Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-576/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, inzibati binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 445,0 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkot:-. maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayıb özü ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu dəmiryolu vağzalına daşımış, DYNPİnin Sabunçu stansiyasında X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 mart 2024-cü il tarixdə, saat 13:50-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dəmiryol stansiyasın 13-cü km, 8-ci piketində piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin qarşısında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Sabunçu stansiyasında X2 inzibati binasına gətirilmiş və şöbənin növbətçi hissəsində həmin günü saat 16:35-də üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlindəki üzərində “Original Levis” yazısı olan göy rəngli sellofan torbanın içərisində, qara bükümdə xeyli miqdarda təmiz çəkisi 445,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik vasitə çətənə (kannabis) bitkisindən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 1 il olar ki, narkotik vasitələrdən istifadə edir. 2024-cü ilin mart ayının əvvəllərində sosial şəbəkədə X1 vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş və həmin şəxs ilə daha sonra “whatsapp”ani mesajlaşma sistemində danışmağa başlamış, həmin tanımadığı İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş və sosial şəbəkədən aralarında yaranmış razılıq əsasında həmin şəxsin ona narkotik vasitə göndərəcəyi təqdirdə narkotik vasitənin pulunu bank kartına atacağı barədə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yenidən “whatsapp” ani mesajlama sistemi vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə mobil telefonla yazışaraq narkotik vasitə istəmişdir.Həmin şəxs razılaşmış, narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dəmiryol stansiyası ərazisində olan zibil qutularının yanında qoyacağını bildirmişdir. Həmin gün saat 13 radələrində qeyd olunan ünvandan narkotik vasitəni götürərək istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni istifadəsi üçün yaşadığı evə apararkən Sabunçu rayonu, Sabunçu dəmiryol stansiyası ərazisində piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarına özünü təqdim etdikdən sonra, polis əməkdaşları onu narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz olaraq əldə etməklə saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək ondan onlarla birlikdə Sabunçu st.XPŞ-nə gəlməyini istəmişlər. O, polis əməkdaşlarının təklifləri ilə razılaşaraq sonuncularla birlikdə həmin Polis şöbəsinə gəlmişdir. Orada polis əməkdaşları tərəfindən videoçəkilişlə onun üzərinə baxış keçirilmiş, qanunla daşınması qadağan edilən hər hansı bir əşya varsa təqdim etməyi təklif olunmuşdur. O, sağ əlində olan üzərində “Original Levis” sözləri yazılmış göy rəngli sellofan torbanı çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşlarına təqdim etdiyi üzərində “Original Levis” sözləri yazılmış göy rəngli sellofan torbanın içərisində qara rəngli büküm aşkar edildi. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olmasını və haradan əldə etməyini soruşduqda, o, polis əməkdaşlarına həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və onu “whatsapp” ani mesajlama sistemi vasitəsilə tanımadığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dəmiryol stansiyası ərazisində zibil qutularının yanına qoyması nəticəsində əldə edib götürərək üzərində saxladığını, narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Əməlindən peşmandır.Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN NBPİ-nin Dəmir yolu NPİ-nin Sabunçu st.XPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dəmiryol stansiyasına «Rəşad» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st.XPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.Əməliyyat Qrupunun rəhbəri özü, üzvü isə Sabunçu st.XPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid2 təyin edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvü ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Rəşad» adlı şəxs Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dəmiryol stansiyası ərazisində piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin qarşısında narkotik vasitələrin istifadəsində və üzərində daşınmasında şübhəli bilənərək saat 13:50 radələrində həmin ərazidə saxlanılaraq, saat 14:05 radələrində Sabunçu st.XPŞ-nin gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Sabunçu st.XPŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması məyyən olunmuşdur. Bundan sonra Sabunçu st. XPŞ-də video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ əlindəki üzərində “Original Levis” sözləri yazılmış göy rəngli sellofan torbanı masanın üzərinə qoymuş, həmin göy rəngli sellofan torbanın içərisində qara rəngli büküm olduğu müəyyən edilmişdir. Büküm açıldıqda içərisində kəskin iyə malik, yaşımtıl rəngli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan narkotik vasitə olan qurudulmuş marixunanı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu dəmiryol stansiyası ərazisində zibil qutuların yanına qoyması nəticəsində əldə edib götürərək üzərində saxladığını, narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid AR DİN NBPİ-nin Dəmir yolu NPİ-nin Sabunçu st.XPŞnin Post-patrul xidməti taqımı, polis nəfəri Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, HK/1-15 saylı material üzrə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə şübhə yaratdığından tutulmuşdur. - Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə DYNPİ-nin Sabunçu Stansiyasında şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində “Original Levis” sözləri yazılmış göy rəngli sellofanı masanın üzərinə qoymuşdur. Həmin sellofan açıldıqda içərisindən spesifik iyə malik yaşımtıl kütlə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, sellofan torbadan aşkar edilmiş kütlə marixuanadır. Həmin kütləni tanımadığı İran İslam Respublikası vətəndaşından almışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-7/420 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd bağlamada təmiz çəkisi 445,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manatdır. - maddi sübut qismində tanımaq və saxlanması üçün verilməsi haqqında 19 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 445,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 444,95 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. - maddi sübut kimi tanınmaq haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixli video görüntüləri olan 1 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 1667 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 445,0 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(008)-73/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 76884-21-1/3/7571-9 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(008)- 73/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamışdır. xx.xx.2024-cü il tarixə təyin olunmuş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Göründüyü kimi 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə 2 il 5 ay 26 gün çəkilməmiş cəzası vardır. Əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Lakin barəsində təyin edilmiş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzadan nəticə çıxartmayaraq yenidən cinayət törətməsi cəzanın islah təsirinin yetərli olmaması qənaətinə gəlinməklə cəzanın məqsədinə nail olunmadığının göstəricisi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(008)-73/2024 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 12 mart 2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və DYNPİ-də saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi 444,95 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(008)- 73/2024 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs 01 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdən 14 mart 2024-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və DYNPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444,95 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 180 manat əmək haqqı Bakı şəhəri 7 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim Samirə Məmmədli
Məhkəmə qərarları › İş №1(008)-576/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-576/2024
02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver