Məhkəmə qərarları › İş №1(008)-579/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-579/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-579/2023 07.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Aslanlı Akşin Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü ilə 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxta və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamaqla daşımış və Sabunçu rayonu Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində yerləşən “Nərmin” marketin qarşısında Sabunçu RPİ-nin əməkdaşları tərəfindən 25 fevral 2023-cü il tarixdə saat 18:30 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və polis bölməsində xidməti otaqda videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 0,694 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Buna görə Gəncə şəhər məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəyə minsə də ona elektron nəzarət vasitəsi tətbiq olunmamışdır. 25 fevral 2023-cü il tarixdə günorta saatlarında o, Yasamal rayonunda üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata bir büküm metamfetamin almış və gələcəkdə istifadə edəcəyi üçün üzərində saxlamışdır. Həmin gün saat 18:30 radələrində dostu Elnurla birlikdə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsində Mehmandarov küçəsində yerləşən “Nərmin” marketin qarşısına gəlmişlər. Orada iki nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək Sabunçu RPİ-nin əməkdaşları olduğunu bildirmişlər və onlardan özlərini təqdim etməyi tələb etmişlər. Üzərində metamfetamin olduğu üçün o polis əməkdaşlarının suallarına dağınıq cavab vermişdir. Bu zaman polis əməkdaşları ondan şübhələnərək oradan uzaqlaşmasının qarşısını almışlar. Daha sonra polis əməkdaşları onu və yanında olan dostunu 13-cü polis bölməsinə gətirmişlər. Polis bölməsində dövlət hesabına müdafiəçi dəvət edilmiş, barəsində tutma protokolu tərtib edilərək hüquq və vəzifələri izah edilmişdir və onun üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. O müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtanş aparılmasına etirazının olmadığını bildirmiş, bu barədə ərizı vermişdir. Bundan sonra ona üzərində qanunla daşınması və saxlanılması qadağan edilmiş əşya, maddə və predmetin olub-olmaması soruşulmuş əgər varsa təqdim edilməsi təklif edilmişdir. O həmin vaxt əynində olan şalvarının sol yan cibindən bir büküm psixotrop maddə metamfetamin çıxardıb təqdim etmişdir, bildirmişdir ki, həmin metamfetamini o şəxsi istifadəsi üçün 15 manata almışdır. Həmin maddə zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 25 fevral 2023-cü il tarixdə xidmət yoldaşı Şahid1 ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində xidmət aparan zaman Bakıxanov qəsəbəsində Mehmandarov küçəsində yerləşən «Nərmin» marketin yanında 2 nəfər şəxsin özlərini şübhəli apardığını görüb onlara yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin şəxslərdən öz şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini təklif etmişlər, lakin həmin şəxslər heç bir sənədlərinin olmadığını bildirmişlər. Onlardan birinin əlində selofan torba olmuşdur. Bundan sonra onları Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. Polis bölməsində məlum olmuşdur ki, əlində selofan olan şəxs X3r, digər şəxs isə Təqsirləndirilən şəxsdur. Polis bölməsində xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində tutma protokolu tərtib edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək şəxsi axtarış və götürmə aparılan zaman vəkilin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması başlanmış, ona üzərində qanunla daşınması saxlanması qadağan edilmiş əşyanın olub olmaması və əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynindəki şalvarın sol yan cibindən bir büküm çıxardaraq masanın üstünə qoyaraq təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs bildirmişdirki həmin maddəni o şəxsi istifadəsi üçün Yasamal rayonunda tanımadığı şəxsdən 15 manata almışdır. Həmin bükümə baxış keçirilmiş və kristall formalarında olan maddə olduğu müəyyən edilmişdir. Daha sonra ondan aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərfdə protokolda tərəflərindən imzalanmışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir(i.v.85-86); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 15); şəxsi axtarış və götürmə aparılması haqqında 25 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülünü çıxarıb təqdim etmiş, bundan sonra polis əməkdaşları üzərinə baxış keçirən zaman əynindəki şalvarının sol cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, təqdim etdiyi 01 ədəd sellofan açıldıqda ağ rəngli kristal formalı maddə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin nə olması sual edildikdə, bildirmişdir ki, həmin madə “patı”-dır. Ondan “patı”-nın nə olması soruşulduqda, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Yasamal rayonu ərazisində bir nəfər tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya, predmet və ya maddə aşkar olunmamışdır.Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. (i.v.26-27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1174 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Vət.Təqsirləndirilən şəxs üzərindən..."sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi-0,694 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahıl) daxildir (i.v. 32-36); Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v.54-55); Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir(i.v.68-70); Qətimkan tədbiri seçilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v.71-73); CD diskə baxış keçirilməsi haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sabunçu rayon Pİ-nin 13-cü PB-nin inzibati otaqlarından birində onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir və ondan saxlanılmasının səbəblərinin ona aydın olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs isə narkotik vasitələri qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşulur və olduğu halda təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümü təqdim edir, bükümə baxış keçirilən zaman ağ rəngli, kristal maddə aşkar edildi. (i.v.79); maddi sübut kimi tanıma haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,694 qram metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəksisi 0,644 qram metamfetmain məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.80); xx.xx.2023-cü il tarixli, 1911 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.92- 93); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2, 331.3-cü maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər məhkəməsinin 09 iyun 2023-cü il tarixli göstərişindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Gəncə şəhər məhkəməsinin 1(125)-198/2023 saylı, 19 may 2023-cü il tarixli hökmü 09 iyun 2023-cü il tarixdə qüvvəyə minmişdir. Bakı şəhər Probasiya İdarəsinin 07 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Məhkəməsinin 1(125)-198/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və onun icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, Təqsirləndirilən şəxs gəlib qeyiyyatdan keçmədiyi üçün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə istintaqı zamanı 1 ədəd “CD” diskə baxış keçirilmiş, diskdə olan video görüntü şəxsi axtarış və götürmə haqqında 25 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,694 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Təqsirləndirilən şəxs barəsində olan Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü üzrə məhkumluğu CM-nin 83.3.1-ci maddəsinə əsasən ödənildiyindən cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlindən sonra baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli(CM-66.5), 23 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək, 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı(CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli(CM-56.1.2), ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.644 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı(CPM-132), 81(səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 02(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək, 25 fevral 2023-cü il tarixdən 27 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 01(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.644 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar