Məhkəmə qərarları › İş №1(008)-559/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-559/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-559/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamlş, “Kontakt Home” da fəhlə işləyən, Cəlilabad şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni təkrarən əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,221 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 14 iyun 2022-ci il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 23:30 radələrində yaşadığı Cəlilabad şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında küçədə saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasına aparılmış, Şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 1,221 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 1 ədəd bükümdə onun əynindəki boz rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,886 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 29 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 10:38-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən “Seyid” marketin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin inzibati binasına aparılmış, Bölmədə onun üzərində aparılmış şəxsi axtarış zamanı təmiz çəkisi 1,886 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 1 ədəd bükümdə onun əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 14 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Cəlilabad şəhəri, Şahid2 prospektində yerləşən "Silsilə" adlanan ərazidə piyada hərəkət edən zaman yerdə şəffaf sellofanda olan bükülü diqqətini çəkmiş, həmin bükülünü yerdən götürüb içərisinə baxan zaman bükülünün içərisində narkotik vasitə heroin olduğunu görmüş, bundan sonra həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə cibinə qoymuş, daha sonra isə yaşadığı evə getmiş, həmin gün Cəlilabad şəhəri, ünvan 3 ünvanında yerləşən yaşadığı evin yaxınlığında küçədə piyada olan zaman iki nəfər mülki geyimdə tanımadığı şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşar. O da, həmin şəxslərə üzərində narkotik vasitə olduğunu demiş, bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman o, üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir büküm narkotik vasitə olan heroini təqdim etmişdir. Bundan başqa, 28 iyul 2022-ci il tarixdə axşam saatlarında Cəlilabad şəhəri ərazisində anket məlumatlarını bilmədiyi, bir neçə dəfə psixotrop maddə aldığı kişi cinsindən olan şəxsdən bir ədəd bükümdə metamfetamini 20 manata almışdır. Həmin gün gecə saatlarında tanımadığı yol maşını ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə yola düşmüş, 29 iyul 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə çatmışdır. Həmin gün saat 10:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Seyid” marketin yaxınlığında dayanan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər, bir qədər söhbət etdikdən sonra onlar ona narkotik vasitələri, həmçinin psixotrop maddələri əldə etmə, saxlama və daşımaqda məlumatlı olduqlarını bildirib, onu Sabunçu rayon Polis idarəsinin 15-ci polis bölməsinə dəvət etmişlər. O, da onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, həmin təklifdən sonra o, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 büküm psixotrop maddə olan metamfetamini, sol yan cibindən 1 ədəd “Prima” markalı siqareti və 1 manat pulu çıxarıb otaqda olan stolun üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş həmin psixotrop maddəni kimdən, haradan və nə məqsədlə əldə etməyi barədə soruşduqda, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni Cəlilabad rayonunda tanımadığı şəxsdən özünün istifadə etməyi üçün 20 manata aldığını, üzərində saxladığını bildirmişdir. Əməlindən peşmandır. Himayəsində azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alıb barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 15-ci PB-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsi, ev 3-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi barədə qəbul edilmiş qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibi o və Şahid1 ibarət olmuşdur. Həmin tədbirlə əlaqədar olaraq Təqsirləndirilən şəxs olduğu yer tərəflərindən müəyyən edilmiş və 29 iyul 2022-ci il tarixdə saat 18:40 radələrində polis kapitanı Şahid2lə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən, “Seyid” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etmə, üzərində saxlayaraq daşımaqda şübhəli olduğunu və bu barədə məlumatlı olduqlarını deyərək onu 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların qanuni tələbləri ilə razılaşmış, bundan sonra, onlar Təqsirləndirilən şəxs ilə birlikdə 15-ci polis bölməsinə getmişlər. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən bir ədəd siqaret və 1 manat pulu çıxarıb otaqda olan stolun üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, Cəlilabad şəhərində tanımadığı şəxsdən 20 manat verərək özünün istifadəsi üçün aldığını, üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid1 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 iyun 2022-ci il tarixdə, təxminən 23:30-da Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, sonuncu Cəlilabad şəhəri, Füzuli küçəsində piyada hərəkət edən zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti Şahid5 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 14 iyun 2022-ci il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri, Şahid2 prospektində yerləşən “Silsilə” adlanan ərazidə piyada hərəkət edərkən yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin Kriminalistik tədqiqatlar qrupu inspektor kriminalist Şahid5 Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, X1 üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasına dair Sabunçu RPİ-nin 15-ci PB-də toplanmış HK-1/2131 nömrəli material üzrə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. şübhəli şəxsin tutulması haqqında 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:38 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə kütləni çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bükümün içərisində “şüşə” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, çəkmək üçün üzərində saxlayıb daşıdığını, 4 aydır ki, istifadə etdiyini, Cəlilabad rayonunda tanımadığı şəxsdən 20 manata aldığını bildirdi. Aşkar olunmuş həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4097 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş.....” yazısı və imzalar olan kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,886 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət təmin edilməmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. əşyanın maddi sübut kimi tanınması və həlli barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,886 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni təmiz çəkisi 1,836 qram psixotrop maddə metamfetamin təqsirləndirilən şəxs cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq ********* statistik nömrəsi ilə aparılmışdır. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 15 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. şübhəli şəxsin tutulması haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülmüş bükülünü çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bükülünün içərisində narkotik vasitə heroin olduğunu, “Sil-silə” deyilən ərazidən yerdən tapdığını, narkotik vasitə istifadəçisi olduğunu, tapdığı maddədən istifadə etmədiyini, həmin vasitəni istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirdi. Aşkar olunmuş həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 141 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 19/703 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş.....” yazısı və imzalar olan kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,221 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. MSY-dən azad etmə və polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Cəlilabad RPŞ-nin MSY-dən azad edilmişdir. maddi sübutun tanınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,221 qram heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan qalıq, 1,171 qram çəkidə olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin sübutlar otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının xx.xx.2022-ci il tarixli 747 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2022-ci il tarixli 7425 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Cəlilabad şəhər İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Cəlilabad şəhər İƏDÜ nümayəndəliyinə heç bir təşkilatdan şikayət xarakterli məktub daxil olmamışdır. 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək və əlavələr edilərək ona həmin maddə ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş üzrə sübutların qiymətləndirilməsi haqqında 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disklər iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Sabunçu RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış təmiz çəkisi 1,886 qram psixotrop maddə metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni təmiz çəkisi 1,836 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 1,221 qram olan narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni təmiz çəkisi 1,171 qram narkotik vasitə heroin Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi üçün aidiyyatı şəxslərə göstəriş verilməsi xahiş edilmişdir. Qoşmada qeyd edilmişdir ki, 3 vərəqdə qərarlar, maddi sübutlar iki ədəd möhürlənmiş zərfdə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində əməliyyat sorğu kartotekasında məlumat aşkar olunmamışdır; Elektron məhkəmə informasiya sistemindən çıxarışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X2 adlı azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 1,221 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 1,886 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün—ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs təkrarən narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlamaqla daşıması əməlində AR CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təkrar törədilməsi ağırlaşdırıcı əlamətinin olduğunu göstərir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarixdən 16 iyun 2022-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin azadlığının faktiki 29 iyul 2022-ci il tarixdə saat 10:38-də məhdudlaşdırılması, 30 iyul 2022-ci il tarixdə saat 14:00-dan saat 14:55-ə kimi təqsirləndirilən şəxs qismində dindirilməsi, Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməklə azad edilməsi nəzərə alınaraq 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sabunçu RPİnin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,221 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,171 qram çəkidə narkotik vasitə heroin və ondan aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə ilkin təmiz çəkisi 1,886 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,836 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 179 (yüz yetmiş doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 4 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 01 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,221 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,171 qram çəkidə narkotik vasitə heroin və 1 ədəd bükümdə ilkin təmiz çəkisi 1,886 qram olan tədqiqatdan sonra qalıq qalmış 1,836 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 179 (yüz yetmiş doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar