Məhkəmə qərarları › İş №1(008)-57/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-57/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-57/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, Dövlət ittihamçısı-Dövlət ittihamçısı, Müdafiəçi 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 05 iyul 987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq, bir ədəd bükümdə təmiz çəkisi 0.648 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0.871 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və 12 iyul 2021-ci il tarixdə, saat 18:00 radələrində Sabunçu RPİ-in 12-ci PŞ-in əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsində yerləşən fərdi yaşayış evlərin yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayaraq, daşıdığı bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 0.648 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 0.871 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də həmin şalvarın sol yan cibindən narkotik vasitələrin satışında istifadə olunan, səthində heroin izləri olan bir ədəd 13x8 sm ölçüdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən bədəninə iynə vurma yolu ilə, şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən isə falqada çəkmə yolu ilə istifadə edirmiş. İstifadə etdiyi narkotik vasitəni və psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alırdı. 12 iyul 2021-ci il tarixdə, təxminən saat 10:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adım bilmədiyi şəxsdən istifadəsi üçün 25 manata bir bükümdə narkotik vasitə heroin və 20 manata bir bükümdə şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin almışdır. Həmin heroinin və psixotrop maddənin bir qismini istifadə etmiş, bir qismini isə gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 18:00 radələrində Bakı şəh., Sabunçu rayonu, Q.Salahov küçəsində yerləşən fərdi yaşayış evlərin yanında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin onun üzərində heç bir sənəd olmadığından, cibində heroin və metafetamin həmçinin kiçik tərəzi olduğundan o, tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmiş və onlarla birlikdə Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinə getməsini təklif etmişlər. O, da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci Polis Şöbəsinə getmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gedərkən, üzərində olan narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və elektron tərəzini cibindən çıxardıb tullamaq istəsə də, polis əməkdaşları buna imkan verməmiş və polis şöbəsinə gəlmişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş əşyaları üzərində saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün şübhəli şəxs qismində şöbəyə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşdur. O da etiraz etməmiş və bundan sonra polis əməkdaşı üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarma aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan iki ədəd şəffaf sellofan bükümlərini, eləcə də, həmin şalvarının sol yan cibində olan bir ədəd elektron tərəzinidə cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşı bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşmuşlar. O, səmimi olaraq bükümlərdən birinin içərisindən aşkar edilən maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin, digər bükümün içərisindən aşkar edilmiş maddənin isə şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, kakos kimi tanıdığı narkotik vasitəni 25 manata, şüşə kimi tanıdığı psixotrop maddə metamfetamini isə 20 manata Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən istifadəsi üçün aldığını bildirmişdir. Polis əməkdaşı ondan üzərindən aşkar edilmiş elektron tərəzini nə üçün üzərində saxladığını soruşmuşdur. O, da polis əməkdaşının sualına tanımadığı şəxslərdən narkotik vasitə və psixotrop maddə alanda onları həmin tərəzi ilə çəkdiyini, çəkidə onu aldatmamaq üçün saxladığını bildirmişdir. Özünü Cinayət Məəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəh.,Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsi daşıyır. Vəzifə səlahiyyətlərinə narkotik vasitələrin, psixtrop maddələrin, güclü təsir edən preparatlarm qanunsuz dövriyyəsi ilə mübarizə daxildir. 12 iyul 2021-ci il tarixdə, saat 18:00 radələrində Sabunçu RPİ-in 12-ci Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəh., Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsində yerləşən fərdi yaşayış evlərin yaxınlığında bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxsin özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə, polis əməkdaşları olduqlarını deyərək, şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç-bir sənədinin olmamasını bildirmişdir. Həmin şəxslə söhbət edərkən, onun narkotik vasitənin təsiri altmda olması, eləcə də, üzərində narkotik vasitə olması onlarda şübhə yaratmışdır. Bu səbəbdən də, həmin şəxsi işlədikləri Sabunçu RPİin 12- ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxs də, onlarla razılaşmış və onu qeyd etdiyi polis şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə ondan müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs da etiraz etməmiş və bundan sonra ona təklif edilmişdir ki, üzərində qanunla istifadəsi qadağan olunmuş əşya, predmet və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümlərini və həmin şalvarın sol yan cibindən elektron tərəzini çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər tərəflərindən açıldıqda içərisindən maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən birinin içərisindən aşkar olunmuş maddənin el arasında kakos deyilən narkotik vasitə, digərinin içərisindən aşkar olunmuş maddənin isə şüşə kimi tanıdığı psixotrop maddə olduğunu deyərək, kakosu 25 manata, şüşəni isə 20 manata Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyanın tərəzi olduğunu deyərək, tanımadığı şəxslərdən narkotik vasitə və ya psixotrop maddə alanda onu aldatmasınlar deyə, məhz həmin tərəzi ilə aldığı narkotik vasitələri və psixotrop maddələri çəkdiyini, ona görə də üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 6/2819 saylı, 13 iyul 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində Azərbaycan Respublikasının D.İ.N-in «Zərflər üçün №159» möhür əksi «vət.Təqsirləndirilən şəxs üzərindən…..» və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.648 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.871 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd 13x8 sm ölçüdə elektron tərəzinin səthində heroin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəkilində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Heroinin təmiz şəkisi-0.648 qram, tədiqiqata sərf edildi-0.05 qram, qalıq-0.598 qram, metamfetaminin təmiz şəkisi-0.871 qram, tədiqiqata sərf edildi-0.05 qram, qalıq 0.821 qram. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə baxış iclası zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X4 Narkoloji Tibbi 2608 saylı, 02 avqust 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi B.Ə.S.İ.İ-i tərəfindən 26 iyul 2021-ci il tarixində doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il, 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 26 mart 2020-ci il Bakı şəh., Xəzər Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. 22 may 2020-ci ildə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən-satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-cinayət əməlini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, təqsirləndirilən şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, baxış keçirilən zaman çəkilmiş videogörüntü və iş materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən- satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuüşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 haqqında 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarına əsasən, Təqsirləndirilən şəxs təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-cı il tarixli qərarına əsasən məhkəmə hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarında olan 12 iyul 2021-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (səh.14). Cinayət işinin materiallarında olan 14 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb olunma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (səh., 47). Cinayət işinin materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəh., Sabunçu Rayon Məhkəməsinin 4(008)486/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) müddətinə həbs qətimkan tədbiri seçilmişdir (səh.,75). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir (səh.,196). Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmasını, əməlində cinayətin residivini və işdə olan digər halları nəzərə alaraq, ona «azadlıqdan məhrum etmə» növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzanı «ciddi rejimli» cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını «ciddi rejimli» cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «12» iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.598 qram heroin, 0.821 qram metamfetamin məhv edilməli, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən müxətəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən «04» (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını «ciddi» rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı «12» iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitələr-0.598 qram heroin, 0.821 qram metamfetamin məhv edilsin, bir ədəd disk isə cinayət işinin materialları arasında saxlanılsın. 109 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub AZ.MEM VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar