Məhkəmə qərarları › İş №1(008)-568/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-568/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-568/2023 24.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özünü başqalarından fərqləndiyini və üstünlüyünü təsdiq etmək niyyəti ilə 03 sentyabr 2022-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən «Qutab evi» adlı kafenin həyətində tanışları ilə birlikdə oturduğu masaya yaranmış səs-küylə bağlı yaxınlaşıb iradını bildirən kafenin icarədarı Zərərçəkmiş şəxs haqlı iradını qəbul etməyərək onun masaya yaxınlaşmasına narazılığını bildirib bunu cüzi səbəb kimi bəhanə etməklə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib kafedə olan müştərilərin gözü qarşısında Zərərçəkmiş şəxs ilə əlbəyaxa olub nalayiq ifadələrlə uca səslə onu təhqir edərək bədəninin müxtəlif yerlərindən əli ilə vurmaqla ona üst dodaq nahiyəsinin əzilmiş yarası-qançırı və sol diz nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqları üçün dərəcəsinə görə sağlamlığına yüngül zərər vuran xəsarətləri yetirməklə şəxs üzərində zor tədbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər törədərək, xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ömrəsiz fərdi yaşayış evində yaşayır. O, 03 sentyabr 2022-ci il tarixdə qardaşı Şahid1 ilə Bakı şəhəri, Qaraçuxur qəsəbəsində görüşərək birlikdə pivə içmişdir. Daha sonra qardaşı Şahid1 ad gününü qeyd etmək məqsədi ilə kiçik qardaşı Şahid1, böyük qardaşı Kamil Məmmədov və xalası oğlu Şahid2 ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Bakıxanov» ticarət mərkəzinin yaxınlığında görüşərək orada yerləşən kafelərdən birində yemək yeyib spirtli içki qəbul etmişlər. Həmin gün, təxminən saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən «Qutab evi» kafesində əyləşib çay içmişlər. Təxminən yarım saat sonra kafedə ofisiant işləyən qadın onların masalarına yaxınlaşaraq öz aralarında yüksək səslə danışmalarını irad tutaraq üstlərinə qışqırmaqla sakit olmalarını tələb etmiş, qadın onların ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Daha sonra kafeni işlədən şəxs Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq qadın ofisiantla mübahisə etmələrinin səbəbini soruşmuş, onlar ofisiantın danışıq tərzinin normal olmadığını, nalayiq ifadələr işlətdiyini kafenin sahibinə bildirsələr də, Zərərçəkmiş şəxs ofisiantın hərəkətlərinə haqq qazandıraraq kafeni tərk etmələrini tələb etmişdir. Bu səbəbdən, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, Zərərçəkmiş şəxs yaxasından tutaraq onu itələmiş, həmin vaxt hər ikisi yerə yıxılmışdır. Daha sonra ətrafda olan insanlar onları ayırmış, o, qardaşları və tanışı ilə birgə oradan uzaqlaşmışdır. Əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs X2 ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən «Qutab evi» adlı kafeni icarə əsasında işlədir. 03 sentyabr 2023-cü il tarixdə, saat 18:30 radələrində kafenin həyətindəki masada əyləşmiş dörd nəfərin öz aralarında yüksək səslə danışdığını, digər masalarda əyləşmiş şəxsləri narahat etdiyini görərək kafedə ofisiant işləyən qadını onların masasına göndərərək sakit olmalarını xahiş etməsini bildirmişdir. Ofisiant qadın həmin şəxslərin masasına yaxınlaşaraq yüksək səslə danışdıqları üçün digər masalarda əyləşən müştəriləri narahat etdiklərini bildirmiş, sakitçiliyə riayət etmələrini xahiş etmişdir. Lakin, həmin şəxslər ofisiant qadının sözlərinə əhəmiyyət verməyərək onunla mübahisə etmiş, öz aralarında nalayiq ifadələr işlətmişlər. Daha sonra, o, həmin şəxslərin əyləşdiyi masaya yaxınlaşaraq ofisiantla mübahisə etmələrinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs onunla kobud şəkildə danışaraq mübahisə etmiş, əli ilə dodaq nahiyəsinə zərbə endirmişdir. Mübahisə zamanı onlar birbirinin yaxasından tutaraq itələşmiş, kafedə ofisiant işləyən digər araya girərək onları ayırmağa çalışarkən onlar yerə yıxılmış, yerə yıxıldığı zaman o, sol diz nahiyəsindən xəsarət almışdır. Yerdən qalxdıqdan sonra aralarındakı mübahisə yekunlaşmış, Təqsirləndirilən şəxs tanışları ilə birgə kafedən uzaqlaşmışdır. Aralarında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs yanında olan digər şəxslər onunla sözlə mübahisə etmiş, lakin, ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 03 sentyabr 2022-ci il tarixdə ad gününü qeyd etmək məqsədi ilə ortancıl qardaşı Təqsirləndirilən şəxs, böyük qardaşı Kamil Məmmədovla və xalası oğlu Şahid2 ilə görüşərək spirtli içki qəbul etmişlər. Həmin gün, saat 18 radələrində çay içmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən «Qutab evi» kafesinə getmişlər. Kafenin həyətində masada əyləşdikləri zaman orada ofisinat işləyən qadın onların masasına yaxınlaşaraq onlarla kobud şəkildə danışmış, sakit olmalarını tələb etmişdir. Onlar həmin qadına kobud şəkildə danışmasına və nalayiq ifadələr işlətməsinə görə öz iradlarını bildrmiş, bu səbəbdən, aralarında söz mübahisəsi yaranmışdır. Daha sonra kafenin sahibi Zərərçəkmiş şəxs onl5arın masasına yaxınlaşaraq kafeni tərk etmlərini tələb etmiş, bundan sonra onlar kafedən çıxaraq getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. 03 sentyabr 2022-ci il tarixdə, saat 20 radələrindən Təqsirləndirilən şəxs və onun digər qardaşları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən «Qutab evi» adlı kafenin həyətində əyləşərək qutab sifariş vermişlər. Daha sonra o, telefon danışığı ilə bağlı kafedən çıxmış, geri qayıtdığı zaman Təqsirləndirilən şəxs kafenin sahibi Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, ətrafda olan insanların onları sakitləşdirməyə çalışdığını görmüşdür. Tərəflər arasında baş vermiş mübahisə tez bir zamanda sonlanmış, onlar birlikdə kafedən çıxmışlar. O, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməsini şahidi olmamışdır. Cinayət işinin 13-14-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Sabunçu rayon şöbəsinin 12 sentyabr 2022-ci il tarixli, 2121 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodaq nahiyəsinin əzilmiş yarası-qançırı və sol diz nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi 03 sentyabr 2022-ci il tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə üst dodaq nahiyəsinin əzilmiş yarası-qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol diz nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 62-ci vərəqələrində olan 25 mart 2023-cü il qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 70-71-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 17 mart 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar