Məhkəmə qərarları › İş №1(008)-59/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №1(008)-59/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(008)-59/2024 18.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 07 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana sovxozunda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işinin materiallarına video konfrans əlaqə vasitəsilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində inşa edilmiş sosial güzəştli mənzillərdən ev düzəldəcəyini vəd verib aldatmaqla bir neçə dəfəyə ilk dəfə 17 iyun 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində sosial güzəştlərlə əsasında verilən yeni inşa edilmiş 6-cı binanın həyətində 2000 manat, ikinci dəfə 27 iyun 2022-ci il tarixdə eyni ünvanda 2500 manat, üçüncü dəfə 03 iyul 2022-ci il tarixdə eyni ünvanda 1000 manat, 13 iyul 2022-ci il tarixdə həmin ünvanda 1000 manat, 15 iyul 2022-ci il tarixdə bank hesabı vasitəsilə 1000 manat, 18 iyul 2022-ci il tarixdə bank hesabı vasitəsilə 300 manat, bir gün sonra bank hesabı vasitəsilə 200 manat, bir gün sonra eyni üsulla 100 manat, bir neçə gün sonra eyni üsulla 200 manat, 13 mart 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində sosial güzəştləri əsasında verilən yeni inşa edilmiş 6-cı binanın həyətində 2000 manat, sonuncu dəfə 15 mart 2023-cü il tarixdə isə həmin ünvanda 3000 manat pulu ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 13300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona ittiham elan edilmiş əməldə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uzun müddət tanımış, onunla yaxşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs 2022-cİ ilin yay aylarında sosial evlərdən ev almaq istədikdə ona ev düzəltməyi söz vermiş və bunun üçündə Emin ona həmin vaxtdan 2023-cü ilin mart ayına kimi hissə-hissə olmaqla 13300 manat pul vermişdir. O zərərçəkmiş şəxsə söz verdiyi işi düzəltməyə çalışsa da, buna nail olmamış və Emindən aldığı pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs aldığı puldan 9000 manatı istintaq dövründə, geri qalan 4300 manatı isə məhkəmə zamanı ödəmişdir. Hazırda təqsirləndirlən şəxslə barışmış və bütün zərəri ödəmişdir. Etdiyi əmələ görə peşmandır. Odur ki, barəsində cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, o 17 iyun 2022-ci il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən sosial evlərin MİS-nə getmiş və orada özünü ona rəhbər şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs adlı şəxs onun məqsədini bildikdən sonra dərhal orada 6-cı binada 6-cı mərtəbədə yerləşən 26 saylı 4 otaqdan ibarət boş mənzili göstərib bildirmişdirki, “bu evi sənin üçün təşkil edə bilərəm". O da baxmış evi bəyənmiş və İlqara evi almaq istədiyini bildirmişdir. O İlqardan həmin evi almaq üçün hansı şərtlər olduğunu soruşduqda İlqar ondan 15000 manat pul ilkin ödəniş kimi istəmiş və hər ay 170 manat pul ödəyəcəyini bildirmişdir. Şərtlər onu qane etdiyi üçün o razılaşmış, lakin 15000 manatı hissəs-hissə ödəyəcəyini bildirmişdir. İlqar onun təklifi ilə razılaşdıqdan sonra o evə gələrək 2000 manat pulunu götürüb tanışı Şahidlə birlikdə Ramana qəsəbəsində 17 iyun 2022-ci il tarixdə İlqarın ona göstərdiyi binanın altında İlqarla görüşüb ona vermişdir. İlqar həmin vaxt ona müəyyən sənədləri toplayıb ona verməyini tapşırmış, o da çıxıb getmişdir. Təxminən 10 gündən sonra 27 iyun 2022-ci il tarixdə yenə də tanışı Ramizlə birlikdə o Ramana qəsəbəsində birinci dəfə İlqarla görüşdüyü yerdə görüşüb ona 2500 manat pul və tapşırdığı sənədləri vermişdir. 03 iyul 2022-ci il tarixdə o tanışı Ramizlə birlikdə İlqarla yenə də həmişə görüşdükləri yerdə görüşüb 1000 manat, 13 iyul 2022-ci it tarixdə əlavə 1000 manat pul vermişdir. 15 iyul 2022-ci il tarixdə o İlqarın bank kart hesabına 1000 manat pul göndərmişdir. Təxminən 3-4 gün sonra o yenə də İlqarın banka kart hesabına 300 manat, bir gün sonra yenə də kart vasitəsilə 200 manat, bir gün sonra daha 100 manat pul göndərmişdir. Təxminən 4 gün sonra o İlqarın Unibank bankına məxsus kart hesabına 200 manat pul göndərmişdir. Beləliklə də o İlqara ümumilikdə 8300 manat pul ödəyərək ondan iş görməsini və müəyyən sənədləri göstərməsini tələb etdikdə İlqar ona Asan Xidmətə çağrılacağını bildirmişdir. 13 mart 2023-cü il tarixdə o İlqarla həmin ünvanda görüşüb tanışı Ramizlə birlikdə 2000 manat 15 mart 2023-cü il tarixdə isə Ramizin iştirakı ilə daha 3000 manat pul vermişdir. Lakin daha sonra İlqarı axtarsa da, onu tapa bilməmiş, sonuncu ondan gizlənməyə başlanmışdır. İlqarın onu aldatdığını anlayaraq polisə şikayət etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs məhkəmə hazırlıq iclasında notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın tam həcmdə ödənilməsini bildirmişdir. İş materiallarının 46-ci vərəqəsində olan iltizamda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixədək Zərərçəkmiş şəxs 13300 manat məbləğində vurulmuş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarının 47-ci vərəqəsində olan 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün axtarış elan edilmişdir. İş materiallarının 48-ci vərəqəsində olan Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00da tutularaq Sabunçu RPİ-nin MSY-yə yerləşdirilmişdir. İş materiallarının 68-69-cu vərəqələrində olan 02 may 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rauf Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarının 70-72-ci vərəqələrində olan 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarının 73-cü vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 9000 manat məbləğində pul Zərərçəkmiş şəxs ödənilmiş, 4300 manat ödənilməmiş hissə qalmışdır. İş materiallarının 81-ci vərəqəsində olan 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. İş materiallarının 83-cü vərəqəsində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tutularaq Sabunçu RPİ-nin MSY-yə yerləşdirilmişdir. İş materiallarının 86-87-ci vərəqələrində olan 24 avqust 2023-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Rauf Məmmədovun vəsatətinin müdafiə edilməsindən Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarının 88-89-cu vərəqələrində olan 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarının 90-93-cü vərəqələrində olan 24 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 13300 manat pulun alınmasına dair səs yazıları olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarının 79-cu vərəqəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən 19 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)- 848/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-8659/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2023-cü il tarixdə Sabunçu RPİnin əməkdaşları tərəfindən tutularaq 21 dekabr 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faiz məbləği olan 3325 manatı dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 saylı qərarında edilmiş dəyişikliklərə əsasən, həmin qərarın 4.9-cu bəndi ilə sonuncu qərara 40-cı bənd əlavə edilmişdir. Həmin bənddə məhkəmələrə izah edilir ki, Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Dövlət büdcəsinə qanunla müəyyən edilmiş pul vəsaitləri cinayət nəticəsində vurulmuş zərər ödənildikdən və zərərçəkmiş şəxslə barışıq əldə edildikdən sonra ödənilməlidir, buna qədər ödənilmiş vəsaitlər isə zərərçəkmiş şəxslə barışıq əldə olunmadığı və bu səbəbdən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmadığı hallarda ödənişi həyata keçirmiş şəxsə qaytarılmalıdır. Dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən əsaslarla cinayət məsuliyyətindən azad etmə birinci instansiya məhkəməsi hökm çıxarmaq üçün müşavirə otağına gedənədək və yaxud hökm apellyasiya qaydasında mübahisələndirildikdə, apellyasiya instansiyası məhkəməsi yekun qərar çıxarmaq üçün müşavirə otağına gedənədək tətbiq edilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını, vurulmuş ziyanın 25 faizinin dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, iş üzrə maddi sübut 01 ədəd disk cinayət işin materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 73-1.2, 175.2, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar