Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-560/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X11 qəsəbəsi, ev 4, mənzil 2-də qeydiyyatda olmaqla, ünvan 3-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 290 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, 592 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə qədər daşıyaraq həmin ünvanda gizlədərək saxlamış, 12 aprel 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı daxil olmuş məlumat əsasında həmin tarixdə saat 15:15-də Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən yaşadığı qeyd olunan fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin inzibati binasına aparılmış, həmin tarixdə saat 17:15-də yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi, 592 nömrəli ünvanda yerləşən fərdi yaşayış evində aparılmış axtarış zamanı təmiz çəkisi 290 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1 ədəd ağ rəngli polietilen torbanın içərisindəki 1 ədəd göy rəngli sellofan torbada olmaqla fərdi yaşayış evinin yataq otağında olan televizorun altındakı dolabdan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuananın istifadəsi ilə məşğul olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuananı tanımadığı müxtəlif şəxslərdən almışdır. 08 aprel 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün adını bilmədiyi və İran İslam Respublikası mobil operatorlarına məxsus nömrə işlədən şəxsə “Teleqram” proqramı vasitəsilə zəng etmiş və ona narkotik vasitə marixuana istədiyini bildirmişdir. Həmin şəxs də onda təxminən 300 qrama yaxın narkotik vasitə marixuana olduğunu və 800 manata satdığını bildirmişdir. O da düşünmüşdür ki, həmin şəxsdən narkotik vasitə marixuananın hamısını alsın və hissə-hissə istifadə etsin. Ona görə də, razılıq verdikdən sonra həmin şəxs ona Abşeron rayonu, Novxanı qəsəbəsinə gəlməsini bildirmişdir. O da Abşeron rayonu, Novxanı qəsəbəsinə getmiş və onunla dəniz kənarında görüşmüşdür. Həmin şəxs bir ədəd sellofan torbanı açaraq qurudulmuş marixuananı ona göstərmiş və bütövlükdə 800 manata satacağını bildirmişdir. O da 800 manat verib narkotik vasitə qurudulmuş marixuananı almış və torbanı götürüb yaşadığı evə aparıb evdə olan televizorun altındakı dolabın içinə qoymuşdur. 12 aprel 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onunla bir qədər söhbət etdikdən sonra narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmaqda şübhəli olduğunu bildirib, onu Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 14-cü polis bölməsinə getmişdir. Bölmənin inzibati binasına daxil olduqdan sonra o, özünə məxsus “Samsung” markalı “Galaxy J2” modelli mobil telefonunu bölmənin növbətçi hissəsinə təhvil vermiş və bu barədə akt tərtib olunmuş, digər iştirakçılarla birlikdə aktı imzalamışdır. Bundan sonra polis bölməsində barəsində şübhəli şəxs qismində tutulması ilə əlaqədar qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, tutulması ilə bağlı hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra o, dövlət hesabına vəkillə təmin edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı qərar qəbul edilmiş, o, həmin qərarla tanış edilmişdir. Üzərinə şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi və şəxsi axtarış zamanı müdafiəçinin iştirak edəcəyi, həmçinin, şəxsi axtarışdan sonra yaşadığı evdə də axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək üzərində aparılacaq şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə ki, o istəməmişdir ki, şəxsi axtarış zamanı müdafiəçisi onun dediklərini eşitsin. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, o, üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya yaxud predmet olmadığını bildirmiş və üzərində şəxsi axtarış keçirilsə də, hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya yaxud predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları bir daha yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən evdə axtarış aparılmasının zəruri olduğunu bildirərək, onunla birlikdə qeyd etdiyi ünvana getmişlər və həmin ünvanda axtarış keçiriləcəyini bildirmişlər, bununla bağlı qəbul edilmiş qərarla onu tanış etmişlər. Bundan sonra yaşadığı evdə axtarışın videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə həyata keçiriləcəyi bildirilmiş, həmin vaxtı o, ərizə ilə müraciət edərək yaşadığı evdə aparılacaq axtarışın müdafiəçisinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Axtarış başlamazdan əvvəl yaşadığı evdə qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşulmuş, bu təklifdən sonra o, yaşadığı evin yataq otağında olan televizorun alt hissəsindəki dolabdan, içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd həmin sellofan paketi könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi paketin içərisində narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuananı Abşeron rayonu, Novxanı qəsəbəsində, tanımadığı İran İslam Respublikası vətəndaşından 800 manata almışdır. Bundan sonra, yaşadığı evdən aşkar edilərək götürülmüş, içərisində qurudulmuş marixuana olan bir ədəd sellofan torba polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitə, yaxud digər qanunla dövriyyəsi qadağan edilmiş maddələrin satışı ilə məşğul olmur. O, şəxsi axtarış keçirildikdən sonra yaşadığı evə gedərkən yolda polis əməkdaşlarına evində təxminən 300 qrama yaxın çəkidə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, polis əməkdaşları da ona çəkinin çox olduğunu, böyük ehtimalla satmaq üçün əldə etdiyini bildirmişlər. O isə satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini dedikdə, polis əməkdaşları inanmamış və ona yalan danışmamasını, satış məqsədilə əldə etdiyini etiraf etməsini bildirmişlər. O da qorxduğu üçün axtarış keçirilərkən evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı pul qazanmaq üçün satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra onun təhqiqatçı tərəfindən izahatı alınarkən isə həmin kütləni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. X5 və X7 tanıyır. Onlarla münasibəti normal olmuşdur. Rahil Abasovu onunla Allahverən Xəlilov tanış etmişdir. Onların hər ikisi ilə bir-iki dəfə Maştağa qəsəbəsində birlikdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişlər. O, X5 və X8 narkotik vasitə qurudulmuş marixuana satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Sabunçu RPİ-nin 14-cü PB-də xidmət etmişdir, hazırda Sabunçu RPİ-də müstəntiq vəzifəsində çalışır. 12 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin gün saat 15:15 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında onlar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Onlar bölmənin əməliyyat qrupunun üzvü olan təhqiqatçı ilə telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxs onlar tərəfindən bölməyə gətirilməsini bildirib, sonra Təqsirləndirilən şəxsla birlikdə 14-cü polis bölməsinə getmişlər. Bölmənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri, 7 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra o, ərizə ilə müraciət edərək, üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı vəkilinin iştirak etməməsini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olub-olmaması soruşulmuş, videoçəkilişlə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet olmadığını bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə də axtarış aparılacağının zəruri olması bildirilmiş, ona görə də, Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitə marixuana saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvana getmişlər. Orada Təqsirləndirilən şəxs evin yataq otağında olan televizorun altında olan dolabdan bir ədəd ağ rəngli polietilen torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bir ədəd sellofan torbada olan ot kütləsi qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin qablaşdırmanın üzərini və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış, yaşadığı evində axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.92-95); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:15 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.16); şəxsi axtarış və götürmə aparılması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və sənədlərin olmadığını bildirmiş, onun üzərində şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş hər hansı maddə aşkar edilməmişdir(i.v.26-27); axtarış və götürmə aparılması haqqında 12 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə axtarış keçirilən zaman fərdi yaşayış evinin yataq otağında televizorun alt hissəsindəki dolabdan 1 ədəd selofanın içərisində marixuanaya bənzər qurudulmuş ot kütləsi aşkar edilərək götürülmüşdür(i.v.32-33); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli 7/351 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilindən...” yazısı və imzası olan ağ rəngli polietilen bağlamadakı 01 (bir) ədəd göy rəngli sellofan bağlamada təmiz çəkisi 290 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır(i.v.42-44); Üzləşdirmə haqqında 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X1 Camal Süleyman oğlu ilə üzləşdirmə zamanı Allahverən Xəlilov ondan aşkar edilən narkotik vasitəni ondan almadığını bildirmişdir(i.v.62-63); Üzləşdirmə haqqında 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X2 Camal Süleyman oğlu ilə üzləşdirmə zamanı Rahil Abasov ondan aşkar edilən narkotik vasitəni ondan almadığını bildirmişdir(i.v.64-65); Baxış keçirmə haqqında 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə axtarış keçirilən zaman o, fərdi yaşayış evinin yataq otağında televizorun alt hissəsindəki dolabdan 1 ədəd selofanın içərisində marixuanaya bənzər qurudulmuş ot kütləsi təqdim edərək marixuana olduğunu bildirir, kütlə qablaşdırılır, üzəri iştirakçılar tərəfindən imzalanır(i.v.66); Baxış keçirilməsi haqqında 13 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı Galaxy J2 modelli üzərində 055 *** ** ** nömrəsi olan mobil telefona baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir(i.v.67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/353 nömrəli 13 aprel 2022-ci il tarixli rəyindən görünür ki, X3 üzərindən götürülmüş marixuana, Təqsirləndirilən şəxs mənzilindən götürülmüş marixuanadan fərqlənir(i.v.72-73); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/352 nömrəli 13 aprel 2022-ci il tarixli rəyindən görünür ki, X6 üzərindən götürülmüş marixuana, Təqsirləndirilən şəxs mənzilindən götürülmüş marixuanadan fərqlənir(i.v.75-76); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü, xx.xx.2007-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır(i.v.78-79); Xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2007-ci il təvəllüdlü Sadıqov Süleyman Camal oğlu sağlamlıq imkanları məhdud uşaqdır(i.v.81-83); Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilmiş, saxlanıldığı Msy-dən azad edilməsi qərara alınmışdır(i.v.107-108); Qətimkan tədbirinin seçilməsi haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.109-110); Sabunçu RİHB-nin Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v.119); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur(i.v.121); Maddi sübut kimi tanıma haqqında 15 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi-290 qram olmuş narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatından sonra qalıq qalan 289,8 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sabunçu RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir(i.v.128); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin xx.xx.2022-ci il tarixli 3711 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(i.v.148-149); Məhkəmə iclasında bir ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, həmin görüntü, axtarış və götürmə aparılması haqqında 12 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 290 qram olan narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı həm məhkəmə istintaqı zamanı əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində biri sağlamlıq imkanları məhdud olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını(CM-59.2) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 12 aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı(CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 290 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 289,8 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №1(008)-560/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-560/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver