Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-563/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, dövlət ittihamçısı-Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, müdafiəçi-Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Lerik rayonu, Babagil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ile vətəndaş Zərərçəkmiş şəxs məxsus yaşadığı ünvan 2 ünvanı onun adına sənədləşdirəcəyini yalandan vəd verib aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ilk 2024-cü ilin oktyabr ayının ilk on günlüyündə həmin ünvanda 4100 manat pulunu, bir neçə gün sonra isə yəni 2024-cü ilin oktyabr ayının ilk on günlüyündə eyni ünvanda 2000 manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 6100 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Seyranə xanımı uzun illərdir ki, tanıyır, onunla yaxşı münasibətləri olmuşdur. O, əvvəllər hərbçi olmuş, lakin 2024-cü ilin may ayında ordudan təxris olunmuşdur. 2024-cü ilin oktyabr ayında Seyranə xanım yaşadığı evin sənədlərini düzəltmək istəyirmiş, lakin edə bilmirmiş, o da ona kömək etmək istəmişdir və ona görə də Seyranə xanıma kömək edəcəyini demişdir. Bu işin müqabilində Zərərçəkmiş şəxs demişdir ki, «6100 manat verəcəksən», Seyranə xanım qızıllarını aparıb birlikdə girov qoymuşlar və oradan götürdüyü pulları özü götürmüş, daha sonra üstünü düzəldib 4100 manat pulu yaşadığı evdə ona vermişdir. Bir neçə gün sonra Seyranə xanım İphone markalı mobil telefonu kreditə götürüb satıb 2000 manat pulu da öz yaşadığı evdə ona vermişdir, lakin o, Seyranə xanıma həmin mobil telefonun aylıq kreditini özünün ödəyəcəyini demişdir, lakin ödəyə bilməmişdir. Seyranə xanımdan o, ümumilikdə 6100 manat pul almış, lakin onun sənəd işini düzəldə bilmədiyi üçün pulu da xərcləmişdir. Əməlindən peşmandır. Dəymiş ziyanı tam olaraq zərərçəkmiş şəxsə ödəmiş, lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Vətən müharibəsi iştirakçı olması, himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla ona yüngül cəza verilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsdən pulu üç dəfəyə almışdır. Pulu almaqda məqsədi zərərçəkmiş şəxsə məxsus evini sənədləşdirmək olmuşdur. Ev Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yerləşmişdir. Zərərçəkmiş tanıdığı şəxs olmuş, ona etibar etmişdir. Məbləğ 6100 manat olmuş və həmin pulu şəxsən almışdır. Sənədlərin düzəldilməsi 4-5 aya həll olunmalı idi. Özünün bunu düzəltməyə səlahiyyəti olmamış, adam taparaq düzəltmək istəmişdir. Pul xərcləndiyi üçün əvvəllər qaytara bilməmişdir. Özünü təqsirli bilir, onun sənəti olmadığı üçün gərək belə etməzdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İbadov Ağarəhim ilə ailəvi dost olmuşlar, özünə məxus ünvan 3 ünvanın sənədləri olmadığından sənəd düzəltmək üçün Ağarəhimə müraciət etmiş, o da oğlu Təqsirləndirilən şəxs köməklik edə biləcəyini demişdir. O, Ramillə bu barədə danışmış və Ramil ona köməklik edəcəyinə dair söz vermişdir. Təqsirləndirilən şəxs ondan yaşadığı evinin sənədlərini düzəldəcəyinə dair yalandan vəd verib aldadıb 6100 manat pulunu alıb ələ keçirmişdir. Belə ki, Ramil əvvəl ondan pul istəyəndə o, ona həmin məbləğdə pulunun olmadığını, lakin qızıllarını girov qoyub pul götürə biləcəyini demişdir, ona görə də o, özünə aid qızıllarını götürüb Ramillə birlikdə lombarda getmişlər və orada girov qoyub pulu götürmüşlər. O, yaşlı qadın olduğu üçün və Ramilə o dərəcədə inandığı üçün qızıllarını onun adına lombarda girov qoymuş və oradan pulu götürüb yaşadığı evə gəlmiş, evdə həmin pulun üstünü düzəldib və 2024-cü ilin oktyabr ayının ilk on günlüyündə 4100 manat pulu yaşadığı evdə Ramilə vermişdir. Bir neçə gün sonra, yəni 2024-cü ilin oktyabr ayının ilk on günlüyündə Ramil ondan əlavə 2000 manat da pul istəmiş və o, məcbur qalıb gedib öz adına kreditə İphone 15 markalı mobil telefon götürüb 2000 manata satmış, həmin pulu gətirib öz yaşadığı evə gəlmiş və həmin 2000 manat pulu evdə Ramilə vermişdir. Ramil ona telefonun kreditini də özü ödəyəcəyinə söz vermişdir, lakin onu aldatmışdır, krediti ödəməmiş onun da faizləri onun üstünə gəlmişdir. Ümumilikdə Ramil ondan 6100 manat pulunu aldadıb almışdır. Lombarda qızıllarını girov qoyduğuna dair verilmiş müqavilənin surətini təqdim etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, lakin təqsirləndirilən şəxslə barışmaq fikri yoxdur, gələcəkdə ona qarşı mənəvi zərərin ödənilməsi ilə bağlı müraciət edəcəkdir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan pulu evinə yalandan sənədlərin düzəldilməsi üçün aldadaraq almışdır. Həmin pula görə əlavə faizləri ödəməli olmuşdur. İbadov ona yalnız maddi deyil, həm də mənəvi zərər vurmuşdur. Təqsirləndirilən şəxsla barışmaq və ya bağışlamaq fikri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 mart 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsi ev 28A ünvanıdır, hadisə yerinin fotoşəkili çəkilərək protokola əlavə edilmişdir (i.v.6-8). 546013 saylı müqavilənin surətindən görünür ki, Təqsirləndirilən şəxs girov qoyan kimi müqaviləyə imza atmaqla qızıllar onun adına lombarda girov qoyulmaqla pul götürülmüşdür. “Sübutların qiymətləndirilməsi və maddi sübut hesab edilməsi haqqında” 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, cinayət işi üzrə bir vərəqdən ibarət 546013 saylı Təqsirləndirilən şəxs tərəfindən imzalanmış lombard müqaviləsinin surəti maddi sübut hesab edilmiş və cinayət işində saxlanılmışdır (i.v.81-83). İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət başlanılaraq istintaq aparılması üçün icraata qəbul edilmişdir(i.v 1). 11 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır(i.v.28). “Axtarışda olan şəxsin tutulmasına dair” 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, İbadov X2 rayon ərazisində saxlanılaraq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir(i.v.33). 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir(i.v.34). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir(i.v.47-48). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-272/2025 saylı, 05 iyun 2025ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin olunmamış, Təqsirləndirilən şəxs barəsində 03 iyun 2025-ci il tarixdən hesablanmaqla 01 ay, 28 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir(i.v.59-70). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 127714 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qnunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ verən müddətsiz veteranlıq vəsiqəsi verilmişdir(i.v.71). Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “hərbi xidmətlərə görə” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur(i.v.71-73). 13 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1000 manat ödəmişdir(i.v.74). 19 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1000 manat ödəmişdir(i.v.75). 30 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 700 manat ödəmişdir(i.v.76). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 178.2.4-cü maddəsi Sabunçu RPİ-nin İŞ-de ********* nömrəli cinayət işi icraatdadır (i.v.77-78). Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017ci il, xx.xx.2021-ci il, xx.xx.2014-cü il təvəllüdlü himayəsində azyaşlı uşaqları var(i.v.54). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-349/2025 saylı, 26 iyul 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 20 gün olmaqla 20 avqust 2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-563/2025 saylı, 07 avqust 2025-ci il tarixli qərarı ilə ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 18 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs cinayət işi üzrə olan 6 100 manat ödəmişdir. Zərərçəkmiş şəxs X5 tərəfindən məhkəmə ünvanlanmış teleqramdan görünür ki, təqsirləndirilən şəxs tərəfindən aldadılaraq əldə edilmiş 6 100 manat pul məhkəmə dövründə ödənilsə də, təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin edilməsini xahiş etmiş, aralarında barışıq olmamasını qeyd etmişdir. Təqdim edilmiş sənədlərdən və sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il, xx.xx.2017-ci il və xx.xx.2021-ci il təvəllüdlü uşaqları vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin qeydinə əsasən 2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, öz müdafiəsi üçün dəlillər gətirməmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə zərərçəkmiş şəxslə barışmaq və dövlət nəfinə müvafiq məbləğin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq onlar arasında barışıq əldə edilməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını(CM-nin 59.1.4), dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini(CM-nin 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, müharibə iştirakçısı olmaqla orden və medallarla təltif edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı(CM 69.3), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, iş üzrə maddi sübut lombard müqaviləsi iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut hesab edilmiş bir vərəqdən ibarət 546013 saylı Təqsirləndirilən şəxs tərəfindən imzalanmış lombard müqaviləsinin surəti cinayət işi materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdən 29 sentyabr 2025-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 22 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən bir vərəqdən ibarət 546013 saylı Təqsirləndirilən şəxs tərəfindən imzalanmış lombard müqaviləsinin surəti cinayət işi materialları arasında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 27 iş saatına görə 297 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına(Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №1(008)-563/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-563/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver