Məhkəmə qərarları › İş №1(008)-576/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-576/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-576/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1988-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi- 0,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 06 fevral 2023-cü il tarixdə, saat 18:45 radələrində Sabunçu RPİ CAŞ-ın əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında özünü şübhəli apardığına görə saxlanılıb Sabunşu RPİ 13-cü PB-yə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş, içərisində saxladığı təmiz çəkisi- 0,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2 ilə yaxındır ki, “kakos” kimi tanıdığı narkotik vasitə olan heroinin tüstüsünü çəkmək yolu ilə istifadə edir. Həmin narkotik maddəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 04 fevral 2023-cü il tarixdə, təxminən saat 20.00 radələrində tanımadığı, adını və soyadını bilmədiyi İran islan Respublikasının vətəndaşından almış, həmin şəxsin müxtəlif banklara aid kart şəklini “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə ona göndərmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 20.00 radələrində öz istifadəsi üçün 1 qram narkotik vasitə heroin almaq məqsədi ilə onun göndərdiyi bank hesabına 25 manat pul köçürmüş, bundan sonra “WhatsApp” ani mesajlaşma tədbiqi vasitəsi ilə “konum” göndərərək Xırdalan dairəsinin yaxınlığında yol kənarına qoyduğu 1 qram heroinin dəqiq yerini bildirmiş, göstərilən yerə gedib heroini oradan götürmüş, aldığı narkotik vasitə heroini (kakos) götürüb istifadəsi üçün üzərində saxlayaraq gəzdirmiş, istifadə etmək üçün yaşadığı ünvan 3 ünvanına gəlmiş və həmin gün heroinin yarısını istifadə etmişdir. 06 fevral 2023-cü il tarixdə, saat 18:45 radələrində ünvan 2 ünvanında piyada gedərkən mülki geyimli iki şəxsin ona yaxınlaşıb Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuş, eləcə də şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt üzərində heç bir sənəd olmadığından, cibində isə “kakos” olduğuna görə ifşa olunmağından qorxduğu üçün oradan yayınmaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmiş və onu sorğu-sual edərək bundan onlarla birlikdə Sabunçu RPİ 13-cü Polis bölməsinə getməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə həmin bölməyə getmiş, polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından birinin ona qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin saxlanmasında, gəzdirilməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ CAŞ-ın əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, bundan sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını izah edib, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra həmin polis əməkdaşının üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməyini xahiş etmiş, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu, sonra isə həmin idman şalvarının sol yan cibindən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd ağ rəngli kağız bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroinin aşkar edilmiş, o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, eləcə də həmin narkotik vasitəni 04 fevral 2023-cü il tarixdə tanımadığı İran İslam Respublikasının vətəndaşından 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edillərək ucadan oxunmuş, ondan götrülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18:45 radələrində Sabunçu RPİ CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə birlikdə inzibati ərazidə xidmət apararkən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanının yaxınlığında bir nəfər tanımadıqları şəxsin piyada hərəkət edərkən özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Bu səbəbdən həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin onun üzərində heç bir sənəd olmamış və həmin şəxs onlardan yayınmağa çalışmışdır. Bir qədər qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olduğunu görmüşlər, eləcə də üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olmasının onlarda şübhə yaratmışdır. Bu səbəbdən həmin şəxsi Sabunçu RPİ 13-cü Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs razılaşaraq onlarla birlikdə 13-cü PB-yə gəlmiş və onu raportla PB-nin Növbətçi Hissəyə təhvil vermişlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından təhqiqatçı Kənan Əliyev tərəfindən onun şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələrinin izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmiş, müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, eləcə də barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edildiyi, sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuş, o, videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmamasının soruşulmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə verdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə varsa təqdim etməsi təklif olunmuş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən isə bir ədəd ağ rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı Kənan Əliyev ondan Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirməyini xahiş etmiş, əlavə baxış nəticəsində Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşyanın aşkar olunmamışdır. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Kənan Əliyev tərəfindən açıldıqda içərisindən maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə “kakos” olduğunu və tanımadığı iran İslam Respublikası vətəndaşından 25 manata 01 qram şəxsi istifadəsi üçün aldığını, eləcə də aldığı həmin narkotik vasitənin bir hissəsini istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan bükümün təhqiqatçı Kənan Əliyev tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və düzgün tərtib edilməsi imzalarla təsdiq edilmişdir. Şahid Sabunçu rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Kənan Əliyev Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmiş, təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd göy rəngli “Samsung” markalı mobil telefon, sol yan cibindən isə ağ rəngli kağız bükümünü çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı Kənan Əliyevin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirməsi xahiş etmiş, əlavə yoxlama zamanı sonuncunun üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Kənan Əliyev aşkar edilmiş kütlənin nə olması barədə Təqsirləndirilən şəxs sual vermiş, sonuncu təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin narkotik vasitə “kakos” olduğunu deyərək, iki gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə tanımadığı iran islam Respublikası vətəndaşının kartına 25 manat göndərərək öz istifadəsi üçün aldığını, eləcə də aldığı maddənin yarısını artıq istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm zərfə qoyularaq qablaşdırılmışdır ( i.v. 25-26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 07 fevral 2023-cü il tarixli, 6/739 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №160” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütlə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v. 30-35). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 fevral 2023-cü il tarixli, 926 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 87-88). “Maddi sübut kimi tanıma haqqında” 03 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin videogörüntüsünü özündə əks etdirən bir ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.90). “Maddi sübut kimi tanıma haqqında” 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,323 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq çəki 0,273 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (i.v.92). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 06 fevral 2023-cü il tarixdə, saat 18:45-dən tutulmuş hesab edilmişdir (i.v. 17). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.70-72). “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 fevral 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.73- 75). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2015-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 iyun 2016-cı il tarixdə AR Milli Məclisinin Amnistiya aktına əsasən cəzasının qalan hissəsindən azad edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli qərarı ilə cəzasının 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 22 may 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (i.v.79-80). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2010-cu il təvəllüdlü (X1-rəsmi nikah olmadığından uşağın soyadı ananın soyadına uyğundur) uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi), himayəsində bir azyaşlı uşağının olmasını (AR CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdən 08 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Sabunçu st.XPŞ-də saxlanılan narkotik vasitə olan 0,273 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Kapital Bank ASC 1 saylı Sabunçu rayon filialı, kod 200208, VÖEN **********, m/h AZ37NABZ********************, Baki şəhər 7 saylı vəkil bürosu-hesab AZ92 AİİB ********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar