Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-572/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Füzuli rayonu, Gorazıllı kəndində qeydiyyatda olan, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,631 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının qarşısına daşımış, özünü şübhəli apardığına görə 30 oktyabr 2023-cü il tarixdə saat 22:00-da həmin yerdə Sabunçu RPİ-nin 13-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,631 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il və ya bir il yarımdır ki, kakos kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 35 manata bir ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün almışdır. Həmin heroini şəxsi istifadəsi üçün alsa da sonradan istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi yaşadığı evin yaxınlığında N.İsmayılov küçəsində gəzmişdir. Həmin vaxt Bülbülə qəsəbəsində aldığı bir bükümdə narkotik vasitə heroini əynində olan gödəkçənin sağ cibinə qoymuşdur. Orada olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra onu 13-cü PŞ-nə gətirmişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan gödəkçənin sağ cibindən bir ədəd şəffaf selofanda olan narkotik vasitə heroini təqdim etmişdir. Həmçinin gödəkçəsinin sol yan cibindən ***-***-**-** nömrəsi ilə istifadə etdiyi “Blackberry” markalı mobil telefonunu da təqdim etmiş, bükülüdəki maddənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanımadığı şəxsdən Suraxanı rayonu Bülbülə qəsəbəsində aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Əməlindən peşmandır. 10 aydır ki, heç bir narkotik vasitə istifadə etmir. Özü reablitasiya mərkəzində müalicə olunmuşdur. Hazırda müalicə olunduğu reablitasiya mərkəzinin işçisidir. Özü kimi olan şəxslərə köməklik edir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 3 ünvanın həyətində adı sonradan məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, eyni zamanda ondan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs sənədlərinin üzərində olmadığını bildirmiş və onların suallarından yayınmağa çalışdığını görüb, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Saxlanılan Təqsirləndirilən şəxs etiraz etmədən onlarla gəlməyə razılaşmış və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində həmin şəxsin üzərinə videokamera vasitəsilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs əynində, paltarında və ya bədənində olması ehtimal edilən qanunla qadağan edilmiş maddə, əşya və ya predmet varsa könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ cibindən 01 ədəd sellofan bükümü və həmin gödəkçəsinin sol cibindən isə bir ədəd ağ rəngli “Blackberry” markalı mobil telefon aparatım çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş, 29 oktyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 35 manata şəxsi istifadə məqsədilə aldığını və üzərində gəzdirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:35 radələrində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində gödəkçənin sağ cibindən bir ədəd sellofanı və həmin gödəkçənin sol cibindən bir ədəd ağ rəngli “Blackberry” markalı mobil telefon aparatını təqdim etmiş, həmin sellofan açılmış və içərisində tünd qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş sellofan torbada olan bükümü xx.xx.2023-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 35 manata şəxsi istifadəsi üçün aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16- 2-6/5815 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 0,631 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. CD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin faylda əks edilmiş görüntülər xx.xx.2023-cü il tarixdə qeydə alınır. Xidməti otaq Sabunçu RPİ-nin 13-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından biridir. Baxış zamanı məlum olmuşdur ki, həmin faylda əks edilmiş görüntülər 30 oktyabr 2023-cü il tarixdə qeydə alınır. Video görüntülərdən müəyyən edilir ki, təhqiqatçı, polis mayoru İlham Babayev qarşısında dayanmış şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz saxlanılan əşya, maddə olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ cibindən bir ədəd sellofan bükülünü, həmin gödəkçənin sol cibindən isə bir ədəd “Blackberry” markalı mobil telefon cihazı aşkar edilir. Bükülü açıldıqda müəyyən edilir ki, içərisində tünd qəhvəyi rəngli maddə vardır. Sorğu zamanı Təqsirləndirilən şəxs etiraf edir ki, ondan aşkar edilmiş maddə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Suräxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən şəxsi istfadəsi üçün 35 manata almış və üzərində gəzdirmişdir. Daha sonra təhqiqatçı, polis mayoru İlham Babayev tersfindən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılır və “Zərflər üçün” 160 saylı möhürlə möhürlənir. Təqsirləndirilən şəxs və şəxsi axtarış zamanı iştirak etmiş digər iştirakçılar zərfin üzərini imzalayır. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun dərhal Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır; Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2024-cü il tarixli 3870 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəicəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi aşkar olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin, psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasın və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin məcburi müalicə tətbiq edilməməsi qaydalarının 3.4-cü bəndinə əsasən (könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə narkomaniyadan məcburi müalicə tətbiq olunmaması) uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sabunçu Rayon Xalq Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 07 ay 12 gün cəzadan şərti olaraq vatından əvvəl azad olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır; Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X1 aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,631 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,581 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 03 iyun 2024-cü il tarixli qərardan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 65,18 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), 92 (doxsan iki) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sabunçu rayonu, ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 il 11 ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, ünvan 1 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 0,581 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 160 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-572/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-572/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver