Məhkəmə qərarları › İş №1(008)-552/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-552/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-552/2025 28.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla, özgəyə məxsus əmlakı gizli şəkildə təkrarən talamış, bununla da, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2025-ci il tarixdə, saat 00:45 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan 02 ədəd bir ədədi 51,50 manat, ümumi dəyəri 103 manat olan 0.7 litrlik “Ballantines” viskisini və 03 ədəd bir ədədi 117 manat, ümumi dəyəri 351 manat olan 0.7 litrlik “Beluga Transantaltink” arağını üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 454,00 AZN maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 01:39 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan, 1 ədəd 61 manat dəyərində 0.5 litrlik 12 illik “Chivas Regal” viskisi, 1 ədəd 100 manat dəyərində 1 litrlik “Chivas Regal” viskisini üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 161 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 00:57 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan, 1 ədəd 34,70 manat dəyərində 0.7 litrlik “Clan Macgregor” viskisi və 01 ədəd dəyəri 111,00 manat olan 0.7 litrlik 12 illik “Glenfıddich” viskisini üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 145,70 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə saat 01:25 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan, 4 ədəd bir ədədi 111,0, ümumi dəyəri 444 manat olan 0.7 litrlik 12 illik “Glenfıddich” viskisini üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 444,00 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2025-ci il tarixdə saat 01:39 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan, 4 ədəd bir ədədi 67,00 manat ümumi dəyəri 268 manat olan 0.7 litrlik “Jack Daniels” viskisi və 01 ədəd dəyəri 90 manat olan 1 litrlik “Jack Daniels” viskisini üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 358,00 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, xx.xx.2025-ci il tarixdə, saat 01:49 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan, 5 ədəd bir ədədi 90,00 manat ümumi dəyəri 450 manat olan 1 litrlik “Jack Daniels” viskisini və 01 ədəd dəyəri 70 manat olan 0,7 litrlik “X5” viskisini üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 520,00 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 01:29 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan, 01 ədəd dəyəri 64,29 manat olan 0,7 litrlik “Jameson” viskisini, 01 ədəd dəyəri 82 manat olan 0,75 litrlik “JW Black Label” viskisini, 01 ədəd dəyəri 73,90 manat olan 1 litrlik “JW Red Label” viskisini, 01 ədəd dəyəri 60,00 manat olan 0,7 litrlik “X2” viskisini, 01 ədəd dəyəri 53,00 manat olan 0,7 litrlik “Tullamore Dew” viskisini və 01 ədəd dəyəri 73,74 manat olan 0.5 litrlik “Beluqa” arağını üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 406,93 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2025-ci il tarixdə, saat 01:36 radələrində ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialına müştəri qismində daxil olaraq orada satışda olan, 01 ədəd dəyəri 56,55 manat olan 0,7 litrlik “Jagermeister” likyorunu, 04 ədəd bir ədədi 68,59 manat ümumi dəyəri 274,36 manat olan 0,7 litrlik “Jagermeister” likyorunu və 1 ədəd dəyəri 13,19 manat olan “She Fun EDT” 50 ml-lik ətrini üzərində olan idman çantasında gizlədib ödəniş etmədən mağazadan çıxardıb gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 344,10 AZN maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 prospekti, nömrəsiz fərdi ev ünvanında yaşayır. O, maddi ehtiyacının olması səbəbindən 2025-ci ildə tarixi dəqiq xatırlamadığı günlərdə bir neçə dəfə əvvəllər yaşadığı və yaxşı tanıdığı ünvan 3 ünvanında yerləşən "xxxx" marketə gecə saatlarında qanunsuz olaraq daxil olmuş və həmin marketdən spirtli içkilər oğurlamışdır. Belə ki, o, ilk dəfə gecə "xxxx" marketə daxil olanda işçilərin başının qarışıq olduğunu, spirtli içkilərlə marketin qapısından çıxdıqda siqnalizasiya ötsə belə nəzarət etmədiklərini gördüyündən hər dəfə ona pul lazım olduqda həmin marketə gedərək bahalı içkilər oğurlamışdır. Oğurladığı içkiləri müxtəlif bəhanələrlə daha ucuz qiymətə mağazalara satmışdır. Zərərçəkmiş şəxsə ödəniş etmək niyyəti var, sadəcə zərərçəkmiş şəxs dəymiş ziyan məbləğini bütünlükdə tələb etdiyinə və onun belə imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Onun əvvəldən mağazadan çox miqdarda içki oğurlamaq niyyəti olmamışdır. Belə ki, çox sayda içki oğurlayacağı təqdirdə onları sata biləcəyi mağazalar olmadığından hər dəfə pula ehtiyac duyduqca mağazadan içki götürmək qərarına gəlmişdir. O, tanışı Şahid2 ilə birlikdə yalnız iki dəfə oğurluq etmək niyyəti ilə marketə daxil olmuş, Şahid2 onun əməllərindən xəbərdar olmamışdır. O, sonuncu dəfə Şahid2 ilə birlikdə marketə daxil olduqdan sonra törədilmiş oğurluq hadisəsindən sonra Şahid2 də, ondan xəbərsiz şəkildə bir neçə ədəd spirtli içkini oğurladığını sonradan öyrəndiyini, həmin oğurluq əməlini əvvəlcədən onunla birlikdə planlaşdırmadığını ifadəsində göstərmişdir. Məhkəmə istintaqı dövründə bəzən təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham aktında olan bəzi bahalı içkiləri götürmədiyini bildirsə də, konkret olaraq hansı içkini nəzərdə tutduğunu bildirməmişdir. Bununla yanaşı, həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqının davam etdiyi müddət ərzində dəfələrlə ittiham üzrə özünü tam təqsirli bildiyini, ittiham aktında göstərilən ziyan məbləği ilə razı olduğunu, mülki iddianı tam həcmdə qəbul etdiyini bildirmişdir. Buna görə də, məhkəmə onun bəzən heç bir əsaslandırma etmədən ziddiyyətli ifadə verməsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən etibarən "xxxx" Supermarket MMC-də böyük hüquqşünas vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə "xxxx" supermarket MMC-nin ünvan 3 ünvanında yerləşən Nardaran filialından oğurluq hadisəsi zamanı müxtəlif növ spirtli içkilər oğurlanmışdır. Həmin hadisə zamanı Nardaran filialının müdiri vəzifəsində fəaliyyət göstərən Şahid1 Sabunçu RPİ-nin 42-ci PB-yə ərizə ilə müraciət etmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 00:45 radələrində marketdən 2 ədəd bir ədədi 51,50 manat, ümumi dəyəri 103 manat olan 0.7 litrlik “Ballantines” viskisi. xx.xx.2025-ci il tarixdə, saat 01:35 radələrində 01 ədəd dəyəri 73,74 manat olan 0.5 litrlik “Beluga” arağı. xx.xx.2025-ci il tarixdə, saat 01:40 radələrində 3 ədəd bir ədədi 117 manat, ümumi dəyəri 351 manat olan 0.7 litrlik “Beluga Transantaltink” arağı, 1 ədəd 61 manat dəyərində 0.5 litrlik 12 illik “Chivas Regal” viskisi, 1 ədəd 100 manat dəyərində 1 litrlik “Chivas Regal” viskisi. xx.xx.2025-ci il tarixdə, saat 00:55 radələrində 1 ədəd 34,70 manat dəyərində 0.7 litrlik “Clan Macgregor” viskisi, 5 ədəd bir ədədi 111,0, ümumi dəyəri 555 manat olan 0.7 litrlik 12 illik “Glenfıddich” viskisi, 4 ədəd bir ədədi 67,00 manat ümumi dəyəi 268 manat olan 0.7 litrlik “Jack Daniels” viskisi, 6 ədəd bir ədədi 90 manat, ümumi dəyəri 540 manat olan 1 litrlik “Jack Daniels” viskisi, 1 ədəd dəyəri 70 manat olan 0.7 litr “Jack Daniels” viskisi, 1 ədəd dəyəri 90,00 manat olan 1 litrlik “Jack Daniels” viskisi. xx.xx.2025-ci il tarixdə saat 01:15 radələrində 1 ədəd dəyəri 56,55 manat olan 0.7 litrlik “Jagermeister” Likyoru, 4 ədəd bir ədədi 68,59 manat ümumi dəyəri 274,36 manat olan 1 litrlik “Jagermeister” likyoru, 1 ədəd dəyəri 64,29 manat olan 0.7 litrlik “Jameson” viskisi, 1 ədəd dəyəri 82,00 manat olan 0.75 litrlik “Black Label” viskisi. xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində 1 ədəd dəyəri 73,90 manat olan 1 litrlik “Red Label” viskisi, 1 ədəd dəyəri 60,00 manat olan 0.7 litrlik “X3”, 1 ədəd dəyəri 13,19 manat olan “She Fun EDT” 50 ml-lik ətiri və 1 ədəd dəyəri 53,00 manat olan 0.7 litrlik “Tullamore“ viskisinin oğurlandığını ifadəsində qeyd etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində marketə ümumilikdə 2923,73(iki min doqquz yüz iyirmi üç manat yetmiş üç qəpik) manat maddi ziyan dəymişdir. O, kamera müşahidələrinə baxan zaman oğurluq edən şəxsin marketə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə 2 dəfə, xx.xx.2025-ci il tarixdə 3 dəfə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə 2 dəfə mağazaya daxil olaraq spirtli içkiləri oğurladığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazadan ayrı-ayrı vaxtlarda ümumilikdə 10 (on) dəfə oğurluq etmiş, nəticədə ümumi dəyəri 2923,73 (iki min doqquz yüz iyirmi üç manat yetmiş üç qəpik) manat məbləğində olan malları talamaqla zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Cəmiyyətə vurduğu zərər məbləğini bu günə qədər Zərərçəkmiş şəxs MMC-yə ödəməmişdir. Mülki iddianın təmin edilməsini, 2923,73 manat məbləğində dəymiş zərərin və 49 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2972,73 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMCyə ödənilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 03 mart 2025-ci il tarixdə, günorta saatlarında o, müdir kimi fəaliyyət göstərdiyi ünvan 3 ünvanında yerləşən "xxxx" marketdə olarkən spirtli içkilərin uçot siyahısına baxış keçirmiş, siyahıda göstərilən və faktiki olaraq satışı həyata keçirilən spirtli içkilərin sayında uyğunsuzluqların (əskikliklərin) olduğunu müəyyən etmişdir. Bununla əlaqədar olaraq oğurluq ehtimalını nəzərə alaraq marketin müşahidə kameralarının görüntülərinə baxış keçirmiş və nəticədə bir nəfər naməlum şəxsin müxtəlif tarixlərdə, o cümlədən eyni gün ərzində bir dəfədən artıq olmaqla marketə daxil olaraq vitrindən spirtli içkiləri götürüb ödəniş etmədən marketi tərk etdiyini müəyyən etmişdir. O, baş vermiş oğurluq hadisəsi barədə ilkin olaraq marketin rəhbərliyinə məlumat vermiş, bundan sonra isə Bakı şəhəri, Sabunçu rayonu üzrə 42-ci Polis Bölməsinə yazılı ərizə ilə müraciət etmişdir. O, müşahidə kameralarının görüntülərinə baxış zamanı bir nəfər naməlum şəxsin marketin əsas giriş qapısından daxil olaraq spirtli içkilərin yerləşdirildiyi vitrinin yanına yaxınlaşdığını, əlində olan qara rəngli idman çantasına müxtəlif növ spirtli içkiləri yığdığını və daha sonra ödəniş etmədən marketi daxil olduğu əsas giriş qapısından tərk etdiyini müəyyən etdiyini ifadəsində göstərmişdir. Həmçinin həmin şəxsin müxtəlif tarixlərdə, o cümlədən eyni gün ərzində bir dəfədən artıq olmaqla oğurluq hallarını təkrar törətdiyi də qeyd edilmişdir. Hadisə zamanı marketdən 2 ədəd, birinin dəyəri 51,50 manat olmaqla ümumi dəyəri 103 manat olan 0,7 litrlik “Ballantine’s” viskisi, 1 ədəd dəyəri 73,74 manat olan 0,5 litrlik “Beluga” arağı, 3 ədəd, birinin dəyəri 117 manat olmaqla ümumi dəyəri 351 manat olan 0,7 litrlik “Beluga Transatlantic” arağı, 1 ədəd dəyəri 61 manat olan 0,5 litrlik 12 illik “Chivas Regal” viskisi, 1 ədəd dəyəri 100 manat olan 1 litrlik “Chivas Regal” viskisi, 1 ədəd dəyəri 34,70 manat olan 0,7 litrlik “Clan MacGregor” viskisi, 5 ədəd, birinin dəyəri 111 manat olmaqla ümumi dəyəri 555 manat olan 0,7 litrlik 12 illik “Glenfiddich” viskisi, 4 ədəd, birinin dəyəri 67 manat olmaqla ümumi dəyəri 268 manat olan 0,7 litrlik “Jack Daniel’s” viskisi, 6 ədəd, birinin dəyəri 90 manat olmaqla ümumi dəyəri 540 manat olan 1 litrlik “Jack Daniel’s” viskisi, əlavə olaraq 0,7 litrlik və 1 litrlik “Jack Daniel’s” viskiləri, “Jägermeister” likyorları, “Jameson”, “Black Label”, “Red Label”, “X2”, “She Fun EDT” 50 ml ətiri və “Tullamore” viskisi oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində marketə ümumilikdə 2923,73 (iki min doqquz yüz iyirmi üç manat yetmiş üç qəpik) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, təxminən bir ay əvvəl tanışı Təqsirləndirilən şəxs avtomobilinin olması səbəbindən ona zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yükün olduğunu bildirmiş, onunla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "xxxx" marketə gedərək həmin yükün götürülməsində köməklik göstərməsini xahiş etmişdir. O, 2025-ci il fevral ayının əvvəllərində gecə saat 01:00 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən "xxxx" marketə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs marketə daxil olmuş, özü isə icarə əsasında idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu avtomobildə marketin qarşısında gözləmişdir. Cahangir ona bildirmişdir ki, administrator tanışıdır və özü tapşırmışdır ki, spirtli içkilər bir marketən digərinə aparılsın. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs ilə birlikdə yenidən həmin "xxxx" marketə getmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ilə birlikdə marketə daxil olmuşdur. Cahangirin spirtli içkiləri marketdən çox rahat çıxartdığını və heç kimin nəzarət etmədiyini gördüyünə görə o da bir içki götürmüşdür. O, oğurladığı spirtli içkini özü istifadə etmədiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən parklardan birində tanımadığı şəxsə 35 (otuz beş) manat məbləğində satmışdır. Cahangirin həmin mağazadan oğurluq etdiyini isə yalnız sonradan polis bölməsində öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (i.v. 1). "Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 24 saat fəaliyyət göstərən və müştərilərə açıq olan "xxxx" supermarket MMC-nin Nardaran filialıdır. (i.v. 7-9). "Şübhəli şəxsin tutulması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə, saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 36). “İfadənin yerində yoxlanılması haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, istintaqa vermiş olduğu əvvəlki ifadəsini tam şəkildə təsdiq etmişdir. (i.v. 73-74). “Videodiskə baxış keçirilməsi haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, istintaq araşdırması zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş 1 ədəd «DVD» diskinin kompüter vasitəsilə açılması zamanı içində 8 ədəd video fayl aşkar edilmişdir. Video görüntülərin Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən "xxxx" supermarket MMC-nin Nardaran filialında qeydə alındığı müəyyən edilmişdir. İstintaq zamanı DVD diskdə saxlanmış video çəkilişlərə baxış nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, çiynində qara bel çantası, başında qara kepka, əynində qara gödəkçə və qara cins şalvar, 24 saat fəaliyyət göstərən "xxxx" marketə daxil olaraq spirtli içkilərdən bir neçə ədəd şüşəni bel çantasına qoymuşdur. Həmin hallardan bəziləri aşağıdakı kimidir: xx.xx.2025-ci il saat 00:17-də iki ədəd spirtli içkini, xx.xx.2025-ci il saat 01:39–01:41 aralığında iki ədəd spirtli içkini, eyni vaxtda Şahid2 bir ədəd spirtli içkini əlində idman çantasına qoyması müşahidə edilmişdir. xx.xx.2025-ci il saat 00:57–01:01 aralığında Təqsirləndirilən şəxs iki ədəd, saat 01:25–01:27 aralığında dörd ədəd, saat 01:39–01:41 aralığında isə beş ədəd spirtli içkini bel çantasına qoymuş, eyni zamanda həmin vaxt Şahid2 ilə birlikdə marketdə olmuşdur. xx.xx.2025-ci il saat 01:29–01:30 və 01:36–01:41 aralığında isə Təqsirləndirilən şəxs spirtli içkilərdən beş ədəd şüşəni və qadın ətirlərindən birini bel çantasına qoymuşdur. Bütün video çəkilişlərdə Təqsirləndirilən şəxs spirtli içkiləri marketdən gizli şəkildə çıxarmaq məqsədilə bel çantasından istifadə etdiyi aydın şəkildə müşahidə edilmişdir. (i.v. 93-95). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-108/2025 nömrəli, 06 mart 2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirnin seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmiş, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. (i.v. 115-125). “Qətimkan tədbiri seçilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 126-128). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 24 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 783 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 6 ay azaldılmış, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 135-136). “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim etdiyi 01 ədəd «DVD» disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 157-166). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-552/2025 nömrəli, 14 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 19 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təhvil verilməsi üçün tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (cinayətlərin residivi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 04 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 19 yanvar 2026-cı il tarixdə axtarış qərarı əsasında tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 181.1.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda mülki iddia verməyə haqlıdır. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 67-ci bəndində göstərilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 72-ci bəndində göstərilmişdir ki, məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ittiham aktında göstərildiyi kimi, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus ticarət obyektindən ayrı-ayrı vaxtlarda ümumilikdə 10 epizod üzrə oğurluq etməklə 2833,73 manat məbləğində malmaddi dəyərləri qanunsuz olaraq ələ keçirmiş, nəticədə zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmuşdur. Göstərilən hallar iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən video müşahidə sisteminin qeydləri və digər sübutlarla təsdiq edilmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs MMC tərəfindən cinayət işi üzrə təqdim edilmiş mülki iddiada dəymiş maddi ziyanın 2923,73 manat məbləğində olduğu göstərilmişdir. Lakin məhkəmə tərəfindən araşdırılmış sübutlar, ittiham aktında təsbit olunmuş faktiki hallar və cinayət əməlindən bilavasitə irəli gələn zərərin həcmi, eləcə də mülki iddiada oğurlanmış məhsulların ayrıca qeyd olunmuş qiymətləri nəzərə alınmaqla müəyyən edilmişdir ki, cinayət əməli nəticəsində faktiki olaraq vurulmuş və sübut edilmiş maddi ziyan 2833,73 manat təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə mülki iddianı yalnız sübut edilmiş hissədə və cinayət əməli ilə birbaşa səbəbli əlaqədə olan həcmdə təmin etməlidir. Cinayət əməli ilə birbaşa səbəbli əlaqəsi müəyyən edilməyən, habelə iş materialları ilə təsdiq olunmayan 90 manat məbləğində fərq üzrə mülki iddianın təmin edilməsi üçün prosessual və maddi-hüquqi əsaslar mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, zərər vurmuş şəxs vurduğu zərəri tam həcmdə ödəməlidir. Lakin bu norma yalnız faktiki olaraq vurulmuş, həcmi dəqiq müəyyən edilmiş və sübut edilmiş zərərə şamil olunur. Cinayət işi çərçivəsində baxılan mülki iddia üzrə zərərin məbləği cinayət əməli nəticəsində bilavasitə yaranmış zərərlə məhdudlaşır və məhkəmə sübut edilməmiş və ya cinayət əməli ilə səbəbli əlaqəsi olmayan tələbləri təmin edə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, mülki iddia qismən təmin edilməli, cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş 2833,73 manat məbləğində maddi ziyan və 48,34 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1 -ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1 -ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, və xx.xx.2026-cı il tarixdə tutulduğu 01 gün, ümumilikdə 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri "həbs” qətimkan tədbiri ilə əvəz edilsin, şəxs məhkəmə iclas zalından həbs olunsun, "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin və 2833,73 manat məbləğində maddi ziyan və 48,34 manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 07 saylı Vəkil Bürosunahesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********m/h AZ37NABZ******************** Baki şəhər 07 saylı vəkil bürosu hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar