Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-540/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxa Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Abdunlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d ı̇ : Yekun protokola əsasən Təqsirləndirilən şəxs 09 aprel 2023-cü il tarixdə saat 12:40 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 2 ünvanında taksi fəaliyyəti ilə məşğul olaraq avtomobilinə müştəri əyləşdirən zaman onun arxası ilə hərəkət edən “Hyundai Kupe” markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs siqnal verib yol istəməsi ilə əlaqədar haqlı iradına məhəl qoymayaraq sonuncu ilə mübahisə etməyə başlamış, ictimai yer olan küçədə, kənar şəxslərin gözü qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə və həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub bir dəfə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq alt dodağın əzilmiş yaraları ilə müşayiət olunan, alt və üst dodaqların hematomaları; sağ əlin İİİ barmağının əzilmiş yarası, qançır və şişkinliyi; sağ diz oynağının dərialtı hematoması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirməklə, qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, atasına məxsus olan Toyota Prius markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində müştəri düşürtmüşdür. Həmin vaxt bir nəfər qadın yaxınlaşaraq onu biraz qabağa aparmağını xahiş etmişdir. Bu zaman ondan arxada dayanmış Hyundai Kupe markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü dayanmadan siqnal etməyə və başını avtomobilin pəncərəsindən çıxarıb onu nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamışdır. O, avtomobili qabağa verib saxlamış, həmin şəxs avtomobilinə yaxınlaşaraq pəncərədən onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş və bildirmişdir ki, birazda qabağa verib avtomobili saxlasın. O da onun dediyi kimi etmişdir. Avtomobildən düşərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs ümumi avtomobil yolundan kənar döngəyə keçməyi təklif etmiş, döngəyə keçərkən Zərərçəkmiş şəxs onunla aqressiv formada danışaraq ona ağır söyüşlər söyərək itələmiş, o da buna görə bir dəfə kəllə ilə onun sifət nahiyyəsindən vurmuş və həmin şəxsdə əli ilə onu itələyərək təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Həmin vaxt hadisə yerində kənar şəxs olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində idarə etdiyi Hyundai Kupe markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində hərəkətdə olan zaman Toyota Prius markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil yolu kəsərək hərəkət etmədiyi üçün ona siqnal verib sürməsini bildirmişdir. Həmin sürücü ona kobud şəkildə cavab verdiyi üçün sürücüyə avtomobilini bir az qabağa verib saxlamağını bildirmişdir. Avtomobildən düşdükdən sonra, Toyota Prius markalı avtomobildə xanım əyləşdiyindən sürücüyə əsas yoldan ara döngəyə keçməyi təklif etmiş, döngəyə keçdikdən sonra aralarında mübahisə baş vermiş və mübahisə zamanı sonradan adının Emin olduğunu bildiyi sürücü onunla əl qol hərəkətləri ilə danışmağa başlamışdır. Daha sonra ani bir vəziyyətdə onu təhqir edərək kəllə ilə onun sifət nahiyyəsindən və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vuraraq hadisə yerindən uzaqlaşmışdır. Oda həmin şəxsin avtomobilinin dövlət nömrə nişanını götürüb DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt Eminin avtomobilində bir nəfər tanımadığı xanım olmuşdur, lakin onlar avtomobildən düşərək ara döngədə mübahisə etdiklərindən həmin vaxt kənar heç kim olmamış, onların mübahisəsini heç kim görməmişdır. Sədrlik edənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs Şahid hadisə yerində olmadığını, o, yolun ortasında mübahisə etməmək üçün Təqsirləndirilən şəxs döngəyə çağırdığını, mübahisə zamanı döngədə ümumiyyətlə kənar şəxsin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsi ilə piyada hərəkətdə olan zaman yolun kənarında Hyundai Kupe markalı və Toyota Prius markalı avtomobillərin saxladığını, avtomobillərin yanında 2 nəfər sürücünün mübahisə etdiklərini və bir-birlərini söyüb təhqir etdiklərini görmüşdür. Münaqişə vaxtı Toyota Prius markalı avtomobilin sürücüsü kəllə ilə digər şəxsin sifət nahiyyəsindən vurmuş və onlar süpürləşməyə başlamışlar. Daha sonra ətrafda olan şəxslər onları ayırmışlar və o da tələsdiyi üçün çıxıb getmişdir. Hadisə ünvan 2 ünvanında yolun kənarında baş vermiş, ümumilikdə 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt Toyota Prius markalı avtomobilin salonunda arxa oturacaqda bir nəfər xanım olmuşdur. Ətrafda təxminən 6-7 nəfər tanımadığı şəxslər olmuş və onlarda hadisənin şahidi olmuşlar. Yoldan keçən avtomobillər hərəkətlərini dayandırıb hadisəyə tamaşa etmişlər. Sədrlik edənin suallarına cavab olaraq Şahid Ucar rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonunda yaşadığını, baş vermiş hadisə zamanı Sabunçuda yaşayan bacısı qızıgildən gəldiyini, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, hadisə vaxtı üzərində mobil telefon olmadığını, hadisə yerində olan digər şəxslərin heç birini tanımadığını göstərmiş, hadisənin baş verməsindən 16 gün sonra təhqiqat orqanının onun hadisə yerində olması barədə necə məlumat tutduqlarını izah edə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 09 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin təfərruatlarını yerində göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 03-06); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 26); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 11 aprel 2023-cü il tarixli 718 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın əzilmiş yaraları ilə müşayiət olunan, alt və üst dodaqların hematomaları; sağ əlin İİİ barmağının əzilmiş yarası, qançır və şişkinliyi; sağ diz oynağının dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur(i.v.29-31); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 11 aprel 2023-cü il tarixli 721 saylı canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol yanaq və sol bud nahiyələrin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi inkar olunur, bədənin əlçatan nahiyəsində yerləşdiyindən özü və kənar şəxs tərəfindən yetirilə bilər(i.v.32-33); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 35); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd etmiş və təqsirləndirilən şəxsin barəsində CM-nin 128-ci maddəsi tətbiq olunmaqla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 09 aprel 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm məhkəməyədək icraat, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm məhkəməyədək icraat materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində idarə etdiyi Hyundai Kupe markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsində hərəkətdə olan zaman Toyota Prius markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil yolu kəsərək hərəkət etmədiyi üçün ona siqnal verib sürməsini bildirmiş, həmin sürücü ona kobud şəkildə cavab verdiyi üçün sürücüyə avtomobilini bir az qabağa verib saxlamağını bildirmişdir. Avtomobildən düşdükdən sonra, sürücüyə əsas yoldan ara döngəyə keçməyi təklif etmiş, döngəyə keçdikdən sonra aralarında mübahisə baş vermiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələri ilə müəyyən edilmişdir ki, mübahisə zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 09 aprel 2023-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlamış, sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Belə olan halda hadisənin təşəbbüskarının kimliyi hadisəyə hüquqi qiymətin verilməsi və əməlin tövsifi üçün əhəmiyyət kəsb etməsə də, bilavasitə mübahisənin ilk olaraq Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlaması cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətinin təsiri altında törədildiyinə dəlalət edir. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli, hətta onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Hazırki işin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Şahid ifadəsində xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Novruz küçəsi ilə piyada hərəkətdə olan zaman yolun kənarında Hyundai Kupe markalı və Toyota Prius markalı avtomobillərin saxladığını, avtomobillərin yanında 2 nəfər sürücünün mübahisə etdiklərini və bir-birlərini söyüb təhqir etdiklərini gördüyünü, münaqişə vaxtı Toyota Prius markalı avtomobilin sürücüsü kəllə ilə digər şəxsin sifət nahiyyəsindən vurduğunu, onların süpürləşməyə başladığını, daha sonra ətrafda olan şəxslərin onları ayırdığını və o da tələsdiyi üçün çıxıb getdiyini, hadisənin ünvan 2 ünvanında yolun kənarında baş verdiyini, ümumilikdə 5-10 dəqiqə davam etdiyini, həmin vaxt Toyota Prius markalı avtomobilin salonunda arxa oturacaqda bir nəfər xanım olduğunu, ətrafda təxminən 6-7 nəfər tanımadığı şəxslərin olduğunu və onlarda hadisənin şahidi olduğunu, yoldan keçən avtomobillərin hərəkətlərini dayandırıb hadisəyə tamaşa etdiyini göstərmişdir. Lakin, həm Zərərçəkmiş şəxs, həm Təqsirləndirilən şəxs hadisə zamanı Şahid hadisə yerində olmadığını bildirmiş, ümumiyyətlə hadisə zamanı hadisənin baş verdiyi döngədə kənar heç kimin olmadığını göstərmişlər. Bundan başqa sədrlik edənin suallarına cavab olaraq Şahid Ucar rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonunda yaşadığını, baş vermiş hadisə zamanı Sabunçuda yaşayan bacısı qızıgildən gəldiyini, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, hadisə vaxtı üzərində mobil telefon olmadığını, hadisə yerində olan digər şəxslərin heç birini tanımadığını göstərmiş, hadisənin baş verməsindən 16 gün sonra təhqiqat orqanının onun hadisə yerində olması barədə necə məlumat tutduqlarını izah edə bilməmişdir. Həmçinin, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şahid bir neçə cinayət işləri üzrə məhkəmədə hal şahidi qismində iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Şahid ifadəsini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək inandırıcı hesab etmir. Hazırki cinayət hadisəsinin xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində ümumi istifadədə olan yoldan kənarda ara döngədə baş verməsi, həmin vaxt döngədə heç kimin olmaması iş üzrə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri ilə təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı digər sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-540/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-540/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver