Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-553/2025 17.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X1, müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 mart 2025-ci il tarixdə saat 20:30 radələrində “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Aqua” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X10 Mehmandarov küçəsi ilə üzü Yavər Əliyev küçəsi istiqamətində “Kristal” şadlıq sarayının qarşında 50-60 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə riayət etməyərək yəni, nizamlanmayan piyada keçidində piyadaya yol vermək üçün dayanmış avtomobilin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirməklə, həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub mövcud şəraitdə idarə etdiyi avtomobillə yolun sağ hissəsindən sol hissəsinə doğru nizamlanmayan piyada keçidi ilə yolu keçən Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ yan hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncuya qamış sümüyünün orta 1/3-nin, incik sümüyünün aşağı 1/3-nin yerdəyişən, orbitanın arxa kənarının xətti, yerdəyişməyən sınığı, sağ təpə, sağ göz yuvasıətrafı nahiyələrin qançırı, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol yuxarı ətrafın hematoması, sağ əlin arxa səthinin sıyrığı ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, “Toyota Aqua” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. Belə ki, qeyd olunan avtomobil Şahid məxsusdur, özü isə həmin avtomobili Kərimdən icarəyə götürüb taksi fəaliyyəti ilə məğul olur. Avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi X3 olsa da, Kərim həmin avtomobili Məhəmmədən baş etibarnamə ilə alıb yəni, avtomobil Kərimin mülkiyyətindədir. 21 mart 2025-ci il tarixdə saat təxminən 20:30 radələrində idarə etdiyi “Toyota Aqua” markalı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X10 Mehmandarov küçəsi ilə üzü Yavər Əliyev küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətə olan zaman onunla eyni hərəkət istiqamətində qarşıda yolun sağ hissəsində markasını və nömrəsini bilmədiyi avtomobilin dayandığını görmüş, həmin avtomobilin sol yanından ötüb keçmək istəyərkən ani bir vaxtda avtomobilin arxa hissəsindən piyada keçidi ilə yolun sağ hissəsindən soluna doğru yolu keçən bir nəfər qadın piyadanı görüb dərhal avtomobilini sola tərəf çəksə də, məsafə çox az olduğu üçün hadisənin qarşısını ala bilməmiş və avtomobilinin qabaq sağ yan hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən həmin piyada qadın yerə yıxılmışdır. Dərhal avtomobilini saxlayıb həmin qadını avtomobilinə qoyub onu xəstəxanaya aparmışdır. Sonradan məlum olmuşdur ki, həmin piyada qadın Zərərçəkmiş şəxsdır. Xəstəxanada olduğu müddətdə Mətanət xanımın müalicəsinə ümumilikdə 3000 (üç min) manat pul xərcləmişdir. O, dəfələrlə zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, bu gün də Mətanət xanımın müalicəsi üçün 1000 (bir min) manat köməklik etməyə hazırdır, yəni maddi imkanı buna yol verir. Lakin zərərçəkmiş şəxs Mətanət xanım ondan 10000 (on min) manat pul tələb edir, buna da onun maddi imkanı çatmır. Belə ki, o, maddi cəhətdən imkansız bir adamdır, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini güclə dolandırır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdən çıxıb yaxınlıqda olan marketə bazarlıq etmək üçün getmişdir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kristal” şadlıq sarayının qarşı hissəsindən yolu piyada keçidi ilə keçmək istədikdə hərəkətdə olan tanımadığı bir avtomobil dayanıb ona yol vermiş, lakin yolu keçməyə davam edən zaman ani bir vaxtda hərəkətdə olan görmədiyi bir avtomobil onu vurmuşdur. Hadisədən sonra huşunu itirmiş, ayıldıqda tanımadığı şəxslərin başının üstündə olduğunu, daha sonra özünə gəldikdə Sabunçu xəstəxanasında olduğunu görmüşdür. Onu avtomobili ilə vuran sürücü bir iki dəfə xəstəxanaya onun yanına gəlib-getmiş, onun müalicəsi üçün təqribən 2700 (iki min yeddi yüz) manat pul xərcləmişdir. Lakin təqsirləndirilən şəxsin onu avtomobillə vurması nəticəsində o, sağlamlığını itirmişdir. Təqsirləndirilən şəxs “milyon”da versə onun sağlamlığı geri qayıtmayacaq. Buna görə də, təqsirləndirilən şəxs onun sağlamlığına dəymiş ziyanın əvəzi olaraq 10000 (on min) manat pul ödəməlidir, əgər ona dəymiş ziyan ödənilməsə Təqsirləndirilən şəxs tutulmalıdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və həmin şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, özünə məxsus “Toyota Aqua” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi X3 olsa da, avtomobili Məhəmməddən baş etibarnamə ilə almışdır. Lakin, avtomobili alanda pulu olmadığı üçün avtomobilin qeydiyyat şəhadətnaməsini öz adına sənədləşdirməmiş yəni, avtomobilin əsil mülkiyyətçisi özüdür. Bir müddət idi ki, həmin avtomobili Təqsirləndirilən şəxs icarəyə vermiş və Yusif də avtomobili etibarnamə ilə idarə edirdi. 22 mart 2025-ci il tarixdə səhər saatlarında Yusif ona bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X10 Mehmandarov küçəsi ilə hərəkətdə olan zaman bir nəfər yolu keçən qadın piyadanı vurub. Baş vermiş hadisə zamanı avtomobilinə ciddi bir ziyan dəymədiyindən, hadisə ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 4-8-ci vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 21 mart 2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X10 Mehmandarov küçəsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 14 metr, hərəkət zolağının sayı 4, hərəkət hissəsinin eni 14 metrdir. Cinayət işinin 22-24-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2025-ci il tarixli, 589 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qamış sümüyünün orta 1/3-nin, incik sümüyünün aşağı 1/3-nin yerdəyişən, orbitanın arxa kənarının xətti, yerdəyişməyən sınığı, sağ təpə, sağ göz yuvasıətrafı nahiyələrin qançırı, sağ təpə nahiyəsinin əzilmiş yarası, sol yuxarı ətrafın hematoması, sağ əlin arxa səthinin sıyrığı müəyyən edildi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/1038 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Aqua” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 80-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 88-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş ölkədaxili kart köçürmələrinə dair çıxarışlardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bank kartlarına Təqsirləndirilən şəxs tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 2670 (iki min altı yüz yetmiş) manat pul köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İİ hissəsinin tələbinə əsasən, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.» Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin müalicəsinə 2670 (iki min altı yüz yetmiş) manat vəsait xərcləməsini və zərərçəkmiş şəxslə barışığa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********00788501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1(008)-553/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-553/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver