Məhkəmə qərarları › İş №1(008)-572/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-572/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-572/2025 10.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən 2 sot boş torpaq sahəsini adına rəsmiləşdirəcəyi barədə yalan məlumatlar verib inandırdıqdan sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq, bu adla xx.xx.2024-cü il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən ofisdə 1.500 manat pul vəsaitini, xx.xx.2024-cü il tarixdə saat 21:47-də 500 manat pul vəsaitini Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 küçəsi, nömərsiz ev ünvanında olan zaman ABB mobil tətbiqi vasitəsi ilə istifadəsində olan 4098-5844-9477-2948 saylı bank kartına köçürtdürməklə, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən ofisdə 500 manat pul vəsaitini, xx.xx.2024-cü il tarixdə saat 21:10-da 170 manat pul vəsaitini Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 küçəsi, nömərsiz ev ünvanında olan zaman ABB mobil tətbiqi vasitəsi ilə istifadəsində olan 4098-5844-9477-29-48 saylı bank kartına köçürtdürməklə, habelə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında 230 manat pul vəsaitini, ümumilikdə 2.900 manat pul vəsaitini nəğd şəkildə alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 2.900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun həyətyanı torpaq sahəsi 6 sotdan ibarətdir. Həmin torpaq sahəsinin içərisində iki mərtəbəli fərdi yaşayış evi vardır. Yaşadığı torpaq sahəsi icra sənədi ilə onun adınadır. 2024-cü ilin avqust ayında onun pula ehtiyacı olduğu üçün öz həyətyanı sahəsindən 2 sotunu satmaq istəyirmiş. Bununla bağlı Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən ev alqı-satqısı ilə məşğul olan Şahid2 demişdir. O, Şahid2 toprağın sotunu 2.500 manata satdığını və münasib adam olarsa ona xəbər etməsini xahiş etmişdir. 2024-cü ilin avqust ayında Şahid2 ona zəng edərək toprağa Zərərçəkmiş şəxs baxmaq istədiyini demişdir. O da onunla razılaşaraq yaşadığı evə gəlmələrini Ağaşakirdən xahiş etmişdir. Onlar onun yaşadığı mənzilə gəlib çatmışlar və torpaq sahəsinə baxmışlar. Zərərçəkmiş şəxs ondan 2 sot torpağı neçəyə satdığı barədə sual vermişdir. O, 2 sot torpağı ona 5.000 manata sata biləcəyini demişdir. Rövşən ondan torpaq sahəsinin sənədlərini təqdim etməyini istəmişdir. O, torpaq sahəsinin icra torpağı olduğunu və o, avans pul verdikdən sonra toprağa dair çıxarış alıb təqdim edə biləcəyini ona demişdir. Rövşən ona avans olaraq ilkin 1.500 manat pul verəcəyini, ayın sonunda isə 1.000 manat da verəcəyini demişdir. O, Rövşənlə razılaşmışdır. Onlar oradan Ağaşakirin ofisinə getmişlər. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Ağaşakirin ofisində Zərərçəkmiş şəxs oğlu Abdin mobil telefonla videoçəkiliş aparmaqla Rövşən 1.500 manat pulu sayaraq əlbəəl ona vermiş və orada Rövşən demişdir ki, ayın sonu da 1.000 manat pul verəcəkdir. Həmin vaxtı orada Rövşən, oğlu Abdin, o, Ağaşakir və Ağaşakirin şəriki Habil adlı şəxs var imiş. Pulu verən zaman videoçəkiliş aparılmışdır. Sonra onlar oradan çıxıb getmişlər. 29 avqust 2024-cü il tarixdə o, Rövşənə zəng edərək avansın qalanını istəmiş və whatsapp ani yazışma vasitəsi ilə Rövşənə 4098 5844 9477 2948 nömrəli hesab kartını göndərmiş və Rövşənə 500 manat pul atmağını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Rövşən 500 manat pulu qeyd etdiyi hesab kartına göndərmişdir. Səhəri gün əvvəlcədən danışdıqları olduğu üçün Rövşən avansın qalıq 500 manatını ona vermək üçün Maştağa qəsəbəsinə gəlmişdir. Rövşən ona zəng edərək onu Ağaşakirin ofisinə çağırmışdır. 30 avqust 2024-cü il tarixdə saat 13 radələrində o, Rövşən ilə qeyd etdiyi ofisdə görüşmüşlər. Rövşən orada 500 manat pulu sayaraq ona əbəəl vermişdir. Həmin vaxtı orada makler Ağaşakir də var idi. O, Rövşənə sentyabr ayının sonuna qədər torpağın çıxarışını gətirib verəcəyini demişdir. O, Rövşənə toprağın çıxarışını öz adına edəcəyini və sonra onunla alqı-satqı edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə o, Rövşənə zəng edərək toprağın çıxarışına görə 170 manat pul lazım olduğunu demişdir. Rövşən 170 manat pulu onun göndərdiyi hesab kartına göndərmişdir. 30 sentyabr 2024-cü il tarixdə o Rövşənə yenidən zəng edərək Əmlak Komitəsindən adamların gəlib həmin topraq sahəsini çıxarış çıxarmaq üçün böləcəklərini və onlara 230 manat pul vermək lazım olduğunu demişdir. Rövşən də belə olan halda Maştağa qəsəbəsinə gəlmiş və topraq sahəsində 230 manat pulu ona vermişdir. Sonra Rövşən 5.000 manatın yerdə qalanını ona vermədiyi üçün toprağı sənədləşdirə bilməmişdir. O, Zərərçəkmiş şəxs 2.900 manat pulu yaşadığı həyətyanı topraq sahəsində 2 sotunu ona satsın deyə almışdır. Lakin sonra Zərərçəkmiş şəxs yerdə qalan pulu vermədiyi üçün torpağı ona sata bilməmişdir. O əldə etdiyi 2.900 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam ödədiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını qeyd edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin sentyabr ayından ünvan 4 küçəsi, nömrəsiz ev ünvanında ailəsi ilə birlikdə kirayə yaşayır. O, həmin vaxta qədər Tovuz rayonu Öskənd kəndində öz evində yaşayırmış. Onun oğlu Şahid1 DİN-in Daxili Qoşunlarının N saylı hərbi hissəsində işlədiyi üçün o, həyat yoldaşı və kiçik oğlu Baloğlan Qasımov ilə birlikdə Bakı şəhərinə gələrək kirayədə yaşamağa başlamışlar. O həmin ərəfələrdə Sabunçu rayonu Maştağa qəsəbəsində boş torpaq sahəsi alıb ev tikmək istəyirmiş. Buna görə də o, 2024cü ilin avqust ayında oğlu X3 ilə birlikdə Maştağa qəsəbəsinə gedərək orada torpaq alqısatqısı ilə məşğul olan Şahid2 ofisinə getmişlər. O, orada Şahid2 Maştağa qəsəbəsində boş topraq sahəsi almaq istədiyini demişdir. Ağaşakir ona Təqsirləndirilən şəxs öz həyətyanı sahəsinin 2 sot boş torpağını satmaq istədiyini və ona bununla bağlı müraciət etdiyini demişdir. O da Ağaşakirə həmin torpaq sahəsinə baxmaq istədiyini demişdir. Ağaşakir onun yanından Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək onun topraq sahəsinə baxmaq istədiyini demişdir. Elnur onları yaşadığı mənzilə çağırmışdır. Onlar da Elnurun yaşadığı mənzilə getmişlər. Orada Elnur öz yaşadığı mənzildən bir qədər kənarda olan 2 sot boş torpaq sahəsini göstərib özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. O, Elnurdan 2 sot torpağı neçəyə satdığı barədə sual vermişdir. Elnur 2 sot torpağı ona 5.000 manata sata biləcəyini demişdir. O, Elnurdan torpaq sahəsinin sənədlərini təqdim etməsini istəmişdir. Elnur topraq sahəsinin Bələdiyyə toprağı olduğunu və o, avans pul verdikdən sonra toprağa dair çıxarış alıb təqdim edə biləcəyini ona demişdir. O, Elnura avans olaraq ilkin 1.500 manat pul verəcəyini, ayın sonunda isə 1.000 manat da verəcəyini demişdir. Elnur onunla razılaşmışdır. Onlar oradan Ağaşakirin ofisinə getmişlər. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Ağaşakirin ofisində oğlu Abdin mobil telefonla videoçəkiliş aparmaqla o, 1.500 manat pulu sayaraq əlbəəl Elnura vermiş və orada demişdir ki, ayın sonu da 1.000 manat pul verəcəkdir. Həmin vaxtı orada o, oğlu Abdin, Elnur, Ağaşakir və Ağaşakirin şəriki Habil adlı şəxs var idi. 29 avqust 2024-cü il tarixdə kirayə yaşadığı evdə olan zaman Elnur ona zəng edərək avansın qalanını istəmiş və o da oğluna hesab kartında pul olmadığı üçün Elnurun ona whatsapp ani yazışma vasitəsi ilə göndərdiyi kartına 500 manat pul atmağını xahiş etmişdir. Abdin onun yanında mobil telefonunda olan ABB mobil tətbiqi proqramı vasitəsi ilə 500 manat pulu qeyd etdiyi hesab kartına göndərmişdir. Həmin vaxtı saat 21:47-di imiş. Səhəri gün əvvəlcədən danışıqları olduğu üçün o, avansın qalıq 500 manatını Elnura vermək üçün Maştağa qəsəbəsinə getmişdir. O, Elnura zəng edərək onu Ağaşakirin ofisinə çağırmışdır. 30 avqust 2024 saat 13 radələrində o, Elnurla qeyd etdiyi ofisdə görüşmüşlər. O, orada 500 manat pulu sayaraq Elnura əbəəl vermişdir. Həmin vaxtı orada makler Ağaşakir də var idi. Elnur ona sentyabr ayının sonuna qədər torpağın çıxarışını gətirib verəcəyini demişdir. Elnur ona toprağın çıxarışını öz adına edəcəyini və sonra ona alqı-satqı edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə o, kirayədə yaşadığı evdə olan zaman Elnur ona zəng edərək toprağın çıxarışına görə 170 manat pul lazım olduğunu demişdir. Onun hesab kartında pul olmadığına görə oğlu Abdinə Elnurun az öncə qeyd etdiyi hesab kartına 170 manat pul atmasını xahiş etmişdir. Abdin o dediyi kimi 170 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi hesab kartına göndərmişdir. Həmin vaxtı saat 21:10 imiş. 29 sentyabr 2024-cü il tarixdə Elnur ona yenidən zəng edərək Əmlak Komitəsindən adamların gəlib həmin topraq sahəsini çıxarış çıxarmaq üçün böləcəklərini və onlara 230 manat pul vermək lazım olduğunu demişdir. O da belə olan halda Maştağa qəsəbəsinə getmiş və Elnurun ona satacağı topraq sahəsində 230 manat pulu ona vermişdir. Həmin vaxtı saat 12 radələri imiş. Sonra o oradan çıxıb getmişdir. O, 2024-cü ilin oktyabr ayında Elnur ilə əlaqə saxlamış və torpağın çıxarışının nə yerdə qaldığını ondan soruşmuşdur. Elnur ona torpağın ilkin sənədləşdirilməsində problem olmadığı üçün çıxarış çıxarda bilmədiyini demişdir. O, Elnurun onu aldatdığından şübhələnmiş və ona bələdiyyə sənədini istəmədiyini, rəsmi çıxarış verməsini ondan istəmişdir, Elnur ona qısa müddət ərzində məsələni həll edəcəyini demişdir. O da ona yenə də vaxt vermişdir. Sonra yenidən Elnur ilə əlaqə saxladıqda Elnur ona məsələni alındıracağını, əgər alındıra bilməsə pulunu qaytaracağını demişdir. O, Elnurun onu aldatdığını başa düşüb ona verdiyi pulu geri tələb etməyə başlamışdır. Elnur ona hər dəfə bu gün sabah deyərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. O da belə olan halda polisə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 38-ci vərəqində olan “Torpağın alqı-satqı müqaviləsi”ndən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında satış qiyməti 5000 manat, beh qiyməti 1500 manat müəyyən olunmaqla torpaq sahəsinin alqı-satqısına dair razılaşma əldə olunmuşdur. Cinayət işinin 39-cu vərəqində olan xx.xx.2024-cü il tarixli “ABB MOBİLE” tətbiqi vasitəsindən olan çıxarışdan görünür ki, 5522********0909 hesab nömrəsindən 4098- 58******2948 saylı hesab nömrəsinə 500 manat vəsait köçürülmüşdür. Cinayət işinin 40-cı vərəqində olan xx.xx.2024-cü il tarixli “ABB MOBİLE” tətbiqi vasitəsindən olan çıxarışdan görünür ki, 416973******7274 hesab nömrəsindən 4098- 58******2948 saylı hesab nömrəsinə 170 manat vəsait köçürülmüşdür. Cinayət işinin 60-62-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin 101-ci vərəqində olan “Təqdim etmə və götürülmə barədə” xx.xx.2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 2.000 (iki min) manat pul zərərçəkmiş şəxsə ödənilməsi məqsədi ilə müstəntiq tərəfindən götürüldü. Cinayət işinin 102-ci vərəqində olan xx.xx.2025-ci il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın 2.000 (iki min) manatını müstəntiq Xəyyam Bağırzadədən təhvil almışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir, həmin şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar