hər hansı bir cinayət törətmisinizmi?” sualına cavab olaraq Abşeron rayonu, Məmmədli qəsəbəsi, Məmmədli dairəsi yaxınlığında bir tərəfi açıq, hasarsız olan qarajdan oğurluq etdiyini könüllü şəkildə bildirərək təqsirini boynuna almışdır (cild 01, i.v.65). AR CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilir. Hazırki halda təqsirləndirilən şəxs başqa cinayətlə bağlı dindirilərkən istintaq orqanlarına məlum olmayan oğurluq cinayətini törətməsini könüllü olaraq bildirdiyindən məhkəmə AR Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, həmin hal AR CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərini etiraf edərək səmimi peşman olmasını (CM-59.2), AR CM-ni 177.2.3-cü maddəsinə münasibətdə könüllü olaraq oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuna almasını (AR CM-59.1.10) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya aktına əsasən cəzasının müddətinin azaldılmasına və ona Dövlət tərəfindən göstərilmiş güzəştə baxmayaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan qısa müddət keçdikdən sonra yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət (məhkəmə Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdə, saat 13:20-də tutulduğunu, 19 sentyabr 2022-ci il tarixdə, saat 12:05-dən saat 13:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra müvafiq sənədləşmə aparılmaqla prokuror qarşısına çıxarıldığını, prokuror tərəfindən müəyyən zaman çərçivəsində materiallara baxılaraq müvafiq qərar qəbul edildiyini və keçən müddətin 19 sentyabr 2022-ci il, saat 13:20-dən sonrakı vaxta keçməklə şəxsin tutma müddətinin 48 saatdan artıq davam etdiyini və bu halın onun xeyrinə nəzərə alınmalı olunmasını qeyd edərək Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək şübhəli şəxsin qismində tutularaq saxlandığı müddətin 03 gün hesabı ilə hesablanması qənaətinə gəlir) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut-Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və metal qəbul məntəqəsinə satılmış bir ədəd 12 voltluq 190 amprelik yük avtomobilinin akkumlatorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasə ona təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 03 gün müddət (saatlarla hesablanma nəzərə alınmaqla) ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına 1,730 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və metal qəbul məntəqəsinə satılmış bir ədəd 12 voltluq 190 amprelik yük avtomobilinin akkumlatorunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə hökm 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-538/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-538/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver