Məhkəmə qərarları › İş №1(008)-544/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-544/2024

26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-544/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızınıın sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Məhəmmədəli oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələriinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilirlər. Məhkəmə hazırlıq iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 məhkəmə hazırlıq iclası zamanı bildirmişdir ki, cinayət işi materialları ilə ibtidai istintaq zamanı tanış olmamışdır. İş materialları tərəfindən öyrənilərkən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin cinayət işi materialları ilə tanış edilməsinə dair protokolda olan imzaların əsil deyil, imzanın kserokopiyası olduğu müəyyən edilmişdir. Bu da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, eyni zamanda məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin tələblərinin pozulması ilə nəticələnmişdir. Odur ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, kobud pozuntulara yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 və müdafiəçisi 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatətin təmin edilməsini cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 vəsatətin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Məhəmmədəli oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 ayrı ayrılıqda vəsatətin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq, verilmiş vəsatəti müzakirə edərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, ibtidai araşdırma zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə hazırlıq iclası zamanı cinayət işinin materialları ilə tanış olmadığını bildirmişdir. Cinayət işi tərəfimdən öyrənilərkən cinayət işinin 3-cü cildinin 40-cı vərəqində olan təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında 13 iyun 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs2 və müdafiəçisi X1 imzalarının qələmlə çəkilmədiyi, həmin imzaların kserokopiya olduğu müəyyən edilmişdir. Həmçinin, həmin protokolda Təqsirləndirilən şəxs2 və müdafiəçisi X1 ona təqdim edilmiş 01 cild 251 vərəqdən və 01 cild 248 vərəqdən ibarət cinayət işinin materialları ilə tanış olduğu göstərilmişdir. Halbuki, hazırki cinayət işi 02 cild deyil, 03 cilddən(251 səhifə, 248 səhifə, 83 səhifə) ibarət olmuşdur. Bu da Təqsirləndirilən şəxs2 və onun müdafiəçisinin həqiqətən cinayət işi materialları ilə tam tanış olmamasına dəlalət edir. Azərbaycan Respublikası CPM-nin: 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Bundan başqa iş materialları tərəfimdən öyrənilərkən bir sıra pozuntular müəyyən edilmişdir ki, məhkəmə həmin məsələlərə münasibət bildirməyi də zəruri hesab edir. Hazırki cinayət işi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 xəstə olması səbəbindən CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cü il tarixdə təzələnmişdir(cild 2, i.v.56-57, 61-62); Cinayət işi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 xəstə olması səbəbindən CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2024-cü il tarixdə təzələnmişdir(cild 2, i.v.67-68, 72-73); Cinayət işi xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 xəstə olması səbəbindən CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2024-cü il tarixdə təzələnmişdir(cild 2, i.v.85-86, 89-90); Halbuki, Azərbaycan Respublikası CPM-nin 53.3.4-cü maddəsinə əsasən həmin Məcəllənin 53.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduqda cinayət təqibi dayandırıla bilər. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarına təqsirləndirilən şəxsin xəstəliyini təsdiq edən tibbi rəy və ya hər hansı bir digər sənəd əlavə edilməmişdir. Həmçinin, cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə icraat həmin tarixdə CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(cild 2, i.v.166-167); 10 aprel 2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, cinayət işi üzrə icraatın dayandırılmasına baxmayaraq müstəntiq tərəfindən prosessual hərəkətlər edilmişdir(cild 2, i.v.168-171, 172-173); Halbuki, 01 aprel 2024-cü il tarixdə dayandırılmış icraat 16 aprel 2024-cü il tarixdə təzələnmişdir(cild 2, i.v.174-175); Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir. Cinayət təqibi üzrə icraat dayandırıldıqdan sonra ibtidai araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün prosessual hərəkətlərin həyata keçirilməsi zərurəti yarandıqda, cinayət təqibi üzrə icraat təzələnir və həmin prosessual hərəkətlər başa çatdırıldıqdan sonra yenidən dayandırılır. Beləliklə, məhkəmə verilmiş vəsatəti, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılmalıdır. Həmçinin, məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar