Məhkəmə qərarları › İş №1(008)-58/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-58/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-58/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi- Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Nərimanov rayonu, ***-**** K-tikilisi, Ə.Əliyev küçəsi, giriş 2, ev 26, mənzil 705 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 04 dekabr 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yaşadığı evdə anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı arxa tərəfdən yaxınlaşaraq əvvəlcə əlləri ilə sonuncunun boğazı və ağız hissəsindən sıxmaqla boyun nahiyəsinin qançırı ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, daha sonra sağ əlinin yumruğu ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifətinin sağ hissəsinə, o cümlədən gözü, sifət və burun nahiyələrindən qəsdən vuraraq ona burun nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, habelə sağ gözü ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün bayır bucağının qançırı, sağ almacıq nahiyəsinin dərialtı hematoması ilə nəticələnən, dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü ailə həyatı qurduqdan sonra anasının onun yoldaşı ilə münasibəti olmadığından Naxçıvan şəhərində ata yurdunda qalmağa məcbur olmuşdur. 28 noyabr 2021-ci il tarixdə bacısı Ləman onu təcili Bakı şəhərinə çağırdığından Zabrat qəsəbəsindəki evlərinə gəlmişdir. Bundan sonra bacısı Ləman anasının Nərimanov rayonu ərazisindəki evdə əvvəllər kirayədə yaşamış Şahidla yaxın münasibətdə ər-arvad kimi yaşamağını, son zamanlar Əldəmirın Zabratakı evdə qalmasını, bir müddət Ləmanı da evdən qovduqları üçün kirayədə yaşamağa məcbur olması barədə məlumat vermişdir. Ləman atalarını da Bakı şəhərinə çağırdığını bildirdi. Bundan sonra bacısı ilə razılaşaraq ataları gələnədək anası Mərziyəyə öyrəndikləri barədə hər hansı bir söz bildirməmiş və atasının gəlməsini gözləmişlər. Həmin ilin dekabr ayının 4-də günorta saatlarında atası Əli Krasnoyarskdan Bakı şəhərinə gələn zaman onu Ləman qarşılamışdır. Həmin vaxt Ləman öyrəndikləri barədə atasına məlumat vermiş, nəticədə atasının səhhəti pisləşdiyindən Ləman yolda X10 ekipajı dəvət etmişdir. Zərərçəkmiş şəxs atasının qayıtdığını bilmədiyi üçün atasını görən zaman təəccüblənmiş və ondan hansı səbəbdən gəldiyini bildirməyi tələb etmişdir. Nəticədə yaşadıqları evdə sözlə mübahisə başlamış və mübahisə zamanı anası Mərziyə əməllərinin üstünün açıldığını görüb evdə qışqır-bağır salmışdır. O, bacısı, qardaşı və atası anasının bu hərəkətlərinə cavab verməsələr də, anası öz hərəkətlərini davam etdirmiş, mətbəxdə olan qabları üzərilərinə tullamağa başlamışdır. Atası Əli anasının mobil telefonunu əlindən alan zaman zərərçəkimiş şəxs mobil telefonunda olan məlumatların görünməsindən narahat olduğu üçün zorla telefonu atasından almağa çalışmışdır. Mobil telefonu geri almaq üçün anası Mərziyə həmin vaxt atası Əlinin üstünə hücum çəkmiş, lakin atası Əli ona toxunmamışdır. Anasının hərəkəti bitmədiyi üçün atası əsəbləşərək mobil telefonu çarpayının başına ataraq sındırmışdır. Mübahisə nəticəsində atasının səhhəti pisləşdiyindən, özü, bacı və qardaşı ilə birlikdə atasını sakitləşdirməyə çalışaraq anasının olduğu yerdən uzaqlaşdırmışlar. Hadisə zamanı anası Mərziyəni özü daxil heç kim döyməmişdir. Anasının ifadəsində qeyd etdikləri tamamilə yalan və böhtandır. Həmin vaxt anası Mərziyə ilə onların arasında yalnız sözlə mübahisələri olmuşdur. Daha sonra X10 ekipajı gələrək atası Əliyə tibbi yardım göstərmişdir. Anaları ilə aralarında baş vermiş sözlə mübahisə müddətində evə 3 dəfə X10 ekipajı gəlmiş, həmçinin o, anasının psixi hərəkətləri barədə 102 xidmətinə məlumat verdikdən sonra oraya polis əməkdaşları da gəlmişlər. Anasının ifadəsində qeyd etdiyi hadisə olduğu halda polis əməkdaşları gələn zaman bu barədə məlumat verməli və onun xəsarətləri polis tərəfindən rəsmiləşdirilməli idi. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, anası onun hərəkətlərini öyrəndikləri üçün özü də daxil olmaqla bacısı və fizki qüsurlu qardaşı ilə münaqişələr yaratmış və ayrı-ayrılıqda onlar barəsində mütəmadi əsassız şikayətlər verməklə məhkum olunmaları üçün faəliyyətə başlamışdır. Anası ilə aralarında olan mübahisə yalnız sözlü mübahisə olmuşdur, onun tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirilməmişdir. Anası mübahisədən bir gün sonra evdən çıxıb getmişdir. Anası evdən gedən zaman üzündə və ya bədənində xəsarətlər olmamışdır. Bacısı, qardaşı və atası tərəfindən anasına qarşı hər hansı xəsarət yetirilməmişdir. Hadisə ittiham aktında qeyd edilən vaxt ümumiyyətlə baş verməmişdir. 102 xidmətinə məlumat həmin gün bacısı Ləman tərəfindən verilib. Ləman tərəfindən verilmiş məlumat anasının onları hədələməsi ilə əlaqdar olmuşdur. İş materiallarında olan fotoşəkillər ayrı ünvanlarda fərqli zamanlarda çəkilmişdir. Həmin fotoşəkillər Şahid evində sonuncunun telefonu vasitəsi ilə çəkilmişdir. Ümumiyyətlə zərərçəkmiş şəxsin mobil telefonunda bu cür fotoşəkillər olmuşdur. Hətta iş materiallarında olan video görüntülərdən birisində zərərçəkmiş şəxs əvvəl yaşadıqları evdə, hamamda yarıçılpaq şəkildə mobil telefonu ilə özünü videoya çəkərək intim əlaqədə olduqdan sonra qollarının yuxarı hissələrindəki qançır izlərini göstərərək “baxın görün məni nə hala salmısınız” sözlərini istifadə edir. İş materiallarında onun əməlini təsdiq edən hər hansı sübut yoxdur. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun övladıdır. O, Nərimanov rayonunda yerlşən evini sataraq Zabrat qəsəbəsində içi boş olan iki mərtəbəli 6 otaqlı ev almışdır. Həmin evin bütün avadanlığı özü tərəfindən alımışdır. Böyük oğlu Reyal ailəsi ilə birlikdə Naxçıvan şəhərində yerləşən evdə yaşamışdır. O, evi alan zaman bütün xərcləri qeyd etmişdir. Evin bütün əşyaları alındıqdan sonra 33.000 manat pul qalmışdır. Şahid 5- 6 il müddətdir ki, evin təmirində usta kimi işlədiyindən ailə üzvləri ilə, hətta həyat yoldaşı ilə də tanışdır. Şahid evdə hər hansı təmir işləri tələb edildikdə usta kimi özü etmişdir. Belə ki, ifadə verən zaman polis bölməsində Əldəmir yoldaşının rus mobil nömrəsini də polis əməkdaşına göstərmişdir. Ev aldıqdan sonra qalan 33.000 manat puldan 10.000 manat məbləğində pulu kiçik oğlu avtomobil almaq üçün istədikdə onunla razılaşmış və 13.000 manat məbləğində pulun özünün baş nahiyyəsində olan xəstəliklə əlaqədar əməliyyat xərci kimi götürəcəyini bildirmişdir. Belə ki, 7-8 il müddətdir ki, başındakı “şiş”lə əlaqədar mütəmadi müalicə alır. Bundan başqa yeni binada olan kommunal xərclər 4 illik yığıldığından həmin kömmunal xərcləri ödəyə bilmədiyi üçün evi dəyərindən aşağı qiymətə, aylıq 180 manata kirayə vermək istəmişdir. Həmin şəxsi binanın komindatı olan İlqar adlı şəxs gətirmişdir. Köhnə əşyaları bir otaqlı evə yerləşdirmişdir. 10.000 manat məbləğində pulu kiçik oğluna vermişdir. Böyük oğlu Reyal noyabr ayının 26-27-si onun mobil nömrəsinə yığmışdır. Özü 3 il müddətdir ki, oğlu Reyaldan incidiyi üçün küsülü olduğundan gəlini ilə danışsa da, oğlu ilə danışmamışdır. Oğlu Reyalla küsülü olmasına səbəb isə oğlunun evdə bir boşqab sınması səbəbilə gəlinin yanında onu alçaldaraq üzr istəməyə məcbur etməsi oluşdur. Oğlu Reyalı sonuncu dəfə avqust ayında görmüşdür. Reyal onunla əlaqə saxlayaraq ticarətlə məşğul olmaq istədiyini və 10.000 manat pul lazım olduğunu bildirdi. O, həmin məbləği göndərməyi və ya özünün gətirməyini təklif etsə də, Reyal razılaşmayaraq malları Sədərək ticarət mərkəzindən alacağını bildirmişdir. Belə ki, Reyalın yoldaşının mənzilə qeydiyyata salınmalı olduğundan və həmin mənzil onun mülkiyyətində olduğundan özü Naxçıvan şəhərinə getməli idi. Bundan bir neçə gün sonra gecə vaxtı su içmək üçün mətbəxə gedən zaman qapının girişində Reyalın ayaqqabı və çantasının olduğunu və mətbəxin qapısının bağlı olduğunu görmüşdür. O, qapını açan zaman içəridə qızı Ləman, oğlu Vəli və Reyal olmuşdur. Uşaqları onu görən zaman qızı və oğlu mətbəxtdən çıxmış Reyal isə mətbəxtdə qalmışdır. O, Reyaldan niyə xəbərsiz gəldiyini soruşsa da, Reyal onunla salamlaşmadan və sualına cavab vermədən evi hansı səbəbdən kiçik qardaşının adına keçirməməsini soruşmuşdur. Bu barədə əvvəllər kiçik oğlu ilə aralarında mubahisə olduğundan və evi kiçik oğlunun adına rəsmiləşdirmədiyi üçün kiçik oğlunun evi yandırmaqla hədələdiyi üçün Reyala evi balaca qardaşının adına keçirməyəcəyini bildirmişdir. Əlavə olaraq əməliyyata getdiyi üçün vəsiyyətnamə hazırlayacağını, Naxçıvan şəhərində olan evi Reyala, hazırki evi oğlu Vəliyə və Nəriman rayonunda yerləşən 1 otaqlı mənzilin isə qızı Ləmana verəcəyini bildirmişdir. Bundan sonra Reyal ondan mallara görə istədiyi pulu gətirməsini demiş, pulu gətirərək Reyala vermiş və saymasını bildirdikdə Reyal pulları saymaqdan imtina etdiyindən yatmaq üçün otağına keçmişdir. Həmin gündən 5 gün keçməsinə baxmayaraq Reyalın malları almaq üçün Sədərəyə getmədiyini görüb gəlini ilə əlaqə saxlamış, gəlini də Reyalın hansı səbəbdən mallar almadığını bilmədiyini qeyd etmişdir. Həmin söhbətdən bir həftə keçdikdən sonra Rusiyada olan əri anidən, onun məlumatı olmadan evə gəlmişdir. Ümumiyyətlə həyat yoldaşı ilə mütəmadi əlaqəsi olmadığından yoldaşına niyə anidən gəldiyini soruşmuşdur. Bundan sonra o, mətbəxin yanında olan kiçik oturma otağına keçmişdir. Həyat yoldaşı arxasınca gələrək qolundan tutub özü Rusiya vətəndaşı olduğu üçün mənzilləri övladlarının adına keçirmək üçün notariusa getməli olduqlarını bldirdi. Bu vaxt qızı və kiçik oğlu onları video ilə çəkmişdir. Həmin vaxt qardaşı Taleh ona zəng edərək uşaqlarının onunla əlaqə saxlayaraq guya onun psixi problemi olduğunu, müxtəlif şəxslərlə əlaqəsi olduğunu bildirirərək sahib çıxmağı tələb etdiklərini demişdir. Bundan sonra o, mobil telefonla danışa-danışa uşaqlarına doğru çevrilib dayısı ilə hansının əlaqə saxladığını soruşduqda ataları telefonu əlindən alaraq yatağın kənarına vurub sındırmış və yaddaş kartı ilə nömrənı çıxarmışdır. Bundan sonra aralarında mübahisə yaranmış, yoldaşı qollarını tutmuş, arxa tərəfdən Reyal keçərək əlləri ilə boğaz nahiyyəsindən digər əli ilə ağzından tutmuşdur. Bu zaman nəfəsinin daraldığını hiss etmiş, sol əlini atasının əlindən çəkərək müqavimət göstərmək istəyərkən Reyal digər əli ilə baş nahiyyəsinə yumruqla vurmuşdur. O, 102 xidmətinə zəng etmək üçün telefonunu tələb etsə də, bu zaman qızı Ləmanın polisə özünün məlumat verdiyini öyrənmişdir. Belə ki, polisə məlumat verməklə guya onun bıçaqla övladlarına hucum çəkdiyini bildirmişdir. Bu vaxt evə iki polis əməkdaşı gəlmiş və bıçaqla hansı səbəbdən övladlarına hucum çəkdiyini soruşduqda özünün ümumiyyətlə mətbəxtdə olmadığını bildirmişdir. Həmin vaxt aldığı xəsarəti polis əməkdaşları görmüş və Reyalı anasına əl qaldırdığı üçün danlamışdır. Polis əməkdaşları qızı Ləmanı və oğlunu yalan məlumat verməyin cinayət olması barədə xəbərdar etdikdə onlar ifadələrini dəyişmək məcburiyyətində qalmışlar. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, əvvəllər həyat yoldaşı tərəfindən təhqir, nalayiq ifadələr olsa da, döyülmə olmamışdır. Məhkəmə mübahisəsi başlayandan əvvəl həyat yoldaşı özünə aid əşyaları götürüb evdən getmiş, harda olması barədə məlumatı olmamışdır. Hətta polis əməkdaşları yaşadıqları ünvana gələrək uşaqlardan atalarının olduğu yeri bildirmələrini tələb etmiş, əks təqdirdə onların məsuliyyət daşıdıqlarını bildirmişdir. Uşaqlar atalarının olduğu yeri bilməmələri barədə yalan məlumat vermişlər, mütəmadi əlaqə saxlamışlar. Hadisə günü evdə uşaqları-Ləman, Vəli, Reyal və həyat yoldaşı olmuşdur. Hadisə axşam vaxtı namazdan sonra baş vermişdir. Mübahisə zamanı uşaqları onu video çəkiliş etmiş, həmin video çəkilişdə onun telefonunu istəyən zaman qışqırtı səsləri öz əksini tapmışdır. İşdə adı keçən Əldəmiri evlərində usta kimi işlədiyi üçün uşaqlar özləri də tanıyır. Hadisə baş verənədək qızı Ləman ev satılmadan əvvəl rəfiqələri ilə birlikdə kirayə yaşayırdı. Özü borclarına görə 240.000 manat dəyərində olan evi 3 il əvvəldən satılması uçun elan vermişdi. Zabrat qəsəbəsində yeni evə köçsələr də, qızı Ləman sərbəst yaşamaq istədiyindən onlarla birlikdə yaşamamışdır. Bu barədə keçmiş həyat yoldaşına da məlumat vermişdir. Özü kiçik oğlu Vəli ilə birlikdə yaşamışlar. Oğlu Vəli ilə münasibətləri yaxşı olsa da, atası ilə görüntülü əlaqəsi nəticəsində münasibəti dəyişilmişdir. Aralarında olan mübahisə evi uşaqların adına keçirməkdən imtina etməsi ilə əlaqədar olmuşdur. Özü vəsiyyətnamə vermək istəsə də, övladları razılaşmamışdır. Reyal malların alınması üçün 10.000 manat məbləğində pulu alsa da, malları almamışdır. Hazırda Reyalın yoldaşı Naxçıvan şəhərində olan evdə yaşayır. Hadisə günü, 04 dekabr 2021-ci il tarixdə saat 4-ə işləmiş gəlmiş, qızı ilə danışdıqdan sonra X10 gəldikdən sonra evə keçmişlər və axşam saat 7yə qalmış hadisə baş vermişdir. İş materiallarında olan görüntü onun məlumatı olmadan yaşadıqları evin hamamına gizli kamera yerləşdirilmiş və görüntü əldə edilmişdir. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin yeganə şahidi qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hadisə barədə ona xx.xx.2021-ci il tarixdə məlum olmuşdur. Belə ki, 15-ci Polis Bölməsinin əməkdaşı Rafael adlı şəxs onun mobil nömrəsinə zəng edərək harda olmasını soruşmuş, cavabında şəhərdə olduğunu bildirmişdir. Rafael adlı şəxs ona Zabrat qəsəbəsində yerləşən evə gəlməli olduğunu bildirmiş, səbəbini soruşduqda Mərziyə adlı xanımın oğlu və yoldaşı tərəfindən döyüldüyünü bildirmişdir. O, həmin sahə müvəkkilinə bu işə aidiyyəti olmadığını, hadisə olduğu təqdirdə özünün araşdırmalı olduğunu bildirsə də, həmin şəxs Mərziyənin ona görə döyüldüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid göstərmişdir ki, 2017-ci ildən Zamanovlar ailəsini tanımışdır. Həmin ailədə olan gərginliklərın bir qismindən məlumatlıdır. Belə ki, son hadisələr barədə Mərziyənin döyülməsi, pullarının alınmasını eşitmişdir. Şahid kimi istintaq orqanına çağırılan zaman da bu barədə ona bildirilmişdir. Hadisədən əvvəl usta kimi evdə işləmiş, həmçinin Zabratda yerləşən hazırki evin tapılmasında köməklik etmişdir. Hətta Mərziyənin kiçik oğlunun sürücülük vəsiqəsi ilə əlaqədar təlimə yazılmasında köməklik etmişdir. Hadisənin birbaşa şahidi olmamış, döyülməni görməmişdir. Mərziyə xanımın övladları ifadələrində onunla birlikdə başqa kişilərin də adlarını qeyd etmişlər. Polis bölməsində ifadəsində də, həmin görüntülərinin şəxsi məsələlərinə aid olduğunu bildirmişdir. Onların evinin tapılması üçün təmsilçi tapmağa köməklik etmişdir. Evdə sınmış şüşənin dəyişdirilməsi məqsədilə usta ilə gələn zaman Reyalla tanış olmuşdur. Hadisədən əvvəl ailə daxilində Mərziyənin balaca oğlu ilə ev üstündə mübahisəsi olduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onun doğma qardaşı, zərərçəkmiş şəxs isə anasıdır. Qardaşı Reyal ailə qurduqdan sonra anası Mərziyə gəlinini yola vermədiyi üçün qardaşı məcbur qalıb ailəsi ilə birlikdə Naxçıvan şəhərində olan evlərinə köçmüş və orada yaşamışdır. X13 isə işi ilə əlaqədar Rusiya Federasiyasında yaşamış, müxtəlif vaxtlarda gəlsə də, sonradan geri qayıtmışdır. Əvvəllər anası, qardaşı Vəli ilə birlikdə yaşamalarına baxmayaraq anası Əldəmir adlı şəxslə münasibəti barədə məlumat aldığından qardaşı Reyal və X13 ilə əlaqə saxlayaraq Bakı şəhərinə dəvət etmişdir. Reyal Bakı şəhərinə gəldikdən sonra anası ilə bağlı məlumatları qardaşına bildirmiş, lakin ataları gələnə qədər analarına bu barədə hər hansı söz deməyəcəkləri barədə razılaşmışlar. Atası Bakı şəhərinə gələn zaman atasını özü qarşılamış, yolda baş verən hadisələr barədə atasına məlumat vermişdir. Atası aldığı məlumat nəticəsində səhhəti pisləşmiş, təcili tibib yardım çağırmışdır. Hadisə günü, yəni xx.xx.2021-ci il tarixdə evdə özü, qardaşları Vəli, Reyal və atası Əli olmuşdur. Anasının ifadəsində qeyd etdiyi hallar böhtandır. Belə ki, həmin gün qardaşı Reyal anasını vurmamış, ona xəsarət yetirməmişdir. Atası evə gəldikdən sonra anası ilə aldığı məlumatları aydınlaşdıran zaman aralarında sözlü mübahisə olmuş, anasının telefonunu atası aldığı üçün anası həmin telefonda olan məlumatların görülməsindən narahat olduğu üçün səs-küy salaraq mətbəxtdə olan boşqabları onlara tərəf atmış, əlində bıçaq ilə onları təqib etmişdir. Bu hal onun tərəfindən çəkilmiş videogörüntüdə də öz əksini tapmışdır. Zərərçəkmiş şəxs evdə münaqişə yaradaraq onları hədələdiyi üçün xx.xx.2021-ci il tarixdə 102 xidmətinə məlumat vermiş, məlumatı əsasında evə polis əməkdaşları gəlmişlər. Anasının bu hərəkətərində məqsədi onu və qardaşlarını şərböhtan nəticəsində həbs etdirmək və əmlaklara yiyələnməkdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı, təqsirləndirilən şəxs isə oğludur. Özü işləri ilə əlaqədar Rusiya Federasiyasında olmuş, ailə üzvləri isə Bakı şəhərində yaşamışdır. Qızı Ləmanının məlumatı əsasında təcili olaraq dekabr ayının əvvəli Bakı şəhərinə gəlmiş, hava limanında onu qızı Ləman qarşılamışdır. Yolda olan zaman Ləman ona anasının hərəkətləri və əmlaklarını onun icazəsi və məlumatı olmadan satıb kənar şəxsə xərcləməsi barədə məlumat vermişdir. Nəticədə onun tərəfindən yoldaşına verilmiş etibarnamə ləğv edilmişdir. O, qızı ilə birlikdə evə gəlmiş və aldığı məlumatları Mərziyə ilə aydınlaşdırmaq istəmişdir. Bu zaman aralarında sözlü mübahisə olmuş, həmin vaxt övladları Reyal, Vəli və Ləman onu sakitləşdirmiş, mübahisəni kənardan izləmişlər. Mərziyənin istifadəsində olan mobil telefonu almaq istəyən zaman sonuncu səs-küy salmış, boşqabları ona və övladlarına tərəf atmışdır. O, Mərziyənin mobil telefonunu hirsli olduğu üçün çarpayının baş tərəfinə atmış, telefon sınmışdır. Hadisə vaxtı Reyal və digər övladları tərəfindən Mərziyəyə hər hansı xəsarət yetirilməmişdir. Hadisə zamanı evdə o, özü, övladları və zərərçəkən şəxs olmuşdur. Onların sözlü mübahisəsi qızı Ləman tərəfindən video görüntüyə alınmış, həmin vaxt da zərərçəkmiş şəxsin hər hansı xəsarəti olmadığı aydın görünmüşdür. Mərziyə Zamanaova ona və övladlarına qarşı müxtəlif şər böhtanlar ataraq övladlarından qisas almaq, özünün vəsaiti hesabına əldə edilmiş əmlakları mənimsəmək niyyətindədir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində məzmunca digər şahidlər X6 və X5 ifadələrinə oxşar ifadə vermişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X11 Sabunçu rayon şöbəsinin 09 dekabr 2021-ci il tarixli 1937 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, burun, boyun sağ gözün bayır bucağının, sol bazu və hər iki said nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2012-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X2” X11 Sabunçu rayon şöbəsinin 24 aprel 2022-ci il tarixli 06/1937 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ almacıq nahiyəsinin dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma, burun, boyun sağ gözün bayır bucağının, sol bazu və hər iki said nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2012-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün bayır bucağının qançırı və sağ almacıq nahiyəsinin dərialtı hematoması ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, burun, boyun, sol bazu və hər iki said nahiyələrinin qançırları isə sağlamlığın zərər vurmayan xəsarətlərə aid olduqları dərəcələri təyin edilmir. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi Şamil Qocayev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Raportun məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:36 radələrində 102 xidmətindən daxil olmuş məlumatda bildirilir ki, Zabrat 2, X.Vəliyev 10B ünvanda yaşayan Zamanova Ləman anası Mərziyənin əlində bıçaq onları hədələdiyini bildirir. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı İsmayıl Qurbanov tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin bölmənin əməkdaşları Ceyhun Vəlizadə, Firdovsi Quliyev və hal şahidləri Afiq Hüseynov və Qalib Cəbrayılov ilə birlikdə xx.xx.2021-ci il tarixdə Zabrat qəsəbəsi X.Vəliyev küçəsi ev 10B ünvanında baş vermiş münaqişə ilə bağlı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı evin təsviri protokolda qeyd edilməklə hadisə yeri üçün əhəmiyyət kəsb edən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi Əli Nağıyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Raportun məzmunundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 17:34 radələrində 102 xidmətindən daxil olmuş məlumatda bildirilir ki, Zabrat DYPŞ-nin arxası vət. Eyvazov Elman naməlum qadının döyülməsi və qışqırıq səsləri ilə nömrə istəməsini eşitməsi barədə məlumat vermişdir. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Hafiz Paşayev tərəfindən tərtib edilmiş 12 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, X3 təhqiqata izahat verən zaman özü ilə gətirib təqdim etdiyi video diskin içərisində Zərərçəkmiş şəxs özünü mobil telefonla çəkərək qollarındakı xəsarət izlərini göstərməsi və həmin xəsarətləri ona yetirmiş, ona məlum olmayan şəxslərə müraciəti barədə video görüntü olduğunu bildirmişdir. Təqdim edilmiş 1 ədəd video diskə onun özünün və iştirakçılar bölmənin əməkdaşları Rafael Məmmədov, Emin Əmrahov, hal şahidləri Əkbər Cümşüdov və Nurlan Vəliyevin iştirakları ilə tərəfindən baxış keçirilmiş və baxış zamanı Ləman Zamanovanın bildirdiyi xüsusatlar öz təsdiqini tapmışdır. Həmin disk istintaq əhəmiyyəti kəsb etdiyindən götürülərək protokola əlavə edilmişdir. İş materiallarının 44 və 45-ci vərəqində olan Zərərçəkmiş şəxs məxsus fotoşəkillərdən görünür ki, hər iki vərəqədə ümumilikdə 4 ədəd olan fotoşəkillər fərqli ünvanlarda, fərqli geyimlərdə olmaqla fərqi zamanlarda çəkilmişdir. Belə ki, Zərərçəkmiş şəxs sarı rəngli geyimdə çəkilmiş fotoşəkillərində qol hissəsində qançır izləri olmasına baxmayaraq sifət nahiyyəsində hər hansı xəsarətlərin olmaması aydın müşahidə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 259/2022 nömrəli 21 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X1 Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli 003-19773\222 nömrəli mətubdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə “102” xidmətinə zəng edərək anası Mərziyənin yaşadığı evdə münaqişə yaradaraq əlindəki bıçaqla onu hədələməsi barədə məlumat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X1 Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli 003-22346\222 nömrəli mətubdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə “102” xidmətinə saat 18:36 –da müraciət etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının iştirakları ilə Sabunçu RPİ-nin 15-ci PBnin təhqiqatçısı Hafiz Paşayev tərəfindən tərtib edilmiş 12 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokolla götürülmüş video diskdə olan görüntülərlə eynilik təşkil edən şahid Ləman Zamanovanın mobil telefonunda olan görüntülərə baxış keçirilmiş və baxış zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs video görüntülərdəki məkanın onların yaşadığı və ittihamda qeyd edilən hadisənin baş verdiyi ünvan 5 ünvanında yerləşən yaşayış evini əks etdirdiyini, görüntüdə olan şəxslərin həqiqətən də onların özlərinin olduğu və eşidilən səslərin zərərçəkmiş şəxsə və Əli Zamanova, qızı Ləman Zamanovaya məxsus olduğunu təsdiq etmişlər. Video görüntülərdən görünür ki, Zərərçəkmiş şəxs həyat yoldaşı ilə hadisənin olduğu evin dəhlizində mübahisə edib sonradan Əli Zamanovun üstünə hücum çəkir, Əli Zamanov mübahisə zamanı Zərərçəkmiş şəxs əllərindən tutaraq onu özündən çəkmək istəyir. Həmin vaxt Təqsirləndirilən şəxs onları ayırmağa çalışır, Zərərçəkmiş şəxs ailə üzvlərini tutduracağı ilə hədələyir, Zərərçəkmiş şəxs Zabrat qəsəbəsindəki evin həyət hissəsində Əli Zamanov ilə telefonun verilməsi ilə bağlı sözlə mübahisə edərək səs-küy salır, Əli Zamanov evin içərisinə daxil olaraq evin giriş qapısını bağlayır. İş üzrə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs görüntülərin xx.xx.2021-ci il tarixdə yaşadıqları evdə çəkildiyini təsdiq etmişlər. Baxış keçirildikdən sonra mobil telefonun video görüntülərin çəkilmə vaxtını əks etdirən məlumatın çıxarışı məhkəmə iclası protokoluna əlavə edilmişdir. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş sübutları məhkəmə iclasında müəyyən olunmuş sübutlarla müqayisəli şəkildə təhlil edib bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham sübuta yetirilmir və bununla əlaqədar ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Cinayət işinə məhkəmə iclasında baxıldığı zaman isə 04 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxsə ittihamın irəli sürüldüyü günorta saatlarında deyil, axşam saat 17- 18 radələrində ünvan 3 ünvanında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəminində söz mübahisəsinin baş verdiyi müəyyən edilsə də, lakin həmin vaxt təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilməyən, habelə sağ gözü ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün bayır bucağının qançırı, sağ almacıq nahiyəsinin dərialtı hematoması ilə nəticələnən, dərəcələrinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməsinə, yəni irəli sürülmüş ittihamın sübut olunmasına dair aradan qaldırılması mümkün olmayan kifayət qədər şübhələrin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1-124.2.5-ci maddələrinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Hazırki cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı cinayət təqibi üzrə toplanmış sübutlar - zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və üzləşdirmə istintaq hərəkətləri olmuş və ibtidai istintaq orqanı qeyd edilən həmin sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən başlayaraq müvafiq ardıcıllıqla ibtidai istintaq zamanı cinayət təqibi üzrə toplanmış yuxarıda qeyd edilən sübutların hər birinə ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Cinayət işinə məhkəmədə baxıldığı zaman iş üzrə zərərçəkmiş şəxsin verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində əhəmiyyətli ziddiyyətlərin mövcud olması müəyyən edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zamanova (Mahmudova) Mərziyə Valeh qızı xx.xx.2021-ci il tarixdə yaşadıqları Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ev 10B ünvanında yerləşən evdə axşam namazından sonra saat 7-yə qalmış oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət yetirildiyini bildirsə də, məhkəməyədək ibtidiai istintaq zamanı ifadəsində qeyd edilən cinayət hadisəsinin xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində törədildiyini bildirməklə cinayət hadisəsi ilə bağlı kəskin ziddiyyət təşkil edən ifadə vermişdir ki, irəli sürülən ittihamda da hadisənin məhz günorta saatlarında baş verməsi qeyd edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı proses iştirakçılarının iştirakı ilə video fayla baxış keçirilərkən, eləcə də 102 Xidmətinə məlumatın daxil olma vaxtından mübahisənin xx.xx.2021-ci il tarixdə saat 17-18 radələrində baş verməsi müəyyən edilmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində, hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə hadisə yerində olmadığını, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin şahidi olmadığını, hadisə barədə xx.xx.2021-ci il tarixdə Rafael adlı istintaqa məlum olmayan şəxs tərəfindən ona məlumat verildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Şahid ifadəsi təqsirləndirilən şəxsin ona ittiham olunmuş əməli törətməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Sabunçu RPİnin 15-ci PB-nin təhqiqatçısı İsmayıl Qurbanov tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokola qiymət verərək bildirir ki, həmin bölmənin əməkdaşları Ceyhun Vəlizadə, Firdovsi Quliyev və hal şahidləri Afiq Hüseynov və Qalib Cəbrayılov ilə birlikdə xx.xx.2021-ci il tarixdə Zabrat qəsəbəsi X.Vəliyev küçəsi ev 10B ünvanında baş vermiş münaqişə ilə bağlı hadisə yerinə baxış keçirilmiş və baxış zamanı evin təsviri protokolda qeyd edilməklə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Həmin protokol tərtib edilən zaman ünvanda hər hansı şəxsin zərərçəkməsi, xəsarət yetirilməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş üzləşdirmə protokoluna qiymət verərkən bildirir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı söylədiklərini qəbul etməmiş və onu vurmadığını demişdir. Üzləşdirmə protokolunda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı dediklərini qəbul etmədiyindən, hadisənin baş verməsi üzləşdirmə protokolunda yalnız zərərçəkmiş şəxsin ifadəsi ilə öz əksini tapır. Bu səbəbdən də üzləşdirmə protokolu yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə ittiham orqanı tərəfindən sübut kimi qəbul edilmiş üzləşdirmə protokolu da sübut kimi qiymətləndirilə bilməz. İttiham tərəfinin təqsirləndirilən şəxsin təqsirli olmasını əsaslandırdığı əsas sübutlardan biri zərərçəkmiş şəxsin xəsarət alması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X11 Sabunçu rayon şöbəsinin 06 dekabr 2021-ci il tarixli 1937 nömrəli və 24 aprel 2022-ci il tarixli 06/1937 nömrəli rəyləri təşkil edir. Zərərçəkmiş şəxs tibbi ekspert rəyində müəyyən edilən xəsarətlərin xx.xx.2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi göstərilsə də, həmin xəsarətlərin məhz 04 dekabr 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yetirilməsi aydınlaşdırılmalıdır. Hazırkı iş üzrə ittihamda göstərilən 2 cür xəsarətlər vardır: burun, boyun, sol bazu və hər iki said nahiyələrinin qançırları - sağlamlığa zərər vurmayan xəsarətlər; sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün bayır bucağının qançırı və sağ almacıq nahiyəsinin dərialtı hematoması - sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər. Lakin hazırkı ittiham üzrə zərərçəkən Zərərçəkmiş şəxs həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyləri eyni məzmunlu olmaqla yalnız faktı təsdiq edir, yəni Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin olması qeyd edilsə də, lakin həmin xəsarətlərin kim tərəfindən törədilməsi müəyyən olunmur. Bu səbəbdən də ekspert rəyləri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Belə ki, müdafiə tərəfinin vəsatəti əsasında dinidirilmiş hadisənin bilavasitə şahidi olmuş X6, X9 və X8 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində xx.xx.2021-ci il tarixdə yaşadıqları Zabrat qəsəbəsi X.Vəliyev küçəsi 10B nömrəli yaşayış evində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə olduqlarını, həmin gün Zərərçəkmiş şəxs ilə Əli Zamanov arasında sözlü mübahisənin olduğu, Təqsirləndirilən şəxs hadisə vaxtı zərərçəkmiş şəxslə atasını ayırmağa çalışdığını və həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnaya xəsarət yetirmədiyini təsdiq etmişlər. Məhkəmə tərəfindən Ləman Zamanovanın mobil telefonunda olan görüntülərə baxış keçirilən zaman təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda cinayət hadisəsinin törədilmə vaxtı xx.xx.2021-ci il tarixdə günorta saatları qeyd edilməsinə və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs onu xx.xx.2021-ci il tarixdə 15:30 radələrində vurduğunu ifadələrində qeyd etməsinə baxmayaraq Zərərçəkmiş şəxs Zabrat qəsəbəsindəki evin həyət hissəsində Əli Zamanov ilə telefonun verilməsi ilə bağlı sözlə mübahisə edən zaman və həmin gün saat 17:07-də qeydə alınmış görüntü zamanı sifət nahiyyəsində hər hansı xəsarətin müşahidə edilməməsi, həmçinin video görüntülərdə zərərçəkmiş şəxsin əynində olan geyimi ilə sübut kimi istintaq orqanına təqdim etdiyi iş materiallarının 44 və 45-ci vərəqələrində olan fotoşəkildə olan geyimləri eyni olsa da, fotoşəkildə müşahidə olan, zərərçəkmiş şəxsin sifət nahiyyəsində olan xəsarət izlərinin video görüntüdə öz təsdiqini tapmaması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyini şübhə altına alır. Bundan başqa məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zamanova (Mahmudova) Mərziyə Valeh qızı xx.xx.2021-ci il tarixdə yaşadıqları Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi ev 10B ünvanında yerləşən evdə axşam namazından sonra saat 7-ə qalmış oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət yetirildiyini bildirsə də, məhkəməyədək ibtidiai istintaq zamanı ifadəsində qeyd edilən cinayət hadisəsinin xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində törədildiyini bildirməklə cinayət hadisəsi ilə bağlı kəskin ziddiyət təşkil edən ifadə vermişdir. Ləman Zamanovanın mobil telefonunda olan görüntülərə baxış keçirilən zaman təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda cinayət hadisəsinin törədilmə vaxtı xx.xx.2021-ci il tarixdə günorta saatları qeyd edilməsinə və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs onu xx.xx.2021-ci il tarixdə 15:30 radələrində vurduğunu ifadələrində qeyd etməsinə baxmayaraq Zərərçəkmiş şəxs Zabrat qəsəbəsindəki evin həyət hissəsində Əli Zamanovla telefonun verilməsi ilə bağlı sözlə mübahisə edən zaman və həmin gün saat 17:07-də qeydə alınmış görüntü zamanı sifət nahiyyəsində hər hansı xəsarətin müşahidə edilməməsi, həmçinin video görüntülərdə zərərçəkmiş şəxsin əynində olan geyimi ilə sübut kimi istintaq orqanına təqdim etdiyi fotoşəkildə olan geyimləri eyni olsa da, fotoşəkildə müşahidə olan görüntünün video görüntüdə öz təsdiqini tapmaması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyini şübhə altına alır. Məhkəmə bununla bağlı qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakultativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi Əli Nağıyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Raportla bağlı qeyd edir ki, həmin raportun məzmununda xx.xx.2021-ci il tarixdə saat 17:34 radələrində 102 xidmətindən daxil olmuş məlumatda bildirilir ki, Zabrat DYPŞ-nin arxası Eyvazov Elman naməlum qadının döyülməsi və qışqırıq səsləri ilə nömrə istəməsini eşitməsi barədə məlumat verildiyi göstərilsə də, iş materiallarının 67-ci vərəqəsində olan müstəntiq Əli Məsimov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş arayışda 102 xidmətinə daxil olan zəngin 077 *** ** ** mobil nömrə olduğunu və həmin nömrə ilə əlaqə saxlanılan zaman onun mobil nömrəsi ilə kim tərəfindən zəng olunduğunu xatırlamadığı bildirilmişdir. Həmçinin həmin mobil nömrənin xx.xx.1992-ci il tarixdə Masallı rayonunda anadan olmuş X4 adına sənədləşdirilsə də, həmin şəxslərin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, lakin Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin xx.xx.2022-cı il tarixli məktubu ilə X7 və Eyvazov Elman adlı şəxslərin olduğu yerin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Bununla da ittihamda irəli sürülmüş hadisənin baş verdiyi gündən bir gün sonra istintaqa məlum olmayan şəxs tərəfindən hadisə barədə 102 Xidmətinə məlumat verilməsi irəli sürülmüş ittihamın əsaslılığına şübhə doğurur. Belə ki, xx.xx.2021-ci il tarixdə Zabrat qəsəbəsi X.Vəliyev küçəsi ev 10B ünvanında baş verən münaqişə zamanı xəsarətlər Zərərçəkmiş şəxs yetirilməsinə baxmayaraq hadisə barədə “102” Xidmətinə məlumat Ləman Zamanova tərəfindən həmin gün saat 18:36-da verilmiş, bədən xəsarətləri yetirilmiş Zərərçəkmiş şəxs tərəfindən hansı səbəblə hadisə barədə qeyd edilən xidmətə məlumat verilməməsi, yalnız yoldaşı və övladları tərəfindən ölümlə hədələndiyindən məlumat verməkdən qorxması ilə əsaslandırılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qızı Ləman Zamanovanın 102 xidmətinə etdiyi çağırış əsasında saat 19 radələrində (belə ki, çağırış saat 18:36-da olub) polis əməkdaşlarının mübahisənin baş verdiyi evə gəldiyini, hədələndiyi üçün qorxduğundan döyülməsi barədə məlumat vermədiyini bildirsə də, hadisə yerinə gələn Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı İsmayıl Qurbanov tərəfindən 04 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokol tərtib edilmiş və xx.xx.2021-ci il tarixdə Zabrat qəsəbəsi X.Vəliyev küçəsi ev 10B ünvanında baş vermiş münaqişə ilə bağlı hadisə yerinə baxış keçirilən zaman münaqişə nəticəsində xəsarət alan şəxs olduğu halda xəsarətlərin hansı səbəbdən baş verməsi baxış protokolunda öz təsdiqini tapmalı olduğu halda, baxış zamanı evin təsviri protokolda qeyd edilməklə fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, zərərçəkmiş şəxsin xəsarətləri ilə bağlı hər hansı bir xüsusat qeyd olunmamışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolda bu halın əks edilmədiyinin səbəblərini mübahisələndirməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirib, daxili inami əsasında belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası CPM-nın 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə bəraət verilir. Azərbaycan Respublikası CPM-nın 145.3-cü maddəsində qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Göstərilənlərə əsasən, məhkəmə ittiham tərəfin dəlillərini əsaslı hesab etmir və məhkəmənin gəldiyi qənaətə görə ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin. Hökmdən, onun elan olunduğu vaxtdan 20 gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar