Məhkəmə qərarları › İş №1(008)-550/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-550/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-550/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, işləməyən,Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, hazırda Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(008)-318/2023 saylı hökmü hökmü ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcrildxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaq məqsədi ilə 2022-ci ilin noyabr ayının əvvəllərində, gecə saatlarında ünvan 3 ünvanında yerləşən hasara alınmış torpaq sahəsinə gəlib, orada dayanmış üzərində nömrə nişanı olmayan Zərərçəkmiş şəxs məxsus olan «Crysler» markalı avtomobilin hər biri 600 manat olan, ümumi 1200 manat dəyərində iki ədəd ön faralarını, habelə həmin ünvanda yerləşən torpaq sahəsinin hasarının üzərində quraşdırılmış dəmir qapsının qıfılını sındırıb saxlanc yeri hesab olunan həmin torpaq sahəsinə qanunsuz daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxs məxsus olan «Toyota Prado» markalı avtomobilə aid olan bir ədəd 300 manat dəyərində 265/65 R 17 ölçülü «Dunlop» markalı təkəri, bir metrəsi 3 manat olan hər biri 12 metr uzunluqda olan 22 mm ölçüdə Ukraina istehsalı olan 8 ədəd cəmi 288 manat dəyərində dəmir armaturlar, hər biri 4 metr uzunluqda olan 50 mm ölçüdə Rusiya istehsalı olan metrəsi 5 manat təşkil edən, hər birinin qiyməti 20 manat olan 16 ədəd 320 dəyərində dəmir boruları, bir ədəd 250 manat dəyərində Türkiyə istehsalı olan «Mutlu» markalı 100 amper gücü olan akumulyatoru, hər biri 150 manat dəyərində olan iki ədəd cəmi 300 manat dəyərində Rusiya istehsalı olan 90 amper gücündə olan akumulyatorlar, 45 manat dəyərində bir ədəd əl arabasını, «Vaz 2107» markalı avtomobilə aid olan hər biri 50 manat olan 4 ədəd 200 manat dəyərində disklər, 1000 manat dəyərində olan tikinti üçün nəzərdə tutulmuş lesa (dəmir qurğuları) vahid niyyətlə əhatə edən qəsdlə ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 3903 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Rəsmi olaraq heç bir yerdə işləmir. Küçələrdən dəmir yığıb əlvan metal qəbuluna satır. Əldə etdiyi pullara tanımadığı şəxslərdən narkotik vasitələri alıb istifadə edir. 2022-ci ilin noyabr ayının əvvəllərində o, oğurluq etmək məqsədi ilə gecə saatlarında Zabrat qəsəbəsi, Azadlıq küçəsi ilə gəzişirdi. Özü Nardaran qəsəbəsində yaşadığına görə oğurluq etmək üçün Zabrat qəsəbəsinə gəlmişdir ki, onu həmin ətrafda tanıyan olmasın. Azadlıq küçəsi ilə gedən zamanı orada hasara alınmış boş torpaq sahəsini görmüş və həmin torpaq sahəsinə baxdıqda orada istifadə olunmamış dəmirlərin, boruların və digər əşyaların saxlandığını görmüşdür. Torpaq sahəsinin hasarının yanında bir ədəd qara rəngli üzərində nömrə olmayan «Crysler» markalı avtomobili gördü, həmin avtomobil görünürdü ki, nasaz vəziyyətdədir və uzun müddətdir ki, sürülmür. Avtomobilin kapotu açıq vəziyyətdə olmuş, avtomobilin üzərindən ön faralarını çıxartmaq qərarına gəlmiş, buna görə də üzərində olan vintaçanla avtomobilin hər iki ön faralarını söküb çıxartmışdır. Bundan sonra o, faraları kənara qoyub hasara alınmış torpaq sahəsinə daxil olmaq istəmişdir. Həmin torpaq sahəsi təxminən 25-30 sot ölçüdə olmuş, hasara alınmış, üzərinə darvaza quraşdırılmış, torpaq sahəsinin hasarın arxa hissəsində balaca dəmir qapı qoyulmuş, dəmirin üzərində qıfıl asılmışdır. Torpaq sahəsinə daxil olmaq üçün o, həmin qıfılı yerdən tapdığı dəmir parçası ilə sındırıb qapını açmış və həyətə daxil olmudur. Həyətdən üç ədəd avtomobil akumulyatorları, tikinti üçün nəzərdə tutulmuş lesa (dəmir qurğuları), cip markalı avtomobilə aid olan bir ədəd boş təkəri, bir neçə ədəd dəmir armaturlarları, dəmir boruları, «Vaz» markalı avtomobil üçün nəzərdə tutulmuş 4 ədəd diskləri, bir ədəd əl arabasını oğurlamışdır. O, həmin əşyaları təxminən 2 saat ərzində həyətdən çıxarıb yolun kənarına hadisə yerindən təxminən 200-300 metr aralı məsafədə daşımağa başlamışdır. Xırda oğurladığı əşyaları, diskləri, akumulyatorları, faraları o, həyətdən götürdüyü əl arabasına yükləyib yolun kənarına aparmışdır. Dəmir boruları armaturları və lesa (dəmir qurğuları) isə 2 saät ərzində həyətdən çıxardıb yolun kənarına yığmışdır. Səhər saat 07 radələrində o, yoldan tanımadığı şəxs tərəfindən idarə edilən yük avtomobili saxlamışdır. Həmin yük avtomobilin yük hissəsi dəmir materiallarla dolu olmuş və həmin avtomobilin sürücüsü dəmir alveri ilə məşqul olurmuş. O, həmin şəxsə bildirmişdir ki, dəmir malları onun özünə məxsusdur və onları satır. Həmin şəxs ondan dəmir armaturları, boruları akumulyatorları alıb ona 100 manat məbləğində pulu vermişdir. Qalan əşyaları isə ondan almamışdır. Bundan sonra o, yoldan keçən digər Qazel markalı avtomobili saxlamış və həmin tanımadığı sürücüyə özünü fəhlə kimi təqdim etmiş və xahiş etmişdir ki, özünə məxsus olan lesa (dəmir qurğuları) Zabrat-Maştağa yolunda «Kanal ırıarketin» yaxınlığına aparsın. Həmin sürücü razılaşmış və o, lesa (dəmir qurğuları) sürücünün «Qazel» markalı avtomobilinə yükləmiş və onu «Kanal marketin» yanına aparmışdır. Orada o, həmin sürücüyə yol haqqı kimi 15 manat məbləğində pulu vermişdir. Lesa ( dəmir qurğuralı) isə orada Qazel markalı avtomobildən boşaldıb yaxınlığında olan əlvan metalların qəbulu məntəqəsinə 50 manata satmışdır. Pulu öz ehtiyaclarına xərcləmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 11 noyabr 2022ci il tarixdə 15-ci polis bölməsində olduğu zamanı xidmət etdiyi inzibati ərazidə yaşayan Zərərçəkmiş şəxs-Rafiq qızı ərizəsi ilə polis bölməsinə müraciət edərək bildirmişdir ki, 2022-ci ilin noyabr ayının əvvəllərində Zabrat qəsəbəsi, Azadlıq küçəsində yerləşən torpaq sahəsinə kimsə daxil olub oradan ona məxsus olan əşyaları oğurlamışdır, həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin ünvanda dayanmış işlək vəziyyətdə olmayan qara rəngli «CRYSLER» markalı avtomobilin üzərində olan iki ədəd ön faralar oğurlanmuşdur. Həmin cinayəti törədən şəxsi müəyyən etmək məqsədi ilə tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirildi. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində müəyyən olmuşdur ki, göstərilən cinayəti törədən şəxs Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr aynın əvvəllərində gecə saatlarında Zərərçəkmiş şəxs məxsus olan Zabrat qəsəbəsi Azadlıq küçəsi 6-16 ünvanda yerşəlmiş hasara alınmış torpaq sahəsinə qanunsuz daxil olaraq orada saxlanılan Zərərçəkmiş şəxs məxsus olan əşyaları, tikinti avadanlıları oğurlamışdır, oğurladığı dəmir qurğuları (Lesa) Zabrat - Maştağa yolunda yerləşən Kanal marketin yaxınlığında yerləşən əlvan metalların qəbulu məntəqsinə satmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyətindən oğurlayıb «Kanal marketin» yaxınlığında yerləşən əlvan metal qəbulu məntəqəsinə satdığı dəmir qurğular tərəfimizdən aşkar olunaraq götürülmüşdür. Zərərçəkmiş şəxs və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsində yerləşən torpaq sahəsidir (i.v.7-10). “Götürmə haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Zabrat yolunda Kanal Marketinyaxınlığında yerləşən əlvan metalların qəbulu məntəqəsində işləyən Şahid2 dəmir qurğular (lesa) 15 ədəd hər biri 2 metr uzunluğunda olan dəmir hissələri və 02 ədəd dördkünc formada olan dəmirlər götürülmüşdür (i.v.27-28). “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Rafiq qızı götürülmüş və Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında saxlanılan 15 ədəd hər biri 2 metr olan uzun dəmirləri və 02 ədəd dördbucaq şəklində olan dəmirləri onlaı zahiri görünüşlərinə görə tanıyaraq özünə məxsus olduğunu bildirmişdir (i.v.55). “İfadənin yerində yoxlanılması, axtarış və götürmə aparılması barədə” 03 mart 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində oğurluq etdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir (i.v.56-57). “Maddi sübut kimi tanıma haqqında” 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Zərərçəkmiş şəxs məxsus olan 15 ədəd hər biri 2 metr olan uzun dəmirlər, 02 ədəd dörd bucaq şəklində olan dəmirlər (lesa) iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs Rafiq qızına qaytarılmışdır (i.v.101). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə, saat 21:00-da tutulmuşdur (i.v.47). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 mart 2023-cü il tarixli, 4(008)- 181/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 mart 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v.75-78). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 noyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 iyun 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib AR CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 may 2019-cu il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 02 ay 01 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, 04 iyul 2019-cu il tarixdə qeydiyyatdan çıxarılmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v.80-83). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(008)- 318/2023 saylı hökmü hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v.84-90). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair 18 sentyabr 2020-ci il tarixli qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixi, 1(008)- 318/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırda təyin edilmiş cəza Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixi, 1(008)-318/2023 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut hesab olunan 15 ədəd hər biri 2 metr olan uzun dəmirlər, 02 ədəd dörd bucaq şəklində olan dəmirlər (lesa) qanuni sahibi Zərərçəkmiş şəxs Rafiq qızında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(008)-318/2023 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(008)-318/2023 saylı cinayət işi üzrə 19 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 1(008)- 318/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut- 15 ədəd hər biri 2 metr olan uzun dəmirlər, 02 ədəd dörd bucaq şəklində olan dəmirlər (lesa) qanuni sahibi Zərərçəkmiş şəxs Rafiq qızında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar