Məhkəmə qərarları › İş №1(008)-58/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-58/2021

30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-58/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Yevgeneviçin, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ermənsitan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonunun İsmayıllı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 05 yanvar 2020-ci il saat 19:30 radələrində AC 379289 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Mercedes-Benz 230” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat dairəsi istiqamətindən Sabunçu qəsəbəsi istiqamətində Şəhər şossesi ilə 40-50 km/saat sürətlə hərəkətdə olarkən Şəhər şossesi ilə Balaxanı yolunun kəsişməsində yerləşən svetoforu keçdikdən sonra hərəkət üçün təhlükə yaranmasını görüb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu olduğu halda bunu etməməklə yol hərəkəti qaydalarını pozub, həmin vaxtı yolu sağdan sola doğru keçmək istəyən piyada Zərərçəkmiş şəxs Yevgeneviçi avtomobilin sol qanadı hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs Yevgeneviçin pnevmosefaliya (kəllə boşluğuna sərbəst havanın yığılması) ilə müşayiət olunan baş beyinəzilməsi və sol alın sümüyünün xətti, sol almacıq sümüyünün yerini dəyişən sınıqları, hər iki ağciyərin əzilməsi, sağ tərəfli pnevmotoraks (sağ döş boşluğuna havanın yığılması), təpə və alın nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətrafı nahiyələrin qançırlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərinin almasına səbəb olmuşdur.. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə ona elan edilmiş üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsədullayev küçəsində fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur. “Mersedes Benz-230 minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobili AC 379289 seriyalı “BC” kateqoruyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edib. 05 yanvar 2020-ci il saat 19:30 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsindən üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkət etmişdir. Sabunçu rayonu, Balaxanı işıqforunda dayanmış, işıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlamışdır. O, avtomobili yolun sol tərəfi ilə 40-50 km/saat sürətlə idarə edərkən onun qarşısında yolun sağ hissəsi ilə iki ədəd yük avtomobili hərəkət etmişdir. Yük avtomobilinin ön tərəfindən anidən bir nəfər şəxs iti addımlarla yolun hərəkət hissəsini sağdan sola doğru keçərkən onun sağ tərəfində olan avtomobilin qabağından keçmiş və o, həmin şəxsi görüb sükanı sağa çevirib qaçırmağa çalışsa da, həmin şəxsi avtomobilin sol qanadı hissəsi ilə vurmuş və piyadanın başı avtomobilin alın şüşəsinə dəyib yerə yıxılmışdır. O, dərhal avtomobili saxlayıb həmin şəxsə yaxınlaşmış, həmin şəxsi öz avtomobilinə qoyaraq Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər xəstəxanasına aparmışdır. Piyadanı xəstəxanaya yerləşdikdən sonra polis əməkdaşlarının gəlməsini gözləmişdir. Özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Yevgeneviç ifadəsində göstərmişdir ki, 05.01.2020-ci il tarixdə yaşadığı evə getmək məqsədi ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən alqısatqı ofisinə getmiş və oradan çıxaraq Maştağa qəsəbəsindən Sabunçu qəsəbəsi istiqamətində hərəkət edən avtobusa minmişdir. Saat 19:30 radələrində Şəhər şossesi ilə Balaxanı yolunun kəsişməsində yerləşən işıqforu Sabunçu qəsəbəsi istiqamətində keçdikdən sonra avtobusdan düşmüş və yolun hərəkət hissəsinin qarşı tərəfinə keçmək üçün yolun kənarında dayanmışdır. O, yolun digər tərəfinə piyada keçmək üçün yolun hərəkət hissəsinə daxil olmuşdur. Həmin vaxt görmədiyi, lakin hiss etdiyi minik avtomobili gözləmədiyi anda onu vurmuşdur. Gözlərini açdıqda isə xəstəxanada olduğunu görmüşdür. Yaxın qohumlarımın danışıqlarından ona məlum olmuşdur ki, onu avtomobil vurmuşdur. Təqsirləndirilən şəxslə barışmadığını deyən zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə layiqli jəza təyin etməyi məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması özünün və zərərçəkmiş şəxslərin ifadəsi ilə yanaşı, iş üzrə tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapır. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. (i.v. 20) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2496 saylı, 19 fevral 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz 230” markalı, **-VT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısım almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 21-22) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin, canlı şəxsin ekspertizasının 400 saylı, 09 aprel 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Yevgeneviçdə pnevmosefaliya (kəllə boşluğuna sərbəst havanın yığılması) ilə müşayiət olunan baş beyinin əzilməsi və sol alın sümüyünün xətti, sol almacıq sümüyünün yerini dəyişən sınıqları, hər iki ağciyərin əzilməsi, sağ tərəfli pnevmotoraks (sağ döş boşluğuna havanın yığılması), təpə və alın nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətrafı nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən 05.01.2020-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi şəraitində əmələ gələ bilər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (i.v. 28-30) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09.06.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 51) İşdə olan DİN-in BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin 11 iyun 2020-ci il tarixli, 016-51674- 1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17.12.2019-cu il tarixdə tarixdə “BC” kateqoriyalı AC 379289 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. (i.v. 56) İşdə olan 01 sentyabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 98-100) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, göstərilənləri və Təqsirləndirilən şəxs şəxsiyyətini və məhkəmədə olan davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməklə cəzanın əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası təhqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar