Məhkəmə qərarları › İş №1(008)-56/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-56/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-56/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X32 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Məmmədli qəsəbəsi, nömrəsiz evdə yaşayan, barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,285 qram narkotik vasitə qurudulmuş qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 16 may 2023-cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində olan zaman saxlanılaraq Sabunçu rayon 13-cü polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli pencəyin sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,285 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, cəzaçəkmə müəssisəsində qısa müddət əvvəl azad edilmiş və azad olunduğu gündən narkotik vasitədən istifadə etməmişdir. Hadisə günü, yəni 16 may 2023-cü il tarixdə, günorta saatlarında özünə şəxsiyyət vəsiqəsi almaq üçün Sabunçu rayonu ərazisində yerləşən Asan Xidmətə getmişdir. Oradan qayıdan zaman köhnə qonşusu və dostu Vüqargilə getmişdir. Vüqargilin evi ünvan 4-dur, 252 saylı məktəbin yanındakı bina. Vüqarla otaqda oturub söhbət etdikləri zaman qəfildən otağın qapısı sındırılmış və polis əməkdaşları otağa daxil olmuşlar. Həmin vaxt Vüqarın qayınanası da evdə olmuşdur. Polis əməkdaşları onlara yerə uzanmalarını demişlər, onlar hər ikisi yerə uzanmışlar. O, yerdə olan zaman onu da, Vüqarı da təpiklə vurmuşlar. Daha sonra onları evdən aparan zaman Vüqarın həyat yoldaşı və onun yanında bir qadın gəlmişlər. Onlar Vüqarla onun polis əməkdaşları tərəfindən aparılmalarının şahidi olmuşlar. Vüqarın həyat yoldaşı onları hara apardıqlarını soruşduqda polis əməkdaşı barələrində şikayət olduqlarını və bölməyə aparıldıqlarını bildirmişdir. Onları ilk öncə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə aparmışlar, təxminən 1,5-2 saat İdarədə saxladıqdan sonra Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə aparmışlar. İdarədə onları yüngülvari şilləyərək narkotik vasitə verib həmin narkotik vasitənin ona Vüqarın hədiyyə kimi verməsini deməsi bildirilmiş və ona demişlər ki, onu inzibati qaydada məhkəməyə verəcəklər, sonra çıxıb gedəcək. Həmin vaxt Vüqar ona demişdir ki, “denən mən vermişəm, qoy səndən əl çəksinlər”. Vüqarı isə 2,5 kq narkotik vasitə ilə rəsmiləşdirmişlər. O, ilk öncə polis əməkdaşlarına cəzaçəkmə müəssisəsindən yeni çıxdığını, narkotik vasitə istifadə etmədiyini bildirmiş, lakin ona inzibati qaydada rəsmiləşdirmə aparılacağı deyilmişdir. Üzərinə şəxsi axtarış və götürmə zamanı onu evdən aparan Bəxtiyar adlı Sabunçu RPİ-nin əməkdaşı da həmin otaqda olmuş və onun deyilənləri təkrar etməsinə nəzarət etmiş və ona psixoloji təzyiqlər göstərərək dediklərini etmədiyi təqdirdə ona daha ağır maddə ilə ittiham veriləcəyini bildirmişdir. O, qorxmuşdur ki, polislərin dediyini etməsə ona da külli miqdarla ittiham verəcəklər. Bu səbəbdən üzərinə qoyulmuş narkotik vasitəni təqdim edərək ona deyildiyi qaydada həmin marixuananı Vüqar adlı şəxsin ona hədiyyə etdiyini, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. O, müstəntiq tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə məhkəməyə müraciət olunması üçün prokurorun yanına aparılan zaman prokuror baxmayaraq ki, o, cəzaçəkmə müəssisəsindən yeni azad olunmuş və üzərində çəkilməmiş cəzası olmuşdur, onu azad etmişdir. Halbuki, həmin hallar onun vəziyyətini ağırlaşdıran hallar idi. Həmçinin, onu saxlayan polis əməkdaşları şəxsi axtarış və götürmə zamanı həmin istintaq hərəkətində iştirak etməmişlər. Şəxsi axtarış və götürmədə olan polis əməkdaşları onu evdən götürən polis əməkdaşları deyildirlər. Onu Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşları deyil, Sabunçu RPİ-nin əməkdaşları Vüqarla birlikdə evdən aparmışlar, lakin üzərinə şəxsi axtarış və götürmə Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşlarının iştirakı ilə aparılmışdır. O, polis idarəsinə aparılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs özünün Məhəmmədi qəsəbəsində yaşadığını, saxlanıldığı gün cəzaçəkmə müəssisəsindən 10 gün olardı ki, azad olunduğunu, sadəcə Vüqara baş çəkmək məqsədi ilə Asan Xidmətdən qayıdan zaman Vüqargilin evinə getdiyini, Vüqarın narkotik vasitə istifadəçisi olduğunu, polislərin evə gəldiyi saatı dəqiq bilməsə də, günün günorta vaxtı olduğunu, Səyyad və Ricatın onu aparan polis əməkdaşları olmadıqlarını, Səyyadın onu bundan əvvəlki cinayət işi ilə əlaqədar saxladığını, Səyyad və Ricatın şəxsi axtarış zamanı onun yanında dayandıqlarını, Sabunçu Rayon Polis İdarəsi ilə 13-cü polis şöbəsi arasında olan məsafənin 10 dəqiqəlik məsafə olduğunu, həmin vaxtlar şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən mobil nömrəsinin olmadığını və bu səbəbdən mobil telefon işlətmədiyini, həmin gün Sabunçu rayonunda olan Asan Xidmətə də məhz şəxsiyyət vəsiqəsi alması üçün gəldiyini, şəxsi axtarış və götürmə zamanı Şahid3 da həmin istintaq hərəkətinin aparıldığı otaqda olduğunu, Vüqar həbs olunduqdan sonra onunla bir dəfə də olsun danışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ 13-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitə qanunsuz əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlininin ifşa olunması məqsədi ilə 16 may 2023-cü il tarixdə əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupunun tərkibinə o, və Sabunçu rayon Polis İdarəsinin 13- cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil edilmişlər. Aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində olarkən müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmişlər, onun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə məlumata malik olduqlarını bildirib onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlara Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gəlməyə razılaşmış və həmin şəxsi həmin bölməyə aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyin sol yan cibindən 01 ədəd sarı rəgli kibrit qutusunun içərisində olan qurudulmuş ot şəklində, spesfik qoxuya malik olan ot kütləsini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli kibrit qutusunun İçərisində “nəşə" kimi tanıdığı narkotik vasitə qurudulmuş qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə həmin maddəni şəxsi istifadəsi üçün 16 may 2023-cü il tarixdə köhnə qonşusu və dostu "Vüqar” adlı şəxsdən pulsuz olaraq öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs Şamil Kamilov küçəsində saxladıqlarını, saxladıqları saatı xatırlamadığını, Mahiri saxlayan zaman Mahirin özündə olmadığını və narkotik vasitənin təsiri altında olduğunu, Mahirin çəkiliş zamanı narkotik vasitənin ona Vüqar adlı şəxs tərəfindən verildiyini bildirdiyini, Mahiri saxlayan zaman öz telefonunun çox güman ki, üzərində olduğunu, Şahid3 onların rəisi olduğundan onun şəxsi axtarış və götürmə istintaq hərəkətində həmin otaqda oturmasının mümkün olduğunu, lakin xatırladığı qədər Təqsirləndirilən şəxs üzərinə baxış zamanı Bəxtiyarın orada olmadığını bildirmişdir. Şahid2 izahatından sonra təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bir daha bildirmişdir ki, onu saxlayan şəxslər arasında Şahid2 olmamış, onu Sabunçu RPİ-nin əməkdaşları Vüqarın evindən aparmışlar. Məhkəmə iclasında iştirak edən şahid Sabunçu RPİ 13-cü PB-in əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlayan zaman öz telefonunun üzərində olduğunu, Mahirlə Vüqarı birlikdə saxlamadıqlarını, Mahiri saxladıqdan və polis şöbəsinə apardıqdan sonra Vüqar adlı şəxsi də saxladıqlarını, onları ayrıayrılıqda hansı saatda saxladıqlarını xatırlamadığını bildirmişdir. Şahid1 ifadəsindən sonra təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bir daha bildirmişdir ki, onun saxlayan şəxslər arasında Şahid1 olmamış, onu Sabunçu RPİ-nin əməkdaşları Vüqarın evindən aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Bir müddət Mahir həbsdə olmuşdur. Hadisə günü Mahir onlara həbsdən çıxdıqdan sonra ilk dəfə görüşməyə gəlmişdir. Onlar əvvəllər Mahirlə qonşu olmuşlar, sonra Mahir başqa yerə köçmüşdür. Mahir onlara gəldiyi gün qayınanası da evdə olmuşdur. Onlar Mahirlə birlikdə otaqda oturduqları zaman polis əməkdaşları qapını sındıraraq otağa daxil olmuşlar. Onların hər ikisini yerə uzatdıqdan sonra yüngülvari vurmuşlar. Onun yaşadığı ünvan ünvan 3muşdur. Onları hadisə günü evdən Şahid3 və onunla birlikdə gələn 3 nəfər polis əməkdaşı aparmışlar. Səhv etmirsə onlardan birinin adı Aqil olmuşdur. Onları evdən çıxaran zaman onun həyat yoldaşı öz iş yoldaşı ilə birlikdə nahara gəlmiş və həyat yoldaşı polis əməkdaşlarının Mahirlə onu evdən aparmalarının şahidi olmuşdur. Onları ilk öncə Sabunçu RPİ-nə aparmışlar, təxminən 1 saat yarım idarədə saxladıqdan sonra 13-cü polis şöbəsinə aparmışlar. Orada Mahirə demişlər ki, ona verilən narkotik vasitəni ondan (yəni, Vüqardan) götürməsini bildirsin, sonra onu buraxacaqlar. Həmin vaxt o, Mahirə demişdir ki, “denən mən sənə vermişəm, əsas odu səni buraxsınlar”. Bir qədər sonra onu təkrarən yaşadığı evə apararaq evindən narkotik çıxarmışlar, lakin həmin narkotik də ona məxsus olmamışdır. Ondan sonra Mahirdən xəbəri olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Vüqar Rəhimov polis əməkdaşları onun evinə gələn zaman günorta radələrinin olduğunu, evdə onu vuraraq sol qulağının partladıldığını, indiyədək həmin qulağının eşitmədiyini, Mahirlə onu ilk növbədə Sabunçu RPİ-nə apararaq saat yarım orada saxladıqlarını, onların hər ikisinin narkotiklə verilməli olmalarının bildirildiyini, evdə olan zaman polis əməkdaşları tərəfindən Mahirin üzərində axtarış keçirilmədiyini, onların Sabunçu RPİnin 13-cü polis şöbəsinə aparıldıqları zaman saatın təxminən 17:30-18:00 olduğunu, onları İdarənin əməkdaşlarının apardıqlarını, həmin şəxslərdən birinin Sabunçu RPİ-nin narkotiklərlə mübarizə idarəsinin rəisi Şahid3 olduğunu, hadisəyə həm həyat yoldaşının, həm də qayınanasının şahid olduqlarını, ona Şahid3 tərəfindən xəsarətlər yetirildiyini bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş Şahid3 ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs tanımadığını, onu saxlamadığını, təqsirləndirilən şəxsin iddialarının həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, hadisə günü, yəni, 16 may 2023-cü il tarixdə işdən evə nahar üçün gəlmişdir. Evə gələndə görmüşdür ki, evdə 4- 5 nəfər mülki geyimli şəxslər var. Onlardan kim olduqlarını və nə məsələ olduğunu soruşduqda onlar polis əməkdaşları olduqlarını və narkotiklə bağlı gəldiklərini bildirmişlər. Onu əri Vüqar narkotik vasitə istifadəçisi olduğundan o, bilirdi ki, nə vaxtsa polislər gəlib onu aparacaqlar. Polislər onu içəri keçməyə qoymamışlar, o, koridorda dayanmışdır. Bu zaman digər otaqda Mahirlə Vüqarın geyindiklərini görmüşdür. Həmin vaxt onun anası eyvanda olmuşdur. Belə ki, polis əməkdaşları özləri onu eyvana çıxarmışlar. O, koridorda dayanan zaman Mahirlə Vüqarı onun qarşısından apararkən polis əməkdaşlarından onları hara apardıqlarını soruşmuş, polislərdən biri narkotiklə bağlı polis idarəsinə aparırıq deyə cavab vermişdir. Bundan sonra o, işə qayıtmış, sonradan bilmişdir ki, həmin gün polis əməkdaşları təkrarən Vüqarı evə gətirərək evdə axtarış keçirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 illər əvvəl tutulmamışdan öncə də onlara gəldiyini, Mahiri sadəcə Vüqarın dostu kimi tanıdığını, o, evə nahar üçün gedən zaman saat təxminən 15-16 radələri arası olduğunu, polis əməkdaşları evə gələn zaman qapını anasının açdığını, lakin Mahirlə Vüqarın oturduqları otağın qapısı bağlı olduğundan qapının polis əməkdaşları tərəfindən sındırıldığını, evə gələn zaman qapının sındırılmasını şəxsən gördüyünü, otağın dağınıq vəziyyətdə olduğunu, Vüqarın narkotik vasitə istifadəçisi oduğunu, lakin indiyədək evdə narkotik vasitə görmədiyini bildirmişdir. Sədrlik edən Şahid3 məhkəmə iclas zalında olan zaman X4 məhkəmə iclas zalında olan şəxsin, yəni Şahid3 da onun evinə gələrək Təqsirləndirilən şəxslə Vüqar Rəhimovu aparan polis əməkdaşları arasında olub-olmamasına dair ünvanlanmış suala cavab olaraq X16 Abbasova baxaraq “Bəli, bu şəxs də bizim evə gəlib Mahirlə Vüqarı aparan polislər arasında olmuşdur” kimi cavab vermiş, Şahid3 isə susaraq heç bir cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Vüqar Rəhimovun qayınanasıdır. Hadisə günü o, qızının evinə gəlmişdir. Qızı həmin vaxt işdə olmuşdur. Həmin gün Mahir onlara qonaq gəlmiş və onlar Vüqarla qonaq otağında qapını bağlayaraq oturmuşlar. O, zibil torbasını bloka qoymaq üçün qapını açan zaman 3-4 nəfər mülki geyimli şəxs evə daxil olaraq polis əməkdaşları olduqlarını bildirmişlər. X27 oturduqları otağın qapısını vurub sındıraraq otağa daxil olmuşlar. O, qorxduğundan mətbəxə getmiş, polis əməkdaşlarından biri o, hadisəyə şahid olmasın deyə onu eyvana çıxarmışdır. Bu səbəbdən Mahirlə Vüqarın evdən aparıldıqları anı görməmişdir. Lakin həmin vaxt qızı işdən nahar üçün gəldiyindən X23 aparıldığını görmüşdür. Məhkəmə iclasına dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X22 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin Şamil Kamilov küçəsinə ən yaxın baza stansiyası 9757 nömrəli baza stansiyasıdır və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, “MM Market”in üstündəki antendir, ən uzaq anten isə Sabunçu Xəstəxanasının yanındakı baza stansiyasıdır. Həmin baza stansiyalar arasındaki məsafə hardasa 4 km-dir. Sabunçu rayonu, Aydınbəyov küçəsi ilə Şamil Kamilov küçəsi arasındakı məsafə 3-4 km-dir. Şamil Kamilov küçəsində olan şəxsin anten məlumatlarının Aydınbəyov küçəsində gğstərməsi ehtimalı texniki cəhətdən 5-6 faizdir, çünki aradakı məsafə çoxdur. Şamil Kamilov küçəsi ilə Oskar Əfəndiyev küçəsi arasındakı məsafə az olduğundan texniki cəhətdən anten onlardan hər birini eyni ünvanda olan zaman göstərməsi mümkündür. Yavər Əliyev küçəsi ilə Oskar Əfəndiyev küçəsi arasındakı məsafə 500-600 metr, Yavər Əliyev küçəsi ilə Şamil Kamilov küçəsi arasındakı məsafə isə 3-4 km olar. Mahir Əmirov küçəsi ilə Şamil Kamilov küçəsi çox yaxındır. Həmin ərazidə kollec yerləşir, Mahir Əmirov küçəsi həmin dairəyə yaxındır. Mehmandarov küçəsi Şamil Kamilov küçəsindən xeyli uzaqdır, ara məsafəsi hardasa 6-7 km-dir. Xəritəyə əsasən belə görünür. Bəlkə də Sabunçuda da belə adda ara küçəsi var, bundan məlumatsızdır. Məhkəmə iclasına dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X8 ona verilmiş suallara cavab olaraq ünvan 4 ünvanında olan şəxsin anten məlumatlarının onun Sabunçu rayonu, ünvan 5 ünvanında göstərməsinin real olduğunu, Sabunçu rayonu, ünvan 5 antenasının xidmət etdiyi əraziyə Mahir Əmirov küçəsinin də aid olduğunu, ünvan 6 ünvanında olması göstərilən şəxsin də Mahir Əmirov küçəsində olmasının tam real və mümkün olduğunu, Energetika Kolleci göstərən antena ilə Mahir Əmirov küçəsi arasındakı məsafənin 200 metr olduğunu, həmin antenanın da həmin əraziyə xidmət etdiyini, yəni həm Doğum evi, həm də Energetika kolleci ünvanında olması göstərilən şəxsin mobil telefonunun anten məumatlarının Mahir Əmirov küçəsində olan şəxsin anten məlumatlarını göstərməsinin mümkün olduğunu, bununla yanaşı, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenin Sabunçu RPİ-nə çox yaxın məsafədə olduğunu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenanın Sabunçu RPİ-də olan şəxsin mobil telefonunun anten məlumatlarını göstərməsinin tam real olduğunu, o cümlədən, 2-ci Arablinka antenasının da Sabunçu RPİ-də olan şəxsi göstərməsinin mümkün olduğunu, həmin antenanın Sabunçu RPİ-n çox yaxın məsafədə olduğunu, lakin Sabunçu RPİ-də olan şəxsin anten məlumatlarının “Fidan” şadlıq sarayı kimi göstərilməsinin mümkün olsa da, göstərmə faizinin aşağı olduğunu bildirmişdir. Məhkəmə iclasında təkrarən dindirilmiş X20 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun həyat yoldaşı və qayınanası dindirilən zaman Mahirin də onunla birlikdə onların evində olduğunu və onunla birlikdə evdən polis əməkdaşları tərəfindən aparılmasını bildirmişlər. İlkin izahatında Mahirə narkotik vasitə verməsini bildirməkdə məqsədi Mahirə kömək etmək olmuşdur. Belə ki, bölmədə onlara demişlər ki, o formada izahat verilsə, Mahir isə həmin narkotik vasitəni qəbul etsə Mahir inzibati məsuliyyətə cəlb olunacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 16:30-dan tutulmuş hesab edilmişdir (i.v.21). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyin sol yan cibindən 01 ədəd kibrit qutusunda içərsində olan qurudulmuş şəkildə ot kütlələrini çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunun içərsində olan ot kütləsinin “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni nə məqsədlə əldə edildiyi sual edildikdə həmin narkotik vasitəni şəxsi istifadəsi üçün 16 may 2023-cü il tarixdə, saat 16 radələrində köhnə qonşusu və dostu “Vüqar” adlı şəxsdən pulsuz olaraq öz istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən 01 ədəd qara rəngli qulplu eynək aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd qara qulplu eynək sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmış, təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan qurudulmuş ot kütləsi ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür (i.v. 32-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixli, 7/712 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən..." yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi - 5,285 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş qurudulmuş marixuanadır (i.v.38-41). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.78-80). “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 may 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.81-82). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 mart 2020-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzasının 03 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 01 iyul 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.87-88). “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.103- 104). Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 7(002)-311/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.108-112). Məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2023-cü il tarixli, 5140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.115-116). “Sübutların qiymətləndirilməsi haqqında” 17 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs götürülmüş 5,285 qram çəkidə narkotik vasitə qurudulmuş qurudulmuş marixuana maddi sübut kimi tanınmış, həmin qurudulmuş qurudulmuş marixuanain tədqiqatdan sonra 5,235 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və diskin cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.117-122). Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrıayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 16:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, saat 17:35-dən 17:50-dək üzərində şəxsi axtraış və götürmə həyata keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli pencəyinin sol yan cibindən çıxararaq təqdim etdiyi ot şəklində olan maddənin nəşə kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni elə həmin tarixdə, saat 16 radələrində köhnə qonşusu, dostu Vüqar adlı şəxsdən pulsuz alaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2li oğlu ifadələrində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni köhnə qonşusu və dostu Vüqar adlı şəxsdən pulsuz öz şəxsi istifadəsi üçün almasını göstərməsini təsdiq etmişlər. Səhərisi gün isə, yəni 17 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilən zaman o, üzərindən aşkar edilmiş narkotik vasitəni 10 manat müqabilində Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 16 may 2023-cü il tarixdə, saat 16 radələrində aldığını bildirmiş, müstəntiq tərəfindən ona şəxsi axtarış və götürmə zamanı narkotik vasitəni Vüqar adlı tanışından pulsuz almasını, hazırda isə tanımadığı şəxsdən 10 manata almasını göstərməsi ilə bağlı ziddiyyətin səbəbi soruşulduqda o, şəxsi axtarış zamanı çox həyəcanlı olduğundan ona verilmiş sualların bəzilərinə səhv cavab verdiyini bildirmişdir. 18 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman onun şübhəli şəxs qismində dindirilməsi protokolunda olan ifadəsi və suallara verilmiş cavabları sözbəsöz eynilə təqsirləndirilən şəxs qismində cəlb etmə protokoluna köçürülmüşdür. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs sərbəst ifadə verərək 16 may 2023-cü il tarixdə, günorta saatlarında özünə şəxsiyyət vəsiqəsi almaq üçün Asan Xidmətə getdiyini, oradan qayıdan zaman köhnə qonşusu və dostu Vüqargilə getdiyini, Vüqargilin evinin ünvan 4 ünvadan yerləşdiyini, Vüqarla otaqda oturub söhbət etdikləri zaman qəfildən otağın qapısı sındırıldığını və polis əməkdaşlarının otağa daxil olduqlarını, həmin vaxt Vüqarın qayınanasının evdə olduğunu, daha sonra onları evdən aparan zaman Vüqarın həyat yoldaşı və onun yanında bir qadının gəldiklərini, onlar Vüqarla onun polis əməkdaşları tərəfindən aparılmalarının şahidi olduqlarını, Vüqarın həyat yoldaşının onları hara apardıqlarını soruşduqda polis əməkdaşının barələrində şikayət olduqlarını və bölməyə aparıldıqlarını bildirdiyini, onları ilk öncə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə apardıqlarını, təxminən 1,5-2 saat İdarədə saxladıqdan sonra Sabunçu RPİnin 13-cü polis şöbəsinə gətirdiklərini, idarədə onları yüngülvari şilləyərək narkotik vasitə verib həmin narkotik vasitənin ona Vüqarın hədiyyə kimi verməsini deməsi bildirdiklərini və onun inzibati qaydada məhkəməyə veriləcəyinin bildirildiyini, həmin vaxt Vüqarın ona “denən mən vermişəm, qoy səndən əl çəksinlər” dedyini, Vüqarı isə 2,5 kq narkotik vasitə ilə rəsmiləşdirdiklərini, özünün ilk öncə cəzaçəkmə müəssisəsindən yeni çıxdığını, narkotik vasitə istifadə etmədiyini bildirdiyini, lakin ona inzibati qaydada rəsmiləşdirmə aparılacağının deyildiyini, üzərinə şəxsi axtarış və götürmə zamanı onu evdən aparan Bəxtiyar adlı Sabunçu RPİ-nin əməkdaşının da həmin otaqda olduğunu və onun deyilənləri etməsinə nəzarət etdiyini, həmin vaxt polislərin dediyini etməsə onu da külli miqdarla rəsmiləşdirəcəklərindən qorxduğunu, bu səbəbdən üzərinə qoyulmuş narkotik vasitəni təqdim edərək ona deyildiyi qaydada həmin marixuananın Vüqar adlı şəxsin ona hədiyyə etdiyini, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyini, həmçinin, onu saxlayan polis əməkdaşlarının şəxsi axtarış və götürmə zamanı həmn istintaq hərəkətində iştirak etmədiklərini, şəxsi axtarış və götürmədə olan polis əməkdaşlarının onu evdən götürən polis əməkdaşları olmadıqlarını, onu Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşlarının deyil, Sabunçu RPİ-nin əməkdaşlarının Vüqarla birlikdə evdən apardıqlarını, lakin üzərində şəxsi axtarış və götürmənin Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməkdaşlarının iştirakı ilə aparıldığını, polis idarəsinə aparılan zaman üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs özünün Məhəmmədi qəsəbəsində yaşadığını, cəzaçəkmə müəssisəsindən 10 gün olardı ki, azad olunduğunu, sadəcə Vüqara baş çəkmək məqsədi ilə Asan Xidmətdən qayıdan zaman Vüqargilin evinə getdiyini, polislərin evə gəldiyi saatı dəqiq bilməsə də, günün günorta vaxtı olduğunu, Səyyad və Ricatın onu aparan polis əməkdaşları olmadığını, Səyyadın onu bundan əvvəlki cinayəti zamanı saxladığını, Səyyad və Ricatın şəxsi axtarış zamanı onun yanında dayandıqlarını, Sabunçu RPİ ilə 13-cü polis şöbəsi arasında olan məsafənin 10 dəqiqəlik məsafə olduğunu, həmin vaxtlar şəxsiyyət vəsiqəsi olmaması səbəbindən nömrəsi olmadığını və bu səbəbdən telefon işlətmədiyini, şəxsi axtarış və götürmə zamanı Şahid3 da həmin otaqda olduğunu, Vüqar həbs olunduqdan sonra onunla bir dəfə də olsun danışmadığını bildirmişdir. Bununla yanaşı, məhkəmə iclasında təqsirləndirilən şəxsdən hansı səbəbdən şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi narkotik vasitəni Vüqarın ona verdiyini bildirməsinə baxmayaraq sonradan dindirilən zaman həmin narkotik vasitəni tanımadığı şəxsdən almasını bildirməsinin səbəbi soruşulduqda təqsirləndirilən şəxs saxlanılan zaman onlar Vüqarla birlikdə saxlanıldıqlarından və Vüqara narkotik vasitələrin satışı ilə ittiham irəli sürüldüyündən polis bölməsində ona üzərinə qoyulmuş narkotik vasitəni guya Vüqarın ona pulsuz verməsini bildirməsi və bundan sonra inzibati qaydada məsuliyyətə cəlb edilərək sərbəst buraxılacağının bildirildiyini, o cümlədən, Vüqar da ona “denən mən vermişəm, qoy səndən əl çəksinlər” dediyindən çəkiliş zamanı narkotik vasitənin ona Vüqar tərəfindən pulsuz verildiyini bildirdiyini, sonrakı ifadələrində yazılanlardan xəbərinin olmadığını, həmin ifadələri oxumadan sadəcə təhqiqatçının və müstəntiqin sözü ilə ifadənin aşağı hissəsində oxumasını qeyd edərək imzaladığını, əslində dindirilən zaman narkotik vasitəni tanımadığı şəxsdən 10 manata aldığını demədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün Bakı Ağır Cinayətlər məhkəməsində məhkəmə araşdırılması aparılan X9, onun həyat yoldaşı X5 və X3 məhkəmə iclasında iştirakları təmin edilməklə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılmışdır. Belə ki, X20 təqsirləndirilən şəxsin ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, bir müddət Mahirin həbsdə olduğunu, hadisə günü Mahirin onlara həbsdən çıxdıqdan sonra ilk dəfə görüşməyə gəldiyini, əvvəllər Mahirlə qonşu olduqlarını, sonra Mahirin başqa yerə köçdüyünü, Mahir onlara gəldiyi gün qayınanasının da evdə olduğunu, onlar Mahirlə birlikdə otaqda oturduqları zaman polis əməkdaşlarının qapını sındıraraq otağa daxil olduqlarını, polislərin onların hər ikisini yerə uzatdıqdan sonra yüngülvari vurduqlarını, daha sonra onun qulağına zərbə ilə vurduqlarını, onun yaşadığı ünvanın ünvan 3duğunu, onları hadisə günü evdən Şahid3 və onunla birlikdə gələn 3 nəfər polis əməkdaşının apardıqlarını, onları evdən çıxaran zaman onun həyat yoldaşının öz iş yoldaşı ilə birlikdə nahara gəldiyini və polis əməkdaşlarının Mahirlə onu evdən aparmalarının şahidi olduğunu, onları ilk öncə Sabunçu RPİ-nə apardıqlarını, təxminən 1 saat yarım idarədə saxladıqdan sonra 13-cü polis şöbəsinə apardıqlarını, orada Mahirə ona verilən narkotik vasitəni Vüqardan götürməsini bildirməsinin deyilərək onu buraxacaqlarını bildirdiklərini, həmin vaxt Mahirə “denən mən sənə vermişəm, əsas odu səni buraxsınlar” dediyini, bir qədər sonra onu təkrarən yaşadığı evə apararaq evindən narkotik çıxardıqalrını, lakin həmin narkotikin də ona məxsus olmdığını, həmin gündən sonra Mahirdən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Vüqar Rəhimov polis əməkdaşları onun evinə gələn zaman saat günorta radələri olduğunu, evdə onu vuraraq sol qulağının partladıldığını, indiyədək həmin qulağının eşitmədiyini, Mahirlə onu ilk növbədə Sabunçu RPİ-nə apararaq saat yarım orada saxladıqlarını, onların hər ikisinin narkotiklə verilməli olmalarının bildirildiyini, evdə olan zaman polis əməkdaşları tərəfindən Mahirin üzərində axtarış keçirilmədiyini, onların Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə aparıldıqları zaman saatın təxminən 17:30-18:00 olduğunu, onları İdarənin əməkdaşlarının apardıqlarını, həmin şəxslərdən birinin Sabunçu RPİ-nin narkotiklərlə mübarizə idarəsinin rəisi Şahid3 olduğunu, hadisəyə həm həyat yoldaşının, həm də qayınanasının şahid olduqlarını, ona Şahid3 tərəfindən xəsarətlər yetirildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 hadisə günü, yəni, 16 may 2023-cü il tarixdə işdən evə nahar üçün gəldiyini, evə gələndə evdə 4-5 nəfər mülki geyimli şəxslərin olduğunu gördüyünü, onlardan kim olduqlarını və nə məsələ olduğunu soruşduqda onların polis əməkdaşları olduqlarını və narkotiklə bağlı gəldiklərini bildirdiklərini, onu əri Vüqarın narkotik vasitə istifadəçisi olduğunu, polislər onu içəri keçməyə qoymadıqlarını, bu səbəbdən koridorda dayandığını, həmin vaxt onun anasının eyvanda olduğunu, polis əməkdaşlarının özlərinin onu eyvana çıxardıqlarını, koridorda dayanan zaman Mahirlə Vüqarı onun qarşısından apararkən polis əməkdaşlarından onları hara apardıqlarını soruşduğunu, polislərdən bir nəfərin “narkotiklə bağlı polis idarəsinə aparırıq” deyə cavab verdiyini, bundan sonra işə qayıtdığını, sonradan həmin gün polis əməkdaşlarının təkrarən Vüqarı evə gətirərək evdə axtarış keçirdiklərini bildiyini göstərmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X1 illər əvvəl tutulmamışdan öncə də onlara gəldiyini, Mahiri sadəcə Vüqarın dostu kimi tanıdığını, o, evə nahar üçün gedən zaman saat təxminən 14-16 radələri arası olduğunu, polis əməkdaşları evə gələn zaman qapını anasının açdığını, lakin Mahirlə Vüqarın oturduqları otağın qapısı bağlı olduğundan qapının polis əməkdaşları tərəfindən sındırıldığını, evə gələn zaman qapının sındırılmasını şəxsən gördüyünü, otağın dağınıq vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Rəhimovun qayınanası olduğunu, hadisə günü qızının evinə gəldiyini, qızının həmin vaxt işdə olduğunu, həmin gün onlara Mahirin qonaq gəldiyini və onların Vüqarla qonaq otağında qapını bağlayaraq oturduqlarını, özünün zibil torbasını bloka qoymaq üçün qapını açan zaman 3-4 nəfər mülki geyimli şəxsin evə daxil olaraq polis əməkdaşları olduqlarını bildirdiklərini, polis əməkdaşlarının Mahirlə Vüqarın oturduqları otağın qapısını vurub sındıraraq otağa daxil olduqlarını, qorxduğundan mətbəxə getdiyini və Mahirlə Vüqarın evdən aparıldıqları anı görmədiyini, həmin vaxt qızı işdən nahar üçün gəldiyindən X17 aparıldığını gördüyünü bildirmişdir. Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də məhkəmə istintaqı zamanı dindirilmiş X9, X5 və X3 ifadələrini əlaqəli və müqayisəli şəkildə təhlil edərək onların hər birinin ifadələrindəki xüsusatların digərinin ifadəsindəki xüsusatlarla uzlaşdığını, ifadələr arasında ən xırda detallara qədər heç bir ziddiyyətin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verilmiş ifadələrini inandırıcı və işin həqiqi halları ilə uzlaşan ifadələr kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman təqdim etdiyi narkotik vasitəni Vüqarın ona verdiyini bildirməsinə baxmayaraq sonradan dindirilən zaman həmin narkotik vasitəni tanımadığı şəxsdən almasını göstərməsi ilə bağlı isə qeyd edir ki, Təqsirləndirilən şəxs komputer vasitəsi ilə yazılmış ifadələrində narkotik vasitəni tanımadığı şəxsdən almasını bildirməsi və həyəcanlı olduğundan səhvən həmin narkotik vasitəni ona Vüqar adlı tanışının verdiyini bildirməsinin qeyd olunması istintaq orqanının işin həqiqi hallarının aşkara çıxmasının qarşısının alınmasına yönəlik addım kimi qiymətləndirilməlidir Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs olmamaqla əvvəllər də iki dəfə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir ki, bu da onun həyəcanlı olması və bu səbəbdən öz dostunun adını çəkməsinin real olmamasına dəlalət edir. Bununla yanaşı, məhkəmənin sorğusuna əsasən Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təqdim edilmiş X9 üzərində şəxsi axtarış və götürmənin aparılmasına dair 16 may 2023-cü il tarixli protokoldan görünür ki, X20 üzərində şəxsi axtarış və baxış keçirilən zaman üzərindən aşkar edilmiş marixuananı Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin yanından 13 may 2023-cü il tarixdə tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, bir kibrit qutusu tanışı Mahirə pulsuz verdiyini bildirmişdir. Səhərisi gün, yəni 17 may 2023-cü il tarixdə tərtib edilmiş “Şübhəli şəxsin dindirilməsi” protokolundan da görünür ki, həmin ifadəsindən sonra ona ünvanlanmış suala cavab olaraq da X20 94 saylı məktəbin yanından tapdığı narkotik vasitədən bir qutu Mahir adlı tanışına verdiyini bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 18 iyun 2023-cü il tarixli ifadəsində üzdən tanıdığı, adını Mahir kimi bildiyi şəxsin də saxlanıldığını, həyat yoldaşı Vüqar Rəhimovun bir müddət öncə Mahirə narkotik vasitə verdiyini bildirmişdir. Göstərilən bu halların tədqiqi nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarətdir ki, istintaq orqanı ilkin olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni ona Vüqarın verməsini bildirməsinə, Vüqar Rəhimovun isə Mahirə narkotik vasitə verməsini bildirməsinə nail olduqdan sonra onların birinin digərinin işi üzrə şahid olmasının və məhkəmə istintaqı zamanı onların işin həqiqi halları barədə biri digəri ilə uzlaşan ifadələr verməsinin və bununla da işin həqiqi hallarının aşkara çıxmasının qarşısını almaq üçün Təqsirləndirilən şəxs 17 may 2023-cü il tarixli ifadəsində həmin xüsusatı fərqli şəkildə qeyd edərək guya Təqsirləndirilən şəxs həyəcanlı olması səbəbindən Vüqarın adını çəkməsini, əslində isə narkotik vasitəni tanımadığı şəxsdən almasını bildirməsini göstərmişlər və bu zaman Təqsirləndirilən şəxs işinə baxacaq məhkəmənin Vüqar Rəhimovun təqsirləndirilməsinə dair cinayət işinin başqa məhkəmənin icraatında olmasına baxmayaraq həmin iş materiallarında olan sənədləri əldə edərək tədqiq etmək imkanın olmasını nəzərdən qaçırmışdır. Hazırki cinayət işi üzrə istintaq orqanı Mahirin həyəcanlı olmasını qeyd edərək Vüqarın adını çəkməsini göstərsə də, maraqlısı odur ki, Vüqar Rəhimov da eyni gündə üzərində şəxsi axtarış və baxış keçirilən zaman, o cümlədən, şübhəli şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə verdiyini bildirmiş, həmin hal Vüqar Rəhimovun təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid qismində dindirilmiş Rövnəq Rəhimovanın da ifadəsi ilə də uzlaşmışdır ki, belə olan halda istintaq orqanın yanaşdığı mövqedən yanaşaraq ayrı-ayrı tarixlərdə həm Təqsirləndirilən şəxs, həm də Vüqar Rəhimovun həyəcanlı olması və bu səbəbdən həyəcanlı olduqları zaman Vüqarın məhz Mahirin, Mahirin isə məhz Vüqarın adını çəkməsi absurd olmaqla sadəcə məntiqəsığmazdır. Məhkəmə onu da qeyd edir ki, X29 Hacıyevlə yaxın olması və narkotik istifadəsiçisi olan Vüqarın Mahirə də istifadə üçün narkotik vasitə verməsi mümkünsüz olmamaqla realdır. Lakin istintaq orqanının sonradan hər iki təqsirləndirilən şəxsin ifadəsini fərqli məzmunda komputer vasitəsi ilə yazması, Təqsirləndirilən şəxs saxlanıldığı günün səhərisi gün artıq narkotik vasitənin ona Vüqar tərəfindən verilməməsinin bildirməsinə baxmayaraq, Vüqar Rəhimovun 17 may 2023-cü il tarixli ifadəsində, Rövnəq Rəhimovanın isə 18 iyun 2023-cü il tarixli ifadəsində Mahirin adını çəkərək Vüqarın Mahirə narkotik vasitə verməsini göstərməsi, Mahirin işi üzrə Vüqarın, Vüqarın işi üzrə Mahirin bir dəfə də olsun dindirilməməsi işin həqiqi hallarının müəyyən olunmasında istintaq orqanının maraqlı olmaması, əksinə Mahirlə Vüqarı biri-biri ilə əlaqəsi olmayan şəxs kimi təqdim etməyə çalışaraq Vüqarın ifadəsinin Mahirin, Mahirin ifadəsinin isə Vüqarın işi ilə bağlı tədqiq edilməsinin aradan qaldırılmasına cəhd edilməsi kimi dəyərləndirilməsinə əsas verir. Məhkəmə eyni zamanda iş üzrə dindirilmiş şahidlərin Vüqar Rəhimovun qohumları olmasını (həyat yoldaşı və qayınanası), həmin şəxslərin Təqsirləndirilən şəxslə qohumluq münasibətinin olmamasını, hətta öz ifadələrində göstərdikləri kimi Təqsirləndirilən şəxs Vüqarın tanışı kimi tanımalarını və sadəcə adının Mahir olduğunu bildiklərini, bir sözlə, onların Təqsirləndirilən şəxs qorumaq və onun məsuliyyətdən yayınmasına nail olmağa çalışmaları üçün heç bir səbəblərinin olmadığını nəzərə alaraq şahid qismində dindirilmiş X5 və X3 ifadələrini iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətli sübut kimi qiymətləndirir. Məlumdur ki, əgər Vüqar Rəhimovun həyat yoldaşı və qayınanasının məqsədi Vüqar Rəhimova kömək etmək və onun cinayət məsuliyyətindən yaxa qurtarması üçün ədaləti yanıltmaq olsa idi, onlar Vüqar Rəhimovun xeyrinə Təqsirləndirilən şəxs adını çəkmədən də rahatlıqla ifadə verə bilərdilər. Bununla yanaşı, X18 Rəhimovla razılaşaraq bu məzmunda ifadə verməsini istisna edən mühüm bir məqam da ondan ibarətdir ki, Vüqar Rəhimov saxlanıldıqdan iki gün sonra müstəntiq təqsirləndirilən şəxs qismində dindirilən zaman artıq onun komputer vasitəsi ilə yazılmış ifadəsində Mahirə narkotik vasitə vermədiyini göstərməsinə baxmayaraq (həmin ifadəni Vüqar Rəhimov imzalamaqdan imtina etmişdir) həmin vaxtdan sonra, yəni 18 iyun 2023-cü il tarixdə Rövnəq Rəhimova şahid qismində dindirilərkən Mahirin də saxlanıldığını və Vüqarın Mahirə narkotik vasitə verməsi barədə sonradan eşitdiyini bildirmişdir. Göstərilən bu hal özü X25 Rəhimovanın ifadələrini öncədən planlaşdırılmış şəkildə verməmələrinə, əksinə onların ifadələrinin müstəntiq tərəfindən həmin ifadələrinin birinin digərinə uyğunsuz olması nəzərdən qaçırılmaqla, Mahirin artıq 17 may 2023-cü il tarixdən etibarən Vüqarın ona narkotik vasitə vermədiyini bildirməsi barədə məlumatsız olan Vüqar Rəhimovun işi üzrə istintaqı aparan müstəntiqin həmin ifadələri onların adından yazmasına dair əsaslı şübhələrin yaranmasına zəmin yaradır. Məhkəmə istintaqın müəyyən bir ssenari əsasında həyata keçirildiyini, cinayət işi üzrə qeyriobyektiv, səthi, formal və natamam araşdırma aparıldığını (Təqsirləndirilən şəxs ifadəsinin Vüqar Rəhimovun işi üzrə, Mahirin adını çəkərək ona narkotik vasitə verdiyini göstərən Vüqar Rəhimovun özünün və həyat yoldaşı X19 Hacıyevin işi üzrə dindirilməməsi, Vüqar Rəhimovun təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini guya dəyişərək Mahirə narkotik vasitə vermədiyini göstərən zaman əvvəlki ifadələrində Mahirə narkotik vasitə verməsini bildirməsinin səbəbinin araşdırılmaması və ifadələr arasındakı ziddiyyətin aradan qaldırılmaması) nəzərə alaraq məhkəmə iclasında tam, hərtərəfli və obyektiv aparılmış araşdırma nəticəsində dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən, onun ifadələri ilə tamamilə uzalaşan və ziddiyyətli bir məqam belə müəyyən edilməyən digər cinayət işi üzrə təqsirləndirilən şəxs Vüqar Rəhimovun, şahidlər Rövnəq Rəhimovanın və Qönçə Həsənovanın məhkəmə iclasında verilmiş ifadələrini işin həqiqi hallarına uyğun verilmiş ifadələr kimi qiymətləndirir və həmin şəxslərin ifadələrinin həqiqiliyinin hazırki cinayət işi üzrə şübhə altına alınması üçün heç bir əsas görmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsində olan ziddiyyətli məqamların aradan qaldırılmamasını, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər, iş üzrə dindirilmiş şahid ifadələri və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı və istintaq zamanı verdiyi ifadələrin isə formal olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq sübut kimi qəbul etmir. -Təqsirləndirilən şəxsin saxlanılması şəraiti barədə məhkəmənin qiymətləndirməsi: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun 16 may 2023-cü il tarixdə, saat 16 radələrində Şamil Kamilov küçəsində olan zaman saxlanılmadığını, dostu Vüqar Rəhimovun evindən polis əməkdaşlarının evə qanunsuz daxil olaraq onunla Vüqarın oturduğu otağın qapısını sındırmaqla daxil olmaları və onların hər ikisinin güc tətbiq edilməklə evdən Sabunçu RPİ-nə aparıldıqlarını, onların Sabunçu RPİ-nin 13-cü bölməsinə deyil, ilkin olaraq Sabunçu RPİ-nə aparıldıqlarını, onları saxlayan polis əməkdaşları arasında Sabunçu RPİ-nin narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid3 da olduğunu, Bəxtiyarın onlara təzyiq göstərdiyini, onları yerə uzatdığını, hətta üzərinə şəxsi axtarış və götürmə zamanı da otaqda kənarda oturaraq onun dediklərini təkrar etməsinə nəzarət etdiyini bildirmişdir. Göstərilən xüsusatlar-yəni Mahirlə Vüqarın birlikdə Vüqarın evindən eyni vaxtda polis əməkdaşlarının evə qanunsuz daxil olmaqla otağın qapısını sındıraraq otağa daxil olmaqla onları polis bölmələrinə aparmaları, onları aparan polis əməkdaşlarının 4-5 nəfər olmaları, onların arasında Sabunçu RPİ-nin narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid3 da olması məhkəmə iclasında dindirilmiş X9, X5 və X3 ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən göstərilən xüsusatların yoxlanılması məqsədi ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin və Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının təqdim edilməsi ilə bağlı müvafiq operatora 22 sentyabr 2023-cü il tarixli, 1(008)- 828/2023 saylı qərarla müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən 24 oktyabr 2023-cü il tarixdə təqdim edilmiş anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı radələrdə Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları 16 may 2023-cü il tarixdə, saat 16:17 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində, saat 16:24 radələrində Sabunçu rayonu, Aydınbəyov küçəsində, saat 16:43 radələrində Sabunçu rayonu, Yavər Əliyev küçəsində olmasını, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 16 may 2023-cü il tarixdə, saat 12:38-dən saat 16:45-dək hərəkətsiz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində (Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin ünvanı) olmasını göstərmişdir. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü polis bölməsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirildiyi saat aralığında, yəni 16 may 2023-cü il tarixdə, saat 17:35-dən 17:50-dək Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun saat 17:43 radələrində ünvan 10 ünvanında, 17:48 radələrində ünvan 11 Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun həmin gün, saat 17:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, “MM Market”-də olduğunu göstərmişdir. Məhkəmə iclasına dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X22 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-nin Şamil Kamilov küçəsinə ən yaxın baza stansiyası 9757 nömrəli baza stansiyasıdır və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsi, ev 38, “MM Market”in üstündəki antendir, ən uzaq anten isə Sabunçu Xəstəxanasının yanındakı baza stansiyasıdır. Həmin baza stansiyalar arasındaki məsafə hardasa 4 km-dir. Sabunçu rayonu, Aydınbəyov küçəsi ilə Şamil Kamilov küçəsi arasındakı məsafə 3-4 km-dir. Şamil Kamilov küçəsində olan şəxsin anten məlumatlarının Aydınbəyov küçəsində göstərməsi ehtimalı texniki cəhətdən 5-6 faizdir, çünki aradakı məsafə çoxdur. Şamil Kamilov küçəsi ilə Oskar Əfəndiyev küçəsi arasındakı məsafə az olduğundan texniki cəhətdən anten onlardan hər birini eyni ünvanda olan zaman göstərməsi mümkündür. Yavər Əliyev küçəsi ilə Oskar Əfəndiyev küçəsi arasındakı məsafə 500-600 metr, Yavər Əliyev küçəsi ilə Şamil Kamilov küçəsi arasındakı məsafə isə 3-4 km olar. Mahir Əmirov küçəsi ilə Şamil Kamilov küçəsi çox yaxındır. Həmin ərazidə kollec yerləşir, Mahir Əmirov küçəsi həmin dairəyə yaxındır. Mehmandarov küçəsi Şamil Kamilov küçəsindən xeyli uzaqdır, ara məsafəsi hardasa 6-7 km-dir. Xəritəyə əsasən belə görünür. Bəlkə də Sabunçuda da belə adda ara küçəsi var, bundan məlumatsızdır. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin Oskar Əfədiyev küçəsində yerləşdiyini, iş materiallarına əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Şamil Kamilov küçəsinin, məhkəmə iclasında müəyyən edilmiş işin həqiqi hallarına əsasən isə Təqsirləndirilən şəxs aparıldığı Mahir Əmirov küçəsinin 13-cü PŞ-nə yaxın ərazidə olmaqla eyni anten dairəsi daxilində olmalarını nəzərə alaraq Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatlarının onun 16 may 2023-cü il tarixdə, saat 12:38-dən saat 16:45-dək hərəkətsiz olaraq Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində (Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin ünvanı) olmasını göstərməsi onun həmin zaman aralığında məhz işlədiyi 13-cü polis şöbəsində olmasına dair (Belə ki, bir ərazi daxilində yaxın məsafələrə hərəkət edən zaman anten məlumatlarının fasiləsiz olaraq eyni ünvanı göstərməsi, hərəkət zamanı antenlərdə heç bir dəyişikliyin olmaması real deyildir) şübhələrin yaranmasına əsas verir (Nəzərə alınmalıdır ki, məhkəmə iclasında şahidə ünvanlanmış suala cavab olaraq Şahid2 Mahir Əliyevi saxlayan zaman mobil telefonunun üzərində olduğunu bildirmişdir). Bununla yanaşı, digər Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları 16 may 2023-cü il tarixdə, saat 16:17 radələrində onun Bakı şəhəri, Sabunçu rayonu, Oskar Əfəndiyev küçəsində, saat 16:24 radələrində Sabunçu rayonu, Aydınbəyov küçəsində, saat 16:43 radələrində Sabunçu rayonu, Yavər Əliyev küçəsində olmasını göstərmişdir ki, bu da iş materiallarına əsasən eyni vaxtda eyni yerdə olan şahidlərin anten məlumatlarının üst-üstə düşməməsinə dəlalət edir. Bununla yanaşı, məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X13 Şamil Kamilov küçəsində olan şəxsin anten məlumatlarının Aydınbəyov küçəsində göstərməsi ehtimalının texniki cəhətdən 5-6 faiz, yəni cüzi olmasını və həmin ərazilər arasındakı ara məsafəsinin çox olmasını göstərməsi də təqsirləndirilən şəxsin və dindirilmiş digər şahidlərin (Vüqar Rəhimov, Rövnəq Rəhimova və Qönçə Həsənova) ifadələrində səmimi olmalarına dəlalət edən hallardan biri olmaqla polis əməkdaşı Şahid1 da Mahirin saxlanılmasında iştirak etməməsinə dair əsaslı şübhələrin yaranmasına əsas verməklə həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmasına zəmin yaradır. Məhkəmə Şahid1 ifadələrində səmimi olmaması qənaətinə gələrkən məhkəmə iclasında şahidə Təqsirləndirilən şəxs tərəfindən onu saxlayan polis əməkdaşları içərisində Şahid1 olmamasını göstərməsi bildirilən zaman Şahid1 Mahiri saxladıqları zaman Mahirin narkotik vasitələrin təsiri altında olmaqla özündə olmadığını göstərməsini, lakin həmin halın həqiqəti əks etdirmədiyini nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs saxlanılmasından bir saat sonra keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən diskə baxış zamanı Təqsirləndirilən şəxs ayıq və normal şəkildə özündə olması, yəni şahidin qeyd etdiyi kimi narkotik vasitənin təsiri altında olmaması açıq-aşkar sezilməkdədir. Bununla yanaşı, məhkəmə hadisə günü Təqsirləndirilən şəxs üzərində telefon olmadığını, həm onun özünün, həm də Vüqar Rəhimovun eyni xüsusatları qeyd edərək onların eyni gündə, eyni saatda və eyni yerdən, yəni Vüqar Rəhimovun yaşadığı ünvandan Sabunçu RPİ-nin narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid3 iştirakı ilə aparılmasına dair göstərdikləri halları nəzərə alaraq iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə 16 may 2023-cü il tarixdə X9 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin, o cümlədən, Şahid3 istifadəsində olmuş ***-***- **-** mobil nömrənin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair 24 noyabr 2023-cü il tarixli, 1(008)-828/2023 saylı qərarla "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən 08 dekabr 2023-cü il tarixdə təqdim edilmiş anten məlumatlarından görünür ki, X9 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları onun 16 may 2023-cü il tarixdə, saat 00:22-dən saat 14:31-dək Sabunçu rayonu, ünvan 5 ünvanında (saatlar nəzərə alınmaqla Vüqar Rəhimovun yaşadığı ev həmin anten dairəsinə aiddir), saat 16:39-dan saat 17:35-dək isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (saat 16:48 radələrində Bakıxanov qəsəbəsi, 2-ci Arablinka ünvanı) olmasını göstərmiş, saat 17:35-dən sonrakı saatların anten dairəsi müəyyən olunmamışdır. Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları isə onun 16 may 2023-cü il tarixdə, səhər saat 09 radələrindən günün əksər hissəsini Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakıxanov qəsəbəsi Fidan şadlıq sarayı və ya Bakıxanov qəsəbəsi, 2-ci Arablinka məhəlləsi ünvanında (Şahid3 günün əsas hissəsini həmin anten dairəsinə aid olan ərazidə olmasını nəzərə alaraq həmin yerin onun iş yeri olan Sabunçu RPİ-nin ünvanı olması realdır), həmin gün saat 16:06 radələrində Sabunçu rayonu, ünvan 5 ünvanında, saat 16:17-dən saat 16:21-dək Sabunçu rayonu, R.Qəmbərov küçəsi, Energetika Kolleci ünvanında, 16:40 radələrində yenidən Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olması müəyyən edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X8 ona verilmiş suallara cavab olaraq ünvan 4 ünvanında olan şəxsin anten məlumatlarının onun Sabunçu rayonu, ünvan 5 ünvanında göstərməsinin real olduğunu, Sabunçu rayonu, ünvan 5 antenasının xidmət etdiyi əraziyə Mahir Əmirov küçəsinin də aid olduğunu, Sabunçu rayonu, R.Qəmbərov küçəsi, Energetika Kolleci ünvanında olması göstərilən şəxsin də Mahir Əmirov küçəsində olmasının tam real və mümkün olduğunu, Energetika Kolleci göstərən antena ilə Mahir Əmirov küçəsi arasındakı məsafənin 200 metr olduğunu, həmin antenanın da həmin əraziyə xidmət etdiyini, yəni həm Doğum evi, həm də Energetika kolleci ünvanında olması göstərilən şəxsin mobil telefonunun anten məlumatlarının Mahir Əmirov küçəsində olan şəxsin anten məlumatlarını göstərməsinin mümkün olduğunu, bununla yanaşı, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenin Sabunçu RPİ-nə çox yaxın məsafədə olduğunu, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenanın Sabunçu RPİ-də olan şəxsin mobil telefonunun anten məlumatlarını göstərməsinin tam real olduğunu, o cümlədən, 2-ci Arablinka antenasının da Sabunçu RPİ-də olan şəxsi göstərməsinin mümkün olduğunu, həmin antenanın Sabunçu RPİ-n çox yaxın məsafədə olduğunu, Sabunçu RPİ-də olan şəxsin anten məlumatlarının “Fidan” şadlıq sarayı kimi göstərilməsinin mümkün olsa da, göstərmə faizinin aşağı olduğunu bildirmişdir. Göründüyü kimi, 16 may 2023-cü il tarixdə Bəxtiyar Abbasouv istifadəsində olan ***-***-**-** mobil nömrənin anten məlumatları onun 16:06 radələrindən saat 16:21-dək Sabunçu rayonu, ünvan 5 ünvanında və ünvan 16, hansı ki, məhkəmə iclasına dəvət edilmiş mütəxəssinin söylədiklərinə əsasən həmin ünvanın Vüqar Rəhimovun yaşadığı ünvan 4 olması tam mümkün və realdır. X9 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten məlumatları isə saat 16:39-dan saat 17:35-dək isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (saat 16:48 radələrində Bakıxanov qəsəbəsi, 2-ci Arablinka ünvanı) olmasını göstərmişdir ki, mütəxəssinin bildirdiyinə əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən anten Sabunçu RPİ-nə çox yaxın məsafədə olmaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi göstərən antenanın Sabunçu RPİdə olan şəxsin mobil telefonunun anten məlumatlarını göstərməsi tam realdır, o cümlədən, 2-ci Arablinka antenasının da Sabunçu RPİ-də olan şəxsi göstərməsi mümkündür və həmin antena Sabunçu RPİ-n çox yaxın məsafədə yerləşir. Göründüyü kimi, göstərilənlərə əsasən həqiqətən də Təqsirləndirilən şəxs saxlanıldığı saatlarda, yəni 16 radələrində Şahid3 Vüqar Rəhimovun ev ünvanına xidmət edən anten dairəsi daxilində olması, saat 16:40-dan artıq yenidən Sabunçu Rİ-nin yerləşdiyi anten dairəsinə aid olan ərazidə olması (Sabunçu rayonu, Bakıxanov qəsəbəsi) müəyyən edilmiş, hansı ki, saat 16:39-dan Vüqar Rəhimovun da mobil telefonun anten dairə məlumatları onun Sabunçu Rİ-nin yerləşdiyi anten dairəsinə aid olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olmasını göstərmiş, saat 17:35dən sonrakı saatların anten dairəsi müəyyən olunmamışdır. Halbuki, X9 təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından onun 16 may 2023-cü il tarixdə, saat 18:30-da saxlanıldığı müəyyən olunmuşdur. Göstərilən bu hallar həm Təqsirləndirilən şəxs, həm X9, həm həmin gün Vüqarın evində olan qayınanasının, həm də polislərin Vüqarla Mahiri aparmasının şahidi olmuş həyat yoldaşı X6 ifadələrinin həqiqəti əsk etdirməsinə, Vüqarın da Mahirlə birlikdə 16 may 2023-cü il tarixdə, saat 16 radələrində aparılmasının, onların ilkin olaraq Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə deyil, ifadələrdə qeyd olunduğu kimi Sabunçu RPİ-nə aparılmalarının və onları polis idarəsinə aparan polis əməkdaşları içərisində Şahid3 da olmasının real olmasına dəlalət edir. Qeyd olunan xüsusatla bağlı məhkəmə X5 məhkəmə iclasında Şahid3 iştirakı ilə ona ünvanlanmış suala verilmiş dəqiq və konkret cavabını nəzərə alır. Belə ki, Şahid3 məhkəmə iclas zalında olan zaman X4 məhkəmə iclas zalında olan şəxsin, yəni Şahid3 da onun evinə gələrək Təqsirləndirilən şəxslə Vüqar Rəhimovu aparan polis əməkdaşları arasında olub-olmamasına dair ünvanlanmış suala cavab olaraq X16 Abbasova baxaraq “Bəli, bu şəxs də bizim evə gəlib Mahirlə Vüqarı aparan polislər arasında olmuşdur” kimi cavab vermiş, Şahid3 isə susaraq heç bir cavab verməmişdir. -İstintaq orqanının sübut kimi istinad etdiyi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair 16 may 2023-cü il tarixli protokoldan görünür ki, onun üzərində şəxsi axtarış və götürmə 16 may 2023-cü il tarixdə, saat 17:35-dən 17:50-dək həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğunun üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan bir saatdan artıq vaxt keçdikdən sonra həyata keçirilməsi özü-özlüyündə narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı məhkəmədə narahatlıq yaranmasına əsas verir. Belə ki, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuşdur. Həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxsin üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, 16 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 15 dəqiqə, yəni saat 17:35-dən 17:50-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin görüntünün cəmi 05 dəqiqə 49 saniyə ərzində həyata keçirilməsi görünməkdədir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Bununla yanaşı, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaqını hərəkətinin görüntülərini özündə əks etdirən diskə baxış zamanı polis əməkdaşı olan şahidlərdən Şahid1 otağa daxil olaraq özünü təqdim etdikdən sonra sol tərəfdə sanki kiməsə baxaraq gülümsəməsi məhkəməni diqqətini çəkən məqamlardan olmuşdur. Belə ki, həmin görüntüyə baxış zamanı şahidin bu hərəkəti otaqda təhqiqatçıdan, videonu çəkən şəxsdən, təqsirləndirilən şəxs və şahidlərdən başqa bir şəxsin olmasına dair əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur ki, bu da Təqsirləndirilən şəxs sərbəst ifadəsini verərkən şəxsi axtarış və götürmə zamanı təhqiqatçının otağında onları evdən bölməyə gətirən Şahid3 da olması və ona dediklərini təkrar etməsinə nəzarət etməsinə dair göstərdiyi xüsusatın həqiqiliyi ehtmalının real olmasına inamı artırır. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 16 may 2023-cü il qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında 16 may 2023-cü il tarixdə, saat 17:30-da tərtib edilmiş protokolda Müdafiəçi imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin 05 dəqiqə sonra şübhəli şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçinın imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. Göstərilənlər nəticəsində məhkəmədə yaranan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 16 may 2023-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 17 may 2023-cü il tarixə, 7/712 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X31 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 avqust 2023-cü il tarixli, 5140 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CMnin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, iş üzrə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik vasitənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan qurudulmuş marixuanain qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 5,285 qram narkotik vasitə qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin qurudulmuş marixuananın kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 5,235 qram qurudulmuş qurudulmuş marixuana araşdırma sona çatanadək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Bakı şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar