Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-547/2025 26.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,659 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 26 fevral 2025-ci il tarixdə saat 13:20 radələrində Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanının qarşısında saxlanılaraq həmin yerdə üstü yoxlanılan zaman əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə içərisində xeyli miqdarda təmiz çəkisi 1,659 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında anası X9 ilə birlikdə yaşayıb. O, əvvəllər ailəli olmuş, lakin sonradan həmin nikah pozulmuş, keçmiş nikahdan 23 yaşlı oğlu – Musazadə Rauf adlı şəxs dünyaya gəlmişdir və hazırda ondan ayrı yaşayır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 263.1 və 317-2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. O, sonuncu dəfə təxminən 3 il əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza müddətini tam çəkərək azadlığa buraxılmışdır. O, fasilələrlə 10 ildən artıq bir müddətdir ki, narkotik vasitələrdən, xüsusilə heroini çəkməklə və dərialtına iynə vasitəsilə, eləcə də metamfetamini çəkməklə istifadə edir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində üzərində qanunsuz olaraq metamfetamini şəxsi istifadəsi məqsədilə əldə edib daşıdığına görə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində aparılan cinayət işi yekunlaşdırılmış və materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə, səhər saatlarında o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 40 (qırx) manat müqabilində bir bükümdə “patı” adlandırılan psixotrop maddə metamfetamin əldə edərək maddənin bir qismini həmin ərazidə istifadə etdikdən sonra qalan hissəsini cibində saxlamışdır. Həmin gün, yəni, xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi ilə yaşadığı ev istiqamətində hərəkətdə olarkən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları tərəfindən ona psixotrop maddə və narkotik vasitənin qanunsuz əldə edilməsi, daşınması və istifadəsində şübhəli şəxs qismində saxlanıldığı bildirilmiş, hüquq və vəzifələri izah edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş maddənin “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin gün səhər saatlarında üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində daşıdığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsi daşıyır. 26 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın dəqiqləşdirilməsi və təsdiqi məqsədilə, eləcə də, qeyd olunan şəxsin törətmiş olduğu ehtimal olunan cinayət əməlinin ifşa olunaraq qarşısının alınması üçün həmin tarixdə zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə raport tərtib edilərək aidiyyəti üzrə polis şöbəsinin rəisinə məruzə olunmuşdur. Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisinin 26 fevral 2025-ci il tarixli əmri ilə həmin gün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar verilmiş, qərara əsasən, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkilləri polis kapitanları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona tapşırılmışdır. Qəbul edilmiş qərarın icrası məqsədilə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixində, saat 13:20-də ünvan 4 ünvanında küçədə saxlanılmışdır. Həmin tədbirin keçirilməsinin videoçəkilişi Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən mobil telefon kamerası vasitəsilə aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli şəxs olması səbəbindən saxlanıldığı bildirilmış və “Əməliyyataxtarış fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq onun üzərinin yoxlanılacağı elan edilmişdir. Daha sonra ona üzərində qanunla əldə edilməsi və daşınması qadağan olunmuş maddə və predmetlərin olub-olmaması barədə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə ağ rəngli, metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Suallara cavab olaraq həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən üzdən tanıdığı şəxsdən şəxsi istifadə məqsədilə 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon götürülmüş, digər heç bir sübut əhəmiyyətli maddə, əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra araşdırmanın davam etdirilməsi məqsədilə saxlanılan şəxs Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə gətirilərək orada xidməti otaqda əməliyyataxtarış tədbiri protokolu tərtib edilmiş, protokol iştirakçılar və saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Videoçəkiliş DVD diskə köçürülərək PŞ rəisinə raport edilmişdir. Araşdırmanın aparılması Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Fərhəng Hüseynova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, ona tutulmanın əsasları, hüquq və vəzifələri, müdafiəçinin iştirakı barədə izah verilmişdir. Daha sonra keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı üzərində aşkar edilmiş maddənin qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Şübhəli şəxs təhqiqatçının suallara cavab olaraq həmin zərfdə olan bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin gün səhər saatlarında şəxsi istifadə məqsədilə 40 manata Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsindən aldığını və polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalmadığını bildirmişdir. Baş təhqiqatçı Fərhəng Hüseynov tərəfindən zərfdəki sellofan bükümdə olan ağ rəngli maddənin tərkibinin, növünün və çəkisinin müəyyən edilməsi üçün məhkəmə-kimyəvi ekspertiza təyin ediləcəyi elan edilmiş, şübhəli şəxs və müdafiəçisi etiraz etməmişlər. Maddə yenidən zərfə qoyularaq möhürlənmişdir. Təhqiqatçı tərəfindən tərtib edilmiş protokola şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imza atılmışdır. Keçirilmiş ilkin və sonrakı əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat və ya fakt aşkar edilməmişdir. Məhkəmə iclasında ifadələri elan edilərək tədqiq edilmiş cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkilləri polis kapitanları Şahid1 və Şahid2 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması barədə” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şahid3, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə kristal formalı maddə aşkar olunaraq götürülmüşdür. (i.v. 7-8). “Şübhəli şəxs qismində tutma haqqında” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə, saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 80 (səksən) manat müəyyən edilmişdir. (i.v.39). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/883 nömrəli, 26 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları olan bir ədəd zərfin içərisində 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,659 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 1,609 qramdır. (i.v.40-41). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Musa Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.83-85). “Qətimkan tədbiri seçilməsi haqqında” 28 fevral 2025-ci il tarixli il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.87-89). “Mobil telefona baxış keçirilməsi haqqında” 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “Samsung A4” markalı, üzərində “Azerfon” mobil şəbəkəsinə məxsus ***-***-**-** abonent nömrəsi müəyyən edilmiş mobil telefonun kilidi açılaraq içərisindəki qovluqlara və “Whatsapp” ani mesajlaşma tətbiqinə baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair audio və video materiallar, fotoşəkillər, mətn mesajları, səsli mesajlar və cinayət işi üzrə maraq kəsb edən digər sübut və dəlillər aşkar edilməmişdir. (i.v.91). "Maddi sübut kimi tanıma haqqında” 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.609 qram olan psixotrop maddə metamfetamin cinayət iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin nəticəsinə kimi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (i.v.93-94). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-244/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 aprel 2025-ci il tarixdən hesablanılmışdır. (i.v.129-137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X6 ekspert komissiyasının 3715 nömrəli, 21 iyun 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixomulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSlS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.159-160). "Sübutların qiymətləndirilməsi haqqında” 02 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə və mənzilinə keçirilmiş baxış görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 161-168). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 may 2025-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə, Təqsirləndirilən şəxs 29 noyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317.2.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 04 sentyabr 2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və 01 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Daha sonra, 02 fevral 2024-cü il tarixdə Musa-X1 Rayon Polis İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. (i.v.125-128). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti (barəsində başqa cinayət işi məhkəmə istintaqının aparıldığı dövrdə yenidən eyni cinayəti törətməsi), cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət təqibinin həyata keçirildiyi və məhkəmə iclasında cinayət işinə baxıldığı dövrdə yenidən eyni cinayət əməlini törətməsini, bununla da təqsirləndirilən şəxsə onun cəmiyyətdən tam təcrid edilməsini nəzərdə tutan azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-244/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 09 aprel 2025ci il tarixdən həbsdə olmasını nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəlinin həmin tarixdən hesablanmalı olması qənaətinə gəlir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-244/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı hazırki cinayət işi üzrə tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-244/2025 nömrəli, 25 aprel 2025ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Musa-zadə Rəfael Məmmədhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Musazadə Rəfael Məmmədhüseyn oğlu Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 244/2023 saylı, 25 aprel 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Musa-zadə Rəfael Məmmədhüseyn oğlu qəti olaraq 01 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Musazadə Rəfael Məmmədhüseyn oğlunun əvvəlki cinayət işi üzrə tutulduğu 03 gün, hazırki cinayət işi üzrə 26 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 06 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən hesablansın. Musa-zadə Rəfael Məmmədhüseyn oğlu barəsində həbs qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzası çəkməklə həbsdə olması nəzərə alınsın. Musa-zadə Rəfael Məmmədhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan psixotrop maddə olan 1,609 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 80 manat Musa-zadə Rəfael Məmmədhüseyn oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Musa-zadə Rəfael Məmmədhüseyn oğluna hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №1(008)-547/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-547/2025
26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver