Məhkəmə qərarları › İş №1(008)-543/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-543/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-543/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Dövlət ittihamçısı X4, 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi qaydada işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş-Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə axşam saatlarında Şahid3 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0.729 qram narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkisi 0.253 qram psixotrop maddə olan metamletamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu RPİ-in 14-cü PB-in əməkduşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin tarixdə saat 22:45 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yaşadığı evin yaxınlığında narkotik maddələrin daşınmasında və saxlanmasında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Bakı şəhəri, Sabunçu RPİ-in 14-cü PB-in inzibati binasına gətirilib, 07 mart 2023-cü il tarixdə, saat 01:00 radələrində xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0.729 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd bükümdə təmiz çəkisi 0.253 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 mart 2023-cü il tarixdə axşam saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də yaşayan və əvvəlcədən tanıdığı Elnarə adlı qadından şəxsi istifadəsi üçün narkotik maddə istəmişdir. Elnarə adlı qadını uzun müddətdir ki, tanıdığından və üzərində pulu olmadığı üçün Elnarə ona iki ədəd siqaret sellofanına bükülmüş heroin, metamfetamin hədiyyə etmişdir. Pulu olan kimi həmin narkotik maddələrin ödəyəcəyinə söz verməklə ondan həmin narkotik maddələri götürmüşdür. 06 mart 2023-cü il tarixdə, saat 22:45 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yaşadığı evin yaxınlığında yol kənarında olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərərək şəxsiyyəti təsdiq edən sənəd istəmişlər. Üzərində heç bir olmadığından, üzərində narkotik maddə olduğu üçün onlardan yayınmağa çalışmış və özünü şübhəli aparmışdır. Polis əməkdaşları ondan şübhələnmiş və onu 14-cü PB-nə dəvət etmişlər. Onların müşayəti ilə PB-nə gəlmişdir. PB-də üzərinə videoçəkiliş aparılmaqla axtarış keçirilmişdir. Axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaret sellofandakı heroini və metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 06 mart 2023-cü il tarixdə Sabunçu RPİ-in 14-cü PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə tərəfindən bu barədə 14-cü PB-in rəhbərliyinə raportla məruzə edilmiş, eyni zamanda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 06 mart 2023-cü il tarixdə, saat 22:45 radələrində əməliyyat qrupunun üzvü Sabunçu RPİ-in 14-cü PB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Maştağa qəsəbəsi, Nizami küçəsində xidmətdə olarkən, E.Təqsirləndirilən şəxs həmin küçədə yaşadığı evin yaxınlığında olduğunu görüb ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib Sabunçu RPİ-in 14-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs PB-nə gətirdikdən sonra 07 mart 2023-cü il tarixdə, saat 01:00 radələrində Sabunçu RPİ-in 14-cü PB-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirilərək üzərinə axtarış aparılana kimi olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbətdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaret sellofanda olan bükülünü təqdim edərək həmin bükümlərin içərisində narkotik maddə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni 06 mart 2023-cü il tarixdə Maştağa qəsəbəsi, X9 Massivi ərazisində yaşayan Elnarə adlı qadının ona hədiyyə etdiyini və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Azər Nizami oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsi, X9 massivi nömrəsiz evdə yaşayır. 07 mart 2023-cü il tarixdə Sabunçu RPİ-in əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış, 08 mart 2023-cü il tarixdə Sabunçu RPİ-in İŞ-də ona CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni ona özü vermişdir. Təxminən bir ay bundan qabaq narkotik maddələrdən istifadə etməyə başlamışdır. Dəqiq tarixi xatırlamır. Nəsimi rayonu, Kubinka deyilən ərazidə adını və anket məlumatlarını bilmədiyi şəxsdən 500 manata narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və qurudulmuş marixuana alıb yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9 massivində yerləşən evinə gətirib saxlamışdır. Həmin narkotik vasitə və psixotrop maddədən özü istifadə etmiş, lakin həmin narkotik vasitə və psixotrop maddədən heç kimə satmamışdır. 06 mart 2023-cü il tarixdə axşam saatlarında tanışı Azad onun istifadəsində olan mobil nömrəsinə zəng edərək bədənində ağrılar olduğunu, ona köməklik etməyini, ona narkotik vasitə verməyini xahiş etmişdir. Həmin vaxt evində saxladığı narkotik vasitə və psixotrop maddədən ona vermək qərarına gəlmişdir. Ona bir bükümdə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə olan metamfetamini pay kimi heç bir mənfəət əldə etmək məqsədi güdmədən vermişdir. Həmin günün gecəsi, yəni 07 mart 2023-cü il tarixdə, saat 02:00 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə keçirilən şəxsi axtarış zamanı ona pay kimi verdiyi narkotik maddələr onun üzərindən aşkar edilmişdir. Bu barədə ona sual verildikdə Təqsirləndirilən şəxs həmin narkotik vasitələri verdiyini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1381 saylı, 07 mart 2023-cü il tarixli məhkəmə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatlarının tədqiqi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikasının D.İ.N Zərflər üçün №100» dairəvi möhür əksləri olan «vət.Təqsirləndirilən şəxs üzərindən...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.729 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, bir ədəd bükümdə təmiz çəkisi 0.253 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddələr olduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi-0.729 qram, tədqiqata sərf edilən-0.05 qram, qalıq 0.679 qram, metamfetaminin ümumi təmiz çəkisi-0.253 qram, tədqiqata sərf edilən miqdar-0.05 qram, qalıq 0.203 qramdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X10 Ambulator X1 1494 saylı, 14 mart 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 mart 2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 07 mart 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd siqaret sellofanında olan bükülünü təqdim edərək həmin bükülünün içərisində narkotik maddə heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitələri 06 mart 2023-cü il tarixdə Maştağa qəsəbəsi, Savalan YYM-də ərazisində yaşayan Elnarə adlı qadının ona hədiyyə etdiyini və şəxsi istifadə məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd siqaret sellofanına bükülmüş bükülünü açdıqda həmin bükümdə toz şəkilli, tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik maddə hesab edilən heroinə bənzər kütlə və digər bükülüdə isə toz kristal şəkilli, şəffaf rəngli, spesifik qoxuya malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Cinayət işinin materiallarında olan 07 mart 2023-cü il tarixli «diskə baxış keçirilən zaman müəyyən oldu ki, baxış xidməti otaqda aparılır. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaların təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu iki ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman sellofan bükümlərdən birinin içərisindən toz şəkilli tünd qəhvəyi rəngli heroinə bənzər, digər bükümün içərisində isə toz kristal şəkilli şəffaf rəngli metamfetaminə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin sellofan bükümlərdə olan kütlənin narkotik vasitə heroin və psixotrop metamfetamin olduğunu və 06 mart 2023-cü il tarixdə Maştağa qəsəbəsi, Savalan YYM ndə yaşayan Elnarə adlı qadının ona hədiyyə etdiyini və şəxsi istifadə məqsədilə üzərində ıb daşıdığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxsin etirafedici, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən-satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə-bir ildən üç ilədək azadlığın məhdudlaşıdırlması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət məsuliyyəti cinayət törədən şəxsin mühakimə edilməsi və ona cinayət hüquqi xarakterli tədbirlərin tətbiqi ilə bağlı öhdəliyin reaksiyasıdır. Cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və sübyektiv əlamətlərinin məcmusudur. Cinayət ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərinin sistemidir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması üçün obyektiv və subyektiv əlamətlər mövcuddur. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1.cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əldə olunmuş sübutlar şübhəli sübutlar deyil, onlar mötəbər sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs təqsirliyi Cinayət Prosessual Qanunvericiliklə müəyyən edilmiş sübutlarla tam olaraq sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-ci maddəsinə əsasən bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda-təqsirləndirilən şəxsə cəza təyin etməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmənin ittiham hökmü ilə cinayət işi mahiyyət üzrə həll edilir və hökmdə cinayət hadisəsinin baş verməsi, həmin hadisənin məhz təqsirləndirilən şəxs tərəfindən törədilməsi və ona cəza təyin edilməsi məsələləri öz əksini tapır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Edar oğlunun törətdiyi əməldən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamın 1.1-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsi mümkünlüyü araşdırılmalıdır. Həmin Sərəncamın 10.5-ci maddəsinə əsasən həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməli, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməli, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmalıdır. Cinayət işinin materiallarında olan 07 mart 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 06 mart 2023-cü il tarixdən, saat 22:45 radələrindən tutulmuş hesab edilmişdir (səh.,19). Cinayət işinin materiallarında olan 08 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona ittiham elan edilmişdir (səh.,51). Təqsirləndirilən şəxs dindirilməsi 08 mart 2023-cü il tarixdə saat 10:30-da başlanmış, saat 11:30 radələrində bitmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan 08 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur (səh., 71). Cinayət işinin materiallarında olan 08 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (səh., 65). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, alternativ cəza ilə islah olumasını mümkün olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını və işdə olan digər halları nəzərə alaraq, ona «azadlığın məhdudlaşdırılması» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşıdrılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmalı, cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasının onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalı, onun üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanını icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixə kimi həbsdə olduğu «02» (iki) gün müddət nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Respublika Narkoloji Mərkəzi X10 Ambulator X1 1494 saylı, 14 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.679 qram heroin və 0.203 qram metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. İş üzrə 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülməlidir (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən «02» (iki) il, «10» (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 mart 2023-cü ildən 08 mart 2023-cü il tarixə qədər şübhəli şəxs kimi həbsdə saxlandığı «02» (iki) gün müddət nəzərə alınsın, həmin müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən «04» (dörd) gün hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq «02» (iki) il, «09» (doqquz) ay, «26» (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icra müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəh., Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə-0.679 qram heroin və 0.203 qram metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. İş üzrə 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖİN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab 41 NABZ******************** SVİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Hüquqi xidmətə görə Müdafiəçi iştirak etdiyi 20 saata görə 120 manat məbləğində pul ödənilməsi üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq 7 saylı vəkil bürosunun hesabına köçürülsün (Hesablaşma hesabı: Kapital Bank ASC-in Sabunçu filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ**********000001944, 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB 330100 **********7120, VÖEN **********). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar