Məhkəmə qərarları › İş №1(008)-587/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Hökm — İş №1(008)-587/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(008)-587/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Nuri Nihal Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ona məxsus olan “Opel Astra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.Ə.Tuti küçəsində "X14” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunanlara əməl etməyib avtomobilinin ön hissəsini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X16 küçəsində yol ayrıcından onun hərəkət hissəsinə doğru çəpinə əks hərəkətdə olan X3 idarə etdiyi mopedinin ön hissəsi ilə toqquşdurmaqla ehtiyatsızlıqdan sonuncuya baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızma, sağ alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən qapalı sınıqları, ağciyərin kontusiyası, başın yuxarı və aşağı ətraflarının əzilmiş yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan, dəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər yetirmiş, sonuncunun kəllə tağı və əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin maddəsinin əzilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 08:40-da müalicə aldığı X12 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ona məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nardaran qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində sol hərəkət zolağı ilə saatda 40-50 km. sürətlə hərəkət etmişdir. O, avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X16 küçəsində hərəkətdə olarkən təxminən 4-5 metr məsafdə mopedi görmüş, həmin mopedin sürücüsü dəbilqəsiz və onun ehtimalına görə spirtli içki təsiri altında olmuşdur. Həmin moped təxminən 10 km sürətlə çəpinə onun hərəkət zolağına doğru hərkət etməyə başlamış, o, avtomobili bir az sağa doğru qaçırtmağa çalışmışdır. Lakin qəzanın qarşısını ala bilməmiş, nəticədə avtomobilinin ön hissəsi ilə həmin mopedin ön hissələri toqquşmuşdur. Bundan sonra o, həmin sürücünü avtomobilinə əyləşdirdmək istəmiş, lakin tanımadığı polis əməkdaşlarından kimsə bildirmişdir ki, xəstəyə toxunmaq olmaz. Bu səbəbdən də TTYSna zəng etmiş, TTYS- nın həkimləri gələrək avtomobili ilə vurduğu şəxsi X13 aparmışlar. Orada məlum olmuşdur ki, avtomobili ilə vurduğu şəxs X4r, xəstəxanada sonuncu stasionar müalicədə olarkən xx.xx.2023-cü il tarixdə dünyasını dəyişmişdir. Hadisənin qarşısını almaq üçün əlindən gələni etmişdir. Əgər günahkardırsa cəzasını çəkməyə hazırdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, X6 onun həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs “Opel Astra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X16 küçəsində həyat yoldaşı X1 moped idarə edərkən vurmuş, nəticədə həyat yoldaşı X6 3 saylı ŞKX- na yerləşdirilmiş və orada almış olduğu bədən xəsarətlərindən xx.xx.2023-cü il tarixdə 3 saylı ŞKX-da ölmüşdür. O, qeyd edilən yol-nəqliyyat hadisəsinin birbaşa şahidi olmamış, hadisə barədə o, sonradan polis əməkdaşlarından xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs şikayətçi deyil, onun tutulmasını istəmir. Sadəcə təqsirləndirilən şəxsin onun kommunal xərclərini qarşılamasını istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Nardaran yolunda yaşayış məntəqəsində hadisə yerinə baxış keçirilmiş, sxem və fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur; Görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, TŞ-9-125 nömrəli kameranın xx.xx.2023-cü il tarixdə saat 17:00 ilə saat 19:00 aralığındakı görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki,həmin görüntülərdə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs “Opel Astra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.Ə.Tuti küçəsi avtomobilinin ön hissəsini Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.Ə.Tuti küçəsində yol ayrıcından onun hərəkət hissəsinə doğru çəpinə əks hərəkətdə olan X3 idarə etdiyi mopedinin ön hissəsi ilə toqquşdurmasının görüntüləri vardır. Həmin görüntülər iş üçün əhəmiyyət kəsb etdiyindən mobil telefonla çəkilərək DVD köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xx.xx.2025-ci il tarixədək etibarlı olan «B» kateqoriyalı BB 445261 nömrəli sürücülük vəsiqəsi verilmişdir; 038926 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 Sabunçu rayon şöbəsinin 31 dekabr 2023-cü il tarixli 335 nömrəli tibbi rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər müəyyən edılmişdır. Baş beyin maddəsinin əzilməsi. Baş beyin maddəsinə və qişalarına qansızma. Sağ alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən qapalı sınıqları, ağciyərlərin kontuziyası. Başın, yuxarı və aşağı ətrafların əzilmiş yaraları, qançır və sıyrıqları. Xəsarətlər həyai olub, bərk-küt əşya (əşyalar) təsirindən Ş.M.Abbasovun xəstəxanaya daxil olmasından (xx.xx.2023-cü il, saat 19:05) az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. X2 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin maddəsinin əzilməsi olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 08:40 da xəstəxanada baş vermişdir. Bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. X2 adına tərtib olunmuş xəstəlik tarixində xəstəxanaya daxil olarkən onun sərxoşluğu barədə qeydiyyat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumuğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/1539 nömrəli rəyindən görünür ki: 1.2.mopedin sürücüsü X3 hərəkətlərində “X14” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. “Opel Astra” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X14” 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; sübutların qiymətləndirilməsi haqqında 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, hadisənin qeydə alındığı görüntülərin köçürüldüyü 1 ədəd DVD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli, 3-13-16/2-96583/2024 saylı məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.2023cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2025-ci il tarixədək etibarlı olan) BB 445261 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək təhlükəni təxminən 4-5 metr məsafədən gördüyünü, nəqliyyat vasitəsinin sürətini azaltmadığını, avtomobili sağa doğru çəkdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş videogörüntülərdən görünür ki, təqsirləndirilən şəxs hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. Halbuki “X14” 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin təqsiri yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi, hadisə anını əks etdirən videogörüntülər, ekspert rəyləri ilə sübuta yetirildiyindən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, İİ qrup əlil olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), iş üzrə maddi sübutlar- 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut - 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar