Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-548/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi S.İ.Ağa küçəsi ev 6-da fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə edilən qəsdlə 14 yanvar 2023-cü il tarixdə saat 02 radələrində və 16 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən həyətə daş hasarı aşaraq qanunsuz olaraq daxil olduqdan sonra həmin həyətdə saxlanılan 40 ədəd birinin diametri 75 mm uzunluğu 5 metr qiyməti 90 manat olan dəmir boruları, 30 ədəd birinin ölçüləri 5x5 qiyməti 2,40 manat olan taxtaları və 100-80 sm uzunluğunda birinin qiyməti 15 manat olan dəmir parnik barmaqlıqlarını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 4272 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sabunçu rayonu Maştağa qəsəbəsi S.İ.Ağa küçəsi ev 23-də yerləşən evlə qonşuluqda yaşayır. Məlumatı olmuşdur ki, Balacaxanım həmin həyətdə yaşamır. Həmin həyətdə köhnə tikinti materialları olmuşa, pula ehtiyacı olduğu üçün həmin həyətə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində daş hasarı aşaraq keçmiş, həyətdə olan 3 ədəd dəmir köhnə boruları götürüb aparmış, əldə etdiyi boruları 17 radələrində yolla keçən sürücüsünü tanımadığı və nömrə nişanlarını bilmədiyi göy rəngində olan Moskviç markalı taksi xidməti ilə məşğul olan avtomobilin yük yerinə qoyaraq Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 108 nömrəli məktəbin yanında dəmir qəbul məntəqəsinə aparıb 26 manata satmış, əldə etdiyi puldan 6 manat Moskviçin sürücüsünə vermiş və yola salmışdır. Bundan 2 gün sonra xx.xx.2023-cü il tarixdə saat 02 radələrində yenidən həmin həyətə daxil olub 4 metr uzunluğunda 4 ədəd köhnə dəmir boruları götürüb evinin yanına aparmış həmin gün yolla keçən sürücüsünü tanımadığı və nömrə nişanlarını bilmədiyi Qazel markalı yük daşıma xidməti ilə məşğul olan avtomobilin yük yerinə qoyaraq həmin gün saat 11 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsindən Nardaran qəsəbəsinə gedən yolun kənarında 1 nömrəli internat evinin yanında dəmir qəbul məntəqəsinə 92 manata satmış, əldə etdiyi puldan Qazel sürücüsünə 10 manat pul vermiş, həmin sürücülər və metal qəbul edən şəxslər apardığı dəmir boruların oğurluq olmasını bilməmiş, oğurluq hadisəsini tək törətmiş, cəmi 7 ədəd dəmir boru oğurlamışdır.Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və içərisində olan 1 mərtəbəli 1 otaqlı ev ona məxsusdur, həmin torpaq sahəsində yerləşən tikinti materialları həmin torpaqda yerləşən sökülmüş evdən çıxan materiallardır, həmin tikinti materiallarını yığıb bir kənar qoymuşdur ki, gələcəkdə ev tikdikdə istifadə edə bilsin. 17 dekabr 2022-ci il tarixdən sonra ünvan 3 ünvanında yerləşən mənzilinə getmiş, həmin tarixdən sonra xx.xx.2023-cü il tarixə qədər qeyd edilən həyətdə olan evdə kiçik oğlu Kamran qalmış, səhhəti ilə əlaqədar olaraq hərbi Hospitala gedəcəyi üçün oğlu xx.xx.2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək olan müddətdə evə getməyərək onunla Yeni Günəşlidə olan evində qalmışdır. xx.xx.2023-cü il tarixdə oğlu Kamranla bir yerdə Maştağa qəsəbəsində olan evinə getmiş həyətə olan 40 ədəd 5 metr uzunluğunda 75 sm. diametri olan dəmir boruların, 5x5 ölçüdə olan 6 metr uzunluğunda 30 ədəd taxtaların və 1 ədədi 100x80 olan 40 ədəd olan dəmir parnik barmaqlıqların oğurlandığını aşkar etmiş, sonradan bilmişdir ki, həmin əşyaları qonşuluqda yaşayan Tərqulu oğurlamışdır. Oğurlanmış əşyalardan yalnız 04 ədəd boru ona qaytarılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 18 nömrəli məktəbin yanında dəmir qəbul məntəqəsini işlədir. Təqsirləndirilən şəxs Atabala kimi Maştağa qəsəbəsindən usta kimi tanıyır, münasibəti normal olmuşdur. Tərqulu bir neçə dəfə əvvəllər köhnə işlənmiş dəmir gətirib o da qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yenidən Tərqulu onun yanına gəlmiş və demiş ki, işlənmiş borular var işlədiyi yerdən lazımsız dəmir kimi ona vermişlər, həmin boruları satmaq istəyir, o da etiraz etməmiş və onunla gələn nömrə nişanlarını sürücüsünü tanımadığı üzərində taksi nişanı olan göy rəngli Moskviç markalı avtomobildən 3 yada 3.5 metr uzunluğunda 2 ədəd, 3 ədəd 01 metrlik dəmir köhnə boruları düşürüb qəbul məntəqəsinin qarşısına qoymuş, tərəzidə çəkdikdən sonra 71 kq dəmirin ağırlığı olmuşdur. Həmin dəmirə görə Tərquluya 26 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə 14-cü PB-nə dəvət olunmuş və orada bilmişdir ki, Tərqulunun verdiyi dəmir borular oğurluq yolu ilə əldə edilən borular olmuşdur, kiminsə həyətindən oğurlamışdır. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsindən Nardaran qəsəbəsinə gedən yolun kənarında 1 nömrəli internat evinin yanında dəmir qəbul məntəqəsini işlədir, Təqsirləndirilən şəxs Maştağa qəsəbəsindən usta kimi tanıyır, Tərqulu bir neçə dəfə əvvəllər köhnə işlənmiş dəmir gətirib ona satmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yenidən Tərqulu onun yanına dəmir gətirmiş, o da etiraz etməmiş və onunla gələn nömrə nişanlarını, sürücüsünü tanımadığı və bilmədiyi Qazel markalı avtomobildən 4 ədəd 5 metr uzunluğunda köhnə dəmir boruları düşürüb qəbul məntəqəsinin qarşısına qoymuş, tərəzidə çəkdikdən sonra 263 kq olduğu müəyyən edilmiş, həmin dəmirə görə 92 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə 14-cü PB-nə dəvət olunmuş və orada ona məlum olmuşdur ki, Tərqulunun gətirdiyi həmin borular oğurluq yolu ilə əldə edilən borulardır, kiminsə həyətindən oğurlamışdır(i.v.47-49); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən həyət sahəsinə zərərçəkmiş şəxsin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v.6-8); hadisə yerinə baxış keçirilməsi haqqında 20 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən həyət sahəsinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini əyani olaraq göstərmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur(i.v.14-15); şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur(i.v.33); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.50); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v.60-61); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tdbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək dərhal MSY-dən azad edilməsi qərara alınmışdır(i.v.76-78); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(i.v.80-81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,204.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 3 ilə endirilmişdir(i.v. 87-88); istintaq eksperimentinin keçirilməsi haqqında 22 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi Nardaran qəsəbəsinə gedən yolda olan dəmir qəbulu məntəqəsində 4 ədəd uzunluğu 5 metr diametri 75 mm olan boruları Tərquluya götürülməsi təklif edilmiş, Tərqulu həmin boruları götürüb çiyninə, sonra isə yerdən yuxarı qaldırmış, məlum olmuşdur ki, onun boruları tək qaldırmaq üçün və daşımaq üçün fiziki gücü olmuşdur, bununla bağlı fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir(i.v.89-92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyininn MEM-dən alınmış məhkəmə əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli 9/683 nömrəli rəyindən görünür ki, diametri 75 mm olan 5 metrlik dəmir boru – 90.00 manat (5 metr x 18 manat), 5x5 ölçüdə 6 metr uzunluğunda taxta - 2,40 manatdır(i.v.99); sübutların qiymətləndirilməsi haqqında 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, 04 ədəd 05 metr uzunluğunda olan dəmir borular maddi sübut kimi tanınaraq sahibinə qaytarılması qərara alınmışdır(i.v.101-105); qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 4 ədəd 5 metr uzunluğunda 75 mm diametri olan dəmir boruları qəbul etmişdir(i.v.129); Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmişdir; xx.xx.2023-cü il tarixli, 1(008)-548/2023 saylı Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək yalnız 7 ədəd dəmir borunu götürməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra zərərçəkmiş şəxs dindirilmişdir. Zərərçəkmiş şəxsin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, zərərçəkmiş şəxsin ifadəsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. İş üzrə ifadələri alınmış Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdi ki, xx.xx.2023-cü il tarixdə oğlu Kamranla bir yerdə Maştağa qəsəbəsində olan evinə getmiş həyətə olan 40 ədəd 5 metr uzunluğunda 75 sm. diametri olan dəmir boruların, 5x5 ölçüdə olan 6 metr uzunluğunda 30 ədəd taxtaların və 1 ədədi 100x80 olan 40 ədəd olan dəmir parnik barmaqlıqların oğurlandığını aşkar etmiş, sonradan bilmişdir ki, həmin əşyaları qonşuluqda yaşayan Tərqulu oğurlamışdır. Oğurlanmış əşyalardan yalnız 04 ədəd boru ona qaytarılmışdır. Həmçinin, iş üzrə dindirilmiş şahid ifadələri ilə də X1 yalnız 7 ədəd boru oğurlaması ilə bağlı ifadələri təkzib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 18 nömrəli məktəbin yanında dəmir qəbul məntəqəsini işlədir. Təqsirləndirilən şəxs Atabala kimi Maştağa qəsəbəsindən usta kimi tanıyır, münasibəti normal olmuşdur. Tərqulu bir neçə dəfə əvvəllər köhnə işlənmiş dəmir gətirib o da qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yenidən Tərqulu onun yanına gəlmiş və demiş ki, işlənmiş borular var işlədiyi yerdən lazımsız dəmir kimi ona vermişlər, həmin boruları satmaq istəyir, o da etiraz etməmiş və onunla gələn nömrə nişanlarını sürücüsünü tanımadığı üzərində taksi nişanı olan göy rəngli Moskviç markalı avtomobildən 3 yada 3.5 metr uzunluğunda 2 ədəd və 3 ədəd 01 metrlik dəmir köhnə boruları düşürüb qəbul məntəqəsinin qarşısına qoymuş, tərəzidə çəkdikdən sonra 71 kq dəmirin ağırlığı olmuşdur. Həmin dəmirə görə Tərquluya 26 manat pul vermiş, xx.xx.2023cü il tarixdə 14-cü PB-nə dəvət olunmuş və orada bilmişdir ki, Tərqulunun verdiyi dəmir borular oğurluq yolu ilə əldə edilən borular olmuşdur, kiminsə həyətindən oğurlamışdır. Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Maştağa qəsəbəsindən Nardaran qəsəbəsinə gedən yolun kənarında 1 nömrəli internat evinin yanında dəmir qəbul məntəqəsini işlədir, Təqsirləndirilən şəxs Maştağa qəsəbəsindən usta kimi tanıyır, Tərqulu bir neçə dəfə əvvəllər köhnə işlənmiş dəmir gətirib ona satmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yenidən Tərqulu onun yanına dəmir gətirmiş, o da etiraz etməmiş və onunla gələn nömrə nişanlarını, sürücüsünü tanımadığı və bilmədiyi Qazel markalı avtomobildən 4 ədəd 5 metr uzunluğunda köhnə dəmir boruları düşürüb qəbul məntəqəsinin qarşısına qoymuş, tərəzidə çəkdikdən sonra 263 kq olduğu müəyyən edilmiş, həmin dəmirə görə 92 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə 14-cü PB-nə dəvət olunmuş və orada ona məlum olmuşdur ki, Tərqulunun gətirdiyi həmin borular oğurluq yolu ilə əldə edilən borulardır, kiminsə həyətindən oğurlamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini və səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,204.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edildiyi ACDİÜ məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.4-cü maddəsinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixli hökmü üzrə məhkumlğu ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), cəzasının əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut kimi tanınmış 04 ədəd dəmir borunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır (CPM-132). İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02(iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən 04 ədəd dəmir borunun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-548/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-548/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver