Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-567/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Naxçıvan MR-da anadan olmuş, evli, ali təhsilli, "xxxx" MMC-də anbardar köməkçisi işləyən, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonu Şuşa şəhərciyi, Təbriz küçəsi 2-ci sahə yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkət qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə saat 06:37 radələrində idarə etdiyi KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat-Kürdəxanı şossesi Ə.Məlikov küçəsi ilə Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin hərəkətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək yol həmin qaydaları pozaraq «ELCE» avtomobil təmiri sexinin qarşısında yolu sağdan sola doğru keçən piyada X4 avtomobilin sol ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid başın deformasiyası, baş beyin maddəsinin əzilməsi və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınıqları, üz skelet sümüklərin və sol baldır sümüyünün yerini dəyişən, qapalı sınıqları, sol bazu nahiyəsinin qançırı ilə nəticələnən bədən xəsarətləri yetirmiş, həmin xəsarətlərdən kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi və hissəvi evakuasiyası Sitarə Bayramovanın ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində NANT- MMC-də anbardar köməkçisi vəzifəsində çalışır. İş saatı həftənin 5 günü səhər saat 07dən axşam saat 17:00-dək davam edir. Hər gün işə baş etibarnamə ilə idarə etdiyi KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gedib gəlir. 22 fevral 2024-cü il tarixdə özünə məxsus avtomobili idarə edərək işə getmişdir. Həmin vaxt yanında iş yoldaşı İsmayıl adlı şəxsdə olmuşdur. İsmayıl onun idarə etdiyi avtomobildə sağ ön oturacaqda əyləşmişdir. Saat 06:45 radələrində avtomobili Sabunçu rayonu Zabrat Kürdəxanı şossesi ilə saatda 40 km/saat surətlə hərəkət etdirmişdir. Hava narın yağışlı və işıqlar sönülü olmuşdur. Həmin şossedə ELCE avtomobil təmiri sexinin qarşısında yolun sağdan sola 2-ci hərəkət hissə ilə hərəkətdə olduğu zaman anidən yolu sağdan sola keçən təxminən 60 yaşlarında qara paltarlı qadını görmüşdür. O, avtomobildə əyləci basmış, həmin qadın avtomobilin sol ön hissəsinə yəni işığına dəymişdir. Zərbənin təsirindən həmin qadın asvalt örtüyünün üzərinə yıxılmışdır. Bundan sonra avtomobili dayandırıb avtomobildən enərək həmin qadına yaxınlaşmışdır. Ətrafda olan şəxslər ora toplaşaraq əl vurmamağı və TTYS-na məlumat verməyini məsləhət görmüşlər. O, TTYSna məlumat vermişdir. Bir qədər sonra ora DYP-nin əməkdaşı daha sonra isə TTYS-nın əməkdaşları gəlmişlər. Həkim briqadası həmin şəxsə yaxınlaşdıqda bildirmişdir ki, həmin şəxs dünyasını dəyişmişdir.Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, Qızının həyat yoldaşı 44 günlük Vətən müharibəsində şəhid olmuş, qızı və onun 3 azyaşlı övladı onun himayəsindədir. Göstərilənləri nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X15 ifadəsində göstərdi ki, X7 onun anasıdır, anası Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində onunla birlikdə yaşamışdır. Anası 21 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yaşayan xalası X8 gilə getmişdir. 22 fevral 2024cü il tarixdə xalası Ulduz onunla əlaqə saxlayaraq bildirmişdir ki, Sabunçu rayonu Zabrat Kerdəxanı şossesində anası X7 baş vermiş yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən onla maddi köməklik edilmiş, onunla barışmış, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Azadi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində NANT-MMC-də işləyir. Azadi anbardar köməkçisi vəzifəsində, o, isə təsisatçı vəzifəsində çalışır. 22 fevral 2024-cü il tarixdə Azadi özünə məxsus avtomobili idarə edərək onu yaşadığı mənzilin yaxınlığından götürmüş və onlar birlikdə işə getmişlər. O, Azadinin idarə etdiyi KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sağ ön oturacaqda əyləşmişdir. Azadi saat 06:45 radələrində avtomobili Sabunçu rayonu Zabrat Kürdəxanı şossesi ilə saatda təxminən 40 km/saat surətlə hərəkət etdirmişdir. Hava narın yağışlı və işiqlar sönülü olmuşdur. Həmin şossedə ELCE avtomobil təmiri sexinin qarşısında yolun sağdan sola 2-ci hərəkət hissə ilə hərəkətdə olmuşlar. Avtomobildə söhbət edə-edə getmişlər. Həmin vaxt avtomobilin nəyəsə toxnmasının səsini eşitmişdir. Bu vaxt Azadi avtomobili dayandırmışdır. Onlar avtomobildən enmişlər. Avtomobildən endikdən sonra avtomobilin önünə keçdikdə təxminən 60 yaşlarında qara paltarlı qadının asvalt örtüyünün üzərində uzanmasını görmüşlər. Ətrafda olan şəxslər ora toplaşaraq əl vurmamalarını və TTYS-na məlumat verməyini məsləhət görmüşlər. Azadi özünə məxsus mobil telefon ilə TTYS-na məlumat vermişdir. Bir qədər sonra ora DYP-nin əməkdaşı daha sonra isə TTYS-nın əməkdaşları gəlmişlər. Həkim briqadası həmin şəxsə yaxınlaşdıqda bildirmişdir ki, həmin şəxs dünyasını dəyişmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 22 fevral 2024-cü il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi, Ə.Məlikov küçəsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək, hadisə yerini müşahidə edən kameradan hadisənin görüntüsünü əks etdirən 1 ədəd videogörüntü olan CD disk köçürülərək götürülmüş və cinayət işinə əlavə olunmuşdur (i.v.05-16); nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə olması, sol ön farasının və kapotun sol hissəsinin əzilmiş vəziyyətdə olması müəyyən edilmiş, fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur (i.v. 17-23); nəqliyyat vasitəsini idarəetmə haqqında 20 iyul 2016-cı il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X5 KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixinədək nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir(i.v. 24); xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 xüsusi mülkiyyətindədir(i.v.25); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AC 057928 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 26); 22 fevral 2024-cü il tarixli, 1/1531 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur(i.v. 27); Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında 22 fevral 2024-cü il tarixli 629 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs Müttəlim oğlunda hər hansı narkotik vasitə və psixotrop maddələrdən istifadə etmə halı aşkar edilmədi(i.v.28); məhkəmə-tibbi ekspertizasının 09 mart 2024-cü il tarixli, 44 nömrəli rəyindən görünür ki: 1. X1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: həyatla bir araya sığmayan xəsarətlər. Başın deformasiyasış Baş beyin maddəsinin əzilməsi və hissəvi evakuasiyası. Kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınıqları. Üz skelet sümüklərin və sol baldır sümüyünün yerini dəyişən, qapalı sınıqları. Sol bazu nahiyəsinin qançırı. -xəsarətlər həyatı olub, bərk–küt əşya (əşyalar) təsirindən mərhumun ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın bütün əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.
2. X1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli açıq sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi və hissəvi evakuasiyası olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir.
3. X1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir(i.v.44- 48); xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X15 bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tam ödəmiş, anasının dəfnində iştirak etmiş və yas xərclərini ödəmişdir.Onun sürücü Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur(i.v.49); 05 mart 2024-cü il tarixli Sabunçu RİHB-nın Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır(i.v.57); 05 mart 2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, X11, X18 və X19 Təqsirləndirilən şəxs himayəsində yaşayırlar(i.v. 58); Şəhid ailəsi üzvünün vəsiqələrinin surətlərindən görünür ki, X11, X18 və X19 şəhid ailəsinin üzvləridir (i.v. 59); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixdə verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 60); yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 may 2024-cü il tarixli, 8/1220 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v.64-66); videogörüntüyə baxış keçirilməsi haqqında 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı 22 fevral 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat- Kürdəxanı şosesi Əjdər Məlikov küçəsində ELCE avtomobil təmiri sexinin qarşısından keçən yolda bir nəfər şəxsin yolu sağdan sola keçməsi və görüntünün 06.37.40 saniyəsində yolu keçən bir nəfər şəxsi qara rəngli avtomobil ilə vurması müşahidə olunmuşdur (i.v. 69); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 91-92); Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə xx.xx.2026-cı il tarixədək etibarlı olan AC 057928 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır(i.v.95); Sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, avtomobilin Təqsirləndirilən şəxs saxlancına qaytarılması nəzərə alınmış, yol nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir(i.v. 96-99); Təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qızının həyat yoldaşı mayor X16 xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olmuş, Azərbaycan Respublikasının “Vətən uğrunda”, “Azərbaycan Bayrağı ordeni” və “Kəlbəcərin azad olunmasına görə”, “Rəşadət ordeni” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, videogörüntü və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini (CM-59.1.12), himayəsində azyaşlı şəhid övladlarının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasını(CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm məhkəmə icraatı zamanı səmimilik göstərərək törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, qızının həyat yoldaşının şəhid olmasını, şəhidin azyaşlı övladlarının və həyat yoldaşının onun himayəsində olmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası(CM-60.1) və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan-KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlancına qaytarılması, yol nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır(CPM-132), 85 (səksən beş) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il 06(altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- KİA markalı SPORTAGE modelli **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs saxlancına qaytarılması, yol nəqliyyat hadisəsini əks etdirən videogörüntülərin olduğu bir ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Elnurə Rəcəbova