Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-539/2023 14.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqmda iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 iyul 2021-ci il tarixdə, saat 20 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının qarşısında qardaşı Şahid2 qeyri- rəsmi nikahda olduğu X2 ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə qardaşı Şahid2 keçmiş arvadı X4 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Əfsanə Əlizadəni nalayiq sözlərlə təhqir edib qolundan, Nərgiz Useynzadə isə saçından tutub hər ikisi fiziki güc tətbiq etməklə Əfsanə Əlizadəni yerə yıxıb onun baş nahiyəsinin asfalt örtüyünə dəyməsi ilə kifayətlənməyib xuliqanlıq hərəkətlərini davam edərək ayağı ilə bədəninin müxtəlif nahiyələrinə, Nərgiz Useynzadə isə ayağı ilə baş nahiyəsinə zərbələr endirməklə qəsdən Əfsanə Əlizadəyə baş beyin silkələnməsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları, alın, sağ diz oynağı nahiyələrinin qançır və sıyrıqları, sağ bazu və döş qəfəsi nahiyələrinin qançırları ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü Nərgiz Useynzadə onların evində olmuşdur. Həmin gün onlar Nərgizlə qardaşı Natiqlə bacısı Aidəni barışdırmaq qərarına gəlmişlər. Natiqlə Aidə uzun müddət idi ki, danışmırdılar. O, Aidəyə zəng edərək onu evlərinə çağırmış, Aidə gəldikdən sonra Natiqlə Aidə barışmışlar. Bir qədər sonra Natiqə Əfsanənin qardaşı Yasər zəng edərək birlikdə işlətdikləri avtoyuma məntəqəsinə çağırmışdır. Natiq ona məxsus olan avtomobilin açarını götürərək evdən çıxmışdır. Onun arxası ilə Aidə çıxmışdır. Yarım saat sonra Aidə Nərgizlə əlaqə saxlayaraq bildirmişdir ki, “burda dava var, bura gəlin”. Onlar Aidənin sözündən sonra hadisə yerinə getdikdə heç bir davanın olmadığını görmüşlər. Onlar taksidən enən zaman Əfsanə onları görmüş, onlara yaxınlaşaraq “Siz burada nə edirsiz” deyə sual vermişdir. Bu zaman Əfsanə ilə Aidə arasında sözlü mübahisə yaranmışdır. Bu vaxt Əfsanə qardaşı Yasəri çağırmış, Yasərlə Natiq yaxınlaşmışlar. Həmin vaxt Yasərlə Aidə arasında mübahisə başlamış və onlar biri-birilərinin ünvanına nalayiq sözlər işlətmişlər. Dəqiq yadında olmasa da, həmin vaxt Əfsanə Aidəyə nəsə söz demiş, bu zaman Aidə Əfsanənin saçından tutarkən Əfsanə yerə yıxılmışdır. Əfsanə yıxıldıqdan özü öz başını daşa vurmağa başlamışdır. Onun qana həssaslığı olduğundan halı pisləşmişdir. Bu zaman Yasərlə Natiq dalaşmağa başlamışlar, o, Yasərlə Natiqi ayırmaq istəyən zaman Yasər dirsəyi ilə onu vurmuşdur və o, xəsarət almışdır. Sonra Natiq onu öz avtomobilimə əyləşdirmiş, təxminən 15-20 dəqiqə sonra Nərgiz gəlmiş və maşını Nərgiz idarə etmişdir. Hadisədən sonra Natiqi bölməyə aparmışlar. Hadisə günü o, Əfsanəni vurmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə günü Əfsanəni vurmadığını, heç onunla sözlə belə mübahisə etmədiyini, hadisənin axşam saat 7-8 radələrində baş verdiyini, Aidənin Nərgizə zəng edərək “Gəlin Natiqi öldürürlər” deməsi səbəbindən hadisə yerinə getdiklərini, onların hadisə yerinə gedən zaman Aidəni orada ilkin olaraq görmədiklərini, Aidənin maşının arxasında gizləndiyini, Nərgizin onların evində qalması səbəbindən Əfsanənin onlardan incidiyini, Nərgizin Natiqin qeyri-rəsmi münasibətdə olduğu şəxs olduğunu, hadisə vaxtı Nərgizlə Əfsanə arasında sözlü mübahisənin olduğunu, lakin Nərgizin Əfsanəni vurmasını görmədiyini, Əfsanənin hazırda da onlardan pul istədiyini, yegənə dərdinin pul olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü qardaşı Yasər keçmiş əri Natiqə zəng edərək söhbət etmək üçün onu birgə işlətdikləri avtoyuma məntəqəsinə dəvət etmişdir. Bu zaman o, özü də orada olmuşdur. Yasər Natiqə demişdir ki, “Kişi kimi boşan, evi satmaq istəyirsən, get ver məhkəməyə”. Bundan sonra o, işlətdiyi yeməkxanaya getmək üçün onlardan aralanmış və yoluna davam etmişdir. Gedərkən eşitmişdir ki, kimsə onu söyür. Baxarkən görmüşdür ki, həmin şəxslər Nərgizlə Aytəndir. O, həmin vaxt Aidəni görməmişdir. Nərgizlə Aytənə yaxınlaşaraq niyə gəlmələrini soruşmuş, bu zaman Nərgiz onun saçından tutmuş, o da yıxılmamaq üçün Nərgizin saçından tutmuşdur. Həmin vaxt Aytən onun qolundan tutaraq onu yerə yıxmışdır. Bundan sonra yerdə olarkən hər ikisi onu təpikləməyə başlamışlar. Həmin vaxt o, Aidəni görmüşdür. Aidə onları aralamağa çalışmış, sonra isə gedib qardaşı Yasəri köməyə çağırmışdır. Yasərgil gəldikdən sonra onları aralamışlar. Bundan sonra onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs uzun müddət istintaq orqanı tərəfindən cinayət işinin araşdırılmamış qaldığını, onun çoxsaylı şikayətlərindən sonra işə baxılmağa başlandığını, özünün Aytəndən vurulmuş zərərin ödənilməsini tələb etdiyini, hadisənin axşam saat 7-8 radələrində baş verdiyini, hadisə yerinə çoxsaylı insanların toplaşdığını, mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, Yasəri onun döyüldüyü yerə Aidənin çağırdığını, Yasər oraya gələn zaman artıq yerdə uzanıqlı olmaqla tam özündə olmadığını, onu yerə yıxan şəxsin Aytən olduğunu, bundan sonra həm Aytənin, həm də Nərgizin onu təpiklə vurmağa başladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 iyul 2021-ci il tarixdə, günortadan sonra bacısı Təqsirləndirilən şəxs onun istifadə etdiyi mobil telefonuna zəng vuraraq Natiqlə bağlı problem olduğunu bildirərək yaşadıqları evə gəlməsini xahiş etmişdir. O, Aytəndən nə məsələ olduğunu soruşduqda, Aytən qardaşı Natiqlə arvadının arasında söz söhbətlər yarandığını, Bakıxanov qəsəbəsində Əfsanənin qardaşı Yasərlə görüşəcəklərini deyib mübahisə edəcəklərini bildirmişdir. Aytən onu çağırmışdır ki, məsələni yoluna qoysun. Bundan sonra o, Aytənin yaşadığı evə getmiş, həmin vaxt evdə qardaşı Şahid2 qeyri rəsmi münasibətdə olduğu tanımadığı Nərgiz adlı qadını da görmüşdür. Bir neçə dəqiqədən sonra qardaşı Natiq gəlmiş və arvadı Əfsanə ilə aralarında problemlərinin olduğunu deyib, Əfsanənin qardaşı ilə görüşüb bu barədə söhbət edəcəyini bildirmişdir. O isə Natiqə Yasərlə görüşməsinə etiraz etmiş, çünki həmin vaxt Natiq çox əsəbi imiş, lakin Natiq Aytənin yaşadığı evdən çıxmışdır. Bundan sonra o, da Natiqin arxası ilə çıxmış və Natiq avtomobilini sürüb getmək istəyən zaman o, da maşına minmişdir. Bakıxanov stansiyasında Natiqin idarə etdiyi avtomobildən düşmüş və yaşadığı evə getmək üçün Bakıxanov stansiyasının yaxınlığında yerləşən “Kontakt Home” mağazasının qarşısına gəlmişdir ki, avtobusa minib yaşadığı evə getsin. Həmin vaxt Aytənin və Nərgizin uzaqdan ona tərəf gəldiklərini görmüşdür. Həmin vaxt Aytənə zəng gəlmiş, Aytən telefonda “necə yəni, dava” sözlərini işlətmiş, o, Aytəndən nə olduğunu soruşduqda Aytən ona Yasərlə Natiqin dava etdiyini bildirmişdir. Aytən ona bu barədə anası Təranənin zəng edərək xəbər verdiyini, anasına Əfsanənin zəng edərək məlumat verdiyini bildirmişdir. Bundan sonra o, özü taksi maşınına əyləşərək Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Ülvi” şadlıq sarayına tərəf yollanmışdır. Yavər Əliyev küçəsində yerləşən “Ülvi” şadlıq sarayının yaxınlığında taksidən düşmüş, lakin həmin ünvanda Natiqlə Yasərin münbahisə etdiklərini görməmiş və kənarda dayanmışdır. Bir neçə dəqiqədən sonra bacısı Aytən və Nərgiz adlı qadın gəlmişlər. Aytən Yasərin işlətdiyi avtoyuma məntəqəsinə tərəf getmiş. Əfsanə Aytənin avtoyuma məntəqəsinə getdiyini görüb onlara tərəf yaxınlaşmış, həmin vaxt Aytən, Nərgiz və Əfsanənin arasında mübahisə yaranmış, mübahisə zamanı Aytən Əfsanənin üstünə hücum çəkmiş, bu zaman Əfsanə yerə yıxılmış və onların arasında dava-dalaş yaranmışdır. Lakin o, yenə də onlara yaxınlaşmamış və həmin yerdən təxminən 20 metr aralıda yerləşən Əfsanənin işlətdiyi avtoyuma məntəqəsinə qaçaraq avtoyuma məntəqəsində olan qardaşı Natiqi və Əfsanənin qardaşı Yasəri çağırmış. X8 Nərgizgilin əlindən almışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Eyvazova X1 onlara yaxınlaşan zaman Nərgizlə Əfsanə arasında artıq narazılıq olduğunu, Əfsanənin Nərgizi görərkən özündən çıxdığını, Aytənin Əfsanənin saçından tutaraq yerə yıxdığını, Nərgizin isə onu vurduğunu, Əfsanənin başını asfalta vurduğunu görmədiyini, Nərgizin Əfsanəni təpiklə vurduğunu, onunla Əfsanə arasında heç bir mübahisə olmadığını, davanın 10-15 davam etdiyini, Əfsanə ilə Nərgizgili Natiqgilin ayırdığını, onun Əfsanəyə əlinin dəymədiyini, sadəcə Əfsanənin ona ora niyə gəldiyini soruşduğunu, bundan başqa aralarında heç bir söhbət olmadığını, onun hadisə yerinə Yasərlə Natiq arasında mübahisədən narahat olması səbəbindən getdiyini, hadisə yerində tanımadıqları şəxslərin olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2009cu ildə X4 ilə ailə həyatı qurmuş, birgə nikahdan bir azyaşlı qız övladları var. 2020-ci ilin dekabr ayına qədər Əfsanə ilə aralarında olan münasibətlər normal olmuşdur. 2021-ci ilin may ayında X2 ilə tanış olmuş, həmin vaxtdanda Nərgizlə qeyri rəsmi münasibət qurmuşlar. Həmin ərəfələrdə Əfsanə ilə aralarında olan münasibətlər dahada pisləşmiş və 30 sentyabr 2021-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə boşanmışlar. Hadisə günü ona evdən zəng gəlmiş və evə gəlməsi bildirilmişdir. O, evə getmiş və bacısı Aidənin orada olduğunu görmüşdür. O, çoxdan idi Aidə ilə küsülü idi, görüşüb bir az dərdləşmişlər. Sonra Yasər, yəni Əfsanənin qardaşı ona zəng edərək onunla Akkordun həyətində olan moykada görüşmək istədiyini bildirmişdir. Yasərlə görüşməyə gedərkən yolüstü bacısı Aidəni düşürtmüşdür. O, getmiş və Yasərlə söhbət etmişdir. O, sonradan eşitmişdir ki, Aytən Aidəyə zəng edərək onun döyüldüyünü bildirmişdir. O, Yasərlə söhbət edən zaman Aidə, Aytən və Nərgiz oraya gəlmişlər. O, Yasərlə söhbət edən zaman bacısı Aidə gələrək ona dava olduğunu bildirərək onları həmin yerə çağırmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, o, hadisə yerinə gedəndə Əfsanənin yerdə olduğunu, X5 hücum etdiklərini, onların hadisə yerinə gəlməkdə məqsədlərinin Əfsanəyə hücum çəkmək olduğunu, Əfsanə ilə Nərgiz və Aytəni onların, yəni onunla Yasərin ayırdığını, hətta həmin vaxt bacısının döyülməsinə görə Yasərlə aralarında mübahisə olduğunu, hadisə zamanı hadisə yerində 50-60 nəfərin olduğunu, yay vaxtı olduğundan səs-küyə çox adamın gəldiyini, həmin şəxsləri tanımasa da, çoxunun məhlə sakini olduqlarını, Rafael adlı şəxsin də hadisə yerində olduğunu, özü Yasərlə moykada olarkən qışqırıq səsləri eşitdiyini, Aidənin onu hadisə yerinə çağırdığını, ilk olaraq çölə çıxarkən hasar olduğundan heç nə görmədiyini, hasarın arxasından çıxarkən Əfsanənin yerdə olduğunu, Nərgizlə Aytənin onu döydüklərini gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Əfsanə hadisədən bir gün öncə Natiqə zəng edərək mübahisə etmiş, onlar bir-birilərinə qarşı nalayiq sözlər işlətmişlər. Həmin gün Əfsanə Natiqə demişdir ki, sabah qardaşım səninlə bu məsələ ilə bağlı danışacaq. Həmin gün o, bezib getmək istəyərkən Natiq onun qolundan tutaraq onu Təranə xanımgilə, yəni Aytənin anasının evinə aparmışdır. Orada olarkən Aytənlə belə qərara gəlmişlər ki, Aidəyə zəng edib desinlər ki, Natiqi təkləyiblər, o, gəlib kömək etsin. Həmin vaxt Yasər Natiqə zəng edərək demişdir ki, Natiq onun bacısı Əfsanəni söymüş və o, bu səbəbdən Natiqi söhbət etmək üçün avtoyuma məntəqəsinə çağırmışdır. Aytən Aidəyə zəng edərək onu evə çağırmışdır. Onlar da Natiq getdikdən sonra onun ardı ilə hadisə yerinə getmişlər. Onlar maşının arxasında dayanmışlar ki, onları görən olmasın. Hadisə yerində Aidə ilə Yasərlə mübahisə başlamışlar. Həmin vaxt Yasər qışqıraraq Natiqə bacısı haqqında nalayiq sözlər işlətmişdir. Bu zaman Əfsanə Aidəyə demişdir ki, “sən də bunlarla əlbir olmusan”, Aidə isə ona “mən neçə ildir qardaşımla sənə görə danışmıram” deyə cavab vermişdir. Sonra getdikcə dava böyümüşdür. O, bir gün əvvəl Əfsanənin nələr edəcəyinə şahid olduğundan kənarda dayanmış və ümumiyyətlə davaya qarışmamışdır. Onun bulanıq şəkildə yadındadır ki, dava zamanı Aytən Əfsanə ilə Aidəni ayırırdı. Aidə ilə dava zamanı Əfsanə yerə yıxılmış və özü öz başını asfalta vurmağa başlamışdır. Daha sonra yerdən qalxaraq maşın yoluna qaçmış və bu zaman Natiq onu tutmuşdur. Daha sonra isə Yasərlə Natiq arasında dava başlamışdır. Onlar ikisi bir kənarda dalaşmış, Əfsanə ilə Aidə isə digər tərəfdə dalamışlar. Daha sonra o, görmüşdür ki, Aytən əlini başını tutaraq ağlayır. Sonra Natiq ona yaxınlaşaraq demişdir ki, “Aytəni də götür, gedin evə”. Onlar maşına minərək getmişlər. Natiqə zəng etsələr də, Natiq cavab verməmiş. Sonra onlara məlum olmuşdur ki, Natiq bölmədədir. Aidə hadisədən sonra oradan keçən avtobusa minərək çıxıb getmişdir. X13 zəng edərək onları “Konktakt Home” tərəfə çağırmış, onlar birlikdə davanı müzakirə etdikdən sonra Aidə çıxıb işə getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid Nərgiz Useynzadə hadisənin axşamtərəfi, saat 6-8 arası, yay aylarında baş verdiyini, Əfsanəni Natiq vasitəsi ilə hadisədən az müddət öncə tanıdığını, Aytəni də hadisə günü Natiq vasitəsi ilə tanıdığını, Əfsanənin yalnız ekspert rəyi almaq üçün başını yerə vurduğunu, onun Natiqlə ciddi münasibəti olduğundan Əfsanənin qısqanclıq zəminində bu kimi hərəkətlərə yol verdiyini, ilk öncə Əfsanənin Aidəni itələdiyini, sonra Aidənin Əfsanənin saçından tutduğunu, Əfsanənin yerə yıxılaraq başını yerə vurduğunu, Aytənin Əfsanəni vurmasını görmədiyini, Aytənin sadəcə Aidə ilə Əfsanəni ayırdığını, hadisə yerində çox insanın olmadığını, bir neçə nəfərin gəldiyini, dava əsnasında Rəfailin Natiqin qolundan tutduğunu, Yasərin Natiqi vurması üçün şərait yaratdığını, Əfsanənin başından qan gəlməsini tam xatırlamadığını, bir az qan olduğunu, Aytənin başına kimin vurduğunu görmədiyini, sadəcə Aytənin başını tutaraq ağladığını gördüyünü, Əfsanəyə nə onun, nə də Aytənin xəsarət yetirmədiyini, Əfsanənin özünə xəsarət yetirdiyini düşündüyünü, mübahisənin təxminə 10-15 dəqiqə davam etdiyini, hadisəni kiminsə video çəkdiyini görmədiyini, müstəntiq tərəfindən onun ifadəsinin dəyişdirildiyini, hadisə yerinə baxış zamanı orada olmadığını və həmin istintaq hərəkətində iştirak etmədiyini bildirmişdir. Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən “Uğur 2” kompeksinə aid hündürmərtəbəli binanın yan tərəfi, magistral yoldan təxminən 10 metr aralıqda, ətrafda çoxlu sayda ticarət obyektlərinin yerləşdiyi yerdə baş vermişdir (i.v.76-78). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 06 iyul 2021-ci il tarixli, 949 saylı rəyindən görünür ki, Əmirova (Əlizadə) Əfsanə Bəylər qızında baş beyin silkələnməsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları, alın, sağ diz oynağı nahiyələrinin qançır və sıyrıqları, sağ bazu və döş qəfəsi nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, müddəti qərarda göstərilən və şəxsin dediyi xx.xx.2021- ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən baş beyin silkələnmsi, sağ təpə, ənsə nahiyələrinin dərialtı hematomaları ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, alın, sağ diz oynağı, sağ bazu və döş qəfəsi nahiyələrin qançır və sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (i.v.80-82). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 08 iyul 2021-ci il tarixli, 964 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təpə və sol bazu nahiyyələrinin qançırları, boyun nahiyyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 05 iyul 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (i.v.84-85). “Sübutların qiymətləndirilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, onun öz müdafiəsi üçün irəli sürülmüş dəlillər təkzib edilmiş hesab edilmişdir (i.v. 246-261). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələr, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.2.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək hadisə günü Əfsanə Əlizadəni ümumiyyətlə vurmadığını, Əfsanənin özünün öz başını yerə vurduğunu, Əfsanəni bacısı Aidənin yerə yıxdığını göstərsə də, onun ifadəsində göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təsdiq edilmədiyindən və iş materiallarında olan sübutlarla və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. İlk öncə məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Əfsanə Əlizadəni 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən «Ülvi» şadlıq sarayının qarşısında yerə yıxaraq həmin vəziyyətdə ona xəsarətlər yetirməsinə dair zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusat iş üzrə dindirilmiş şahidlər-təqsirləndirilən şəxsin bacısı Şahid1, qardaşı Şahid2 ifadələri, məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə həmin şəxslərin ifadələrində iş üçün əhəmiyyət kəsb edən hallarla bağlı ziddiyyətin olmamasını, ifadələrinin birinin digərinə uyğun olmasını nəzərə alaraq onların ifadələrinin ayrılıqda tədqiqinə zərurət görmür. İş üzrə dindirilmiş şahidlərdən yalnız X3 fərqli məzmunda ifadə versə də, məhkəmə onun ifadələrini təqsirləndirilən şəxsin və dindirilmiş şahidlərin ifadələri əlaqəli və müqayisəli şəkildə tədqiq edərək onların ifadələri arasında əhəmiyyətli ziddiyyətlərin olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs və Nərgiz Useynzadənin ifadələrində səmimi olmaması qənaətinə gəlir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin ifadəsindəki bəzi məqamlara münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs hadisə günü bacısı Aidənin Natiqin arxası ilə evdən çıxmasından yarım saat sonra Nərgizə zəng edərək dava olduğunu bildirdiyini göstərsə də, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Aidə ilə Natiq uzun müddət imiş ki, küsülü olmuşlar və Aidənin ümumiyyətlə hadisə gününə qədər Natiqin ailəsində olan problemlərdən, həyatında qeyri-rəsmi münasibətdə olduğu Nərgizin olmasından məlumatı olmamış və Aidə Nərgizi ilk dəfə hadisə günü Aytəngildə görmüşdür. Belə olan halda Nərgizi tanımayan, ilk dəfə hadisə günü Aytəngildə görən və Nərgizin mobil nömrəsini bilməyən Aidənin Aytənə deyil, məhz Nərgizə zəng edərək Natiqin dalaşması barədə məlumat verərək onları hadisə yerinə çağırması real və inandırıcı deyil. Bununla yanaşı, Təqsirləndirilən şəxs ifadəsindəki bu xüsusat nə Şahid1, nə də Nərgiz Useynzadənin ifadəsindəki xüsusatlarla uzlaşmamışdır. Belə ki, Şahid1 ümumiyyətlə belə bir halın baş vermədiyini, əksinə Aytənin ona Natiqin dalaşması barədə məlumat verdiyini bildirmiş, Nərgiz Useynzadə isə ifadəsində Aidənin hadisə günü ona zəng etməsinə dair hər hansı hala toxunmamış, Yasərin Natiqə zəng edərək onu yanına çağırdıqdan sonra onların Aidəni evlərinə çağırdıqlarını, Aidə gəldikdən sonra isə üçünün birlikdə hadisə yerinə getdiklərini bildirmişdir ki, bu da Təqsirləndirilən şəxs ifadəsinin nəinki onun əleyhinə ifadə verdiyini iddia etdiyi Şahid1, həm də digər şahid (cinayəti onunla birlikdə törətməsi iddia edilən) Nərgiz Useynzadənin ifadəsi ilə də uyğun olmamasına dəlalət edir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ifadəsində hadisə yerinə onları Aidənin çağırmasına baxmayaraq Aidənin ilk öncə maşınların arxasında gizləndiyini, o və Nərgiz taksidən enən zaman Əfsanənin onlara yaxınlaşaraq “Siz burada nə edirsiz” dediyini, bu zaman Əfsanə ilə Aidə arasında mübahisə baş verdiyini bildirsə də, Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi bu təzad məhkəmənin diqqətini xüsusi olaraq cəlb etmişdir. Belə ki, əgər həqiqətən də Şahid1 Aytənlə Nərgiz hadisə yerinə gələn zaman maşınların arxasında gizlənmişdirsə və Nərgizlə o, taksidən enən zaman Əfsanə Əlizadə onlara yaxınlaşaraq niyə oraya gəldiklərini bildirmişdirsə, bu əsnada mübahisənin Əfsanə ilə onların arasında deyil, maşınların arxasında gizlənmiş Aidə arasında yaranması sadəcə absurddur. Halbuki,məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da ifadəsində hadisə yerinə getdikdən sonra dava olmadığını gördükdə kənarda dayandığını, Nərgizlə Aytənin avtoyuma məntəqəsinə tərəf gedən zaman Əfsanəni gördüklərini və aralarında mübahisə yarandığını, mübahisə əsnasında Aytənin Əfsanəni yerə yıxdığını və Nərgizlə birlikdə ona xəsarətlər yetirdiklərini bildirmiş, zərərçəkmiş şəxs Əfsanə Əlizadə də Aytən və Nərgizi görən zaman Aidəni onların yanında görmədiyini, Aidəni artıq yerdə olan zaman onları ayırmağa çalışan zaman gördüyünü bildirmişdir. Bununla yanaşı, digər şahidlər Şahid2 və Şahid3 də ifadələrində Əfsanənin Nərgiz və Aytən tərəfindən döyülməsi barədə onlara avtoyuma məntəqəsinə gələrək Şahid1 xəbər verdiyini və onları köməyə çağırdığını bildirmişlər ki, bu da təqsirləndirilən şəxsin ifadəsində Aidənin zərərçəkmiş şəxsi yerə yıxmasına dair göstərdiyi xüsusatın təkzib edilməsinin göstəricisidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və X6 Əlizadənin yerə yıxıldıqdan sonra özünün öz başını asfalta vurduğunu və bu səbəbdən onda müvafiq xəsarətlərin olduğunu bildirsələr də, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X12 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 06 iyul 2021-ci il tarixli, 949 saylı rəyindən görünür ki, Əmirova (Əlizadə) Əfsanə Bəylər qızının sadəcə baş nahiyyəsində deyil, sağ diz oynağı, sağ bazu və döş qəfəsi nahiyələrində də xəsarətlər müəyyən edilmiş və ekspert rəyinə əsasən xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Bununla yanaşı, hazırki məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdə olan xəsarətlərin özünün öz başını asfalta vurması nəticəsində yaranmasını bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində belə bir xüsusata ümumiyyətlə toxunmamış, Əfsanənin Aidə və Nərgiz tərəfindən döyüldüyünü bildirmişdir. Bundan savayı, təqsirləndirilən şəxs ifadəsində hadisə günü hadisə yerində Nərgizin Əfsanə ilə sözlü mübahisə etdiyini, lakin Əfsanəni vurmasını görmədiyini bildirsə də, Nərgiz Useynzadə ümumiyyətlə mübahisədə iştirak etmədiyini, tamamilə kənarda dayanaraq uzaqdan hadisəni izlədiyini, Aytənin hadisə yerində olaraq Aytənlə Aidəni ayırmağa çalışdığını bildirmişdir ki, bu da Təqsirləndirilən şəxs ilə Nərgiz Useynzadənin ifadələrinin də birinin digəri ilə ziddiyyətli olmasının daha bir nümunəsidir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai istintaq dövründən özünü təqsirli bilməyərək Əfsanə Əlizadəni vurmadığını bildirsə də, məhkəmə istintaqı zamanı hadisəni tamamilə başqa formada təsvir edərək tamamilə başqa məzmunda ifadə vermiş, lakin onun həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələr iş üzrə toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapmamaqla təkzib edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilməsi üçün 13-cü polis bölməsinin növbətçi hissəsinə təhvil verilmişdir (i.v.179). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.231-234). “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 mart 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.235-237). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.245). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətvislah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 mart 2023-cü il tarixdən 11 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 10% tutulmaqla 01 il 05 ay 22 gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-539/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-539/2023
14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver