Məhkəmə qərarları › İş №1(008)-553/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-553/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-553/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Ermənistan Respublikası, Böyük Qarakilsə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Bakı şəhəri. Sabunçu rayonu. Sabunçu qəsəbəsi. Ə.Məmmədəliyev küçəsində yerləşən çayxanada tanışı X2 ona söyüş söyməsi səbəbindən yaranmış şəxsi münasibətlə zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun sol qolundan əli ilə bir neçə dəfə vurub, sol bazu oynağında qismən hərəkət məhdudluğu və ağrı simtomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematoması ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 ilə yaxındır ki, Bəxtiyar Kərimovla dostluq münasibətləri vardır. Onunla yaxın dostdurlar. 09 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Bəxtiyarla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində kafedə kabinatedə oturub çay içərkən aralarında mübahisə yaranmış, onlar mübahisı edərkən başqa şəxslər onları sakitləşdirmişlər. Lakin o, Bəxtiyar Kərimovu vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla yaxın dostdurlar. 09 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxsla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində kafedə kabinatedə oturub çay içərkən aralarında mübahisə yaranmış, mübahisə zamanı kənardan başqa şəxslər onları sakitləşdirmişlər. Həmin vaxt o, özü içkili olmuş və Pənahın onu vurmasını xatırlamır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs hadisədən sonra qolundan xəsarətlərin olub-olmamasını xatırlamadığını, yalnız yatıb ayıldıqdan sonra qolunda göyərti olduğunu gördüyünü, həmin xəsarəti ona Təqsirləndirilən şəxs yetirmədiyini, onu hadisəə vaxtı sakitləşdirən şəxslərdən kiminsə bəlkə qolundan tutaraq kənara çəkməsi nəticəsində qolunda xəsarət yarana bilməsinin mümkün olduğunu, Pənahdan şikayətçi olmadığını, hadisə barədə 102 Xidmətinə məlumatın həyat yoldaşı tərəfindən verildiyini, Pənahın əvvəllər də iki dəfə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyi zaman zərərçəkmiş şəxs özünün olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 09 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsində yerləşən çayxanann otağında baş vermişdir (i.v.8-10). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X7 Sabunçu rayon şöbəsi tərəfindən verilmiş məhkəmə Tibb Ekspertizasının 11 iyun 2024-cü il tarixli, 1348 saylı rəyindən görünür ki, X1 bazu oynağında qismən hərəkət məhdudluğu və ağrı simtomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yetirilməyə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v.19-20). “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş, zərərçəkmiş şəxsin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadələrinin, məhkəmə-tibbi ekspertizasının rəyinin və işdə olan digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır (i.v. 54-55). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri ifadələr, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək zərərçəkmiş şəxslə sadəcə sözlə mübahisə etdiyini və onu vurmadığını, zərərməkmiş şəxs də təqsirləndirilən şəxsin onu vurmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünümüdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq naminə verilmiş ifadə, zərərçəkmiş şəxsin ifadəsini isə yaxın dostunun xeyrinə verimiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəməyə təqdim edilmiş sadələşdirilmiş icraat metarialında olan 09 iyun 2024-cü il tarixli HK-1 N-2988 DİN 102 N-********** saylı raportdan görünür ki, 09 iyun 2024-cü il tarixdə, saat 13:03 radələrində X4 DİN-nin 102 Xidmətinə zəng edərək tanışı Pənah tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. X4 tərəfindən verilmiş 09 iyun 2024-cü il tarixli ərizədən görünür ki, o, həmin ərizəsində 09 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Sabunçu qəsəbəsində bazarda olarkən Pənah adlı tanışının onu döyərək xəsarət yertirdiyini bildirmiş, həmin gün ekspertizadan keçirilmiş və ekspert rəyi ilə X1 bazu oynağında qismən hərəkət məhdudluğu və ağrı simtomu ilə müşayiət olunan sol bazu nahiyəsinin dərialtı hematoması kimi yüngül xəsarətlər aşkar edilmişdir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda tam təqsirli bilərək Bəxtiyarın onu təhqir edib sinəsindən tutması səbəbindən Bəxtiyarın sol qolundan bir neçə dəfə vurduğunu etiraf etmiş, eyni xüsusat zərərçəkmiş şəxsin ifadəsi ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə AR CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, 16 aprel 2024-cü il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və iş məhkməyə göndərilmişdir (i.v.53-54). Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(008)-367/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, 195834-21-1/3- 14061-10 saylı məktubda görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(008)-367/2024 saylı hökmü ilə 1000 manat cərimə cəzasın məhkum edilmiş Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixə qeyd olunmuş cərimə məbləğinin 150 manat hissəsini ödəmiş, hökm üzrə ödənilməmiş cərimə məbləği 850 manat təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəl də AR CM-nin eyni maddəsi ilə cinayət törətməsini, həmin cinayətə görə ona məhkəmənin hökmü ilə cəzalanmasına baxmayaraq həmin hökmün qanuni qüvvəyə minməsindən 05 gün sonra yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət 09 iyun 2024-cü il tarixdə, yəni Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(008)-367/2024 saylı hökmü qanuni qüvvəyə mindikdən sonra törədildiyindən həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının ödənilməmiş hissəsi hazırki hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, AR CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(008)-367/2024 saylı hökmü ilə təyin edilmiş cərimə cəzasının ödənilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(008)-367/2024 saylı hökmü ilə təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasının ödənilməmiş 850 manat hissəsi hazırkı hökmlə təyin edilmiş 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 850 manat məbləğində cərimə cəzası saxlanılsın. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla ibtidai istintaq zamanı sərf edilmiş 20 iş saatına, məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına, cəmi 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar