Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-551/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Familə Məmməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - X1, müdafiəçilər – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Sudeyib oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs- xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 2024-cü ilin yanvar ayının ortalarında velosipedinin təkərlərinə hava vurması üçün qohumu və qonşusu Zərərçəkmiş şəxs aldığı hava vuran nasosu geri qaytararkən işlək vəziyyətdə olmamasına sonuncunun irad bildirməsi səbəbindən şəxsi münasibətlərinin pozulması zəminində xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində, Bilgəh- Buzovna yolunda, Dövlət Təhlükəsizlik Xidmətinin İstirahət Mərkəzinin yaxınlığında aralarında baş vermiş mübahisə zamanı yumruğu ilə Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq üst dodağın əzilmiş yarası, sol çiyin nahiyəsinin sıyrığı, sağ kürək nahiyəsinin qançırı, sağ gözyuvasıətrafı və solqulaqarxası nahiyələrinin dərialtı hematomaları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayının ortalarında velosipedinin boşalan təkərlərini hava ilə doldurması üçün Marifin həyətinə keçərək Marifdən nasosu, yəni hava vuranı istəmişdir. Marif nasosu verərkən bildirmişdir ki, nasosun başlıq hissəsi xarabdır, istifadə edə bilərsə götürsün. O, Marifə nasosu özünün düzəldəcəyini deyib nasosu götürmüşdür. O, nasosun başlıq hissəsini yapışqan lentlə, yəni zalentlə həyətində sarıyaraq nasosu düzəltmiş, velosipedinin təkərini doldurmuşdur. Həmin ərəfədə Zərərçəkmiş şəxs bir neçə dəfə nasosu istəmiş, lakin vaxt tapıb qaytara bilməmişdir. xx.xx.2024-cü il tarixdə nasosu götürərək Zərərçəkmiş şəxs evinə getmiş, həyətdə heç kim olmadığından nasosu həyətinə qoyaraq evinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə 2014-cü il təvəllüdlü bacısı X4 hazırlıqdan qayıdarkən özü qarşılamışdır. Həmin tarixdə saat 18 radələrində bacısı Aişəni hazırlıqdan götürüb avtobusla evlərinə gətirən zaman Bilgəh-Buzovna yolunda, Dövlət Təhlükəsizlik Xidmətinin İstirahət mərkəzinin yaxınlığındakı dayanacaqda avtobusdan düşərkən Zərərçəkmiş şəxslə qarşılaşmışdır. O, Zərərçəkmiş şəxslə salamlaşmış, Zərərçəkmiş şəxs ona 10 yaşlı bacısının yanında pis söyüşlə demişdir ki, nə səbəbdən içini "belə belə etdiyim” nasosu pis vəziyyətə salaraq həyətinə atmışdır. O, Zərərçəkmiş şəxs uşaqların yanında pis söz danışmamasını demişdir. O, yolu keçərkən Zərərçəkmiş şəxs də oğlunun əlindən tutaraq arxaları ilə onu təqib edərək yolu keçməyə başlamışlar. Zərərçəkmiş şəxs arxadan çatıb təkrarən uşaqların yanında onu söymüş və ona yumruq atmışdır. O, artıq dözə bilməyib yumruq və təpiklə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuş və bacısının qorxduğunu görüb bacısı ilə birgə hadisə yerindən qaçaraq uzaqlaşmışlar. Zərərçəkmiş şəxs davanın baş verməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin yanvar ayının ortalarında qonşusu Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu küçəsindəki yataqxanaya gələrək velosipedinin təkərini doldurması üçün ondan nasosu, yəni hava vuranı istəmişdir. O, nasosu İlkinə verərək bildirmişdir ki, nasosun başlıq hissəsi xarabdır, istifadə edə biləcəksə götürsün, ilkin demişdir ki, özündə nasosun başlığı var, düzəldib istifadə edəcək. İlkin nasosu ondan alaraq getmişdir. Həmin gündən başlayaraq dəfələrlə İlkindən nasosu istəmiş və bir neçə dəfə bu barədə xalasına demiş, lakin İlkin nasosu qaytarmamışdır. xx.xx.2024-cü il tarixdə onun evdə olmadığı vaxtda qonşusu Təqsirləndirilən şəxs ondan aldığı nasosu yaşadığı evin həyətinə qoyaraq getmişdir. Həmin tarixdə evə gələrkən görmüşdür ki, ilkinə saz vəziyyətdə verdiyi nasos sınmışdır. O, düşünmüşdür ki, İlkini həyətdə görəndə nasosu niyə sındırmasını soruşar. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində oğlu Murad Abdullayev hazırlıqdan gələn zaman Muradı qarşılayaraq evinə gətirməsi üçün yaşadığı evin yaxınlığında, yəni Bilgəh-Buzovna yolunda yerləşən avtobus dayanacağına getmişdir. Dayanacaqdan övladını götürüb evə gələn zaman, saat 18 radələrində qonşusu İlkinlə rastlaşmış, İlkin təxminən 11 yaşlı bacısını hazırlıqdan gətirirmiş. İlkindən nəyə görə nasosu sındıraraq həyətə atmasının səbəbini soruşmuş, İlkin əcəb eləyib sındırdığını, söhbəti varsa keçib kənara söhbət etmələrini bildirmişdir. O, oğlu Muradla əsas yolu iki yerə ayıran yolun ortasındakı arakəsmə dəmirin üzərindən yolun digər hərəkət hissəsinə keçmiş, İlkin qolundan tutub onu geri çevirmiş və yumruqla sağ gözündən zərbə vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, yerdə olan zaman İlkin yumruqla onun ağzından, başından, çiynindən və bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir. Barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh Buzovna yoluna baxış keçirilmiş və baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair 29 fevral 2024-cü il tarixli 258 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın əzilmiş yarası, sol çiyin nahiyəsinin sıyrığı, sağ kürək nahiyəsinin qançırı, sağ gözyuvasıətrafı və solqulaqarxası nahiyələrinin dərialtı hematomaları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Müddəti qərarda göstərilən 03 fevral 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində tərnməsi, eləcə də özü tərəfindən özünə yetirilməsi inkar olunur; - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, X2 şahid qismində dindiriləcək yetkinlik yaşına çatmayan övladı Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. - təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından X2 onun qanuni nümayəndəsi qismində təyin edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsinin dispoziyasında nəzərdə tutulan zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. . Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmaqla bağlı olmayan cərimə cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi Sudeyib oğluna dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 600 (altı yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Sudeyib oğluna sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə hər birinə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-551/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-551/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver