Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-569/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 oktyabr 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda tikilməkdə olan giriş qapısı olmayan nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 1200 manat dəyərində elektrik naqillərini və 01 ədəd 300 manat dəyərində paylayıcı kombi kollektorunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,422 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində olan zaman özünü şübhəli apardığından Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,422 qram təşkil edən ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, psixotrop maddə aludəçisidir. 31 oktyabr 2022-ci il tarixdə, saat təxminən 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata psixotrop maddə metamfetamini alaraq üzərində saxlamış və istifadə etmək üçün yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin gün, saat 20:00 radələrində o, yaşadığı yəni, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində olan zaman 2 nəfər şəxs ona yaxınlaşmışlar, özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində psixotrop maddə olduğundan həyəcanlanmış və polis əməkdaşlarının verdikləri suallara qeyri-adekvat cavab vermişdir. Həmin polis əməkdaşları özünü şübhəli apardığını gördüb onu Sabunçu RPİ-nin 14-cü pois bölməsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis bölməsinə gətirilmişdir. Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsinin inzibati otaqların birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona üzərində videoçəkiliş ilə şəxsi axtarış və götürmə aparılması haqqında məlumat verilmişdir. Belə ki, üzərində psixotrop maddə olduğu üçün istəməmiş ki, müdafiəçi bunu öz gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. O, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə olduğunu bildirmişdir. Həmin maddəni hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi 01 ədəd büküm qablaşdırılaraq möhürlənmiş və ona izah olunmuşdur ki, həmin maddə ekspertiza mərkəzinə göndəriləcəkdir. Təqsirləndirilən şəxs özünü AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilmədiyini bildirərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə oğurluq cinayəti törətməmişdir, etirafedici ifadələri isə oxumadan imzalamışdır. O, ümumiyyətlə zərərçəkmiş şəxsin evi yerləşən ünvanda olmamışdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs maddi sübut kimi tanınmış naqillərinin onun evinə polis əməkdaşları tərəfindən qoyularaq onun fotoşəkillərinin çəkildiyini, istintaq zamanı fiziki və ya psixi təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayında Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq massivi 2 ünvanında həyət evi tikmək üçün torpaq sahəsi almışdır. 2021-ci ilin iyul ayından isə həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Evin tikilməyi üçün lazımi ləvazimatları almışdır. Tikdirdiyi evin dam və pəncərələri qoyulsada evin otaqlarının qapıları və evin çöl qapısı qoyulmamışdır. Bundan başqa həyətləri daş hasarla hörülsədə hasarın qapısıda olmamışdır. O, mütəmadi olaraq həmin tikdiyi evə nəzarət etmək üçün getmişdir. Sonuncu dəfə hadisədən 2022-ci ilin sentyabr ayının sonlarında tikdirdiyi həyət evinə nəzarət etmək üçün getmiş, bütün əyşalar yerində olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində evə baş çəkmək üçün Maştağa qəsəbəsinə gəlmiş və evə girdikdə elektrik naqillərinin və kombinin kollektorunun oğurlandığını aşkar etmişdir. Buna görədə evində baş vermiş oğurluq barədə o, xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun dərhal polisə oğurluq hadisəsi ilə bağlı məlumat verməməyində məqsəd oğurlanmış əşyaları tam olaraq dəqiqləşdirmək olmuşdur. Bildirmişdir ki, elektrik naqillərinin ümumi uzunluğunu və ölçüsü bilmir. Evdə usta işləyərkən usta dediyindən elektrik naqillərini fərdi qaydada bazardan qəbzsiz cəmi 1200 manat ödəməklə almışdır. Həmçinin paylayıcı kombi kollektorunu 300 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq zərərçəkmiş şəxs maddi sübut kimi tanınmış rəngli naqillərinin onun evindən oğurlanmış naqillər olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində inzibati ərazidə Sabunçu RPİ-nin 14- cü PB-nin sahə rəisi polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs verilən suallara qeyri-adekvat cavab verməyə başlamışdır. Onlar həmin şəxsdən şübhəldikləri üçün həmin şəxsi Sabunçu RPİ -nin 14-cü PB-nə dəvət etmişlər. Belə ki, həmin şəxs etiraz etməyərək polis bölməsinə gətirilmişdir. Polis bölməsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsində olarkən Təqsirləndirilən şəxs şəxsi istifadəsi üzərində narkotik maddə olduğunu bildirmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi təqdim edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Sabunçu RPİ -nin 14-cü PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsi barədə müraciət edərək bu barədə rəsmi ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində metamfetaminə bənzər maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə həmin maddəni xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şahid2 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, bu zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində metamfetamin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə həmin maddəni xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsindən adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi aldığını bildirmişdir ( i.v. 25- 27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2022-ci il tarixli, 6/6320 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə..." yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,422 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 33-37). “İfadənin yerində yoxlanılması haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində oğurluq etdiyi yeri və şəraiti əyani olaraq göstərmişdir (i.v.50- 51). “Təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yataq otağında saxlanılan göy, qara və qırmızı rəngli elektrik naqilləri götürülmüşdür (i.v.52-53). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, tanınmalı olan elektrik naqilləri Zərərçəkmiş şəxs təqdim edilmiş, o, elektrik naqillərini tanıyaraq özünə məxsus olduğunu bildirmişdir (i.v.79). “Maddi sübutun tanınması haqqında” 02 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi yararsız vəziyyətdə olan elektrik naqilləri maddi sübut kimi tanınmışdır (i.v.81). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş narkoloji ekspertizanın 28 mart 2023-cü il tarixli, 1698 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v.144-145). “Sübutların qiymətləndirilməsi haqqında” 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,422 qram psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq 0,372 qram metamfetamin və oğurlanmış elektrik naqilləri saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v 147-154). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamayaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilməsə də, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs nəinki törətdiyi oğurluq cinayətini etiraf etmiş, hətta digər cinayətlə əlaqədar şübhəli şəxs qismində dindirilərkən özü könüllü şəkildə oğurluq törətməsi barədə məlumat vermişdir (i.v.39-41). Məhkəmə iclasında verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs istintaq zamanı təsir və ya təzyiqə məruz qalmadığını bildirmişdir ki, belə olan halda şəxsin heç bir təsir-təzyiq olmadığı halda törətmədiyi cinayətlə bağlı etirafedici ifadələr verməsi məntiqli və real deyil. Bununla yanaşı, iş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində oğurluq etdiyi yeri və şəraiti əyani olaraq göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yataq otağında saxlanılan göy, qara və qırmızı rəngli elektrik naqilləri götürülərək tanınması üçün zərərçəkmiş şəxsə təqdim edilmiş və həmin elektrik naqillərini Zərərçəkmiş şəxs tanıyaraq özünə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, müvafiq olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 31 oktyabr 2022-ci il tarixdə, saat 20:00-dan tutulmuş hesab edilmişdir (i.v. 14). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və o, dərhal saxlandığı yerdən azadlığa buraxılmışdır (i.v.104-106). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.107-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 14 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Lenin Rayon X/Məhkəməsinin 04 mart 1987-ci il tarixli hökmünə əsasən CM-nin 143 maddəsinin 3-cü hissəsi, 23-1-ci maddələri təqsirli bilinərək 02 il 06 ay müddətə mütləq əməyə cəlb edilməklə şərti cəzaya məhkum edilmiş, 02 avqust 1990-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i.v. 120-121). “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.138- 140). 01 noyabr 2022-ci il “Şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi bağlı şübhəli şəxs qismində dindirilərkən təhqiqatçı tərəfindən ona “Bundan başqa hər hansı bir cinayət törətmisinizmi?” sualına cavab olaraq 20 oktyabr 2022-ci il tarixdə, axşam saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq-2 yaşayış massivində yerləşən fərdi yaşayış evləri olan küçədə giriş qapısı olmayan iki mərtəbəli yeni tikilidən işıq kabellərini və kombi kollektorunu oğurladığını könüllü şəkildə bildirərək təqsirini boynuna almışdır (i.v.41). AR CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilir. Həmin qərarda qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Hazırki halda təqsirləndirilən şəxs başqa cinayətlə bağlı dindirilərkən istintaq orqanlarına məlum olmayan oğurluq cinayətini törətməsini könüllü olaraq bildirdiyindən məhkəmə AR Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, həmin hal AR CM-nin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə könüllü olaraq oğurluq cinayəti barədə məlumat verərək təqsirini boynuna almasını (AR CM-59.1.10) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, AR CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəzaları qismən toplamaqla ona qəti cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə və yararsız elektrik naqilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. AR CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 04 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq üzərində qəti olaraq 04 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan 0,372 qram psixotrop maddə olan metamfetamin və yarasız vəziyyətdə olan elektrik naqilləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №1(008)-569/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-569/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver