Məhkəmə qərarları › İş №1(008)-543/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-543/2024

05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-543/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını açıq talayıb soyğunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 06 fevral 2024-cü il tarixdə saat 21 radələrində ünvan 1ünvanında yerləşən "xxxx" MMC-yə məxsus «Oba Neftçilər 9» saylı mağazasına müştəri qismində daxil olaraq mağazada kassir işləyən Şahid3 diqqətini yayındırmaq məqsədi ilə satışda olan siqareti vitrində tapa bilmədiyini bildirməklə Şahid3 pul vəsaiti toplanmış kaas aparatından bir qədər aralanmasına və kassa aparatının qısa müddətə nəzarətsiz qalmasına nail olub kassa aparatının üzərindəki açarla kassanı açıb saxlanc yeri hesab edilən kassa aparatına qanunsuz olaraq götürməklə içərisində yerləşən həmin marketə məxsus iki ədəd hərəsi 100 manat nominalında olan pul əskinazlarını cəmi 200 manat məbləğində pulu gizli yolla ələ keçirən zaman Şahid3 aparata müdaxilə edilməsini, yəni açılması səsini eşidərkən oradan pulun götürüldüyün zənn edib aparatın yanına qayıdıb hərəkətlərini gördüyünə görə ifşa olduğunu dərk edərək özgənin əmlakını gizli talamaya yönəlmiş cinayətkar hərəkətlərini artıq özgənin əmlakını açıq talama cinayətin törədilməsinə yönəldərək Şahid3 onu tutub saxladığına baxmayaraq cinayətkar hərəkətlərini davam etdirib kassadan götürdüyü iki ədəd hər biri 100 manatlıq nominallı pul əskinazlarından birini əlindən salaraq digərini isə 100 manatlıq pul əskinazını Şahid3 gözü qarşısında əynində olan şalvarın sağ yan cibində gizlədib sonuncunun əlindən çıxıb oradan uzaqlaşmaqla saxlanc yerinə girməklə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 100 manat məbləğdə maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,898 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində fəaliyyət föstərən «Ayxan» Marketin qarşısına qədər daşımış, 08 fevral 2024-cü il tarixdə saat 14:05-də Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı həmin ünvanda saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş və bölmənin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış xeyli miqdarda təmiz çəkisi 0,898 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 180.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ona AR CM-nin 180.2.3-cü maddəsi ilə ittiham elan edilmədiyini, onun əməlinin AR CM-nin 180.1-ci maddəsi ilə tövsif olunaraq müstəntiq tərəfindən işin məhkəməyə AR CM-nin 180.1-ci maddəsi ilə göndəriləcəyinin deyildiyini, ona daha ağır cəza tutulan AR CM-nin 180.2.3-cü maddəsi ilə ittihamın irəli sürülməsindən məlumatsız olduğunu bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində AR CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılaraq onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 tərəfindən “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli AR CM-nin 180.1 və 234.1-ci maddələrinə tövsif edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmiş, onun barəsində AR CM-nin 180.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinin Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə birləşdirilməsi qərara alınmışdır (cild 01; i.v.189-190). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild 01; i.v.223-224). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, AR CM-nin 180.1 və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə şəxsin əməli AR CM-nin 180.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 180.2.3 və 234.1-ci maddələrinə tövsif edilmiş və istintaqın həmin maddələrlə davam etdirilməsi qərara alınmışdır (cild 02; i.v.19-21). “Təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham olunması haqqında” 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 180.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 02; i.v.23-24). Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, barəsində AR CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılaraq həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əməli daha ağır sanksiyası olan AR CM-nin 180.2.3-cü maddəsinə tövsif edilərək istintaqın həmin maddə ilə davam etdirilməsinə baxmayaraq müstəntiq tərəfindən təqsirləndirilən şəxsə AR CM-nin 180.2.3-cü maddəsi ilə ittiham elan edilməmiş və Təqsirləndirilən şəxs həmin maddə təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir ki, bu da təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, şəxsin əməlinin əvvəl elan edilmiş ittihamda göstərilən cinayət qanununun maddəsindən fərqli maddəsinə, xüsusilə də ictimai təhlükəliliyi və sanksiyası daha ağır maddəsinə tövsif edildikdən sonra təqsirləndirilən şəxsə həmin maddə deyil, əvvəl elan edilmiş ittihamda göstərilən maddə ilə ittihamın elan edilməsi, istintaqın sonunadək təqsirləndirilə şəxsə bir dəfə də olsun AR CM-nin 180.2.3-cü maddəsi ilə ittihamın elan edilməməsi və onun həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməməsi təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamın mahiyyətindən xəbərdar olmamasına və bununla da ona qarşı irəli sürülmüş yeni ittiham üzrə öz müdafiəsini həyata keçirə bilməməsinə dəlalət edən haldır ki, belə olan halda məhkəmə müstəntiq tərəfindən həm qanunvericiliyin, həm də təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud şəkildə pozulması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. 223.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilir. 225.1-ci maddəsinə əsasən ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, müstəntiq bu Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etməlidir. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına yol verildikdə (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi zəruri olduğundan, onun həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar aradan qalxmadığından onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmalıdır. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 ay müddətə uzadılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 barəsində ayrıca xüsusi qərar çıxarılsın. Xüsusi qərar təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar