Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-559/2023 19.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Kürdəmir rayonunun Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi qəsəbəsi, Yeni Y/M, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə təxminən saat 13 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan “Mersedes Benz” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətindən Məhəmmədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən «7 Gözəl» yaşayış kompleksinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və üfüqi nişanlanma xətlərini kəsib keçməməli (1.1-1.3 yol xətti) olduğu halda onun hadisənin qarşısını almağa texniki imkanı olsa da bunu etməyib ehtiyatsızlıqdan qarşı yolda hərəkətdə olan X3 idarə etdiyi “Fiat Doblo” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilin sürücüsü sağtərəfli hemotoraks (sağ döş boşluğuna sərbəst qanın yığılması), sağ ağciyərin və qara ciyərin əzilmiş-cırılmış yaraları, sol körpücük sümüyünün sağ tərəfli İ-İX qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, alın nahiyəsinin hər iki əl və hər iki diz oynağı nahiyələrinin, sol budun qançır və sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sonuncunun həmin xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorrafik şokdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə verilmiş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, “Mersedes Benz” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə edir. 02 fevral 2023-cü il tarixdə, təxminən saat 13 radələrində idarə etdiyi, texniki cəhətdən saz olan “Mersedes Benz” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətindən Məhəmmədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən «7 Gözəl» yaşayış kompleksinin qarşısında idarə etməni itirərək qarşı yola çıxmış, qarşı yolda hərəkət olan “Fiat Doblo” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. O, toqquşma nəticəsində huşunu tamamilə itirmiş, ayıldığı zaman 3 Saylı Şəhər Klinik Xəstəxanasında olduğunu görmüş, ona boyun fəqərələrinin qırıldığı bildirilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək ifadəsində göstərmişdir ki, mərhum X6 onun həyat yoldaşıdır. X6 “Fiat Doblo” markalı, **- VH-*** dövlət nömrə nişanlı avtomobillə ət və kolbasa məhsullarının satışı ilə məşğul olmuşdur. 02 fevral 2023-cü il tarixdə, təxminən saat 13 radələrində onun mobil telefonuna zəng edilərək onun həyat yoldaşı X3 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etdiyi bildirilmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində Şahid ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli-Kürdəxanı yolunun kənarında yerləşən «7 Gözəl» yaşayış kompleksində yaşayır. 02 fevral 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığı ünvana gedərkən toqquşma səsi eşidərək yola baxmış, “Fiat Doblo” markalı avtomobil ilə “Mersedes Benz” markalı avtomobilin toqquşduğunu görmüşdür. O, dərhal avtomobillərə yaxınlaşmış, “Fiat Doblo” markalı avtomobilinin sürücüsünün vəziyyəti ağır olduğu üçün təcili xəstəxanaya aparılmış, daha sonra digər sürücü də tibbi yadım göstərilməsi üçün xəstəxanaya göndərilmişdir. “Mersedes Benz” markalı, **-VH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətindən Məhəmmədi qəsəbəsi istiqamətində digər avtomobil isə qarşı yolda hərəkətdə olmuşdur. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 13 fevral 2023-cü il tarixli, 3-13-16/2-18145/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə BA 051201 nömrəli, «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması müəyyən edilməmişdir. Cinayət işinin 45-48-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” X10 Sabunçu Rayon Şöbəsinin 24 fevral 2023 il tarixli, 28 saylı ekspert rəyindən görünür ki, X3 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sağtərəfli hemotoraks (sağ döş boşluğuna sərbəst qanın yığılması). Sağ ağciyərin və qara ciyərin əzilmiş-cırılmış yaraları, sol körpücük sümüyünün sağ tərəfli l-İX qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, alın nahiyəsinin hər iki əl və hər iki diz oynağı nahiyələrinin, sol budun qançır və sıyrıqları. Xəsarətlər həyati olub, bərk küt əşya(əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb aldığı xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur, ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 52-53-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 10 aprel 2023-cü il tarixli, 8/624 saylı rəyindən görünür ki, Mercedes-Benz markalı **-VH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan 15 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin 55-57-ci vərəqəsində olan 20 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan 21 aprel 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 N°li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla ona qarşı şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, 02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə isə rəsmi verildiyi andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №1(008)-559/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-559/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver